FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Heykəltaraşlıq sənətimizin canlı klassiki
21-12-2022, 10:05 | MƏDƏNİYYƏT
Heykəltaraşlıq sənətimizin canlı klassiki

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik Azərbaycan heykəltaraşlığının son iki qərinəlik səhifəsinin yeni-yeni bədii-estetik keyfiyyətlərlə zənginləşməsində Xalq rəssamı, akademik Ömər Eldarovun yaradıcı xidmətləri danılmazdır. Yaradıcılığı boyu ən yüksək mükafatlara layiq görülməsi də onun sənətkarlığının rəsmi təsdiqi sayıla bilər.

Dekabrın 21-də Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 yaşı tamam olur.

Adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən, “İstiqlal”, “Şərəf” və “Heydər Əliyev” ordenli akademik Ömər Eldarov Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 20-də Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

 Milli heykəltaraşlığımızın görkəmli siması

O, həyatının 60 ildən çoxunu heykəltaraşlıq sənətinə həsr edib, ötən müddət ərzində bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-necə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltaraşlığımızın lideri kimi səciyyələndirirlər.

Bu yerdə deməliyik ki, Ulu Öndərin obrazı heykəltaraşın yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Ömər Eldarov çox yaxından tanıdığı və uzun illər ərzində dostluq etdiyi görkəmli siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətləri müxtəlif materiallarda böyük sənətkarlıqla əbədiləşdirməyə nail olub. Ulu Öndərin Fəxri xiyabandakı və Ali Məhkəmə binasındakı abidəsi özündə yüksək bədii-estetik məziyyətləri yaşadan sənət nümunələridir. Ö.Eldarovun Ümummilli Liderin vaxtilə yaşadığı binanı bəzəyən xatirə lövhəsi də özünəməxsus forma-biçim və plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı məşhur oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirə lövhəsi də böyük sənətkarlıqla işlənilmiş plastika nümunəsidir. Əlavə edək ki, Ö.Eldarov Zərifə xanımın Fəxri xiyabandakı məzarüstü abidəsinin də müəllifidir. Bu əsərin mərmər variantı (“Elegiya”) hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilməkdə, çağdaş milli heykəltaraşlığımızın uğuru kimi qəbul olunmaqdadır.

Yeri gəlmişkən qeyd edək ki, Ömər Eldarov məşhur şəxsiyyətlərlə bağlı digər memorial abidələrin də müəllifidir. Etiraf etmək lazımdır ki, görkəmli heykəltaraşın davamlı səyləri nəticəsində milli incəsənətimizin bu sahəsi son illər çox maraqlı və təsirli nümunələrlə zənginləşmişdir. Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Fikrət Əmirov, Hüseyn Ərəblinski, Süleyman Rəhimov, Şıxəli Qurbanov, Rəşid Behbudov, Ziya Bünyadov, Həsən Əliyev, Süleyman Rüstəm, Yusif Səmədoğlu, Tofiq Quliyev, Tamerlan Əliyev, Aida İmanquliyevanın məzarüstü abidələri bu qəbildəndir.

Tacik sənət xiridarlarının azərbaycanlı heykəltəraşın sənətinə böyük inamının ifadəsi

Düşənbədə ucaldılmış Sədrəddin Ayninin abidəsinin (1978) məhz Ömər Eldarovun tişəsindən çıxması da tacik sənət xiridarlarının azərbaycanlı heykəltaraşın sənətinə böyük inamının ifadəsidir. Görkəmli tişə ustası bu əsərinə xas olan monumental duyumunu sonrakı illərdə Əbu Əli ibn Sinanın (Düşənbə, 1980), məşhur dramaturq Hüseyn Cavidin (Bakı, 1993), rəssam Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), Ümummilli Liderimiz Heydər Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələrində də nümayiş etdirə bilmişdir.

Ömər Eldarovun əsərlərini seyr etdikcə yaratdığı obrazların auralarını duymamaq mümkün deyil. Əslində isə belə “canlılıq” zəngin yaradıcılıq təxəyyülünün məhsulu olan və tişəsinin nəhayətsiz fantaziyası ilə “ikinci həyat” verdiyi hər bir qəhrəmanının yaşadığı dövrü və mühiti hərtərəfli öyrənmiş ustad sənətkarın öz tükənməz yaradıcılıq enerjisini daşlara köçürməsindən qaynaqlanır.

Akademik Ömər Eldarovun yaradıcılığında obrazların psixoloji aləminin, fərdi keyfiyyətlərinin təcəssümü, kompozisiyanın tamlığı diqqəti xüsusilə cəlb edir. Müəllifin dünyaya romantik münasibətinin və yüksək sənətkarlığının ifadəsi olan Natəvanın heykəlində müsəlman qadınının, eyni zamanda, lirik şairin, müvafiq dövrün və mühitin vəhdəti böyük məharətlə əks etdirilmişdir. Obrazın zahiri görkəmi, geyimi, barmaqlarının vəziyyəti, bir sözlə sənətkarın gözə çarpdırdığı hər bir şey Natəvanın romantik qəlbini və milli keyfiyyətlərini canlandırmaqdadır.

Görkəmli heykəltaraşın yaradıcılığında xalqımızın fəlsəfi fikri, yaradıcı təfəkkürü ən yüksək səviyyədə ifadə edilib. Onun görkəmli sənətkar Tokay Məmmədov ilə birgə yaratdığı Məhəmməd Füzulinin abidəsində dərd çəkən, düşünən insan və poetik ruhun vəhdəti öz monumental ifadəsini tapıb. Sağ əlini çənəsinə söykəmiş, sol əlində kitab tutan Füzulinin surəti tamaşaçını hər dəfə “sehrləyir”.

Akademik Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltaraşlıq məktəbinin ən mükəmməl elementləri əksini tapır. Onun əsərlərinin ölkəmizin hüdudlarından kənarlarda uğur qazanması Ömər Eldarov sənətinin milliliklə yanaşı, bəşəriliyini, geniş məkanda və bütün zamanlarda qəbul olunduğunu bir daha təsdiqləyir.

Ağacdan hazırlanmış ecazkar və heyrətamiz heykəllər

Heykəltaraşın bütün yaradıcılığı boyu müxtəlif materiallarda yaratdığı portretləri obrazı dərindən duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq istedadı xüsusilə yaddaqalandır. Onun oğlu Müslümə həsr etdiyi portretdə də (1972) düşündürücülüyə bələnmiş gənclik ehtirasının ifadəsi qabarıqdır. Qızı Lalənin (1970), Maestro Niyazinin (1984), Sevinc Rzaquliyevanın (1987), Aysel və Aytənin (1988) portretlərində də zərifliyin və yaradıcılıq ehtirasının bədiiləşmiş təsirli görüntüsü ilə qarşılaşırıq.

Görkəmli tişə ustası bütün materialları özünə doğma saysa da, deməliyik ki, onun ağacdan hazırladığı heykəllər ecazkar və heyrətamizdir. Bu mənada onun rəssam S.Bəhlulzadəyə həsr etdiyi iki portretlə yanaşı, dirijor Niyazi ilə bağlı “Elegiya” əsərini, Mahatma Qandi və Rabindranat Toqorun portretlərini, o cümlədən “Zamanın dörd rəngi” kompozisiyasını xüsusi qeyd etmək lazımdır. Son əsərində ağacın özünəməxsus ifadə məziyyətini ustalıqla duyan heykəltaraş bunu insan ömrünün müxtəlif illərini əyaniləşdirən obrazların fərdi və fərqli keyfiyyətlərini aşkarlamağa yönəldə bildiyindən əsərlər kifayət qədər duyğulandırıcıdır.

Heykəltaraşlıqda psixoloji məqamları ifadə etmək çətin olsa da, Ömər Eldarov obrazların ömürlərinin ən mühüm məqamlarını tamaşaçıya böyük müvəffəqiyyətlə təqdim etməyi bacaran nadir sənətkarlardandır.

Yetişdirdiyi heykəltaraşlar şərəfli sənət yollarında

Ömər Eldarovun bütün ömrü boyu qazandığı sənət vərdişlərini gənc həmkarları ilə bölüşməyə vaxt ayırması bu gün respublikamızda onun özünəməxsus dəyərlərə malik heykəltaraşlıq məktəbinin yaranmasını şərtləndirib. Hələ sovet dönəmində Bakı şəhərində açılan SSRİ Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə yaradıcılıq emalatxanasının rəhbəri kimi bu işi görməyə başlayan Ömər müəllim hazırda bu işi 2000-ci ildə təsis olunmuş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru kimi davam etdirməkdədir. Hər gün bu ali təhsil ocağına üz tutan 95 yaşlı ustad sənətkar gündən-günə püxtələşən xələflərindən böyük ehtiram nidaları ilə eşitdiyi “Salam, Ömər müəllim!” sözlərini də həyatına qatılan yeni mənəvi enerji kimi qəbul edir.

Ümumiyyətlə, 65 ilə yaxın bir dövrü əhatə edən yaradıcılıq fəaliyyəti ərzində onun xeyir-duası ilə bir neçə nəsil istedadlı heykəltaraş bu çətin, eyni zamanda, şərəfli sənətin yollarında irəliləyib və bu gün də irəliləməkdədir.

Ömrünün müdriklik çağını yaşayan ustad sənətkar bu gün də tükənməz enerji ilə yeni-yeni əsərlər yaratmaqdadır. Ustad sənətkarımızı anadan olmasının 95-ci ildönümü münasibətilə ürəkdən təbrik edir və ona həyatda ən şirin nemət olan cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. (AZƏRTAC)




Baxış sayı: 490
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031