26-4-2025 13:35
FACT-INFO.AZ » SİYASƏT » Xocalı: Xalqımızın qan yaddaşı
26-02-2025, 12:00 | SİYASƏT
Xocalı: Xalqımızın qan yaddaşı

Bəşəriyyət tarixinə nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin sayının heyrətamiz dərəcədə az olduğu görünür. BMT-nin statistikasına görə, yalnız XX əsrdə baş vermiş müharibələrdə 100 milyondan artıq insan həlak olub. Elə yaşadığımız XXI əsrin də bircə günü belə dünya üçün savaşsız ötüşməyib. Bu müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları var ki, onlara heç zaman və heç bir vasitə ilə haqq qazandırmaq mümkün deyil. 1992-ci ilin 26 fevralında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qətliam da məhz həmin cinayət aktlarından biridir. Xocalı soyqırımı tariximizə Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri kimi yazılıb.

Sovet dövrünün son 10 illiyində, ölkədə baş verən qarışıqlıqdan istifadə edən ermənilər çökməkdə olan imperiya mərkəzinin köməyi ilə yenidən Ermənistanda etnik təmizləmə siyasəti aparmaqla özlərinin “böyük ermənistan” xülyasını gerçəkləşdirmək fikrinə düşmüşdülər. 1988-ci ildə hələ də Ermənistan ərazisində yaşayan 300 mindən çox Azərbaycanlı silah gücünə Ermənistandan qovuldu. Ermənistan ərazisində Azərbaycanlıların yaşadıqları bütün əraziləri etnik təmizləməyə məruz qoyduqdan sonra daha da həvəslənən ermənilər Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsini tələb etməyə başladılar.

1991-ci ilin 18 oktyabrında Azərbaycan Müstəqillik Aktını qəbul etməklə 70 illik sovet əsarətinə son qoydu. Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdi və dərhal dünyanın mütərəqqi ölkələri ilə tarixi siyasi-iqtisadi əlaqələrini bərpa etməyə başladı. Baş verənlər əslində imperiya mərkəzi üçün bütün Qafqazın itirilməsi demək idi. Buna yol verməməkdə israrlı olan imperiya mərkəzi Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə dəstək vermək yolunu tutdu.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək Xocalı soyqırımını törətdi. Soyuq fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Öldürülən uşaqların, qocaların, qadınların cəsədləri tanınmaz hala salınmışdı. Xocalının mühasirəyə alınaraq mülki əhalinin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin soyqırımı törətdiyini göstərirdi. Bu soyqırımı aktı təkcə Azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsi yalnız Azərbaycanı yox, dünyanın digər ölkələrində də bu faciədən xəbər tutan bütün insanları sarsıtmışdı.

Əslində, Xocalı qətliamı ondan iki il əvvəl Sovet imperiyası tərəfindən Bakıda törədilmiş Qanlı 20 Yanvar faciəsinin davamı idi. Qafqazın itirilməsini heç cür qəbul edə bilməyən rus imperiyası Qarabağın işğalına göstərdiyi həm mənəvi, həm də hərbi –siyasi dəstəklə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirirdi. 1994-cü ildə yaradılmış ATƏT-in Minsk Qrupu bu münaqişəni sülh yolu ilə həll etmək missiyasını öz üzərinə götürdü. O illərdə Azərbaycan ədalətin bərpa olunması, ölkənin 20 faizə yaxın işğal olunmuş ərazilərinin azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün dünya xalqlarının və dövlətlərinin, eləcə də beynəlxalq qurumların – BMT-nin, Avropa Birliyinin, ATƏT-in Minsk qrupunun ədalətli münasibətinə ümid bəsləyirdi. Lakin dünyanın ən böyük güc mərkəzləri hesab olunan ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk Qrupu 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının erməni işğalından azad olunması üçün heç bir əməli addım atmadı. Bu onu göstərir ki, müasir dünya siyasətində qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və hüquq normalarından üstün tutulur.

Bu həqiqəti dərk edən Azərbaycan xalqı nəyin bahasına olursa olsun Xocalı qatillərini cəzalandırmaq və işğala son qoymaq məqsədilə Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Beynəlxalq təşkilatların, Ermənistanın işğalçılıq siyasətini gizli şəkildə dəstəkləyən bir sıra dövlətlərin təzyiqlərinə və təhdidlərinə baxmayaraq Dəmir yumruq Qarabağımızda kök salmış şər yuvasının başına endirildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi erməni işğalına birdəfəlik son qoydu. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün Qarabağın və Şərqi Zəngəzurun bütün ərazisində Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır.

Bu gün Xocalı soyqırımının ildönümüdür. Xalqımız bu tarixin kədərini yaşamaqla bərabər həm də alınmış qisasın qürurunu yaşayır. Amma Xocalıda vəhşiliklə qətlə yetirilmiş soydaşlarımızın qisası alınmış olsa da, tariximizin bu faciəli səhifəsini bir an belə unutmaq olmaz.

Məhz buna görə hələ 1994-cü il fevralın 24-də Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmişdi. Prezident Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il fevral ayının 26-sı saat 17:00-da bütün ölkə ərazisində keçirilən sükut dəqiqəsi ilə yad edilir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı faciəsinin qurbanlarını yad edərkən Prezident İlham Əliyev bu hadisəni belə səciyyələndirmişdi: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.

Buna görə də erməni işğalı və Xocalı faciəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün də davam etdirilir. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülmüş işğalçılıq siyasəti haqqında əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılır. Bu günədək 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyib. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər təşkil edilir. Kampaniyanın Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.

Xocalı faciəsinin soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanınması haqqında bir çox ölkələrdə parlament aktları qəbul olunub. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator bəyanatları səviyyəsində tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Artıq torpaqlarımız işğaldan azad edilib, bütün ərazilərimiz üzərində suverenliyimiz təmin olunub. Xocalı rayonunun sakinləri artıq öz doğma torpaqlarına qayıtmağa başlayıblar. Xocalıda həyat yenidən canlanır və tezliklə hər tərəfdə qaçışan uşaqların şən qışqırıqları bu torpaqlara sevinc və fərəh gətirəcək. Lakin Xocalı faciəsi heç vaxt unudulmayacaq və yaddaşlardan silinməyəcək. Çünki bu bizim tariximizin qan yaddaşıdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Cavanşir FEYZİYEV,
Milli Məclisinin deputatı




Baxış sayı: 140
Ceyhun Bayramov: Minatəmizləmə sahəsində ATƏT-lə potensial əməkdaşlıq bizim üçün maraq kəsb edir Bu gün, 10:00 Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 09:30 Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq SƏRƏNCAM Bu gün, 07:30 Ankara Universitetinə Azərbaycanla bağlı nəşrlər hədiyyə edilib Dünən, 19:30 Çinli ekspert: Azərbaycan-Çin əlaqələri Qlobal Cənub ölkələri üçün yaxşı modeldir Dünən, 19:00 ATƏT-in Baş katibi Azərbaycan və Ermənistanı sülh üçün dialoqa davam etməyə çağırıb Dünən, 18:30 Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər Dünən, 18:30 Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması COP29-un ölkəmizin həyatına gətirdiyi daha bir yenilikdir Dünən, 12:00 Qlobal Cənub QHT Platforması üçün 110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır Dünən, 11:00 DİN-dən kibertalamalarla bağlı çağırış: Şübhələndiyiniz ilk anda zəngi sonlandırın Dünən, 10:30 Azərbaycanın hərb tarixinə dair kitab çapdan çıxıb Dünən, 10:30 İşğaldan azad edilmiş ərazilərdəki məktəblərdə təlimlər keçirilib Dünən, 09:30 Aşıq Ələsgər irsinə həsr olunmuş tədbir 24-04-2025, 21:00 Kiyevdə Rusiyanın kütləvi hücumları nəticəsində həlak olanlarla bağlı matəm günü elan olunub 24-04-2025, 19:30 Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub 24-04-2025, 19:00 Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimlərdə iştirak edəcək 24-04-2025, 18:00 Victim recounts day of Shusha’s occupation: “At that time, bombs fell like rain” 24-04-2025, 16:00 Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı 24-04-2025, 11:30 Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatmaq üzrədir 24-04-2025, 10:00 Azərbaycan Çin üçün önəmli tərəfdaşdır 24-04-2025, 10:00 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində 24-04-2025, 09:00 Fransadan üz döndərən Afrika ölkələri Ankara ilə yaxınlaşır 24-04-2025, 07:30 Azərbaycanla Çinin strateji tərəfdaşlığı bu ölkələrin eyni siyasi baxışa malik olmasından güc alır 23-04-2025, 18:30 İcma: Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır 23-04-2025, 17:30 President Ilham Aliyev's state visit in Chinese media spotlight 23-04-2025, 17:00 Община: Армения выступает против наших шагов по раскрытию истины и служению примирения 23-04-2025, 16:00 Nağıldan gerçəkliyə uşaq sevgisi: Dürrə Rzayeva ilə Müsahibə 23-04-2025, 12:30 Azərbaycanla Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb 23-04-2025, 11:30 Qırğızıstan Milli Kitabxanasında Azərbaycanın böyük şairinin kitablarının təqdimatı keçirilib 23-04-2025, 11:00 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq 23-04-2025, 09:00
Köşə yazarları
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930