Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.
Bu baxımdan Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib ki, dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır: “Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır”.
Son 16 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsulu üç dəfədən çox artıb. Xüsusilə, Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Prezident İlham Əliyev bildirib ki, iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artıb, xarici dövlət borcumuz isə ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir. Azərbaycanın valyuta ehtiyatları bu il 4,5 milyard dollar artaraq rekord həddə - 50 milyard dollara çatıb, bununla da hazırda valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır. Dövlət başçısı bildirib ki, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir: “Sənaye istehsalı artmışdır, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Kənd təsərrüfatında 7 faiz artım vardır. Yəni, bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı reallıqdır”.
Bununla yanaşı, Davos Ümumdünya Forumu və Dünya Bankının hesabatlarında Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır. Azərbaycan çox yüksək yerlərə layiq görülür, o cümlədən islahatların aparılması istiqamətində və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqda yer tuturuq. Ölkədə həyata keçirilən struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar nəticəsində təkcə 2019-cu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplanmış və sosial sahəyə yönəldilib. Nəticədə, bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Təkcə onu qeyd etmək kifayətdir ki, həyata keçirilən islahatların nəticəsində 2019-cu ildə minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Prezident İlham Əliyev qeyd etmişdir ki, xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Bununla yanaşı, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün səyləri regionun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər üçtərəfli, həmçinin dördtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib.
Son illər ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzunu xeyli yüksəldib. Bu baxımdan Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Xüsusilə, 2019-cu ildə Azərbaycanın bir sıra mühüm diplomatik uğurlara imza atması ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlət olmaqla yanaşı, yürütdüyü müstəqil xarici siyasətin milli maraqlara söykəndiyinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın, konkret şəkildə cavab verdi. Bununla da dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü dünyaya bir daha bəyan edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, 2019-cu il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi: “Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb. Bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.
Dövlətimizin başçısı bəyan edib ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və tarixi həqiqət bizim tərəfimizdədir: “...Biz hamımız yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir, onlar çar Rusiyası tərəfindən XIX əsrdə Rusiya-İran müharibəsindən sonra bizim bölgəmizə köçürülüblər. Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə xristian əhalinin sayını çoxaltmaq üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə ermənilər Dağlıq Qarabağa köçürülmüşlər. Bunu təsdiqləyən çoxsaylı tarixi sənədlər, faktlar var. Bu, o qədər də uzaq tarix deyil”.
Eyni zamanda, Prezident ilham Əliyev qeyd edib ki, 1992-ci ildə müstəqil ölkə kimi BMT-yə daxil olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul olunub, ərazi bütövlüyü dəstəklənib və təsdiq edilib: “Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, - Ermənistan həmişə buna istinad edir, - bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik”.
Bununla yanaşı, son vaxtlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Ermənistan rəhbərliyinin sərsəm çıxışları, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə əlaqədar tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir və ciddi narahatlıq doğurur. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır. Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bu baxımdan Azərbaycan Prezidenti Ermənistan baş nazirinin son vaxtlar sərsəm çıxışlarına əsl “nida” işarəsi qoydu və dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.
Bununla yanaşı, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər.
Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. Bu, İslam Əməkdaşlıq Təşkilatından sonra ikinci beynəlxalq təşkilat tərəfindən qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı dövlət kimi rəsmən tanınmasıdır.
Həmçinin Zirvə Görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir. Bununla yanaşı, Zirvə Görüşü zamanı bu mötəbər tədbirdə müasir beynəlxalq münasibətlərə dair ən vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu.
Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.
Bununla yanaşı, keçən il noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi onu təsdiq edir ki, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və bu gün ölkəmiz sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verməyə çalışır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan, həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılış mərasimində bildirib ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir və Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir, eləcə də onlardan 3-ü – “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Kəməri və TANAP artıq reallığa çevrilib. Bununla yanaşı, dördüncü layihə - TAP, o da artıq uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötmüş və biz artıq Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq, eləcə də layihənin təşəbbüskarı olmuşuq.
Həqiqətən bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilmişdir. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir və bu coğrafi vəziyyətdən çox səmərəli istifadə edərək, güclü infrastruktur yaradılır. Hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir ki, bu qlobal layihələrdə yalnız bir ölkə - Azərbaycan hər iki layihədə iştirak edir.
Bu mühüm hadisələr onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Nəticədə, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, biz balans axtarmırıq, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq: “Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”.
Bu baxımdan qeyd etmək vacibdir ki, Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə milli maraqlara söykənən müstəqil xarici siyasət həyata keçirir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, son vaxtlar həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov
Baxış sayı: 1 867