FACT-INFO.AZ » İQTİSADİYYAT » “The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10-12-2019, 20:15 | İQTİSADİYYAT
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azərbaycan və Türkiyənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak ediblər.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir” sərlövhəli məqaləsində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut yazıb. Bax: https://www.jpost.com/Opinion/Gas-pipeline-confirms-Azerbaijans-significance-610340.

Müəllif qeyd edib: “TANAP qaz kəməri sayəsində Türkiyə və Azərbaycan energetika sektorunda Avropa və Türkiyənin təbii qaza tələbatının ödənilməsi, həmçinin qaz məhsullarının müxtəlifliyinin təmin edilməsi üzrə özlərinin əvvəlki layihələrinin uğurlarının genişlənməsini davam etdirirlər. İki ölkə arasında energetika sahəsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz xəttinin tikintisi üzrə həyata keçirilmiş layihələrə qoyulmuş bundan əvvəlki sərmayələr strateji biznesi inkişaf etdirəcək, eyni zamanda TANAP kəməri genişlənmədə davam edəcək”.

Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev deyib: “TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.

Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”.

Arye Qut diqqətə çatdırır ki, TANAP təkcə enerji təhlükəsizliyinin təmin edilməsi baxımından deyil, həm də boru xəttinin keçdiyi ölkələrdə rifahın yaxşılaşdırılması nöqteyi-nəzərindən mühümdür. İsrailli ekspert yazıb: “Bu layihə Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqının dəstəyi sayəsində regionda sülh və sabitlik işinə böyük töhfə verəcək. TANAP Cənub Qaz Dəhlizinin (SGC) mərkəzi və ən uzun hissəsidir. SGC-nin əsas məqsədi Azərbaycanın nəhəng Şahdəniz yatağını Cənubi Qafqaz boru kəməri (SCP), TANAP və Transadriatik boru kəməri (TAP) vasitəsilə Avropa ilə əlaqələndirməkdir. SCP Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə keçir. TAP Yunanıstanda başlanır, sonra Albaniya və Adriatik dənizindən İtaliyaya çatır”.

Bundan başqa, Qutun sözlərinə görə, bu, Ermənistan üçün sadəcə pis xəbər deyil, hətta dəhşətli yenilikdir. Belə ki, rəsmi Yerevan bir daha əmin oldu ki, onlar daha bir yeni regional super layihəyə - bu dəfə TANAP qaz kəmərinə qoşulmaq imkanını itiriblər. “Bunun səbəbi ondan ibarətdir ki, regionda iqtisadi və geoiqtisadi iqlim Ermənistan deyil, qüdrətli və müstəqil Azərbaycan tərəfindən müəyyən edilir. Bundan başqa, Azərbaycanda açıq şəkildə bəyan edirlər ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun işğalını davam etdirdiyi müddətdə təcrid olunmaqda davam edəcək. Ermənilər bu ərazilərdə bir milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirib, ciddi və qəddar hərbi cinayətlər törədiblər.

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 nömrəli dörd qətnamə qəbul edərək Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq hüquqda tanınmış sərhədlərinin toxunulmazlığına hörmət bəslədiyini təsdiq edib”, -deyə Arye Qut məqaləsində qeyd edib.

Ekspert vurğulayıb ki, 8,5 milyard dollar sərmayə qoyulmuş TANAP hər il Azərbaycandan Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəql edəcək. O əlavə edib: “Gözlənildiyinə görə, layihənin Avropa hissəsi artıq 2020-ci ildə fəaliyyətə başlayacaq. Hazırda TANAP layihəsinin dörd tərəfdaşı var. TANAP-ın səhmlərinin 58 faizi Cənub Qaz Dəhlizinə (SGC), 30 faizi Türkiyənin BOTAŞ neft-boru korporasiyasına, 12 faizi isə BP-yə məxsusdur. Bu yaxınlarda SGC səhmlərinin yeddi faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə filialına verilib. Bu proqramın həyata keçirilməsi Avropa İttifaqının enerji təhlükəsizliyinin artırılması və “Qazprom” məhsullarından asılılığın azaldılması siyasətinin tərkib hissəsidir, layihə özü isə daha böyük ambisiyalı Nabucco qaz kəməri layihəsindən ayrılıb. TANAP kəməri Yunanıstandan Albaniyaya, daha sonra sualtı marşrutla İtaliyaya çatdırılmaq üçün 878 kilometrlik Trans Adriatic Pipeline (TAP) kəmərinə qoşulduqda bu boru kəmərləri üçlüyü TurkStream çəngəlini təşkil edəcək. 2019-cu ilin sonunda TurkStream qazı Qara Dəniz marşrutları vasitəsilə Türkiyəyə və Bolqarıstana çatdırılacaq. Məqsəd Varnadakı Bolqarıstan qaz qovşağına daxil olan TurkStream qazını Cənubi və Mərkəzi Avropa bazarlarına çatdırmaqdır”.

Qutun fikrincə, Azərbaycan Cənubi Qafqaz regionunda əməkdaşlığın mütərəqqi ikitərəfli formatlarının təşəbbüsçüsü və ya yaradıcısı kimi çıxış edən yeganə ölkədir. Azərbaycan ikitərəfli əməkdaşlıq əsasında üçtərəfli və hətta dördtərəfli formatlar üçün yol açıb.

Arye Qut daha sonra vurğulayıb: “TANAP qaz kəmərinin ilkin buraxıcılıq qabiliyyəti ildə 16 milyard kubmetrə bərabər olacaq. Altı milyard kubmetrə yaxın qaz Türkiyəyə, qalanı isə Avropaya nəql olunacaq. Aydındır ki, “böyük neft” dövründən sonra “böyük qaz” dövrünün başlandığı Azərbaycan üçün bu xoş xəbər ölkəyə investisiyalar, sanballı gəlirlər axınını və onun siyasi maraqlarını vəd edir.

TANAP Avropanın və Türkiyənin enerji təhlükəsizliyinə şərait yaradacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycanın dünyanın geosiyasi aktoru kimi əhəmiyyətini bir daha sübut və təsdiq edir. Azərbaycan müasir dünyanın əsas geosiyasi aktorları ilə konstruktiv və etimada söykənən münasibətlər qurub və onları inkişaf etdirib”.

Məqalə müəllifinin qənaətinə görə, Azərbaycan İsrailin strateji müttəfiqi kimi bu gün beynəlxalq arenada mühüm yerə malikdir və Cənubi Qafqazda öz geosiyasi mövqelərini qoruyub saxlamaqda və inkişaf etdirməkdə davam edir.

Tanınmış israilli ekspert “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda qeyd edib: “Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizi Azərbaycanın payına düşür. Prezident Əliyevin balanslaşdırılmış, praqmatik və çoxvektorlu xarici siyasəti göstərir ki, ölkə özünün dəqiq və aydın mövqeyini dünya ictimaiyyətinə çatdıra bilib. Bütün energetika layihələri Azərbaycanın neft-qaz strategiyasının həqiqətən geosiyasi və geoiqtisadi nəticələr verdiyini, möhkəm regional tərəfdaşlıq və qarşılıqlı fəaliyyəti dəstəklədiyini, həmçinin Azərbaycanın milli iqtisadiyyatını gücləndirdiyini göstərir”.




Baxış sayı: 1 073
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30