FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Şəxsiyyəti yaradıcılığından zəngin akademik
29-11-2019, 17:05 | TƏDQİQATLAR-ANALITIKA
Şəxsiyyəti yaradıcılığından zəngin akademik

Bu, həyatın dəyişməyən qaydasıdır. İnsan dünyaya gələn gündən nəsə qazanmağa başlayır: əvvəl günləri, sonra həftələri, ayları, illəri və nəhayət, sonda insanın adını tarixin daş yaddaşına həkk edib, onu tarixdən silinməz edən əbədiyyəti...

Elə insanlar var ki, onların həyatda itirdiyi heç nə yoxdur. Qazandıqları xalqı üçün, eli, milləti üçün o qədər gərəkli və qiymətlidir ki, onların adı hər an, hər saat, hər gün kimlərinsə dillərində səslənir, həyatda qoyub getdikləri milyonların gərəyinə çevrilir. Səndən yüz illər sonra doğulub üzünü görməyənlər belə sənə üz tutur, yaratdıqlarından faydalanır. Mənsub olduğun xalqa, millətə məxsus nə varsa, onu göylərə qaldırıb dünyaya örnək eləmək istəyirsən ki, mən kiməm, hansı xalqın nümayəndəsiyəm, babalarım kim olub, onların özlərindən sonra qoyub getdiyi bəşəri dəyərlərə malik "var-dövlət" nədir. Hansı xalq bu cür mədəniyyətə, keçmişə, "var-dövlət"ə sahib olmaq istəməz?!

Belə xoşbəxtlərdən biri də ömrünü xalqının dilinin tarixini və zənginliklərini, onun dünyanın ən zəngin dillərindən də zəngin olduğunu tarixi faktlarla sübut edən, təəssüflər olsun ki, noyabrın 27-də Günəşə əlvida deməyindən dörd il ötən akademik, filologiya üzrə elmlər doktoru, professor, görkəmli dilçi, folklorşünas, türkoloq alim Tofiq İsmayıl oğlu Hacıyevdir.

Əsərlərindən də göründüyü kimi, o, xalqına, onun tarixinə şöhrət gətirən hər bir sözü-kəlməni, faktı tutiyə bilib, onun tarixdən silinməməsi, mənsub olduğu xalqın tarixində əbədi yaşaması üçün əlindən gələni əsirgəməyib.

Azərbaycan dilinin və ədəbiyyatının elə bir sahəsi yoxdur ki, görkəmli alim o sahədə qələmini sınamamış olsun və sınamışsa, əldə etdikləri başqaları üçün istinad nöqtəsi, ədəbiyyat qibləsi olmamış olsun!

2006-cı ildə akademik Tofiq Hacıyevin 70 illik yubileyində alimin ən əziz tələbəsi, akademik Nizami Cəfərov yazırdı: "Onun adı ilə bağlı olan, artıq onlarca dilçi mütəxəssisi öz ətrafında birləşdirmiş "Tofiq Hacıyev məktəbi" Azərbaycan dili - Azərbaycan türkcəsinin ən müxtəlif problemləri ətrafında ciddi tədqiqatlar aparır və həmin məktəbin önündə, dünən olduğu kimi, bu gün də məhz onun başçısı - ömrünün 70-ci baharını qeyd etdiyimiz Tofiq Hacıyev gedir".

Akademikin yaradıcılığının geniş və zəngin bir hissəsini xalqımızın 1999-cu ildə 1300 illiyini beynəlxalq səviyyədə qeyd etdiyi "Kitabi-Dədə Qorqud" dastanları haqqında məqalələri, çıxışları və kitabları təşkil edir. Onun bu sahə ilə bağlı üç kitabı: "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (Bakı, 1999), "Dədə Qorqud kitabı" tariximizin ilk yazılı dərsliyi" (Dədə Qorqud eposunun elmə bəlli olmasının 200 illiyinə həsr olunur, Bakı, 2014), "Seçilmiş əsərləri" (IV cild, Bakı, 2019), 24 məcmuə, jurnal məqalələri və məruzələrinin tezisləri, 36 qəzet məqaləsi, 4 müsahibəsi, xarici mətbuatda 2 məqaləsi çap olunub.

Akademikin yaradıcılığında geniş yer tutmuş "Dədə Qorqud" sevgisi bir çox dilçilərin də diqqətini cəlb edib və bu məsələyə geniş məqalələr həsr edilib.

2006-cı ildə filologiya elmləri namizədi Ü.A.Nəbiyeva "Tofiq Hacıyev və "Kitabi-Dədə Qorqud" məqaləsində yazırdı: "Tofiq Hacıyevin yaradıcılığında "Kitabi-Dədə Qorqud"la bağlı araşdırmaları xüsusi bir yer tutur. İlk öncə demək lazımdır ki, professor bu böyük abidəmizin öyrənilməsi işinə birdən-birə başlamamışdır. O, hələ abidənin öyrənilməsi və tədqiqi üzərində qadağaların mövcud olduğu bir zamanda ümumtürk abidəsi kimi onun geniş təbliğinə başlamış, bu məqsədlə universitetdə hər il "Dədə Qorqud"a həsr edilən elmi-nəzəri konfranslar keçirmişdir".

Göründüyü kimi, vətənsevər akademik qeyd edilən qadağalara baxmayaraq, yazdığı bütün məqalə və yazılarında dolayısı ilə olsa da, "Kitabi-Dədə Qorqud" dastanlarını diqqət mərkəzinə çəkib və onu yazısının baş qəhrəmanına çevirib. O, 1978-ci ildə "Ulduz" jurnalının on ikinci nömrəsində dərc etdirdiyi məqaləsini "Dədə Qorqud"un sələfi" adlandırıb, "Dədə Qorqud" haqqında geniş danışmasa da, dastanın adını yazının sərlövhəsinə çıxarıb.

Akademikin bu sahə ilə bağlı yazılarının hamısında dastanın bütün dünya xalqlarına nümunə ola biləcək bir abidə olduğunu, onun tarixinin daha qədimlərə gedib çıxdığını faktlarla sübut etməyə çalışıb. O, dastanın qədimliyindən bəhs edərkən yazırdı: "Mete, Atilla, Əmir Teymur və Osmanlı imperatorluğu, "Dədə Qorqud" dastanı, Orxon-Yenisey daş kitabı, Kaşqarlının "Divan"ı türkün yeddi möcüzəsidir. Möcüzlərdən biri böyük türk coğrafiyasının Azərbaycan torpağı ilə bağlıdır. Bu möcüzə "Dədə Qorqud" dastanı və ya "Dədə Qorqud kitabı" adı ilə tanınır. M.Kaşqarlı "Divan"ının şeirində heca və qafiyənin tam müəyyənləşdiyini nəzərə alaraq, cəsarətlə demək olar ki, "Dədə Qorqud kitabı"nın şeiri ondan çox-çox qədimlərə gedir: bu iki abidənin şeir tipi arasında beş yüz-min illik təkamül fərqi var".

Görkəmli qorqudşünas dastanın tədqiqi, nəşri və nəhayət, Azərbaycana necə gəlib çıxması məsələsinə həsr etdiyi "Dədə Qorqud kitabı" ("Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan") adlı geniş (91 səhifə) məqaləsində dastanı müxtəlif cəhətdən səciyyələndirərək onun dünyanın ən qabaqcıl xalqlarının yaratdıqları dünya şöhrətli dastanlardan da yüksəkdə dayandığını nümunələrlə sübut etməyə çalışır.

O, dastanımızın uzun müddət təqiblərlə üzləşdiyini, onun Azərbaycanda nəşrinin müəyyən bir dövr ərzində qadağan olunduğunu dilə gətirərək yazırdı: "50-ci illərdə sovet ideologiyasının antitürk, şovinist siyasətinin nəticəsində bu milli abidəmizin Azərbaycanda oxunması, çap olunması və öyrənilməsi qadağan olundu. Şəxsiyyətə sitayişin aradan qaldırılması ilə Azərbaycan elmi bu nadir bəşəri sənət nümunəsini tədqiqə başladı".

Bu "azadlıq"dan bəhrələnən elm adamı dastanla bağlı yazırdı: "Dədə Qorqud kitabı"nın dünya mədəniyyətinə tanıdılması almancaya tərcümədən başlandı (İlk dəfə dastan İstanbulda səfir kimi yaşamış və türkcəni yaxşı bilən alman şərqşünası F.Dits tərəfindən 1815-ci ildə aşkar edilmiş və XV əsrdə yazıya alınmış əlyazmasının tədqiqinə başlanılmışdır). Onun dünya şöhrətinin tamamlanmasından əsr yarım sonra başqa bir dil - ingilis dili ağırlığı öz üzərinə götürdü. 70-90-cı illərdə ingiliscə üç tərcümə və nəşri "Kitab"a dünya şərqşünaslığının diqqətinin azalmadığını bir daha göstərdi".

"Dədə Qorqud kitabı"nın daha dərindən öyrənilməsi və tədqiqi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanır. Ulu Öndər 1997-ci il aprelin 20-də "Dədə Qorqud kitabı"nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Fərman imzalayıb və bu sənədə əsaslanan UNESCO 1998-ci ili "Dədə Qorqud ili" elan edib.

Həmin Fərman verilən gündən başlayaraq "Dədə Qorqud" günün, ayın, ilin populyar mövzusuna çevrilib, dastanla bağlı həm Azərbaycan, həm də türkdilli və dünya ölkələrinin alimləri tərəfindən yüzlərlə qiymətli məqalələr və kitablar yazılıb.

Akademik dastanın həcmi ilə bağlı nəşr etdirdiyi "Dədə Qorqud kitabı" oğuz tarixinin yazılı dərsliyi kimi (yaxud: Dastanımızın həcmi haqqında)", məqaləsində dastandakı boyların sayı ilə bağlı bəzi şübhələrin hələ də qüvvədə qaldığını vurğulayır və onların sayının daha çox olduğunu yazır: "Qorqudşünaslıqda belə bir şübhəsiz qənaət var ki, Dədə Qorqud boyları sayca əlimizdə olandan daha çox olub; bu gün bizə məlum olan on iki boy, görünür, onların ancaq bir hissəsidir. Belə mülahizə də var ki, bu boyların sayı oğuz tayfalarının qədərincə ola bilərmiş - iyirmi dörd oğuz tayfası qədər".

Akademik dastandakı hadisələrə bir tarixçi kimi yanaşaraq onların yaşadıqları cəmiyyətin həyat şəraiti, gündəlik iş rejimi, ata-oğul, ana-qız, qadın-kişi münasibətləri ilə bağlı qiymətli elmi fikirlər söyləməklə yanaşı, dastanın dili, onun sintaktik xüsusiyyətləri, dastanda işlənən bədii təşbehlər, kitabdakı şeirlər haqqında da öz baxışlarını ortaya qoyur.

Bu gün "Dədə Qorqud" dastanları ilə bağlı tədqiqat aparan dilçilərin əksəriyyəti akademik Tofiq Hacıyevin yetirmələri, yaxud onun dolayısı ilə qahmar çıxdığı kadrlardan ibarətdir.

Akademik Tofiq Hacıyevin "Kitabi-Dədə Qorqud" dastanı" sevgisini Bilgehan A.Gökdağ bir neçə cümlə ilə belə ifadə edir: "Tofiq Hacıyev Türkiyəyə sonuncu dəfə Hacettepe Universitetinin HÜGEM (Tədqiqat və Tətbiq) Mərkəzi və Yeni Türkiyə Strateji Tədqiqat Mərkəzinin 2015-ci il oktyabrın 12-14-də birgə təşkil etdikləri Beynəlxalq Dədə Qorqud Konfransında iştirak etmək üçün gəlmişdi. Konfransa dəvət etmək üçün bir daha ona müraciət etdikdə soyuqdəyməsi olduğunu və gəlməsinin çətin olacağını demişdi. Mən ona "qışın oğlan çağında belə siz türklük uğrunda dəmir əsa ilə, dəmir çarıq geyərək yollara düşdünüz. İndi də Dədə Qorqudu anacağıq və sizin iştirakınız olmadan bu konfrans baş tutmaz" deyərkən, o, dəvəti çarəsiz şəkildə qəbul etmişdi. Ankaraya gəldikdən sonra isə "Bilgəhan, sənin türklüyü vurğuladığın sözlərin məni xəstə yatağımdan qaldırdı və buraya gətirdi", - deyərək türklüyün özü üçün əsas anlayış olduğunu göstərdi. Bu konfransda qərara gəldik ki, 2016-cı il mayın 1-də onun 80 illik yubileyini Bakıda böyük bir təntənə ilə keçirəcəyik və türkçülük elminin yorulmaz tədqiqatçısını yad edəcəyik. 2015-ci il noyabrın 27-də Tofiq Hacıyevin qəflətən dünyasını dəyişməsi bizi dərindən kədərləndirdi".

Görkəmli alimin bu sevgisi və ondan doğan geniş fəaliyyəti, zəhməti Azərbaycan dövləti ilə yanaşı, Türkiyə Respublikası tərəfindən də layiqincə qiymətləndirilib. O, 1995-ci ildən qardaş ölkənin Atatürk Dil, Tarix və Mədəniyyət İdarəsinin fəxri üzvü seçilib, 1998-ci ildə "Ləyaqət nişanı" (ordeni) ilə təltif olunub, Atatürk Mədəniyyət İdarəsinin hazırladığı 30 cildlik "Türk dünyası ədəbiyyatı tarixi"nin müəlliflərindən biri kimi təsdiq edilib, Türkiyənin Sənətçilər və Yazarlar Vəqfinin 2002-ci il üzrə "Türk dünyasına xidmət", 2004-cü ildə Qaraman türk dili, Atatürk Dil İdarəsinin mükafatlarına layiq görülüb.

Ancaq akademik Tofiq Hacıyevin qazandıqları təkcə bu rəsmi təltiflərlə bitib tükənmir, onun qazandığı ən qiymətli mükafat ona olan əbədi oxucu vurğunluğu və tükənməz xalq sevgisidir ki, həyatda bundan böyük və dəyərli heç bir mükafat yoxdur, məncə!

Sərdar Zeynal Filologiya üzrə elmlər doktoru




Baxış sayı: 1 101
Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb Bu gün, 14:30 Keçmiş Qarabağ döyüşçüsü Fərman Xəlilov: “Dövlət quruculuğu, inkişaf  Milli Qurtuluş günündən başladı" Bu gün, 12:00 Ceyhun Bayramov Ben Blakla ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib Bu gün, 09:30 Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb Dünən, 12:00 Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb Dünən, 12:00 Şuşada Türk Dövlətləri Rəqabət Forumu Dünən, 11:30 Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiya keçirilib 12-06-2026, 19:30 İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq 12-06-2026, 19:00 HDİM İB növbəti tədbirini Ağsuda keçirdi 12-06-2026, 18:30 Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib 12-06-2026, 18:00 AIR Center Chairman: Azerbaijan's principled position towards Armenia remains unchanged 12-06-2026, 16:30 “Təbii Zəka - Natural Intelligence” sərgisi açılıb 12-06-2026, 10:00 “Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib 12-06-2026, 09:30 İşğaldan azad edilmiş ərazilərdə builki məzunların sayı açıqlanıb 12-06-2026, 09:30 Tramp: Bu gün İranla müharibəyə son qoyduq 12-06-2026, 09:30 “Maqadan: Sonuncu dayanacaq” kitabı 11-06-2026, 20:00 Aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq 11-06-2026, 19:00 Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır 11-06-2026, 18:30 Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir 11-06-2026, 18:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq 11-06-2026, 13:00 Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır 11-06-2026, 12:30 Tanınmış Xalq rəssamının irsinə həsr olunan təqdimat hazırlanıb 11-06-2026, 12:30 “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabı 11-06-2026, 11:00 Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb 11-06-2026, 10:00 Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək 11-06-2026, 08:30 Qurtuluşun əbədi işığı 10-06-2026, 20:30 Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib 10-06-2026, 20:30 Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır 10-06-2026, 19:30 Klassik ənənə və müasir yanaşma 10-06-2026, 16:00 Sovet repressiyasının hədəfində hər zaman böyük şəxsiyyətlər olub 10-06-2026, 12:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930