Əhməd bəy Ağayev (Ağaoğlu) "Kaspi" qəzetinin səhifələrində yalnız mənsub olduğu Azərbaycan türklərinin deyil, çar Rusiyasında yaşayan qeyri-rus xalqların, ilk növbədə isə dini fərqlər baxımından daha çox sıxışdırılan, milli zülmə uğrayan türk-müsəlman əhalinin maraq və mənafelərini ardıcıl müdafiə edirdi. Fact-info.az-ın "525-ci qəzet"-ə istinadən belə məqalələrdən biri təqdim olunur. Məqalə müəllifin ictimai-siyasi baxışlarını və rəsmi ideologiyaya müxalif mövqeyini qiymətləndirmək baxımından diqqətəlayiqdir.
"Kaspi"nin 8 noyabr 1903-cü il tarixli 241-ci sayında dərc edilən "Raskolnikovlar və Kərəmlər" məqaləsinin maraqlı yazılma tarixçəsi vardı.
Peterburqda velikorus şovinisti A.S.Suvorinin (1834-1912) naşirliyi və redaktəsi altında çıxan ifrat sağçı və qaragüruhçu "Novoe vremya" qəzetində tez-tez "inorodetslərə" - yad soylulara, özəlliklə Qafqaz və Orta Asiya müsəlmanlarına qarşı çevrilmiş aşağılayıcı yazılar yer alırdı. Rusiya imperiyasının təbəələri sayılmalarına baxmayaraq, qəzet onları açıq şəkildə ikinci dərəcəli vətəndaşlar kimi təqdim etməkdən çəkinmirdi. Hökuməti qeyri-rus əhali arasında təhsil şəbəkəsini genişləndirməyə, yeni məktəblər, universitetlər açmağa, mədəniyyət yaymağa, yerli xalqları öz milli dəyərlərinin həqiqi sahiblərinə çevirməyə çağırmaq əvəzinə "Novoe vremya" əksinə, hakimiyyətə öz vətəndaşların daha mürtəce üsul və vasitələrlə əzməyin, hüquqsuz vəziyyətə salmağın yollarını göstərirdi.
"Novoe vremya" ardıcıl şəkildə müsəlman Qafqazı böyük bir cinayətkar yuvası, qaçaq-quldur məskəni kimi qələmə verirdi. Baş redaktor A.S.Suvorin bu fikrin rus insanının beyninə yeridilməsi, cəmiyyətdə həyəcan və narahatlıq toxumu səpməsi, nifrət əhval-ruhiyyəsi doğurması naminə xüsusi canfəşanlıq edirdi.
Bu məsələ ilə bağlı Əhməd bəy Ağayev "Kaspi" səhifələrində ilk dəfə 1903-cü ilin başlanğıcında kəskin polemika açmışdı. Qəzetin 19 yanvar 1903-cü il tarixli 16-cı sayında dərc etdirdiyi "Bizim diyarımız cinayətkar yuvasıdırmı?" məqaləsində cinayətkarı milli və dini mənsubluğa görə müəyyən etməyi bu ciddi hüquqi-sosial bəlaya cinayətkarcasına yanaşma örnəyi adlandırırdı.
Eyni mövzunun davamı kimi düşünülmüş "Raskolnikovlar və Kərəmlər" adlı məqalədə isə Əhməd bəy rus və Azərbaycan mühitinin iki ümumiləşdirilmiş cinayətkar obrazını - F.M.Dostoyevskinin məşhur "Cinayət və cəza" romanından tanıdığımız qatil Raskolnikovla məşhur "namus qaçağı" Qaçaq Kərəmi müqayisə edir, onları cinayət yoluna sövq edən motivləri araşdırırdı. Yeri gəlmişkən, məqalənin çap olunduğu dövrdə Qaçaq Kərəm Rusiyada da kifayət qədər populyar idi. Onun haqda yeni rus ədəbiyyatının ulduzu sayılan Maksim Qorki yazmışdı...
Əhməd bəy də Azərbaycandakı Qaçaq Kərəm tipli hökumətə qarşı çıxan, yeganə günahı öz namus və şərəfini qorumaq olan cinayətkarları cəngavər sayır, onları acgözlük və tamah ucundan cinayətə yuvarlanan Raskolnikovlardan üstün tutur, hətta müəyyən mənada cəmiyyətin sanitarları sayırdı.
Yeni polemikanın açılmasına Suvorinin öz qəzetində dərc etdiyi bir məqalə səbəb olmuşdu. Həmin yazıda müəllif Qafqazın müsəlman əhalisini "tərbiyə etmək", onlar arasında cinayətkarlıq hallarının qarşısını almaq üçün yerli gənclərin hərbi mükəlləfiyyətə cəlb edilməsini vacib sayırdı. Həm də "inorodetslərə" münasibətdə ordu vətənin müdafiəsində dayanmaq kimi yüksək amala xidmət edən məktəb deyil, Arakçeyev prinsiplərinə əsaslanan cəza düşərgəsi kimi təsəvvür olunurdu. Yəni bir qədər kobud desək, bu orduda müsəlmanları "döyə-döyə adam eləmək", onların canından cinayətə, qaçaq-quldurluğa olan meyli çıxarmaq metodu əsas tutulurdu. Bu məqamda Əhməd bəy haqlı olaraq istehza ilə soruşurdu ki, bəs elə isə nə əcəb qaragüruhçular ordunu Rusiya həbsxanalarındakı saysız-hesabsız cinayətkarlardan, oğru və əyyaşlardan formalaşdırmırlar. Çünki müsəlmanlara tətbiq etmək istədikləri tərbiyə üsulları ilə onları da doğru yola gətirmək olardı...
Əhməd bəy Ağayev prinsip etibarı ilə soydaşlarının orduda xidmət etmələrinin və hərbi işin sirlərinə yiyələnmələrinin əleyhinə deyildi. Sadəcə ordunu bu cür utilitar tələblərə tabe tutmaq istəyənlərin bəsirətsizliyinə qarşı çıxırdı.
Maraqlıdır ki, prinsipial əhəmiyyət daşıyan bu məqaləni Əhməd bəy Rusiya xalqlarına bərabər hüquqlar vəd edən məşhur 1905-ci il 17 Oktyabr manifestindən iki il əvvəl qələmə almış və mətbuatda dərc etdirmişdi. Bu da azərbaycanlı müəllifin adını həmin hüquq və azadlıqlar uğrunda mübarizə aparanların sıralarına daxil etməyə tam mənəvi əsas verir.
Raskolnikovlar və Kərəmlər
Əhməd bəy Ağaoğlu
Kədər doğuran haldır ki, Qafqaz bu günə qədər Rusiyanın daxili quberniyaları üçün terra incongnita (naməlum torpaqlar - V.Q.) olaraq qalır. Hər iki paytaxtın (Moskva və Peterburq - V.Q.) nəzərində diyarımız hələ də Lermontov və Puşkinin təxəyyülündəki fantastik, nağılvari obrazını yaşatmaqdadır. Qafqaz qüdrətli və cazibədar təbiəti ilə bu günün özündə də ötən əsrin ortalarından başlayaraq romantikaya meylli gəncləri cəzb edib kamına çəkən "ölüm vadisi" kimi qalır. Paytaxtlar bir təxəyyül ətaləti nəticəsində bizim günlərdə də Lermontov və Puşkinin sehrli poetik lövhələrinin təsiri altında yaşayır və yerli xalqların son əsr ərzində Rusiya ilə birgə keçdiyi əxlaqi-mənəvi ünsiyyət yolunu - bu uzun və çətin yolu bilərəkdən görməməzliyə vururlar. Onların nəzərində bizim dağlarda hələ də abreklər qaynaşır, xasiyyətimiz həmişəki kimi tünddür, şəhərlərimiz şiş qayalar, dəhşətli uçurumlar üzərində tələm-tələsik qaraldılmış təkəm-seyrək daxmalardan ibarətdir, yeganə məşğuliyyətimiz isə təpədən dırnağa qədər silahlanıb keçilməz meşələrdə kiminsə qanını axıtmaq üçün ora-bura at səyirtməkdir.
Paytaxt mətbuatının Qafqaz haqda həmişə hər şeyi əyri güzgüdə göstərən, həmişə cahilliyə yol yoldaşlığı edən nifrət ruhu, eləcə də hüdudsuz, heyrətamiz kobudluq və qabalıqla dolu mülahizələri də buradan qaynaqlanır. Əgər heç vaxt Qafqaza ayağı dəyməyən bir xarici, hətta adi bir rus vətəndaş sadəcə paytaxt qəzetlərinin rəylərinə əsaslanıb diyarımız haqda bir qənaət hasil etmək istəsə, istər-istəməz Qafqazın böyük quldur yuvasından başqa bir yer olmadığını, qafqazlıların isə quldurluqdan başqa heç bir "mülki peşəyə" yiyələnmədiklərini düşünəcək...
Mersi pour phoennour! (Çox-çox təşəkkürlər! - V.Q.)
Amma həqiqətin gözünə dik baxsaq, mədəni yüksəliş nöqteyi-nəzərindən keçilmiş yol həqiqətən çox uzundur. Təvazökarlıqdan kənar səslənsə də, hətta deyərdim ki, çox böyükdür. Hindistan bizdən əvvəl, Əlcəzair isə təxminən bizimlə eyni vaxtda işğal olunub. İngiltərə, Fransa və Rusiya mədəniyyətləri arasında müəyyən fərqlərin mövcudluğuna, hindlilərin və əlcəzairlilərin dünyamiqyaslı yüksək mədəniyyətdən istifadə nöqteyi-nəzərindən bizimlə müqayisədə daha geniş imkanlardan istifadə etmələrinə rəğmən qafqazlılar həm Hindistanı, həm də Əlcəzairi çox geridə qoyub. Onların heç biri mədəniyyət baxımından bizimlə müqayisə oluna bilməz. Bu mənada hətta Rusiyanın bir sıra daxili quberniyalarını da qabaqlamışıq. Onun şərqindən, şimalından, cənubundan irəlidəyik. Nağıllardakı daxmalar artıq xeyli vaxtdır ki, fabrik və zavodlarından yüksələn fit səslərinin qulaq batırdığı, yüzlərlə məktəbində on minlərlə vətəndaşının hər gün dünya mədəniyyəti ilə ünsiyyət qurduğu cah-cəlallı şəhərlərə çevrilib.
Dağ cığırları artıq Rusiyada ən çox gəlir gətirən dəmiryollarına çevrilir. Keçmiş abreklərin (Şimali Qafqaz qaçaqları - V.Q.) nəvə-nəticələri özlərini bütünlüklə torpağa həsr ediblər. Onlar sakitcə tarlalarını becərir, sürülərini otarırlar. Bir çoxları hətta öz "mənini" cəsarətlə ümumdövlət səviyyəsinə qaldırır, həyatlarını dövlət xidmətinə, elm və maarifə, ictimai fəaliyyətə həsr edirlər. Bizim üçün də yer ayrılmış bütün həqiqətən faydalı müəssisələr - məsələn, müəyyən məhdudluqlara baxmayaraq, işlərini yenidən quran məhkəmələr, habelə şəhər özünüidarəsi Rusiyanın daxili quberniyalarındakı qədər yaxşı olmasa da, pis də işləmirlər.
Əlbəttə, diyarımızı bütün yeniliklərə qovuşdurmağın şöhrəti, şəksiz Rusiyaya aiddir. Və Qafqaz buna görə əbədi minnətdar olacaq. Lakin digər tərəfdən onu da etiraf etmək lazımdır ki, qafqazlılar mədəni həyata münasibətdə həmişə qeyri-adi həssaslıq nümayiş etdiriblər. İndiyə qədər öz istedad və kapitalları ilə mədəniyyətin geniş yayılmasına az yardım göstərməyiblər. Çevrilib ətrafınıza nəzər salın: istər böyük şəhərlərin küçələrinə, istərsə də bütün ölkə boyu hər tərəfə səpələnən, məmləkətin abadlaşdırılmasına təkan verən, ölkənin maddi rifahını yüksəldən bütün böyük ictimai-mədəni müəssisələr əsas etibarı ilə yerli xalqların qüvvə və kapitalı əsasında qurulmayıbmı?
Belə böyük səxavətlə məktəblərdə, müxtəlif müəssisə və cəmiyyətlərdə xalq kütlələrinin ehtiyaclarını təmin etməyə yönələn nəcib xeyriyyəçilik ruhu öz miqyas və mahiyyəti etibarı ilə heyrətamiz deyilmi? Bu mənada bizdə bütün hindlilərin Hindistanda, bütün ərəblərin Əlcəzairdə gördüklərindən daha çox iş görülüb.
Lakin əgər diyarımızın Rusiya daxilindəki mədəni həyatla ünsiyyəti arzuolunan sürət və fəallıqla davam etmirsə, burada qafqazlıların nə günahı var? Məgər neçə müddətdən bəri Qafqazda da zemstvo müəssisələrinin, ali texniki məktəblərin, universitetlərin açılması, xalqa kiçik həcmli kreditlərin verilməsi ilə əlaqədar məsələ qaldıran, yalvaran, xahiş edən bu diyarın sakinləri deyillərmi? Həyatımızın mədəni şəkildə və sürətli inkişafı sadalanan məsələləri artıq çoxdan gündəliyə çıxarıb. Qafqazlılar isə, yuxarıda da qeyd etdiyim kimi, vaxtı çatmış tələblərin yerinə yetirilməsi zəruriliyi ilə bağlı artıq çoxdan və dəfələrlə məsələ qaldırıblar. Əgər səsləri eşidilmirsə, əgər həllini tələb etdikləri işlərə əncam çəkilmirsə, nəticədə rəsmi dairələrin etinasızlığı bəzən yerlərdə spontan həyəcan və etirazlar doğurursa, burada qafqazlılarmı günahkardır? Mətbuatın mədəni həyatımızın fakt və gerçəklərini, eləcə də problemlərini saya salmaması, görməməzliyə vurması nə qədər ləyaqətli və vicdanlı hərəkətdir? Məgər Qafqazla bağlı yayılmış qondarma "quldur" mifinin vaxtı artıq çoxdan geçməyibmi? "Kaspi"nin səhifələrində gətirilmiş rəqəmlərdən də göründüyü kimi, daxili Rusiya cinayətlərin sayına və təsnifatına görə bizim diyardan da yüksək göstəricilərə malikdir və belə vəziyyət bəzi yerlərdə hətta kütləvi xarakter daşıyır.
Əslində, Qafqazın Qaçaq Kərəmləri olduğu kimi, daxili Rusiyanın da yetərincə çoxsaylı və biri-birindən fərqli Raskolnikovları var. Bütün məsələ sadəcə sosial-psixi müxtəliflikdədir.
Bir tərəfdə Raskolnikovlar soyuq məntiqlə, əvvəlcədən nə edəcəklərini bildikləri, hətta özlərinə bəraət qazandırmaq üçün öncədən elmi və məişət dəlilləri toplayıb iş gördükləri halda Kərəmlər ilk impulsun təsiri altında, demək olar ki, mexaniki şəkildə silaha əl atır, çox vaxt hətta nə üçün məhz belə yol seçdiklərinin fərqinə də varmadan cinayət törədirlər.
Raskolnikov öz "işini" sevən peşəkardır. Hazırladığı "etüdün" bütün mizanları arasında əvvəldən tarazlıq yaradır, hətta əməlindən müəyyən dərəcədə həzz alır. Kərəm isə ani bir təsadüfün təsiri ilə hərəkət edən diletantdır. Birincilərin qüsuru təbiətlərindən, ikincilərin qüsuru isə şəraitdən irəli gəlir. Hər iki cinayətkar tipin göstərilən psixoloji xüsusiyyətləri həm onların cinayət əməllərinin motivinə, həm də cinayətlərin hansı üsulla törədildiyinə aydınlıq gətirir. Əgər Raskolnikovlar maddi (bəzən həm də çox cüzi!) motivlərdən çıxış edərək cinayətə əl atırsa, Kərəmlərin hərəkətverici qüvvəsi demək olar ki, həmişə mənəvi impulslardır, öz anladığı mənada şərəf məsələsidir, intiqam amilidir. Soyğunçuluq, maddi qazanc onun hərəkətlərində həmişə yardımçı motivdir, sadəcə bir aksessuardır.
Raskolnikovlar qana hərisdirlər, qurbanlarına işgəncə verməkdən həzz alırlar. Bu məqsədlə də balta, atəşkeş, iri mətbəx bıçağı kimi ağrı və əzab verici alətlərdən istifadə edirlər. Son dərəcə güclü, anidən baş qaldırmış hissin təsiri altında cinayət törədən Kərəmlər isə qətl prosesindən heç bir həzz almırlar. Ona görə də məhvedici təsirini dərhal göstərən ölüm vasitələrinə -ovxarlı xəncərə, yaxud tüfəngə əl atırlar. Bundan başqa, Raskolnikovlar daim aramızda dolaşır, bizimlə birgə yaşayırlar. Heç birimiz onun çıxaracağı ölüm hökmündən sığorta edilməmişik. Kərəmlər isə əksinə, sanki gözlənilən təhlükə ilə bağlı cəmiyyəti duyuq salmaq məqsədi ilə özlərini insanlardan təcrid edirlər. Saylarına görə cəmiyyətdə Raskolnikovlar Kərəmlərdən qat-qat çoxdur. Elə gün olmur ki, Rusiya qəzetləri bu və ya digər Raskolnikovun dəhşətli cinayətləri barədə xəbərlər çap etməsinlər.
İndi sual edirik: bu iki cinayətkar tipdən hansı daha ziyanlıdır, hansı daha təhlükəlidir? Cəmiyyət özünü onların hansından daha çox qorumağa çalışmalıdır? Əgər Rusiyanın daxili vilayətlərinin gah bir, gah da digər yerində yeni Raskolnikovlar peyda olursa, bu ölkədə Raskolnikovlardan başqa cinayətkar olmadığını iddia etmək nə qədər doğru səslənir? Lakin həm Raskolnikovların, həm Kərəmlərin təbiətinə, psixologiyalarına nüfuz edib, onların ruhunu, qəlbini, düşüncəsini, nəhayət sosial şəraitini və iqtisadi vəziyyətini öyrənib belə nəticəyə gəlmək mümkündür ki, onlar əslində, zorən cinayətkarlardır. Bu baxımdan da həm birinciləri, həm də ikinciləri islahedilməz insanlar saymaq doğru olmazdı.
Təbiətdə anadangəlmə cinayətkarlar və qaçılmaz cinayətlər yoxdur. Bunlar ikisi də anormal hadisələrdir. Ağlını, qəlbini, hisslərini itirməyin, yaxud insanı dəli olmaq dərəcəsinə gətirən sosial-iqtisadi amillərin təsiri ilə meydana çıxırlar. Bütün insanların ağıllarını, qəlblərini, qarınlarını (xüsusi ilə bu sonuncunu!) mümkün dərəcədə bol və keyfiyyətli qida ilə doydurun! Görəcəksiniz, o zaman nə cinayət, nə də cinayətkar qalacaq!
Beləliklə, istər Qafqazdakı qaçaq-quldurlar, istərsə də Rusiyanın daxili quberniyalarındakı cinayətkarlarla bağlı gümanlar sonda bayağı qida məsələsi üzərinə gəlir - beyinləri və mədələri qidalandırmaq üçün yemək! Normal məktəblər və maddi təminat - bu iki amilin quldurlara və canilərə qarşı ən yaxşı mübarizə üsulu olduğunu sağlam ağıl və insana məhəbbət daim bizə pıçıldamaqdadır.
Belə aydın məntiqi nəticənin labüdlüyünə baxmayaraq, son vaxtlar nədənsə Qafqazdakı "quldurlar" məsələsinə xüsusi diqqət yetirən "Novoe vremya" qəzeti mövcud ictimai bəlanı aradan qaldırmaq üçün orijinal və gözlənilməz yol təklif edir. Bu da Qafqaz müsəlmanları arasında hərbi mükəlləfiyyətin tətbiqidir. Hərbi mükəlləfiyyətin quldurluqla nə əlaqəsi var? Biz bunu başa düşmürük. Aha, az qala yaddan çıxmışdı: axı adını çəkdiyim mətbu orqan məntiq deyilən anlayışın nazı ilə çox da oynamır. Ona görə də belə patetik sualların "Novoe vremya" üçün heç bir əhəmiyyəti yoxdur. Əlbəttə, müsəlmanlar da bütün Rusiya vətəndaşları kimi ümumdövlət əhəmiyyətli mükəlləfiyyət daşımağa borcludur. Əslinə baxsan, şamil olunan güzəştdən ilk növbədə onlar özləri özlərini təhqir edilmiş sayırlar. Lakin hərbi mükəlləfiyyət məsələsinin quldurçuluqla əlaqələndirilməsi bu insanlar üçün daha təhqiramiz səslənir. Belə həyasız cəsarət nümunəsini yalnız cənab Suvorinin rəhbərlik etdiyi mətbu orqan göstərə bilərdi. Müsəlmanlara münasibətdə hərbi mükəlləfiyyəti quldurçuluq məsələsi ilə bağlayarkən o, özünü qətiyyən aşağıda səsləndirəcəyimiz suallara cavab tapmaq əziyyətinə salmayıb: Qafqazda quldurçuluqla məşğul olan yalnız müsəlmanlardırmı? Hərbi mükəlləfiyyət Qafqazın xristian xalqları arasında quldurçuluq hallarını aradan qaldıra bilibmi? Axı çoxdan hərbi xidmətə cəlb olunmalarına baxmayaraq, bu xalqlar quldurçuluq məsələsində müsəlmanlardan qətiyyən geri qalmırlar.
Lakin cənab Suvorinin rəhbərlik etdiyi qəzetin təkliflərinin orijinallığı bununla məhdudlaşmır. O düşünür ki, quldurlardan ibarət ordudan vətənə əla müdafiəçilər yetişdirmək olar.
"Novoe vremya"nın özünün "yaramaz" və "quldur" adlandırdığı əsgərlərdən təşkil olunmuş vətənpərvər ordu! Nə gözəl səslənir!
Əgər belədirsə, o zaman niyə ordunu həbsxanalarda və Sibirdə əbəs yerə əzab-əziyyət çəkən saysız-hesabsız məhbuslar hesabına böyütməyək, qüvvətləndirməyək?
Belə təşəbbüsdən qazanan həm də dövlət xəzinəsi olardı.
Bizim cuşa gəldikləri zaman heç bir sərhəd tanımayan "xilaskarlarımız" bəzən necə də cəfəng ideyalar uydururlar!
Rus dilindən tərcümə edən Vilayət Quliyev
Baxış sayı: 1 529