FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Göy üzünün adamı - Faiq Qismətoğlu Şirməmməd Hüseynovdan yazır
1-08-2019, 07:35 | TƏDQİQATLAR-ANALITIKA
Göy üzünün adamı - Faiq Qismətoğlu Şirməmməd Hüseynovdan yazır

Bu adamlar həm də Allah-Təalanın seçilmişləridir. Digərlərindən fərqli olaraq onlar dünyaya gəlirlər, öz izlərini qoyurlar, əbədi olaraq yaddaşlarda qalırlar. Və həm də bu adamlara göy üzünün adamları demək olar...

Mən çox təmiz adam tanıyıram. Amma professor, Azərbaycan mətbuatı tarixinə adı qızıl hərflərlə yazılmış Şirməmməd Hüseynov barmaqla sayıla biləsi böyük ziyalı, böyük alim, böyük jurnalist, böyük filosofdu. Bəlkə də Şirməmməd müəllim dünyanın ən təmiz, ən pak, ən vicdanlı, ən namuslu adamlarından biridir. O Şirməmməd müəllim ki, evi qədər doğma bildiyi Bakı Dövlət Universitetində öz təmizliyi, öz vicdanı və öz dəst-xəttiylə bir tarix yazıb.

Ola bilər bu universitetdə çox savadlı və istedadlı alimlər olsun. Və daha doğrusu, olub və var da! Ancaq Şirməmməd Hüseynov tək universitet aləmində deyil, Azərbaycanda çox böyük nüfuzu olan ziyalıdır. O ziyalı ki, həmişə, hər vaxt öndə olub... o ziyalı ki, balalarından da, doğmalarından da çox Azərbaycanı sevib... o ziyalı ki, sözüylə əməli həmişə bir olub... Bizdə çox adam danışanda gözəl danışır. Amma əməlinə baxıb görürsən ki, tutduğu yolla danışığı bir-birini tamamlamır. Yəni hər şeyi tərs mütənasibdi...

Ötən əsrin 70-ci illərində biz Şirməmməd müəllimin tələbələri olmuşuq. Daha doğrusu, 1974-79-cu illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində oxuyurduq. Və o vaxtlar da böyük müəllim bizim fakültənin dekanı idi. Fakültənin müəllimləri heç vaxt bizi incitmirdilər. Bizə ən çox kənardan gələn müəllimlər ədalətsizlik edərdilər. Bunu da Şirməmməd müəllim biləndə o dəqiqə aləm bir-birinə dəyərdi. Şirməmməd müəllim gəlib görərdi ki, kənardan gələn müəllim tələbələri haqsız yerə "kəsib". O dəqiqə Şirməmməd müəllim məsələyə qarışar, kafedrayla danışar, yeni müəllim gələr və bizdən obyektiv imtahan götürərdi. Həmin müəllimin "kəsdiyi" tələbələrin əksəriyyəti təkrar imtahan zamanı yüksək qiymət alardılar. Haqsızlıq eləyən müəllim isə fakültədən qovulardı.

O, nə müəllimin haqqını tələbəyə, nə də tələbənin haqqını müəllimə verərdi. Çünki Şirməmməd Hüseynov heç vaxt haqqı nahağa verməzdi... çünki Şirməmməd Hüseynov insanlara və tələbələrinə qarşı həmişə ədalətli idi... çünki Şirməmməd Hüseynov jurnalistika fakültəsində çox böyük ədalət və şəffaflıq yaratmışdı. Mən Qurana əl basaram ki, onun dekanlığı dövründə fakültənin bir müəllimi belə tələbədən bir stəkan çay ummayıb... mən Qurana əl basaram ki, Şirməmməd müəllim və onun komandası istedadlı və savadlı tələbələrə qarşı heç vaxt ədalətsizlik eləməyib... mən Qurana əl basaram ki, o müəllimlər heç vaxt savadlı tələbənin haqqını tapdamayıblar...

Şirməmməd Hüseynov heç vaxt zəif adamlara qarşı öz gücünü göstərməyib. O, yalnız haqsızlığa qarşı mübarizə aparanda da özündən vəzifəcə böyük şəxslərə etirazını üsyankarcasına bildirib. Onun çiyindaşlarını bu gün də xatırlayıram: Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Qulu Xəlilov, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Cahangir Məmmədli, Tofiq Rüstəmov, Yalçın Əlizadə, Akif Rüstəmov, Əliş Nəbili, Mahmud Mahmudov, Nəsir Əhmədli... Bu böyük ziyalılar Şirməmməd müəllimin yaratdığı ədalətli və vicdanlı yolun yolçuları idi. Bu böyük ziyalılar nur işığı idi, sevgi idi, haqq-ədalət idi. Bizim qəlbimizə işıq saçırdılar. O müəllimlər bizimlə çox sadə və səmimi dildə danışmağı bacarırdılar. O böyük müəllimlər bizi öz balaları qədər sevirdilər. Və biz də onları öz doğmalarımız bilirdik.

Heç vaxt yadımdan çıxmır. Əbdürrəhman Vəzirovdan sonra Azərbaycanda hakimiyyətə Ayaz Mütəllibov gəlmişdi. O da vəzifəli şəxsləri və ziyalıları toplayıb Prezident Aparatında iclas keçirirdi. Şirməmməd Hüseynovun kəskin çıxışı bugünkü kimi yadımdadı. O, üzünü Ayaz Mütəllibova tutub dedi ki, biz gözləyirdik siz köhnə hakimiyyətin səhvini təkrar eləməyəcəksiniz, Azərbaycanda sağlam mühit yaradacaqsınız. Amma siz o mühiti yaratmaq əvəzinə, qapı-pəncərəni bağladınız, xalq da bu havasızlıqdan boğulur. Bunu deməyə ürək lazım idi. Çünki bu sözü deyən adamı hər şey gözləyirdi: həbs də, ev dustaqlığı da! Ancaq Şirməmməd Hüseynov heç nədən çəkinib qorxmadan kişi kimi Ayaz Mütəllibovun üzünə dedi. Bax, ona görə, bu xalq, bu millət Şirməmməd Hüseynovu çox sevir. Çünki milyonlarla adamın deyə bilmədiyi sözü o deyib. Belə kişilər az-az olurlar və belə kişilər kişi kimi yaşayıb və kişi kimi də Allahın dərgahına qovuşurlar...

Bir dəfə müəllimimiz Akif Rüstəmovla metronun "20 Yanvar" stansiyasında görüşdük. İki daşın arasında Şirməmməd müəllimdən söhbət düşdü. Dedi ki, ahıl yaşda olmasına baxmayaraq, yenə hər gün arxivlərə gedir, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sənədlər üzə çıxarır, öz təqaüd pulu ilə onları çap elətdirir. Bunu ancaq Şirməmməd müəllim eləyə bilərdi. Və ömrünün son gününə qədər Məhəmməd Əmin Rəsulzadə ilə bağlı çoxlu kitablar, heç kimin aşkar etmədiyi tarixi sənədlər üzə çıxardı. Və hamısı da onun zəhməti və alın təri hesabına işıq üzü gördü...

Professor Cahangir Məmmədli Şirməmməd müəllimin həm sevimli tələbəsi olub, həm də yaxın dostu. Daha doğrusu, böyük müəllim öz tələbəsinə atalıq eləyib. Şirməmməd müəllimin dəfn günündə Cahangir Məmmədlinin çox səmimi və qeyri-adi çıxışı məni də kövrəltdi. O dedi ki, mən atadan yetim qalmışdım. Şirməmməd müəllim mənə atalıq eləyirdi. O, dünyasını dəyişdi, ikinci dəfə atadan yetim qaldım. Hər iki müəllimimin bir-birinə çox səmimi münasibətləri olub. Bunu tələbə vaxtı biz də görmüşük. Və Şirməmməd müəllim heç də hər adamla Cahangir müəllimlə olduğu kimi isti münasibətdə - ata-oğul münasibətlərində olmayıb. Ən azından ona görə ki, o, uzun illər görüb ki, Cahangir müəllim oğul kimi ona çox sədaqətli idi.

Şirməmməd müəllimin yas mərasimində bizim tələbə dostumuz və qardaşı oğlu Yusif Hüseynov Cahangir müəllimə yaxınlaşdı. Həmin masanın arxasında universitetin sabiq rektoru, akademik Abel Məhərrəmov və digər böyük ziyalılar əyləşmişdilər. Yusif Cahangir müəllimə dedi ki, indən sonra əmimin iyini səndən alacam! Bu söz Cahangir müəllimi və bizim hamımızı kövrəltdi, gözlərimiz doldu. Çünki böyük müəllim, böyük ictimai-siyasi xadim, böyük ziyalı Şirməmməd Hüseynov Azərbaycanın ziyalı dünyasından gedən şəxsiyyətdir. Yəni onun ölümü bir ailəni, bir rayonu, bir universiteti deyil, bütün Azərbaycanı kədərləndirib. Və belə ziyalılar heç də tez-tez dünyaya gəlmirlər.

Müəllimə ən yaxşı qiyməti onun tələbələri verir... müəllimi hamıdan yaxşı onun dərs dediyi tələbələr tanıyırlar... müəllimin hansı çətinliklər yaşadığını onun tələbələri daha yaxşı bilirlər... Bizim də tanıdığımız böyük Şirməmməd Hüseynov dünyanın ən təmiz, ən vicdanlı, ən namuslu ziyalısı idi. O, 95 il ömür yaşadı və bu 95 il ömrü çox mənalı, çox da yaddaqalan günlərə çevirdi. Onun bir saat, bir dəqiqə də vaxtı boş, mənasız keçməyib. Böyük Vaqif Bəhmənlinin diliylə demiş olsaq: "Ömür mənalı yaşanıbsa, ölüm də mənalı olur..." Onun ölümü də ömrü kimi mənalı oldu və bütün Azərbaycanı silkələdi...

... Və bütün ziyalılar kövrəldi. Bu cür ziyalılar yer üzündən çox göy üzünün adamıdı... bu cür ziyalılar sağlığında Allaha qovuşurlar... bu cür ziyalılar əsrlər keçsə də, heç vaxt tarixin yaddaşından çıxmırlar. Və Şirməmməd Hüseynov da göy üzünün adamıdı. Ruhun şad olsun, göy üzünün adamı!..

Faiq QİSMƏTOĞLU




Baxış sayı: 1 492
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031