Akademiklər Rafael Hüseynov, İsa Həbibbəyli, Teymur Kərimli və Möhsün Nağısoyun silsilə yazıları, akademik Zenfira Səfərovanın məqaləsi, şərqşünas alim Firudin Qurbansoyun "İmadəddin Nəsimi" monoqrafiyası, Vaqif Aslan, Sayman Aruz, İslam Sadıq və başqalarının əsərləri bu qəbildəndir.
Yüksək bəşəri humanizmi ilə dünya şöhrəti qazanmış anadilli poeziyamızda fəlsəfi qəzəlin və qəsidənin, Aşıq yaradıcılığında qıfılbənd deyişmələrin, "Əlif-lam" və "Tərs əlifba"nın banisi, qoşma və divani kimi janrların poetik təkamülündə müstəsna rolu olan, Azərbaycan ədəbiyyatı tarixində müstəzad, mürəbbe və tərcibəndlərin ilk nümunələrini yaradan, dahi şairimiz Nəsimi haqqında, onun poeziyasının ideya-bədii siqləti haqqında bundan sonra da tədqiqatlar aparılacaqdır.
Nəsimi irsinin böyük masştabda dövriyyəyə gəldiyi çağdaş günlərimizdə onun faciəvi taleyi haqqında mübahisə və mülahizələr səngimək bilmir. Təəssüflə qeyd etməliyəm ki, şairin din xadimlərinin xüsusi fətvası əsasında amansızcasına qətlə yetirilməsi və dərisinin diri-diri soyulması, xəlifənin göstərişi ilə şairin bütün yazılarının yandırılması, adda-budda dövrümüzə qədər gəlib çatanı da... Sovet vaxtı "ədəbiyyatşünaslar"ının təhrif etməyə başlaması, şairi ateist kimi qələmə vermələri və s. barədə bəzi məqalə müəlliflərinin qənaətləri yanlışdır. Hər şeydən əvvəl onu deyək ki, Misir Sultanı Müəyyədin Nəsiminin edamı barədə əmrində şairin əsərlərinin yandırılması barədə heç nə yoxdur. Şairin dünya kitabxanalarında və muzeylərində saxlanılan 50-dən artıq əlyazmasının olması, Cahangir Qəhrəmanovun üç cilddə ərəb əlifbasında, orijinalda olduğu kimi tərtib etdiyi "İmadəddin Nəsimi. Əsərləri. (Bakı, 1973)", və Həmid Araslının tərtib etdiyi "İmadəddin Nəsimi. Seçilmiş əsərləri. (Bakı, 1973, 676 səh.)" əsərləri məqalə müəllifinin fikrini alt-üst edir.
Şairin ateist kimi qələmə verilməsi məsələsinə gəlincə, müəllifə tövsiyə edərdik ki, görkəmli ədəbiyyatşünas alimimiz Mirzağa Quluzadənin "Böyük ideallar şairi" kitabını oxusun. Alim yazır: "Nəsimi obyektiv dünyanı, real həyatı təsdiq edən bir şairdir, bu mənada o, bir mütəfəkkir kimi materialist dünyagörüşünə yaxınlaşır.
Nəsimini materialist və ateist şair kimi qiymətləndirmək səhvdir. Nəsimi ateist deyildir (Bax: "Böyük ideallar şairi". Bakı, Gənclik, 1973, s.136-137)".
Bunu Misir Sultanının əmrindən də, din xadimlərinin şairin edamına fətva verməməsindən də görmək olur.
O ki qaldı şairin din xadimlərinin fətvası əsasında qətlə yetirilməsi və dərisinin diri-diri soyulması məsələsinə, bununla bağlı fikrimizi bir daha bildirmək və şairin qətlindən on il sonra baş verən tarixi əhəmiyyətli bir məsələni gündəmə gətirməkdir. Bunun üçün mütləq keçmişə ekskurs etmək zərurəti ortaya çıxır.
Taledən gələn ömür payımda bir çox ölkələrdə olmuş, səfər qeydləri və hətta kitablar da yazmışam. Lakin 2008-ci ilin 10-17 noyabrında Suriyaya səfərimizi əhəmiyyətinə görə heç bir səfərlə müqayisə etmək olmaz.
Biz Suriyaya Azərbaycan prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Azərbaycan Səfirliyinin uğurla həyata keçirməkdə olduğu müqəddəs bir işin yerinə yetirilməsinə yardımçı olmaq amacı ilə getmişdik.
Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, memar Rüstəm Muxtarov, bərpaçı Telman Kərimli, Milli Elmlər Akademiyasından akademik Bəkir Nəbiyev, professor Teymur Kərimli, filologiya elmləri namizədi Səadət Şıxıyeva və mən daxil idik.
Fikrət Babayev və memarlar suriyalı həmkarları ilə Nəsiminin məqbərəsinin və məscidin bərpası üçün variantlar üzərində işlədilər. Biz isə Nəsimiyə həsr olunmuş Beynəlxalq konfransda iştirak etdik.
Konfransın ikinci günü ilk məruzə ilə mən çıxış etdim: "Nəsiminin İraq Divanı və şairin həyat və yaradıcılığına yeni baxış" mövzusunda məruzəmdə göstərdim ki, Nəsiminin Divanının İraq nüsxəsi üzərində tədqiqat apararkən qəribə bir mənzərənin şahidi olmuşdum. Divan nüsxəsində yer alan 400-ə qədər şeirin üçdə bir hissəsindən çoxu Allaha, İslam dininə, Peyğəmbərimizə və başqa müqəddəslərə həsr olunub. Sovet dönəmində bu barədə söz açmaq asan deyildi. Odur ki, kitabda onların yalnız ilk və son beytlərini verə bilmişdim (Bax: İmadəddin Nəsimi. İraq Divanı. Bakı, "Yazıçı", 1987, s. 256-279).
Bu şeirlərdən belə qənaətə gəlmək olur ki, Nəsiminin Allaha sevgisi hüdudsuzdur. Belə olan halda onun allahsızlıqda təqsirli bilinərək qətlə yetirilməsi nə qədər inandırıcıdır? Apardığımız tədqiqatlar bizim haqlı olduğumuzu sübut etdi. Hələb canişini Yəşbək Abdulla əl-Yusifinin israrla şairin ölümünə fətva verilməsini tələb etməsinə baxmayaraq, Hələb qaziləri fətvadan imtina etmişdilər. Bəlkə bu işdə şairin dini şeirləri də onların dadına çatmışdı, bilmirəm. Gün kimi aydındır ki, Nəsimi kafirlikdə suçlu bilinərək edam edilsəydi, məsciddə dəfn olunmazdı, ona məqbərə tikilməzdi. Türbəsi ziyarətgaha çevrilməzdi. Adına küçə qoyulmazdı, təkyəsi olmazdı. Təkyənin üstündə "Həzrət Nəsimi", türbəsinin üstündə "Şeyx Nəsimi", "Allahın dostu" yazılmazdı.
Mən danışdıqca hiss edirdim ki, mənimlə yanaşı oturan Hələb müftisi Dr. Mahmud Əkkam həyəcan keçirir. Narahat oldum. Fikirləşdim ki, bəlkə mənimlə razılaşmır. Lakin belə deyilmiş. Burada xüsusi vurğulamağa dəyər ki, elə müftinin konfransda iştirakının özü Nəsiminin ruhuna böyük ehtiram idi. Lakin o, məndən son-ra "Nəsimi və sufilik" mövzusunda maraqla qarşılanan məruzə etdi. Dr. Mahmud Əkkam məruzəyə başlamazdan əvvəl dedi: "Professor Paşayevin məruzəsindən çox təsirləndim. Nəsiminin başına gətirilən bəlalara, ona verilən işgəncələrə görə üzr istəyirəm. Bu hələblilərin işi deyildi, Hələbdəki gəlmələrin və onların havadarlarının işi idi. Təsəllini onda tapırıq ki, Hələb Nəsimini öz oğlu kimi qoynunda uyutdu və bu gün də uyudur. Mən Nəsimiyə həmişə dua oxuyuram. Çünki o, haqq yo-lunda şəhid olub. Haqsız işgəncələrə məruz qalıb. Yaradandan təmənna edirəm ruhu şad olsun. Bu gün də həmişə olduğu kimi, Hələbdə şairin adı ehtiramla yad edilir, ona işgəncə verənlər lənətlənir".
Tarixi əhəmiyyətini nəzərə alaraq Dr. Əkkamın "Üzrxahlığ"ını burada bütövlükdə verməyi zəruri saydıq: "Möhtərəm qardaşlar! 591 il bundan öncə bəşər tarixində ən faciəli hadisələrdən biri baş vermiş, Azərbaycanın böyük şairi və filosofu, parlaq istedad sahibi olan mütəsəvvüf Vəli ul-İlah (Allahın dostu) Seyyid Əli İmad əd-Din Nəsimi vəhşicəsinə edam olunmuşdur.
Bu gün biz xəcalət çəkirik ki, bu müdhiş faciə tarixə bizim Hələb şəhərinin adı ilə bir yerdə düşmüşdür. Doğrudur, həmin faciə şəhərimizdə hökmranlıq edən əcnəbilər və onların havadarları tərəfindən törədilmişdir, lakin Nəsiminin günahsız qanı məhz burada axıdıldığı üçün mən, müasir Hələbin dini icmasının rəhbəri kimi, sizdən dönə-dönə üzr istəyirəm!
Mən çox vaxt dindaşların önündə xütbə oxuyanda Nəsiminin acınacaqlı taleyini də yada salır, ona Allahdan rəhmətlər diləyir, ruhuna dualar səsləndirirəm.
Tarixi-elmi mənbələrdə öz əksini tapmış məlumata görə, bu edamdan on il sonra Hələb məhkəməsi işə yenidən baxıb əvvəlki ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə qovuşan şairə, gec də olsa, bəraət vermişdir.
Bununla belə, bu gün mən sizdən üzr istəməyə daxili, mənəvi ehtiyac duydum və acizanə təvəqqe edirəm ki, mənim üzrxahlığımı qəbul edib bütün Azərbaycan xalqına çatdırasınız. Bu, tək mənim yox, cəmi Hələb müsəlmanlarının xahişidir".
Dr.Mahmud Əkkam Hələb şəhər müftisi Suriya Ərəb Cümhuriyyəti, Hələb şəhəri, Beynəlxalq Nəsimi forumunda oxunan məruzədən.
12 noyabr, 2008-ci il
"Üzrxahlığ"ın ərəb dilindən tərcüməsi Hacı Firudin Qurbansoyun "İmadəddin Nəsimi" (Bakı, "Elm", 2019, səh.128-129) kitabından götürülmüşdür.
Görünür, Hacı Firudin rəsmi sənəd adlandırdığı "Üzrxahlığı" kitabı çapda olan vaxt əldə edib və "Lap axırda bu rəsmi sənədi şərhsiz təqdim edirəm" yazmaqla kifayətlənib.
Həqiqətən də Nəsiminin başına gətirilən bəlalar gəlmələrin və onların havadarlarının işi idi. Nəsiminin məhkəməsi bunu açıq şəkildə göstərir.
Şairin məhkəməsi Hələbin şeyxi, naibi və qazılar qazısının və rəsmi qəbul olunmuş məzhəblərin (hənəfilik, malikilik, şafilik, hənbəlilik) dördünün də nümayəndələrinin iştirakı ilə keçirilib. İttiham ilə hənəfilərin qazılar qazısı İbn əş-Şənqaşı çıxış edib. Hələbin naibi Yəşbək üzünü Nəsimiyə tutaraq: "Deyilənləri inkar edə bilməsən, səni öldürəcəm" - deyir. Bu sözləri eşitcək İbn əş-Şənqaşi Yəşbəkin məkrli niyyətini anlayır və ittihamdan imtina edir.
Hənbəlilər şeyxi Şihabəddin ibn Hilal məhkəmənin pozulduğunu görərək malikilərin qazısı Fətxəddindən yuxarı başa keçir, Nəsiminin öldürülməsi barədə yazılı fətva verir və Nəsiminin tövbəsinin qəbul olunmayacağını qeyd edir. Nəsimi "kəlmeyi-şəhadət" alıb deyilənləri rədd edir. Məclisdə əyləşən din xadimləri qazı və alimlər fətva ilə tanış olduqdan sonra onun əsassız olduğunu və güman ki, şairin bənzərsiz dini şeirlərini nəzərə alaraq fətvanı qəbul etməyiblər. Qazılar qazısı Fətxəddin Şihabəddinə deyib: "Qazı və üləmalar səninlə razı olmadığı halda, mən sənin sözünlə durub ona necə ölüm kəsə bilərəm?" (Ziya Bünyadov. Nəsiminin məhkəməsi və qətli. Bax: "Ədəbiyyat və incəsənət" qəzeti, 19 sentyabr 1980; Həmid Araslı. İmadəddin Nəsimi. Bakı, "Azərnəşr", 1972, səh.13).
Suriyalı tədqiqatçı Bəkir ən-Nasirin göstərdiyi kimi, Şeyx Kamil əl-İzzinin Hələbin tarixindən bəhs edən çox böyük həcmli "Nəhr əz-zəhəb" ("Qızıl çayı") əsərində Nəsiminin həyatı və məhkəməsi barədə qiymətli məlumat vardır. Əsərin III cildində oxumaq olur: "Əmir Yəşbək hər dörd məzhəbin qazılarından tələb etmişdi ki, Nəsimini ölümə məhkum etsinlər. Baş qazı: "Nəsimi Əmirin istəyinə əsa-sən mühakimə olunur - desə də, qazılar və üləmalar şairin küfrdə təqsirləndi-rilməsi barədə qərara gələ bilməyiblər". (Bəkir ən-Nasir. İmadəddin Nəsimi. "Azərbaycan" jurnalı, №9, 1987, s.170.)
Vəziyyətin gözlənilməz məcraya döndüyünü görən Hələb canişini Yəşbək tez işə qarışıb: "Sultan nəticəni ona bildirməyi, Nəsimi haqqında veriləcək göstərişi gözləməyi əmr etdi" (Ə.Səfərli, X.Yusifov. Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, 1982, s.193).
Məclis dağılıb. Misirdən - Sultan Müəyyəddən cavab gələnə qədər şairi zindanda saxlayıblar.
Çox keçmir ki, Sultan Müəyyəddən əmr gəlir. Əmrə əsasən, şairin boynunu vurub dərisini soyaraq cəsədini çarmıxa çəkirlər. Əmrdə xüsusi vurğulanırdı: "Carçı car çəksin. Hələbdə yeddi gün göstərilsin. Sonra da əl-ayağı kəsilsin, bir parçası Zülqədər oğlu Əlibəyə, qardaşı Nəsirəddin və Osman Qarayölükə göndərilsin; çünki Nəsimi onların inanclarını (etiqadlarını) pozmuşdur. Bunun üzərinə Nəsimi öldürülür" (Həmid Araslı. İmadəddin Nəsimi. Bakı, "Azərnəşr", 1972, səh.14.)
Zülqədər oğlu Əlibəy və qardaşı Nəsirəddin Qaraqoyunlu türkman tayfalarının, Osman Qarayölük isə Ağqoyunlu türkman tayfa ittifaqının başçısı idi (1394-1434). Ağqoyunluların paytaxtı Diyarbəkir idi. Onlar Osmanlı sultanlığının, o cümlədən də Osmanlı imperiyasına tabe olan Misir sultanı Müəyyədin siyasi düşmənləri idilər. Osman Qarayölük 1399-cu ildə osmanlılara qarşı müharibədə Teymurun tərəfinə keçmiş və hətta Sivası istila etmişdi. Hələ bu az imiş kimi, 1411-ci ildə Qaraqoyunlular Bağdadı tutdu (Nicat Kevsəroğlu. İrakta türkcə yer adları kılavuzu. Kərkük, 2012, səh.11.)
Guya onları Nəsimi yoldan çıxarmışdı. Həqiqət naminə deməliyik ki, Nəsimi Ağqoyunlu və Qaraqoyunluların yeritdiyi siyasəti dəstəkləyirdi. Sultan Müəyyəd isə Nəsiminin xalq arasında böyük nüfuza malik olmasından xəbərdar idi.
Sultan Müəyyəd, güman ki, Türkiyənin lap sərhədində olan Hələbdə Nəsiminin türkmanları (o vaxt Şamla Hələb arasında Qara Türkman xanlığı vardı - Q.P.) ona qarşı qaldıracağından çəkinib. Onun Nəsimini aradan götürməyə rəvac ver-məsi bəlkə də bu xofla bağlı olmuşdur. Lakin Sultan Müəyyədin əmrindən gö-ründüyü kimi, Nəsimi dinə qarşı təqsirli bilinərək öldürülməyib. Sultan Hələb şeyxi, qazılar və din xadimlərinin rəyini qulaqardına vura bilməzdi. Onlar Nəsimini dinə qarşı çıxmaqda təqsirli bilməmişdilər. Belə olan halda, Sultan Müəyyəd əsl həqiqəti açmalı olmuşdu. Onu Əlibəyi, qardaşı Nəsirəddini, Osman Qarayölükü yoldan çıxarmaqda, osmanlılarla onların arasında düşmənçilik toxumu səpməkdə təqsirli bilərək edamına göstəriş vermişdi.
Yeri gəlmişkən, ərəb aləmində Nəsimiyə dair bəlkə də ilk və sanballı "Hələb yaqutu İmadəddin Nəsimi (771-820 h. - 1370-1417 m.), həyatı, poeziyası və fəlsəfi fikirləri" (Ərəb Yazarlar Birliyinin nəşri, 1991) adlı kitabın müəllifi suriyalı alim Əbdülfəttah Qələçi də ərəb dilində olan məxəzlər əsasında tədqiqat apararaq o qənaətə gəlmişdir ki, Nəsiminin edam edilməsi onun dini deyil, siyasi baxışları ilə bağlı olmuşdur (Bax: Bəkir Nəbiyev. Nəsimi kəlamının işığında. Bakı, "Qarabağ" nəşriyyatı, 2009, s. 24-25).
Ərəb tarixçisi Abbas Əzzavi "Tarixi-İraq beynə ixtilaleyn" (Bağdad, 1973) əsərində Nəsiminin şəxsiyyəti, ədəbi fikir tarixində yeri və s. ilə bağlı yazmışdır: "Nəsiminin təhlükəsi artmışdı, səsi ucalmış, ona uyanlar çoxalmışdı. Təriqətinin genişlənməsi qorxusu aləmi bürümüşdü. Şairlik gücü ilə təbliğat aparması, mühakimə olun-masına yol açmışdı. Aşqın və daşqın sözləri ilə islam etiqadını cığırından çıxardığı anlaşılırdı... Gözəl bədii üslubu ilə dinləyiciləri sarsıdırdı. O, yaman cəsur bir şair idi". (Ə.Səfərli, X.Yusifov. Ədəbiyyat. IX sinif üçün dərslik. Bakı, 1979, s.159.)
Nəsiminin qismət payı işgəncəli ölüm olsa da, tarixdə cəsur insan, qüdrətli şair kimi qaldı. Yəşbəkin taleyinin necə olduğunu isə Şeyx Kamil əl-İzzinin kitabından öyrənirik.
Şeyx Kamil əl-İzzinin kitabında Yəşbək Abdulla əl-Yusifinin şəxsiyyəti və kimliyi barədə də diqqətçəkən məlumat vardır. Kitabdan məlum olur ki, Yəşbək cahil, pozğun, qəddar və tamahkar bir adam imiş. Əl-Müəyyəd Trablis hakimi olarkən onu min dinara alıbmış. Qəddarlığına, pozğunluğuna və tamahkarlığına görə, o, Nəsiminin qətlindən cəmisi 4 il sonra - 824 hicridə öldürülmüşdü.
Nəsiminin edamından 10 (on) il sonra Hələb məhkəməsinin işə yenidən baxması, əvvəlki ədalətsiz hökmü ləğv etməsi, artıq tarixə qovuşmuş şairə bəraət verməsi hər şeyi kökündən dəyişib. Şairin İslamın ilk illərindən üzərində bərqərar olduğu dayaqlarından birində - Suriyada məsciddə dəfn olunması, adına küçə qoyulması və s. bununla bağlıdır.
Hicri 910-cu ildə Sultan Qansuh əl-Quri öz qələbəsi şərəfinə şairin əbədi uyuduğu məscidi bərpa etdirib. Burada Nəsimiyə məqbərə tikilib. Türbəsi hələ orta əsrlərdən ziyarətgaha çevrilib. Bəkir ən-Nasirin göstərdiyi kimi, divarlarda Nəsimi sənətini əks etdirən Azərbaycan və ərəb dillərində kitabələr və şeirlər yazılmış lövhələr asılıb. Həmin lövhələrin birinin üzərində aşağıdakıları yazıblar:
Əgər qəlbində sıxıntı hiss etsən,
Onu Nəsiminin nəfəsi ilə müalicə et.
Və orda, içərisində Nəsiminin sirləri olan
Şərəfli (yerin) mənzərəsini müşahidə et.
(Bəkir ən-Nasir. İmadəddin Nəsimi. "Azərbaycan" jurnalı, №9, 1987, s. 169-170.)
Nəsiminin Hələbdə adına küçə qoyulması, hələ XVII əsrdə Hələbi ziyarət edən türk səyyah-alimi Övliya Çələbinin onu Şeyx Nəsimi adlandırması, Hələbdə Nəsimi təkyəsinin olmasından söz açması, təkyənin bugünə qədər mövcud olması, Nəsiminin soykökünün - şəcərəsinin Hələbdə zəmanəmizə qədər davam etməsi çox mətləblərdən söz açır, şairin mühiti, həyatı və yaradıcılığına yeni dəyərlər prizmasından baxmaq zərurətini ortaya qoyur.
Qəzənfər PAŞAYEV
Professor
Baxış sayı: 2 013