FACT-INFO.AZ » MÜSAHİBƏ » BMT rəsmisi: Azərbaycanın qlobal əməkdaşlıq təcrübəsini digər ölkələrlə bölüşməsi böyük maraq kəsb edir
28-03-2019, 16:50 | MÜSAHİBƏ
BMT rəsmisi: Azərbaycanın qlobal əməkdaşlıq təcrübəsini digər ölkələrlə bölüşməsi böyük maraq kəsb edir

Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramı (BMTİP) rəhbərinin müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Spolyariç Eqqer Azərbaycana səfəri çərçivəsində VII Qlobal Bakı Forumunda, Bakının Xəzər rayonunda yeni Qadın Resurs Mərkəzinin açılışında iştirak edib, vətəndaşlara dövlət xidmətlərinin və özəl sektor xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunduğu “ASAN xidmət” mərkəzinin işi ilə tanış olub. Miryana Spolyariç Eqqer Bakıya səfərinin nəticələri, həmçinin qurumun ölkəmizdəki fəaliyyəti və həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- Azərbaycanın ev sahibliyi etdiyi VII Qlobal Bakı Forumunda “Dünyanın yeni xarici siyasəti” mövzusu müzakirə edildi. BMT-nin İnkişaf Proqramı dünyanın yeni xarici siyasətini necə görmək istəyir?

- Biz, qlobal problemlərin çox vaxt izolyasionizm və skeptisizm halları ilə üzləşdiyi bir dövrdə yaşayırıq. Birləşmiş Millətlər Təşkilatının və onun institutlarının önəmli yer tutduğu çoxtərəflilik prinsipinin getdikcə dərinləşən millətçilik hissləri və parçalanma hallarının yüksələn dalğası ilə təhlükə altına alındığı bir dövrdə yaşayırıq. Faktiki olaraq, BMT və onun agentlikləri kimi qlobal strukturlar yetmiş il əvvəl - Birinci Dünya müharibəsindən sonra daha çox bərpa, sülh, stabillik və beynəlxalq əməkdaşlığa duyulan ehtiyaclara cavab olaraq təsis edilmişdi. Təşkilat həmin vaxtdan bəri insanların həyatının xilas edilməsi, iqtisadi və sosial tərəqqiyə nail olunması, insanların onlarla bağlı qərarlarda iştirakının təşviq edilməsi, dövlətin insanlara göstərdiyi xidmətlərin təkmilləşdirilməsi və müharibələrin qarşısının alınması sahələrində təsdiqlənmiş nailiyyətlər əldə edib. Lakin bu mühüm mərhələlərə baxmayaraq, ölkələrin daxilində və xaricində inamın zəifləməsi, insanların siyasi institutlara etibarının itməsi və daha az əməkdaşlıq etməyə meyilli olması səbəbindən, eyni zamanda, mürəkkəb qlobal problemlərin artdığı bir vaxtda bu gün çoxtərəflilik (yəni, bir neçə ölkəni bir araya gətirən beynəlxalq sistemlər) böyük gərginlik altındadır. Bu meyillər və münasibətlər ölkələrin xarici siyasətlərinin formalaşmasında da böyük rol oynayır. Əslində isə məhz indi qlobal əməkdaşlığın daha da gücləndirilməsi vaxtı gəlib çatıb. Miqrasiya, artmaqda olan qeyri-bərabərlik halları və iqlim dəyişikliyi kimi dünyəvi məsələlər bunu tələb edir. Bu cür qlobal riskləri birtərəfli, hətta ikitərəfli şəkildə dəf etmək artıq dayanıqlı sayılmır. İnkişaf üçün çoxmillətli əməkdaşlıq, o cümlədən regional əməkdaşlığın genişləndirilməsi vacibdir.

Nə üçün məhz Bakı və nə üçün indi? Ona görə ki, inkişaf şimal-cənub yönümlü və birtərəfli xətt üzərində olmur. Burada çoxşaxəli maraqları və müxtəlif tərəflərin mövcudluğunu, onların müxtəlif təcrübələrini də nəzərə almaq lazımdır. Bu baxımdan yuxarı-orta gəlirli ölkələrin, həmçinin Azərbaycanın öz təcrübəsini dünyanın digər ölkələri ilə bölüşməsi böyük maraq kəsb edir. Əsas məqsəd bu təcrübələri paylaşmaqla ümumi problemlərin çözülməsində ölkələrin bir-birinə dəstək göstərə bilməsidir. Bunun üçün millətlərarası əlaqələrin daha da gücləndirilməsi vacibdir ki, onlar da öz növbəsində ümumbəşəri problemlərin həlli yollarını tapmaqda yardım edə bilərlər. Bu, ümumbəşəri problemlərə aiddir. Həmin problemlərə iqtisadiyyatın şaxələndirilməsi, heç kim geridə qalmasın prinsipinə uyğun olaraq milli inkişaf proqramlarının hazırlanması, enerjidən səmərəli istifadə, əhalinin zəif qruplarının qərar qəbul etmədə iştirakına və resurslara bərabər çıxış imkanına malik olmaları üçün şərait yaradılması daxildir. Bunlar isə, öz növbəsində, ölkələrin effektiv xarici siyasət strategiyalarını və milli inkişaf planlarını qurmaları üçün ümumdünya platforması olan və mənim bu gün xüsusilə vurğulamaq istədiyim Dayanıqlı İnkişaf üzrə yeni Qlobal Gündəliyin əsas ideyalarıdır. 2015-ci ildə Nyu-York şəhərində dünya liderlərinin qəbul etdiyi Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi insanlar, planet və tərəqqi üçün məqsədyönlü plan müəyyənləşdirdi. Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 2016-cı ilin yanvar ayında qüvvəyə mindi. Məqsəd yoxsulluq və bərabərsizlik hallarından tutmuş, aclığa və xəstəliklərə, zorakılıq və münaqişələrə, iqlim dəyişikliyi və fəlakət risklərinə qədər, dövrümüzün inkişafla bağlı mühüm problemlərini həll etməkdir.

2030-cu il Gündəliyi ümumi gündəlikdir. Onun məqsədi bizim həyat, işləmək və iş qurmaq tərzimizi elə bir şəkildə dəyişməkdir ki, dayanıqlı, inklüziv və dinc cəmiyyətlər qura bilək. Qısaca olaraq, yeni Gündəlik heç kimin geridə qalmamasını qarşıya məqsəd qoyub. Ötən illər ərzində, biz inkişafla bağlı hər bir fəaliyyətdə Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinin nəzərə alındığının şahidi olmuşuq. Ölkələr öz milli inkişaf planlarını və hökumət proqramlarını DİM-lərdəki hədəflərə uyğunlaşdırırlar. Buna nail olmaq üçün maliyyə resurslarının səfərbər edilməsinin yeni innovativ yollarını müəyyənləşdirirlər. Tarixdə ilk dəfədir ki, bütün ölkələr vahid ümumi inkişaf proqramını rəhbər tuturlar. Bu, bütün dünyanı daha perspektivli və dayanıqlı inkişaf yoluna çıxarmaq üçün unikal bir imkandır. BMT-nin aparıcı inkişaf agentliyi olaraq, BMTİP, dünyada Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsində ölkələrə kömək etmək üçün özünəməxsus imkanlara malikdir. Bizim baxışımız budur – hamı üçün, hər yerdə DİM-lərə nail olmanı təmin etmək üçün unikal imkanların yaradılmasına kömək göstərmək.

- İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi Azərbaycanın iqtisadi siyasətində prioritetlərdən biridir. Azərbaycan 6 il əvvəl kosmik ölkələr sırasına daxil olub. BMT Azərbaycanın kibertəhlükəsizlik sahəsində imkanlarını necə qiymətləndirir?

- BMTİP informasiya-kommunikasiya texnologiyalarının faydalarının dünyada hər bir qadın, kişi və uşaq üçün əlçatan olmasına yönələn siyasətlərin həyata keçirilməsinə imkan yaratmaq üçün innovasiyaları özünün qlobal və ölkə səviyyəsindəki inkişaf gündəliyində ön plana çəkir. İKT sahəsində innovasiyalar sosial və iqtisadi artımın və hər bir fərdin vaxtlı-vaxtında informasiya və biliklərə çıxış imkanının təmin olunması üçün vacib amildir. Azərbaycan özünün İKT portfelinə və elektron hökumətin daha geniş tətbiqi ilə bağlı dəyişikliklərin aparılmasına böyük yatırımlar edib. Məsələn, “ASAN xidmət” bunun bariz nümunəsidir. Digər bir nümunə isə ötən ilin sonunda Azərbaycanda BMTİP və Sosial İnnovasiyalar Laboratoriyası tərəfindən yerli universitet və ölkənizdə fəaliyyət göstərən transmilli korporasiyalardan biri ilə birgə təmiz texnologiyalara dair ideyaların formalaşdırılması üçün təşkil olunan təlim düşərgəsi (Cleantech Ideation Bootcamp) olub. Bu düşərgə gənclərə yaradıcılıq və sahibkarlıq bacarıqlarını aşılamaqla yanaşı, iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində texnologiyalardan istifadəni tələb edirdi. BMTİP-in Azərbaycandakı nümayəndəliyi hökumətlə birlikdə on ildən artıq müddətdə dəyəri 50 milyon ABŞ dollarından çox olan layihələrlə regionda ən böyük elektron idarəetmə proqramlarını işləyib. BMTİP və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hazırda Azərbaycanda İKT sistemlərinin və infrastrukturunun modernləşdirilməsi və təkmilləşdirilməsi sahəsində birgə layihə həyata keçirirlər. Bu birgə səylər informasiya və kommunikasiya texnologiyalarının faydasını ölkənin ən ucqar ərazilərində yerləşən icmalara doğru genişləndirməyə və telekommunikasiya operatorları, müəssisələr və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər üçün informasiya təhlükəsizliyini artırmağa yönəlib.

Layihənin əsas uğurlarından biri ölkənin ilk Data Mərkəzinin – dövlət təşkilatları və özəl qurumlar üçün məlumat saxlama xidmətinin təsis edilməsidir. Bununla da, Azərbaycan Rusiya, Ukrayna və Qazaxıstandan sonra keçmiş sovet ölkələri arasında Data Mərkəzini təsis edən dördüncü ölkə olub. Eyni zamanda, mənim Cənubi Qafqaza rəsmi səfərimin bir hissəsi olaraq Azərbaycana səfərim çərçivəsində keçirilən Regional İnternet İdarəçilik Forumu BMTİP-in hökumətlə birgə təşkil etdiyi əməkdaşlıq tədbiridir. Hər il təşkil olunan Forum bu sahədə çalışan mühüm peşəkarların inkişaf naminə bir araya gəlmələri, məlumatları bölüşmələri, öyrənmələri, yeniliklər gətirmələri və hamıya əlçatan olan yeni və daha inklüziv idarəçilik platformalarının yaradılmasına kömək etmələri üçün unikal bir imkana çevrilib. Bu gün İKT və xüsusən də hamı üçün əlçatan olması lazım gələn internet informasiya və təhsil resurslarına, eləcə də səhiyyə xidmətlərinə çıxış imkanı, əhaliyə vaxtlı-vaxtında xidmətlərin göstərilməsi, habelə daha yaxşı ərzaq istehsalı və paylanması deməkdir. İnternet inkişaf üçün bizim bildiyimizdən daha çox şey edə bilər. O, məsələn, kodlaşdırma, robot texnikası və proqramlaşdırmanın daha geniş spektri üzrə ekspertləri təmin edərək iş yerləri yarada bilər. İnformasiya və kommunikasiya texnologiyaları, eyni zamanda, vətəndaşların daha geniş iştirakı üçün onlayn dialoq platformalarını təklif edərək, nifrət yaradan çıxışlarla mübarizə aparmaq və şəxsi məlumatları rəqəmsal şəkildə qorumaqda kömək edir, bununla da idarəetmə praktikasının yaxşılaşdırılmasına təkan verə bilir. İnternet və texnoloji innovasiyalar hökumət tərəfindən göstərilən xidmətlərin gücləndirilməsində, dövlət sektorunda səmərəliliyin və şəffaflığın artırılmasında mühüm rol oynayır. - Azərbaycanda kiçik və orta bıznesin, o cümlədən qadın sahibkarlığının inkişafına xüsusi diqqət yetirilir. BMT-nin İnkişaf Proqramı Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində, İsveçrə və Avstriyanın dəstəyi ilə Bakıda və regionlarda Qadın resurs mərkəzləri yaradır. BMTİP-in Avrasiya regional bürosunun rəhbəri olaraq, bu layihənin perspektivləri barədə nə düşünürsünüz?

- Qadınların inkişaf proseslərinin tərkib hissəsinə çevrilməsi və qərar qəbuletmə prosesinin bütün səviyyələrində onların iştirakını təmin etmək Dayanıqlı İnkişaf üzrə Qlobal Gündəliyin uğurlu olması üçün mühüm şərtlərdən biridir. Gender bərabərliyinin həyatın bütün sahələrinə şamil edilməsi insan hüquqları və əsas azadlıqların təmin olunması deməkdir. Eyni zamanda, gender bərabərliyinin təmin edilməsi iqtisadi artımın da mühüm göstəricisidir. Dünya əhalisinin 50 faizini təşkil edən qadınlar iqtisadiyyatda iştirak etmədiyi təqdirdə iqtisadi artım aşağı səviyyədə qalacaq. Biz, BMTİP-də belə düşünürük ki, qadınlara investisiyanın yatırılması nəinki atılmalı olan düzgün bir addımdır, bu, həm də iqtisadi və maliyyə nöqteyi-nəzərindən ağıllı addımdır. Dünyanın bir çox digər yerlərində olduğu kimi, Azərbaycanda da qadınlar və kişilər üçün yaradılan iqtisadi imkanlardakı fərqlərin kökündə patriarxal normalar və ənənəvi gender rolları dayanır. Kişilər üçün asanlıqla əldə edilə bilən inam, kapital və əlaqələr çox vaxt əksər qadınlardan yan keçir. Belə bir şəraitdə, qadınlara görüşmək, şəbəkə yaratmaq, fikir mübadiləsi aparmaq, tərəfdaşlıqları irəlilətmək, kapitalı cəlb etmək, inam qazanmaq və peşəkar şəkildə inkişaf etmək üçün imkanların yaradılması insanların həyatında və rifahında mühüm dəyişikliklərlə nəticələnə bilər.

Azərbaycanın səkkiz rayonunda fəaliyyət göstərən və BMTİP-in aparıcı platformalarından olan Qadın Resurs Mərkəzləri kənd yerlərində yaşayan qadınları müstəqil şəkildə biznes fəaliyyətinə başlamaq üçün maddi-texniki resurslarla təmin edərək məhz belə bir iş görüb. Qadın Resurs Mərkəzləri 2011-ci ildən bəri 6 mindən çox qadına müxtəlif praktiki və ünsiyyət vərdişləri üzrə və peşəkar inkişafla bağlı təlimlər keçib, habelə onlara icma işlərində daha yaxından iştirak etmək, şəbəkə yaratmaq və özlərinin biznes startaplarını yaratmaq üçün kömək göstərib. Bacarıqların artırılmasına yönəlmiş silsilə kurslar qadınlara mühasibat uçotu və maliyyənin idarə edilməsi, kompüter bilikləri, vəsait toplama üsulları, insan hüquqları və qadınların iqtisadi hüquqları, tərcümeyi-halın yazılma qaydaları, təqdimat etmək vərdişləri və şəbəkə yaratmaq üsullarını aşılayır. Bu layihələr 150 qadına qrant vasitəsilə şəxsi bizneslərini yaratmaqda yardımçı olub, onları müstəqil sahibkarlıq fəaliyyətinə başlamaq üçün lazımi maddi-texniki ləvazimatlarla təmin edib.

Qadın Resurs Mərkəzləri qadınlara şəxsi təminat və iqtisadi imkanlar axtararkən bir-birindən öyrənmək və bir-birinə dəstək göstərmək mühiti yaradıb. Mərkəzlər yalnız sahibkar qadınlara müstəqil sahibkarlıq fəaliyyətinə başlamaq üçün dəstək göstərməyib, onlara həm də ailədə inam və bərabərliyə nail olmaqda və icmada çoxlarına nümunə göstərməkdə kömək edib. Qadın Resurs Mərkəzlərinin bu təcrübəsi Dayanıqlı İnkişaf Məqsədlərinin bir hissəsi olaraq gender bərabərliyini artırmaq istəyən hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və digər iştirakçılar üçün mühüm bir örnəkdir. Çox şadam ki, Azərbaycanda olduğum müddətdə belə bir mərkəzin – Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılışında iştirak etmək mənə nəsib oldu. Bu il daha 400 qadın Azərbaycan hökuməti, BMTİP və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun həyata keçirdikləri, İsveçrə və Avstriya hökumətləri tərəfindən maliyyələşdirilən bu yeni müştərək layihəsindən faydalanacaq. Bu layihə insanların yaşayışına mühüm dərəcədə müsbət təsir göstərəcək.

- İnkişaf məqsədlərinə daha tez nail olmaq üçün BMTİP dünyanın 60 ölkəsində Akselerator laboratoriyalarının açılacağını elan edib. Siz innovasiyaların və akselerasiya laboratoriyalarının xüsusilə inkişafla bağlı problemlərin həllinə necə kömək edəcəyini daha dəqiq şəkildə izah edə bilərsinizmi?

- BMTİP tədricən inkişaf təşkilatından qlobal şəbəkəyə çevrilir. Biz bunu nə üçün edirik? Çünki XXI əsr üçün uyğun olan inkişaf modellərini, yeni nəsil həll yollarını yenidən düşünmək istəyirik. Bizim hazırkı yanaşmalarımız XXI əsrin problemlərinə qarşı kifayət qədər irəliləyişi təmin etmir. Dünya bizim kimi inkişaf sahəsində çalışan beynəlxalq təşkilatların addımladığından daha sürətlə hərəkət edir. Bu problemlərin effektiv şəkildə həll edilməsi yalnız yeni həll yolları tələb etmir. O, həll yollarını müəyyənləşdirməyin və nələrin yararlı olduğunu, nələrin artmasının mümkün olduğunu və nələrin yararlı olmadığını sürətli şəkildə öyrənməyin tamamilə yeni yollarını tələb edir.

BMTİP-in Akselerator laboratoriyaları XXI əsrin inkişaf metodlarını cızmaq, yenidən kəşf etmək üçün yaradılır. Təcrid olunmuş qaydada və ya inkişaf sektorunun kiçik bir bucağı olaraq deyil, əksinə, geniş əlaqələr və resurslara söykənən və bunun bizim əvvəllər görmədiyimiz miqyasda baş verməsinin yollarını araşdırmaq üçün yaradılır. Akselerator laboratoriyası yanaşması inkişafın təsirini sürətləndirmək üçün mürəkkəb sistemlərin biri-biri ilə təmasını öyrənən elmi bilik, mühüm innovasiyalar və kollektiv araşdırmalar nəticəsində əldə olunan ən son fikirlərə əsaslanır. Bu, bərabərsizlik, işsizlik və ya texnoloji dəyişiklik kimi ən mühüm və çətin riskin öhdəsindən daha yaxşı şəkildə gəlmək üçün BMTİP-in etdiyi bir yatırımdır. Akselerator laboratoriyaları, qeyri-müəyyən ictimai, siyasi və ya iqtisadi şəraitdə belə nələrin yararlı olub-olmadığını illər ərzində deyil, aylar və hətta həftələr ərzində öyrənmək imkanını təmin edən yeni bir üsul kimi gündəmə gətirilib. Məqsəd ölkə daxilində və ölkələr arasında sosial problemlərin həll yollarının sınaqdan keçirilməsini və yayılmasını sürətləndirəcək dəlil və təcrübəyə əsaslanan yeni qaydaları tətbiq etməklə bizim ümumi yanaşmamızı dəyişməkdir. Bu, dünya ictimaiyyətinə yerli bilik və bacarıqları kollektiv şəkildə, cəmiyyətlərimizin tələb etdiyi tempdə və miqyasda öyrənmək imkanı verəcək. Mən çox məmnunam ki, BMTİP-in Azərbaycandakı nümayəndəliyi qeyri-adi bacarıqları olan və yeni, daha yaxşı gələcəyə kömək etmək iqtidarına malik yerli əhali üçün mükəmməl iş imkanları yaradan və sürətlə genişlənən Akselerator laboratoriyası şəbəkəsinə qoşulub. Azərbaycan BMTİP-in Akselerator laboratoriyaları yaratdığı 60 ölkədən biridir, eyni zamanda, MDB və Avropa regionunun akselerator laboratoriyası olacaq 6 ölkə ofisi sırasındadır.




Baxış sayı: 1 510
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Bu gün, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930