FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ömrü yarımçıq qırılmış böyük alimin həyat hekayəti: Əkrəm Bəydəmirli yazır
22-12-2025, 12:30 | TƏDQİQATLAR-ANALITIKA
Ömrü yarımçıq qırılmış böyük alimin həyat hekayəti: Əkrəm Bəydəmirli yazır

 Repressiya tarixini tədqiq edərkən çox ağrılı mövzularla rastlaşırdım. Hələ erkən yaşında elmi titullara zəhməti ilə sahiblənən Heydər Hüseynovun ömür yolu acınacaqlı sonluqla bitir. Kədərli haldır ki, belə alimlər öz intellektual potensiallarını sona qədər millətə sərf  edə bilməyiblər.

 Tarixi şəxsiyyətlərin heç birini ittiham etmək fikrində deyiləm. Amma  Heydər Hüseynovun ölümündə totalitar sovet rejimi ilə bərabər, o zaman Azərbaycana rəhbərlik etmiş M. Bağırov günahkar hesab olunur.

 Yaddaşları təzələmək üçün bir daha nəzər salaq Heydər Hüseynov kim idi?

O, 1908-ci ildə İrəvanda anadan olub. Ailədəki 6 uşağın kiçiyi idi. Az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə ermənilər tərəfindən öldürüldükdən sonra ailəsi əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçür. H. Hüseynov böyük qardaşı və anasının himayəsi altında böyüyüb, 12 yaşında Bakının 18 saylı məktəbinin şagirdi olub.

 

O, 1927–1931 illərdə indiki Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olub.1931-ci ildə Pedaqoji İnstitutun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirib. Azərbaycan Elmi-Tədqiqat İnstitutunun asrirantı olub. 1936–1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitunun direktoru olub. 1939–1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı sədrinin müavini, 1945–1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda ictimai elmlər bölməsinin sədri olub. 1943–1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Fəlsəfə” kafedrasının müdiri olub. 1945–1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru işləyib.

 

 Fəlsəfəyə aid bir çox dərsliklərin müəllifi, ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorlarından olub. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi ararıb. Həmin dövrdən Heydər Hüseynov “XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında” fundamental əsər yazır, 1950-ci ilin mart ayında növbəti Stalin mükafatı alır. Əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla rusca çap edilib.

 

1950-ci ilin mayında Kommunist Partiyası MK-nın Büro iclasında ciddi tənqid edilib, XIX yüzildə Qafqaz fəlsəfi fikrinin tədqiqi müridizmin təbliği, sufizmin təqdiri kimi qəbul edilib. Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi haqqında vəsadət qaldırır və təmin edilir.

 H.Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları, bəzi həmkarları tərəfində əsassız təqiblərə məruz qalır. Təzyiqlərə dözməyən H.Hüseynov 1950-ci ilin avqustunda damarlarını kəsir.

Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların müstəqilliyinə hər mənada qadağalar qoyulmasının, onların yaradıcılıqlarına, hər şeydən əvvəl isə psixikalarına olduqca mənfi təsir edib.

Tədqiqatçı alim  Nəsiman Yaqublu  “Akademik Heydər Hüseynov niyə özünü asdı?” məqaləsində  maraqlı məqamlara toxunub.  Müəllif yazırdı: “SSRİ Nazirlər Soveti 1949-cu ildə görkəmli əsərlər üçün Stalin mükafatı  ədəbi tənqid və sənətşünaslıq sahəsində, Hüseynov Heydər Nəcəf oğluna - "XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən" kitabı üçün verilir. Kitaba Stalin mükafatı verilməsi M.C.Bağırova xoş gəlmədi. Bir neçə gündən sonra Heydər Hüseynovu yanına çağırıb dedi: "Milçəyi əzəndə tozu qalır. Amma səni elə əzəcəyəm ki, tozun da qalmasın". Heydər Hüseynov hadisədən bixəbər halda, təəccüb içində evə qayıtmışdı”.

Tədqiqatçı alim  Nəsiman Yaqublu  daha sonra yazır: “M.C.Bağırov rəqibini məhvə aparan planlarını yavaş-yavaş hazırlayırdı. İlk növbədə, ona çox mane olan kitabı aradan götürməliydi. Kitab Stalin mükafatına layiq görülmüşdü. Bu, güclü maneə idi. Tezliklə M.C.Bağırova bu işdə kömək edən "dəstə" (burada partiya işçiləri, alimlər də vardı) fəaliyyətə başladı. Kitabı  ələk-vələk etdilər, hər sözünü, kəlməsini süzgəcdən keçirdilər, mikroskop altına saldılar. Böyük ustalıq və dahiyanəliklə yazılmış kitabda nəhayət ki, axtardıqlarına nail oldular. Kitabda Dağıstanın qəhrəman oğlu, uzun müddət dağlıların milli azadlıq hərəkatına başçılıq etmiş Şeyx Şamilin adı çəkilmişdi. 736 səhifəlik əsərin cəmi ikicə vərəqində ondan yazılmışdı. Burada da hərəkat haqqında dövlətə, xalqa ziyan gətirən söz işlənməmişdi. Sadəcə olaraq Mirzə Kazımbəyin Şeyx Şamil hərəkatı haqqında fikirlərinə münasibət bildirilirdi. H.Hüseynov Şamili haqlı olaraq xalq arasından çıxan el qəhrəmanı hesab edirdi. M.C.Bağırov Azərbaycanda stalinizmin dəhşətli yayıcısı olduğu kimi, Stalinin zəif və güclü cəhətlərini də yaxşı bilirdi. Bilirdi ki, Stalinin dağıstanlılara, xüsusən də çeçenlərə münasibəti pisdir. Deməli, Stalinin Şamil haqqında da fikri yaxşı deyildi. Elə bundan da istifadə etmək lazım idi. Heydər Hüseynova zərbəni elə "Şamil söhbəti"ndən vurmaq olardı”.

 

Gerçəkdən bütün bu iyrənc oyunlar nəticəsini verir. Nəhayət bu təhdidlərdən bezən, M.C. Bağırovun təzyiqlərindən qurtula bilməyəcəyini düşünən böyük alim Heydər Hüseynov öz canına qəsd edir.  

Həyat yoldaşı  Talə xanımın dedikləri:

 “Gecəni ayıq yatıram. Bir də hiss etdim ki, Heydər qalxdı ayağa. Asta addımlarla keçdi o biri otağa. Hələ qalxmadım. Çağırmadım da. Bir neçə dəqiqə keçdi. Saat olardı 5-6 arası. Birdən otaqdan tappıltı səsi eşitdim. Eşidən kimi qalxdım ayağa. Tez işığı yandırıb keçdim o biri otağa. Və gördüm ki... (Talə xanım burda da ağladı). Elə qışqırdım ki, səsim bütün Şüvəlana yayıldı. Səsimə bütün Şüvəlan camaatı tökülüb gəldi. Başımıza çox oyunlar gəlib, çox. Deməknən, danışmaqnan qurtaran deyil...".

 Göründüyü kimi, sürətlə cəmiyyətdə onun gözdən salınma kampaniyasına başlanılıb. Bütün bunlar isə Heydər Hüseynovun xarakterindəki problemin daha da dərinləşməsinə səbəb olub. Nəticədə cəmiyyətin gözündən salınan, vəzifəsindən uzaqlaşdırılan, psixi durumu gərgin vəziyyətdə olan Heydər Hüseynov 42 yaşında intihar edib. İctimai fikir tarixində mühüm yeri olan, böyük alim Heydər Hüseynovun şəxsiyyətini Azərbaycan ictimaiyyəti hər zaman yüksək dəyərləndirib. Belə işıqlı insanlar qəlbən, ruhən millətə bağlı olublar.


Professor Vilayət Quliyev yazırdı: “Bağırovun qəzəb və hiddəti təkcə akademik Heydər Hüseynova deyil, onunla bu və ya digər şəkildə əməkdaşlıq edən digər tanınmış Azərbaycan ziyalılarına qarşı da çevrilmişdi. Onların sırasında kitabın redaktoru və ön sözün müəllifi akademik A.O.Makovelski, akademik M.İbrahimov, professor M.A.Dadaşzadə, yazıçı M.Hüseyn də vardı. "Xozeyin" hətta Mirzə İbrahimovun kitab müəllifinə ünvanlanmış şəxsi məktubunu da iki min nəfərlik auditoriya qarşısında oxumağı məqbul saymışdı. Məktubda qeyri-adi bir şey yox idi. Mirzə İbrahimov həmkarını uğurlu əsər münasibəti ilə təbrik edir, gələcəkdə bu istiqamətdə axtarışlarını davam etdirməyi məsləhət görürdü. Yeri gəlmişkən, Mirzə İbrahimov iclasda da fikirlərindən imtina etməmişdi. Doğrudur, vəziyyətdən çıxmaq üçün müxtəlif üsullara əl atmışdı, lakin həmkarına qarşı siyasi ittiham irəli sürməmişdi. M.C.Bağırovun zəhmi və xofu qarşısında M.A.Dadaşzadə və Mehdi Hüseyn də duruş gətirmişdilər”.


Heydər Hüseynovun   təqib və qəsd məsələsinə toxunan  professor Cəlal Qasımov  yazırdı: “Bu ittihamların icraçısı təkcə Mir Cəfər yox, həm də total rejimin əzib qula çevirdiyi ziyalılar oldu. 20-ci illərin ədəbi məhkəmələri yenidən təkrarlandı”.

Vilayət Quliyev Heydər Hüseynovun ailə üzvləri ilə təmaslarını xatırladaraq yazırdı: “Bizə sadəcə acı keçmişə görə  təəssüflənmək qalır. Aradan onilliklər keçsə də, Heydər Hüseynovun EA-nın Fəlsəfə və Hüquq İnstitutunda işləyən və ara-sıra rastlaşdığım, bir neçə dəfə həmsöhbət olduğum  qızı Sara xanımın sifəti indi də gözlərim önündən çəkilmir. Sanki ata itkisi, ailənin yaşadığı bütün qorxu, dəhşət və iztirablar bu sifətdə həkk edilmişdi”.


Bir alimin, elm adamının yetişməsi üçün görün, nə qədər zəhmət, illər tələb olunur. Belə işıqlı insanları  məhv etmək, millətin çırağını söndürmək  rejim rəhbərlərinin və onun icraçılarının  həyat tərzinə çevrilibmiş.

 

Əkrəm Bəydəmirli




Baxış sayı: 565
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031