Elnarə Qaragözova
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi
Yusif Səmədoğlunun "Xəzri" adlı etüd hekayəsindən daha öncəki, "Olaylar" qəzetində dərc olunan məqaləmizdə (17-23 noyabr 2023) söz açmışdıq. Bu yazıda isə "Cənubi Azərbaycanlı qardaşıma" epiqrafı ilə qələmə alınan "Xəzri" hekayəsindən sonra Yusif Səmədoğlunun hekayə yaradıcılığının inkişaf dinamikasını izləyəcəyik.
Yusif Səmədoğlunun elə həmin il - 1959-cu ildə qələmə aldığı "Yaddan çıxmış sözlər" hekayəsi də "Xəzri" etüd hekayəsində ifadə olunan ideyanın fərqli formada təkrar vurğulanmasıdır. "Xəzri" müəllifin dilindən emosinal bir çağrı kimi qələmə alınmışdı. "Yaddan çıxmış sözlər " hekayəsi isə artıq süjetə malik bir əsər kimi meydana çıxır. Müəllif öz vətənin bütövlüyü ilə bağlı nigilini, həsrətini üç gəncin sadə, cari həyat ssenarisinə daxil etməklə zəlzələ effekti yaradır. Sadə bir oyunun sonu deyilməsi qadağan olan bir həqiqətin ağrılı dərkindən doğan sükutla bitir:
"Birdən həmin bu məzəli oyunu təklif edən cavan başını əlləri arasına aldı, gicgahlarını ovxaladı. Dostları onu çatılmış qaşlarını, doluxsunmuş gözlərini və körək bir ifadə almış sifətini gördülər... O dedi:
- İkicə söz deyəcəm, qardaşlar. Yalnız biz yox, çoxları yaddan çıxarıb.
- Buyur.
- Türkmənçay... 1828-ci il...
... Üçü də cavan, üçü də subay, üçü də yaraşıqlı.
Boylu-buxunlu, sağlam, həyatlarından və güzaranlarından razı bu üç cavan o gün daha gülmədi..."
Yusif Səmədoğlunun milli yaddaş, milli özünəməxsusluğa sayğı ilə bağlı digər bir hekayəsi "220 nömrəli otaq" hekayəsidir. "Xəzri" və "Yaddan çıxmış sözlər" hekayələrindəki xətt bu hekayədə daha gərgin, daha mükəmməl bir şəkildə davam etdirilir. Özü, kökü bir olan gənclərin əqidələri onları milliliyə fərqli rakursdan baxmağa vadar edir. Maraqlıdır ki, hekayədə milliliyin simvolu kimi məhz tar çıxış edir. Bu məqam Mikayıl Müşfiqin məlum şeirinə mətnaltı istinad və əslində Ulutürkün illər sonra deyəcəyi "davam edir 37" misrasının ifadə etdiyi mənaya - mənəvi repressiyaya işarə idi. Yusif Səmədoğlu bunu sosializmin və sosrealizmin ən qüdrətli çağında deyirdi.
Mövzu, mündəricə baxımından Yusif Səmədoğlunun "220 nömrəli otaq", "Xəzri" və "Yaddan çıxmış sözlər" hekayələrinin həmahəngliyi bu üç əsəri triptix kimi təqdim etməyimizə əsas verir.
Səməd Vurğunun şairliyi qədər ovçuluğu da dillər əzbəri idi. Xalq arasında təbiəti sevən və ovçuluğunu çox zaman şairliyinə qurban verən sevimli şairin bu məşğuliyyəti ilə bağlı maraqlı, dadlı-duzlu sonsuz sayda əhvalatlar bu gün də dolaşmaqdadır. Şair ovçunun obrazı bir sıra bədii əsərlərdə də işlənmişdir. Xalq yazıçısı İlyas Əfəndiyevin "Şəhərdən gələn ovçu" hekayəsi bu mövzuda qələmə alınmış bədii əsərlərin ən gözəl nümunələrindən biridir. Əsərdə birbaşa ad çəkilməsə də təsvirlərdən və əsərin sonluğundakı işarədən bu obrazın məhz Səməd Vurğunun prototipi olması aşkardır.
Yusif Səmədoğlunun "Gözlər" hekayəsində də Səməd Vurğunun məhz ovçu şair obrazı yaradılmışdır. Bu hekayə Səməd Vurğunun ədəbiyyatımızda yaradılmış obrazına tam fərqli rakursdan baxmağa imkan verir. Şairin obrazı bu dəfə onun geninin daşıyıcısı olan və onun ən mübhəm yaşantıılarına vaqif olan bir şəxs tərəfindən yaradılır. Yusif Səmədoğlunun yaratdığı bu Səməd Vurğun obrazında hansı məqamın fakt, hansının təxəyyül olduğunu seçmək çox çətindir. Çünki, Yusif Səmədoğlu hamının tanıdığı Səməd Vurğundan daha başqa, daha mübhəm bir Səməd Vurğunu tanıyırdı.
Yusif Səmədoğlunun əfsanə adlandırdığı "Qartal" hekayəsində də ovçu obrazı var. Lakin bu ovçu obrazı Səməd Vurğun obrazı ilə səsləşmir. Hekayənin alt qatına nəzər saldıqda buradakı ovçunun qartalı - yəni Azərbaycanı ovlamağa, əldə etməyə, məhv etməyə çalışan düşmən obrazının simvolu olduğu anlaşılır. Lakin Yusif Səmədoğlu qartala - vətənə təslimiyyəti yaraşdırmır, onun ölüsünü belə düşmənə təslim etmir, cəsədini belə yad əlində təsvir etmir: "Birdən qartal səmtini dəyişib uzaqda görünən dik bir qayaya tərəf uçmağa başladı. Ora çatan tək ağır bir daş kimi qayanın zirvəsinə düşdü. Qanadları gərildi, son dəfə təbiətə baxıb gözlərini yumdu. Qartal öldü. Ovçu zirvəsi buludların içində görünməyən qayaya baxdı. Ora insan qalxa bilməzdi. Ora quş quşluğuyla uçsaydı qnad salardı.Ovçunun əlacsızlıqdan dizləri büküldü, üzüqoylu torpağın üstünə sərildi... Qartalın ölüsünə də ovçunun əli çatmadı.... "
Yusif Səmədoğlunun "Güllər" hekayəsi də avtobioqrafik səciyyəlidir. Hekayədəki Tahirin yataqdan qalxa bilməyən, qələmini əlinə almağa həsrət qalmış,əlacsız xəstəliyə düçar şair atası müəllifin öz atasının - Səməd Vurğunun prototipidir. Yazıçı labüd ata itkisinin ağrısını, əlacsızlığın namümid əlacını bir gül dəstəsinin gözəlliyi, təravəti ilə paralel verir. Əsərdəki gül dəstəsi ölüm arxetipi ilə həyat arxetipinin ortaq simvoluna, toxunma, toqquşma nöqtəsinə çevrlir.
"İncə dərəsində yaz çağı" hekayəsində kiçik bir kəndin həyatı fonunda zamanın mahiyyəti açılır. Vaqif Yusifli "Qətl günündən əvvəl" adlı məqaləsində bu hekayənin "Qətl günü" romanına hazırlıq materialı olduğunu qeyd edir. Həqiqətən də hekayədəki bir sıra personajlar sonradan adıçəkilən romanın qəhrəmanlarına çevrildilər. Lakin hekayənin öz kontekstində daha incə bir mesaj var: "... Sayalı arvad bu dəfə də yolunu kəsə saldı, kəndin içindən keçib çəmənliyə çıxdı, haçansa Qara dağdan uçub tökülmüş sal daşların arasındakı cığırı tapdı - buradan şose yolunun qırağındakı feldşerxanaya lap azca qalırdı. Elə bu vaxt başı üzərində səhərki uğultunu eşitdi. Başını yuxarı qaldırıb seyrək buludlardan aşağıda uçan səhərki vertolyotu gördü. Əgər Qara dağ yerindən qopub Sayalı arvadın üstünə gəlsəydi belə qorxmazdı: içi-içalatı, sümükləri birdən don tutub, onu qara qızdırmalılar kimi titrətməyə saldı. Əlini qoynuna salıb pulları çıxartdı. Vertolyotun yönəldiyi səmtə sarı qaçmağa başladı. Sayalı arvadın müsibətli səsi vertolyotun uğultusuna qarışdı:
-- Əylə, başına dönüm, əylə, ay doxtur! İncəli Çərkəz ölüm ayağındadı. Başına dönüm, ay doxtur. O da hökumət adamıdı, kolxoz qurub, bandit tutub! Əylə!.."( Səmədoğlu Y. Seçilmiş əsərləri. Bakı : Şərq-Qərb, 2005, səh. 318)
Beləliklə, hekayənin bu məqamında bədii mətn həm "hökümət adamları"nın taleyi, həm də hökümətin "öz adamlarına" münasibəti fonunda məlum quruluşun mahiyyətini açıqlayır.
"Ölüm var ölümdü, ölüm də var zülümdü" epiqrafı ilə başlayan "Astana" (1978) hekayəsi Yusif Səmədoğlunun yaradıcılığında mühüm mövqeyə malikdir. Həm həcminə, həm də problematikasına görə bu hekayəni povest kimi də təqdim edirlər. 1993-cü ildə çap olunan "Çağdaş Azərbaycan povesti" toplusuna "Astana" hekayəsinin povest kimi daxil edilməsi də bu qəanətin nəticəsi idi. Birinci şəxsin dilindən qələmə alınan hekayə aşağıdakı şəkildə başlayır: "Yәqin ki, bu dәqiqәdәn başlayaraq onu daһa һeç bir şey tәәccüblәndirmәyәcәkdi. Cәmi bir saat bundan qabaq günәş qübbәnin kәllәçarxında dayanıb alәmi yandırıb yaxırdı. Bir saatmı? İki saatmı?... Bәlkә lap on saat bundan qabaq: dünәn gecә on ikinin yarısında, indi dayandığı yerdәn çox-çox aşağıda, ay işığında gümüş kәmәr kimi uzanıb Azәrbaycanın cәnubuna kedәn şossedә taksidәn enәndәn sonra, balaca әl çamadanını nә üçün isә bәrk-bәrk sinәsinә sıxıb, gәldiyi yolla әks tәrәfә üz tutmuş maşının arxa işıqlarına baxa-baxa fikirlәşmişdi ki, daһa onu bu dünyada һeç bir şeylә tәәccüblәndirmәk mümkün deyil, dünyanın minbir tilsimi bura cәmlәşsә dә, o, bu sәrin axşamın yapışqan tәmasından savayı һeç bir şey һiss etmәyə qadir olmayacaq."
Şüur selindən toxunan hekayədə düşünülmüş bir nizamsızlıq hökm sürür. Nəql prosesində retrospeksiyadan istifadə edən Yusif Səmədoğlu mətni flashbacklarla (yaddaş işartıları) da zənginləşdirərək qəhrəmanın düşdüyü situasiyanı və sonda gəldiyi qərara gətirən məqamları oxucuya çatdırmağa nail olur.
Yusif Səmədoğlunun maraqlı, qeyri-trivial hekayələrindən biri də "46-cı ilin oyunları" hekayəsidir. Hekayənin başlanğıcı oxucuya müharibəyə həsr edilmiş realistik hekayənin müjdəsini verir: "Mühasirəyə düşmüşdülər. Çıxış yolu yox idi. Başı aşağı oturmuşdular. Hər üçü ölümlə üz-üzə dayanmışdı. Lakin heç biri - nə Siyavuş, nə Kərim, nə də Nazim ölmək istəyirdi.İki yol vardı: ya əsirlik, ya da ölüm. Düşmən xəbərdarlıq etmişdi ki, təslim olmasalar atom bombası atacaq. Onların isə atom bombası yox idi. Yadlarından çıxarıb evdə qoymuşdular. Siyavuşun, Kərimin və Nazimin anası Səkinə elə buradaca - səngərdə oturmuşdu."
Lakin sonrakı cümlə "O, qucağına sıxdığı balaca bir kuklaya - üç qardaşın bircə bacısı körpə Gülzara layla çalırdı" cümləsi oxucunu çaşdırır. İlk qənaət əsir düşən qadının ağlını itirməsi olur. Hekayənin sonrakı gedişatından bütün bu baş verənlərin uşaqların oynadıqları oyundan ibarət olduğu aydınlaşır. Müharibə travmasından sonra uşaqların yeganə oyunu da müharibə idi. "46-cı ilin oyunları" hekayəsi sadə uşaq oyunu kontekstində insan və dünya, sülh və müharibə kimi əbədi sualları təkrar gündəmə çıxarır. Hekayənin bu əbədi suallara cavabı isə çox ağrılı, ağır və bəşər var olduqca aktual olacaq, hayqırtı şəkilli bir nidadır.
Yazıçının "Saat işləyir", "Simurq quşu", "Qalaktika", "Soyuq daş", "Beşik", "Foto-fantaziya", "Bayatı-şiraz" hekayələrində sadə insanın ruhunun tərənnümünə həsr edilmiş məqamlar önə çəkilir. Atmışıncılar nəsrinin sosrealizmin qəfəsindən çıxmağa cəhd edərək dağıtmağa çalışdığı sxematik sovet insanı anlayışına Yusif Səmədoğlu özünəməxsus tərzdə yanaşır. Onun bu hekayələrinin qəhrəmanları canlı-qanlı, özünəməxsus, hətta bəzən deyilməsi qadağan olanı deyən, düşünülməsi belə "həbs qoxuyan" fikirləri cəsarətlə önə çıxaran obrazlardır. Məhz sadə olduqları qədər mürəkkəb olan bu obrazlar Yusif Səmədoğlu nəsrinin təkrarsızlığını təmin edir.
Baxış sayı: 455