FACT-INFO.AZ » AKTUAL » Deputat: Heydər Əliyev ana dilinin qorunması istiqamətində müstəsna xidmətlər göstərib
24-02-2025, 14:00 | AKTUAL
Deputat: Heydər Əliyev ana dilinin qorunması istiqamətində müstəsna xidmətlər göstərib

Atatürk Mədəniyyət, Dil, Tarix Yüksək Qurumu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Mahmud Kaşqari adına Beynəlxalq Fondla birgə "Ana dili - Milli kimlik simvolu" mövzusunda elmi seminar keçirib.

Fact-info.az xəbər verir ki, çıxışlarda 1952-ci ilin fevralında Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin fədakarlıqla şəhid olmasını insanların xatirəsində əbədi yaşatmaq təşəbbüsü ilə 1999-cu ilin noyabrında Banqladeş səfirinin təklifi ilə UNESCO tərəfindən hər il fevralın 21-i dünyanın hər yerində Beynəlxalq Ana Dili Günü kimi qeyd edildiyi bildirilib.

Elmi seminarda Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin "Ana dili - Millətin varlığının əsas nişanı" başlıqlı məruzəsi dinlənilib. Deputat bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən, millətin simasını səciyyələndirən nişanə, milli -mənəvi sərvətdir. Beynəlxalq Ana Dili Gününün təsis edilməsi kiməsə adi, kiməsə qəribə və kiməsə zəruri görünə bilər. Həyatımızın adi günlərindən birini yaşasaq da, heç bir məhdudiyyət olmadan ana dilimizdə danışdığımızın və düşündüyümüzün fərqinə varanda bunun o qədər də adi olmadığını anlamaq olar.

Arazın o tayında milyonlarla doğma qardaşımızın bu dildə danışmaq və düşünmək imkanının o qədər də çox olmadığını xatırlayanda ana dilinin nə qədər doğma və müqəddəs olduğunu, nə qədər böyük dəyər kəsb etdiyini hiss etmək heç də çətin deyil. Cavanşir Feyziyev son 200 illik tarixi hadisələrə nəzər salaraq xatırladıb ki, çox da uzaq olmayan keçmiş tariximizdə torpaqlarımızda aparılmış aqressiv ruslaşdırma siyasətinin acı xatirələri hələ də unudulmayıb və unudulmamalıdır.

Təkcə 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş I Türkoloji qurultayın demək olar bütün iştirakçılarının az sonra repressiyaya məruz qalması ana dilimizə qarşı törədilmiş ən böyük terror deyildimi?! Bu dilin qorunub saxlanması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi uğrunda zaman-zaman milli ruhlu vətənpərvər və maarifpərvər babalarımızın müxtəlif rejimlərin repressiya dalğalarında şəhid olduğunu xatırlayanda Ana Dili Gününün ayrıca qeyd olunmasının zəruri olduğuna heç bir şübhə qalmır. C.Feyziyev qeyd edib ki, Ana dilimizi sevmək, qorumaq, inkişaf etdirmək qəhrəman babalarımızın ruhuna hörmətimizin və əməllərinə sədaqətimizin rəmzidir.

Bildirilib ki, ana dilimiz xalqımızın milli və tarixi varlığını müəyyən və təsdiq edən mənəvi sərvətdir. Yaşadığı coğrafiyadan asılı olmayaraq 50 milyondan çox soydaşımızın ünsiyyət vasitəsi olan ana dilimiz tarixin müxtəlif dönəmlərində ən ağır təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlamaqla bərabər, həm də böyük inkişaf yolu keçib.

Mövcud olan hər bir xalq, ilk növbədə, özünə məxsus milli dili ilə digər toplumlardan fərqlənir və öz identikliyini tapır. Hər bir millət və xalq öz dilində danışdıqları və yaratdıqları ilə digərləri tərəfindən tanınır və dəyərləndirilir. Dilin dövlət dili statusuna yüksəlməsi isə milli müstəqillik ideyalarının gerçəkliyə qovuşması ilə baş verə bilən siyasi hadisədir. Şah İsmayıl Xətaidən bu günə qədər ana dilimizin keşməkeşli tarixi onu göstərir ki, hər bir cəmiyyətdə dilin inkişafı milli müstəqillik ideyalarına sadiq liderlərin siyasi iradəsi və qətiyyəti ilə sıx bağlıdır.

Səfəvilər hakimiyyətindən sonra yalnız Cümhuriyyət dövründə Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait bu qərarın uzunömürlü olmasına imkan verməmişdi. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Lakin bu da mərkəzi hakimiyyət tərəfindən qəzəblə qarşılanmış və buna görə də həmin dövrdə Azərbaycana rəhbərlik etmiş İmam Mustafayev dərhal öz vəzifəsindən uzaqlaşdırılmışdı.

Qeyd olunub ki, 1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyev ana dilinin mövcud təhlükələrdən qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saxlanılması istiqamətində müstəsna xidmətlər göstərdi. 1978-ci il aprelin 2-də keçirilən IX çağırış Ali Sovetin 7-ci sessiyası Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuşdu. Ulu öndərin həmin sessiyadakı tarixi çıxışı Konstitusiyanın 73-cü maddəsinə dəyişiklik edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə nəticələndi. Sovet rejiminin siyasi, iqtisadi və hərbi baxımdan ən güclü olduğu bir za¬manda belə bir təşəbbüslə çıxış etmək və öz məqsədinə nail olmaq, əlbəttə, böyük cəsarət və iradə tələb edirdi. O zamanlarda belə təşəbbüslərin bəzən insanın həyatı bahasına başa gələcəyini yaxşı bildiyinə baxmayaraq, Ulu öndər heç bir tərəddüd etmədən bu tarixi addımı atdı. Heydər Əliyevin bu tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin sonrakı inkişafına çox böyük təkan verdi.

Hadisələrin xronoloji ardıcıllığı ilə tarixə nəzər salan Cavanşir Feyziyev xüsusi vurğulayıb ki, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin xidmətləri misilsiz olub. Ümummilli Liderin imzaladığı fərmanlar ana dilimizin qorunmasında və inkişafında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin ana dilimizlə bağlı apardığı siyasət daha sonra Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilib.

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti 2013-cü il 9 aprel tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib.

Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiq dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

“Dil quruculuğu ilə bağlı olan bütün bu sənədlər Azərbaycan dilinin milli-mənəvi və siyasi-hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardır. Bu addımlar dilimizin əbədiyaşarlığını təmin etmək məqsədi daşıyır. Dilimiz yaşadıqca xalqımız və müstəqil dövlətimiz də hər zaman var olacaq", - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 180
Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir Bu gün, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu Bu gün, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb Bu gün, 07:30 "Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar" - Fransa XİN Dünən, 15:30 Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib Dünən, 14:00 “Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik” - XİN Dünən, 10:30 Media və Yayım Şurası yaradılıb Dünən, 08:30 Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb 7-08-2026, 21:00 Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar 7-08-2026, 19:30 Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib 7-08-2026, 18:30 Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötdü 7-08-2026, 18:30 Azad edilmiş ərazilərdə aqropark layihələrinin təqdimatı baş tutub 7-08-2026, 14:30 ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək 7-08-2026, 12:00 ABŞ-ın İrana qarşı hərbi əməliyyatı tezliklə başa çatacaq - Tramp 7-08-2026, 09:30 İxtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edilib 7-08-2026, 09:30 Bütün ermənilərin katolikosu hakim qarşısında 7-08-2026, 08:30 Ceyhun Bayramov: Zelenski Ukraynaya göstərdiyi humanitar yardımla bağlı Prezident İlham Əliyevə təşəkkür edib 6-08-2026, 19:30 Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır 6-08-2026, 19:30 Andrey Sibiqa: Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa üçün strateji əhəmiyyətə malikdir 6-08-2026, 17:00 Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb 6-08-2026, 16:30 “IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb 6-08-2026, 16:30 Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər 6-08-2026, 13:30 "Qərbi Azərbaycanın repressiya tarixi ilə bağlı effektli müzakirələr apardıq" 6-08-2026, 13:30 Məsud Pezeşkian: Əgər İran indiyə qədər ayaqda qala bilibsə, buna görə xalqa borcludur 6-08-2026, 10:30 Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb 6-08-2026, 10:30 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir 6-08-2026, 10:00 Bu qurum əlilliyi olan şəxslərin müraciətləri əsasında tövsiyələr hazırlayacaq 5-08-2026, 17:30 "Azərbaycan Ermənistanla sülh prosesini əməli addımlarla sübut edib" - Hikmət Hacıyev 5-08-2026, 16:00 Azərbaycan xarici siyasətində Türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir 5-08-2026, 15:00 Beynəlxalq konfransda Azərbaycanda dinlərarası dialoqun təşviqi ilə bağlı həyata keçirilən layihələrdən danışılıb 5-08-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31