FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Daşlarda elə informasiyalar var ki, onları silmək mümkün deyil - Xudavəng monastır kompleksi
7-12-2020, 08:00 | MƏDƏNİYYƏT
Daşlarda elə informasiyalar var ki, onları silmək mümkün deyil - Xudavəng monastır kompleksi

Azərbaycana 200 il əvvəl köçürülmüş ermənilər xalqımıza məxsus dini, tarixi-mədəniyyət abidələrini öz adlarına çıxmaq üçün hər cür saxtakarlığa əl atıb, buna bütün dövrlərdə aramsız cəhdlər göstəriblər. Kəlbəcərdəki Xudavəng monastırı da bu qəbildəndir.

Dağlar qoynunda yerləşən məbədin tarixinə keçməzdən əvvəl Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin bu monastır kompleksinə dekabrın 4-də tarixi ziyarətini xatırlatmaq istərdik. İcma nümayəndələri soyuq qış günündə Qəbələnin Nic kəndindən təxminən 400 kilometr məsafə qət edərək, Murovun qarlı dağ yollarını aşaraq tarixi bir gün yaşadılar. Doğma Qarabağımızı, eləcə də onun dilbər guşələrindən biri olan Kəlbəcəri düşmən tapdağından azad edən Vətən müharibəsi şəhidlərinin ruhuna burada dualar oxudular. Udi dilində liturgiya səsləndi, kilsədə şamlar yandırıldı. Bunun çox böyük rəmzi mənası var.

Bu səfərdə AZƏRTAC-ın müxbirləri də iştirak edirdilər. Otuz ildən sonra Xudavəngin görüntülərini əks etdirən fotolar ilk dəfə olaraq AZƏRTAC-ın saytında yayımlandı - gözlər önündə möhtəşəm bir mənzərə canlandı.

Azərbaycan Alban-udi dini icmasının sədri Robert Mobili ziyarət zamanı dedi ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin burada etdiyi saxtakarlıqlar monastırın giriş qapısındakı erməni xaçkarlarından və daxildəki bir çox müasir xaç elementlərindən aydın şəkildə görünür.

Vəng ziyarətinin ertəsi günü Robert Mobili ilə telefon əlaqəsi saxlayıb təəssüratları ilə maraqlandıq. Robert ixtisasca geoloqdur, ilahiyyatın incəliklərini də yaxşı bilir. Sovet dövründə geoloq işlədiyi illərdə Kəlbəcər dağlarını piyada gəzib-dolaşıb. Deyir ki, az qala bu dağlardakı hər daşa, ağaca bələddir. İndi isə bura gələndə sanki başqa dağlar gördü. Ermənilər hətta ağacları kəsib aparıblar. İmkanları olsa, daşları da daşıyıb aparardılar.

“Bu, mənim gənclik illərimdə gördüyüm Kəlbəcər deyildi. Xudavəngə çatanadək yolumuzun üstündə dağılmış iki alban məbədi gördük. Kəlbəcərdə müharibə getməyib ki, desinlər mərmi düşüb. Bu mənzərə ermənilərin tarixi abidələrə münasibətinin əyani göstəricisidir. Xudavəng monastır kompleksində ilk dəfə idi olurdum. İndiyədək onu yalnız şəkillərdə görmüşdüm. Geoloq olduğumdan, ilk növbədə, diqqətimi daşlar cəlb etdi. Daşlarda elə informasiyalar var ki, nə qədər çalışsan da, onları silə bilməzsən. İndi elm elə inkişaf edib ki, daşın yaşını müəyyənləşdirmək, qumun tərkibini analiz edib onun hansı dövrə aid olduğunu, nəyin həqiqi, nəyin saxta olduğunu asanlıqla ayırd etmək mümkündür. Əminliklə deyə bilərəm ki, belə bir analiz aparılarsa, kilsəyə sonradan qoyulan daşların, xaçların tarixinin 200 ildən uzağa getmədiyi, bəlkə də elə 1993-cü ildən sonraya aid olduğu aşkarlanacaq. Halbuki Xudavəngin yaşı 1000 ildən çoxdur. Kilsənin içərisində harada boş yer var erməni xaçı yapışdırıblar. Hətta onların yaxınlıqda sexləri var, deyəsən elə bir ucdan xaç düzəldirlər. Divarda böyük bir daşı çıxarıb yerinə xaç qoyublar.

Bu torpağın, daşların, ağacların yaralarını sağaltmaq üçün vaxt lazımdır. Amma Prezidentimizin dediyi kimi, biz bunu edəcəyik. İşğaldan azad olunmuş torpaqlarımızda erməni vandallarının dağıtdığı bütün dini abidələrimiz də bərpa ediləcək, - deyə Robert Mobili əminliyini ifadə etdi.

Xudavəng monastırının tarixi ilə bağlı bəzi araşdırmaları, tarixçi alimlərimizin maraqlı mülahizələrini nəzərdən keçirdik. XII əsrdə yaşamış tarixçi Mxitar Qoş bu məbədin əsasının eramızın ilk əsrlərində missionerlərin Qafqaz Albaniyasında təbliğatla məşğul olduqları dövrdə qoyulduğunu qeyd edirdi. Məlumatlara görə, kompleksin ən erkən tikilisi olan bazilika (dini əhəmiyyət daşımayan toplantı yeri) İsa Məsihin həvarisi müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş Dadinin məzarı üzərində VIII əsrdə inşa edilmişdi. Bu monastır Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərindən biri hesab olunur.

1993-cü ildə Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra ölkəmizdə yaşayan qədim xristian etnik icmalar monastırı ziyarət etməkdən məhrum oldular. Ermənilər isə Xudavəngi dünyaya öz məbədləri kimi təqdim edir, bunu tikiliyə sonradan əlavə etdikləri xaç elementlərlə əsaslandırmağa çalışırdılar.

Xudavəngin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor Gülçöhrə Məmmədova onun Azərbaycan ərazisində ən böyük monastır kompleksi olduğunu bildirir. Kompleksə dini və dünyəvi xarakter daşıyan müxtəlif ölçülü və dizayna malik ondan çox tikili daxildir. Onların ən qədimi - bazilikanın maraqlı xüsusiyyətlərindən biri əsas altarın yanlarında yerləşən əlavə məkanlardır. Bu məkanlar Qafqaz Albaniyası memarlığında məbəd inşasının özünəməxsus ənənələrini yaşadır.

Tarixçi-alim, professor İbrahim Zeynalov Kəlbəcərin işğaldan azad olunması ərəfəsində AZƏRTAC-a müsahibəsində deyib ki, monastır kompleksində əsas yer tutan Arzu xatun kilsəsi alban memarlığının ən qiymətli nümunələrindən biridir. İki barelyefli kilsənin şərq divarında knyaz və müqəddəs adam, cənub divarında əllərində məbədin modelini saxlayan iki knyaz təsvir olunur. Kompleksə daxil olan digər tikilinin - İgid Həsən məbədinin divarında isə onun 1182-ci ildə inşa edildiyini təsdiqləyən kitabə var. 1224-cü ildə kompleksə əlavə edilmiş böyük tikilidə zadəgan nəslinin ailə üzvləri dəfn olunub. Alimlərin fikrincə, kompleksin tikintisi XIII əsrdə tamamlanıb. Çar Rusiyası dövründə, sovet hakimiyyəti illərində yaşanmış çətinliklərə baxmayaraq, Azərbaycan ərazisindəki bütün dini abidələr, o cümlədən Xudavəng monastırı qorunub saxlanılırdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə müxtəlif dinlərə məxsus ibadət məkanlarına xüsusi diqqət və qayğı ilə yanaşılır.

Qeydlərimizi Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində alban kilsələri barədə dediyi bu fikirlərlə tamamlamaq istədik: “Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq”.

Xudavəng monastır kompleksi tarixin daşlaşmış yaddaşıdır. Robert Mobilinin dediyi kimi, daşlarda elə informasiyalar var ki, ermənilər və onların fransalı havadarları nə qədər çalışsalar da o informasiyaları silə bilməzlər.




Baxış sayı: 1 192
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:00 WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub Dünən, 19:00 Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək Dünən, 18:00 Orta Şərqdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb Dünən, 17:00 QHT Agentliyinin məsul şəxsləri bir qrup QHT təmsilçiləri ilə birlikdə WUF13-ün keçiriləcəyi ərazi ilə tanış olublar Dünən, 17:00 NATO ölkələrinə çağırış Dünən, 11:00 Azərbaycan bu ölkələrlə yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir Dünən, 10:00 Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub Dünən, 10:00 “Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb Dünən, 09:30 Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb Dünən, 09:00 WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti 12-05-2026, 19:30 “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçirildi- FOTOLAR 12-05-2026, 18:30 President Ilham Aliyev’s speech during meeting at first residential complex in Zangilan in world media spotlight 12-05-2026, 17:00 “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” 12-05-2026, 17:00 Yol təhlükəsizliyi ilə bağlı xəbərdarlıq 12-05-2026, 12:00 Bu ölkənin teleməkanında separatizmə dəstək tezisləri mütəmadi olaraq davam edir 12-05-2026, 11:30 “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb 12-05-2026, 10:30 Qobustanda gənc müəllimlər arasında yarış keçirilib 12-05-2026, 10:00 Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi 12-05-2026, 09:30 Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi düşünür 12-05-2026, 09:30 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər 12-05-2026, 08:00 Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır 11-05-2026, 11:00 FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar 11-05-2026, 10:30 Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb 11-05-2026, 09:30 QHT Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib 10-05-2026, 18:00 Ulu Öndərin İrsi: gələcək nəsillərə müqəddəs əmanətidir 10-05-2026, 15:00 "İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır" 10-05-2026, 12:30 Şair, publisist Ağatahir Cəbirli: Torpaq oğluyam! 10-05-2026, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva : "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" 10-05-2026, 11:00 TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq 9-05-2026, 11:30
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031