M.Vəkilov Azərbaycanda yaşadığı illərdə bütün bacarığını güclü dövlətin yaranmasına həsr edib. Sonradan ağır mühacirət həyatında o, yenə Azərbaycanın azad olması və sovet rejimindən xilasına çalışıb. Bu mücadiləni apararkən M.Vəkilov Azərbaycandan kənarda - Türkiyədə, Polşada oldu, mövqeyindən geri çəkilmədi.
Mustafa bəy Vəkilovun 1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında, Kiyevdə ukraynalı professor Qruşevskinin rəhbərliyi altında keçirilmiş Qeyri-rus millətlərin qurultayında, həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında fəal iştirak etdiyi qeyd olunur.
M.Vəkilovun bu dövrdə (1917-1918-ci illərdə) Bakıda nəşr edilən müxtəlif qəzetlərdə siyasi və ictimai hadisələrlə bağlı çoxlu yazıları da çap olunub. O, eyni zamanda, 1917-ci ildə açılması nəzərdə tutulan Rusiya Parlamentinə Azərbaycandan millət vəkili seçilib. M.Vəkilov Türk Ədəmi-Mərkəziyyət Partiyası Müsavatın birinci qurultayında (26-31 oktyabr, 1917) MK üzvü seçilib. Bu qurultaydan sonra M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Bakıda və qəzalarda başlanan "Azərbaycana muxtariyyət" şüarının təbliğatçılarından biri də M.Vəkilov olub.
M.Vəkilovun Azərbaycan dövlətçiliyinin qorunması ilə bağlı fəaliyyətinin əsas məqamları parlamentdə onun çıxışlarıdır. Bu çıxışlardan məlum olur ki, M.Vəkilov Müsavat fraksiyasının üzvü olaraq parlamentdə Maliyyə-büdcə komissiyasında çalışıb.
Qeyd edək ki, Mustafa bəy Vəkilovun Azərbaycan Parlamentində (o dövrdə Məclisi-Məbusan adlanırdı) ilk çıxışına 1919-cu ilin 17 martında keçirilən 17-ci iclasında rast gəlinir. Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən bu iclasda 14 məsələnin müzakirəsi nəzərdə tutulub. M.Vəkilov sayca 4-cü olan "Hökumət məmurlarına bayram münasibəti ilə fevral maaşının 75 faiz miqdarında birdəfəlik müavinəti-nəqdiyyə verilməsi layihəsi" məsələsi ilə bağlı çıxış edib. O, çıxışında bildirib ki, hökumət məmurlarına bayram münasibəti ilə birdəfəlik 75 faiz nağd müavinət verilməsi üçün maliyyə və büdcə komissiyasına bir layihə təqdim edilib. O, üzvü olduğu komissiyanın bu məsələni müzakirə etdikdən sonra, belə qərara gəldiyini deyir: "Hökumət təklif edir ki, bütün idarə məmurlarına 75 faiz müavinəti-nəqdiyyə verilsin. Amma komisyon isə təklif edir ki, bütün qulluqçuları 3 qismə bölək. Birinci qism 1400 manatadək maaş alana 70 faiz, 1400-dən 2 minədək alana 60 faiz, 2 mindən artıq alana 40 faiz verilsin. Bu təbəddülatdan başqa bütün layihə qəbul edilmişdir..."
Parlamentin 1919-cu ilin 17 martında keçirilən həmin iclasında M.Vəkilov çıxışında Maliyyə-büdcə komissiyasının təklif etdiyi məvaciblərlə bağlı layihəyə münasibət bildirib. O qeyd edib: "Maliyyə-büdcə komissiyası mövzudan bəhs edən məsələyə praktik nöqteyi-nəzəri ilə baxdı. Sağ, sol firqələr burada dedilər ki, bu məsələ əsas etibarı ilə qəbul oluna bilməz. Hökumət bu layihəni təklif etməklə demək istəmir ki, məvaciblər artmayacaqdır. Komissiya belə baxdı ki, bahalıq davam edir. Məvacib çatmır, hökumət nəzdində olan beynəlidarə komisyonu işləyir. Hələ işini bitirməyibdir. Komissiyanın işi çətindir... Burada belə bir sual verildi. Dedilər ki, komissiya söyləyə bilməzmi, nə qədər pul veriləcəkdir? Əlbəttə, aparatlar əlində olan bir idarə bu iş üçün xəzinədən nə qədər para çıxaracağını bilməsə, komissiya haradan bu suala cavab verə bilər. Ancaq komissiyada belə bir söhbət oldu ki, 7-8 milyon arasındadır. Ona görə də komissiya tərəfindən təklif edirəm ki, bu layihəni də qəbul edəsiniz".
Azərbaycan Parlamentinin 1919-cu ilin 24 aprelində keçirilən 32-ci toplantısı hökumətin parlamentə təqdim etdiyi növbəti qanun layihəsi ilə bağlı idi. Bu layihədə təklif olunurdu ki, 510 milyon kağız pul buraxmaq üçün hökumətə icazə verilsin. M.Vəkilov qeyd etmişdir ki, hökumət bu məsələnin tarixindən bəhs edərək, pulu necə və hara xərcləyəcəyi haqqında məlumat verir. O, çıxışının sonunda deyir: "Maliyyə-büdcə komissiyası düşünür və ətraflıca söylədiyi arzuları ilə bərabər görür ki, bu saat pul lazımdır, lakin əldə yoxdur. Ona görə komissiya təklif edir ki, hökumətin bu layihəsi qəbul edilsin. Hökumət də büdcə komissiyasının arzularını nəzərə alsın və gələcəkdə doğru yol ilə pul tapmağa çalışsın. Büdcə komissiyası təklif edir ki, layihəni qəbul edəsiniz".
M.Vəkilov parlamentdəki çıxışlarında bir hüquqşünas kimi də məsələlərə müdaxilə edir, qanunun aliliyini uca tuturdu. Onun çıxışındakı əsgəri xidmətlə bağlı fikirləri də maraqlıdır: "Əsgərlik məsələsi qayət nazik və mühüm məsələdir. Ona görə də bu mühüm məsələyə yanaşanda qayət ehtiyatlı olmalıyıq. Cürbəcür sözlərlə vaxt keçirmək Məclisi-Məbusana yaraşmaz".
Azərbaycan Parlamentinin 1919-cu ilin 7 avqustunda keçirilən iclasında qeyri-müsəlman olan parlament üzvləri təklif edirlər ki, məsələ mühüm olduğundan rusca danışılsın, yaxud türkcə irad olunan nitqlər ruscaya tərcümə edilsin. M.Vəkilov bu məsələyə etiraz edərək deyir: "Mən başa düşmürəm, həddindən artıq səbirli olmağımızdanmı, yaxud hər şeyə kəmetinalıq göstərdiyimizdəndir ki, bu gün bizə Məclisi-Məbusanımızda bizdən əcnəbi dildə danışmağımızı tələb edirlər. Ümum millətlərdə, hər bir dövlətdə qəbul edilmiş və heç vaxt əl vurulmamış olan əsaslardan birisini biz də qəbul etmişik ki, Məclisi-Məbusanda öz dilimizdə danışaq. Bizim dilimiz var. O dildə danışmağa haqqımız var. Və danışmağa qərar vermişik". Parlamentin 7 avqust saylı iclasında təbəəlik (vətəndaşlıq) təklifini parlamentdəki qeyri-müsəlmanlar irəli sürür və əsasən, Slavyan-rus cəmiyyəti təmsilçisi Kravçenkov tərəfindən iclasda müzakirəyə qoyulur. Bu məsələ ilə bağlı çıxış edən M.Vəkilov ortalığa çox sərt mövqe qoyur. O qeyd edir ki, təbəəlik qanunu qəbul edilmədikcə, heç bir mühüm məsələyə toxunmaq olmaz, hətta Məclisi-Məbusan çağırmaq olmaz. M.Vəkilov bu məsələ ilə irəli sürülən iki fikrə də əsaslı cavablar verir. Birinci məsələyə, yəni təbəəliyin istiqlalımızın beynəlmiləl təsdiqi ilə bağlılığına etiraz edir və bunu bəhanə adlandırır. İkinci məsələyə də, yəni bu qanunu Rusiyadan iznsiz qəbul etməyin qeyri-mümkünlüyünə də narazılığını bildirir. O qeyd etmişdir: "Çünki bu adamlar əvvəllər həp Rusiya təbəəsi olmuşdurlar. İndi Azərbaycan təbəəliyi qanunu verməklə haqları təsdiq edilib bir dairəyə salınmamalıdır. Fəqət bizcə Rusiyanın izn rizasına burada ehtiyac yoxdur. Və gözləmək lazım deyildir. Qoy, rusiyalılar əllərindən gələn qədər çalışsınlar, ağızlarına nə gəlsə, desinlər və bacardıqlarını etsinlər".
1920-ci ilin aprelin 1-də parlamentin növbəti iclası keçirilir. Məmməd Yusif Cəfərov iclasa sədrlik edir. O, Nizamnamənin 104-cü maddəsində nəzərdə tutulduğu kimi, Daxili İşlər nazirinin Qarabağ hadisələri haqqında izahat vermək istədiyini qeyd edir.
Daxili işlər naziri M.Vəkilov çıxışında deyir: "Möhtərəm məbus əfəndilər! Son günlərdə əfkari-ümumiyyəyi (ictimai fikri) işğal edən (məşğul edən) Qarabağ hadisələri barəsində izahat verəcəyəm. Martın 22-də və iki gün ondan irəli Şuşa qalasına Azərbaycan xidmətində olan 2 uçastokun (sahənin - red.) erməni pristavları general-qubernatorun görüşünə gəlmək adı ilə hərəsi 15-20 nəfər müsəlləh erməni strajnikləri (gözətçiləri) ilə şəhərə toplaşmışlar. Bir bu qədər də şəhərdə onlara qoşulub, martın 22-də, gecə saat 04.00-05.00 arasında qəflətən bizim Şuşada əsgərlərimizə hücum etmişdirlər. Bir neçə zabiti həbs edərək, əsgərlərə atəş açmışdırlar. Bir tərəfdən bayram münasibəti ilə xalq evlərində istirahətə məşğul olduqlarından, digər tərəfdən camaat belə xainanə bir hücum gözləmədiklərindən bu hadisə olduqca nagəhan (gözlənilməz) olmuşdur. Şuşadakı əsgəri hissələrimiz, onların başlarında duran zabitan qəhrəmananə bir surətdə ermənilərin hücumunu dəf edə bilmişdir". M.Vəkilov Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri olduğu dövrdə ciddi fəaliyyət göstərmişdir. Onun Azərbaycan hökumətinə göndərdiyi teleqramlar, yazdığı məktublar bunu təsdiq etməkdədir.
M.Vəkilovun 1920-ci ilin 25 martında ermənilərin Zəngəzura hücumu və Qarabağa təcili olaraq qoşun göndərilməsi ilə bağlı Azərbaycan Ordusunun Qərargahına göndərdiyi teleqramdan: "Cəbrayıldan, bizim Zəngəzur uyezdinin rəisi Kələntərovdan Şuşa general-qubernatorunun adına teleqram alınıb. Teleqramda bildirilir: "Bu gün səhərdən ermənilər bütün cəbhə boyu mənim idarə etdiyim bölgəyə hücum ediblər. Əl silahı və pulemyot döyüşü gedir. Patronlarımız yoxdur. Hərbçilər tərəfindən müdafiə tədbirləri görülür. Zəngəzur qəzasının rəisi Kələntərov".
Bu məlumatdan gördüyümüz kimi, ermənilər Zəngəzur qəzası istiqamətində hücuma keçiblər. Əgər biz tezliklə hərəkət edib, Şuşa general-qubernatoruna kömək etməsək, o, tələyə düşə bilər.
Xahiş edirəm, qoşunu və xüsusən artilleriyanı tələsdirəsiniz. Artilleriyasız heç nə etmək mümkün deyil. Bu vaxta qədər buraya bir əsgər gəlməyib. Əgər biz Əsgəranı gec alsaq, onda bu, tamamilə faydasız olacaq. Vəkilov".
1920-ci ilin aprelin 27-si Azərbaycan Cümhuriyyətinin mövcudluğunun son günü oldu. Azərbaycanın Rusiya bolşevikləri tərəfindən işğalı ərəfəsində M.Vəkilov daxili işlər naziri vəzifəsində çalışırdı. Bu işğaldan sonra M.Vəkilov əvvəl Tiflisə, oradan da İstanbula getmişdir. M.Vəkilov Türkiyədə də Azərbaycanın yenidən müstəqillik qazanması uğrunda çalışmış, ciddi mübarizə aparmışdır. O, buradakı fəaliyyətində Polşa hökuməti rəsmiləri ilə əlaqələr yaratmış, Qafqaz xalqları nümayəndələrinin təmsil olunduğu beynəlxalq qurumlarda ciddi çalışmalar göstərmişdir. 1920-ci illərdə Polşanın, Fransanın maddi dəstəyi ilə yaradılan və fəaliyyətinin əsas məqsədi - mühacirlərin bir araya gətirilib sovet rejiminə qarşı mübarizəni aparmalı olan "Prometey" hərəkatının sənədlərində M.Vəkilovun da adı vardır.
M.Vəkilov bir müddət Polşada olmuş, Polşa Xarici İşlər Nazirliyinin rəsmisi Tadeuş Qoluvko ilə görüşmüş, onunla məktublaşmışdır. Mühacirətdə yaşadığı illərdə də M.Vəkilov ciddi fəallıq göstərmiş və M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. Polşa arxivlərində M. Vəkillinin (o, mühacirətdə bu imza ilə çıxış etmişdir) Polşa dövlətinin rəsmisi T.Qoluvko ilə yazışmaları saxlanılmaqdadır. M.Vəkilovun mühacirətdə olduğu illərdə siyasi fəaliyyətlə bağlı məktublaşdığı şəxslərdən biri də M.Ə.Rəsulzadə idi. Bu məktublardan aydın olur ki, onların arasında həm də yaxın münasibət və qarşılıqlı hörmət var idi.
M.Vəkilovun 1935-ci ilin 21 martında İstanbuldan M.Ə.Rəsulzadəyə ünvanladığı məktubda mühacirlər arasındakı ziddiyyətlər, eyni zamanda, buradakı çalışmaları haqqında bilgilər verilir. M.Vəkilov mühacirətdə olduğu illərdə Qafqaz Konfederasiya Şurasının iclaslarında yaxından iştirak edirdi.
M.Vəkilovun mühacirətdəki fəaliyyəti və xüsusən, bir şəxsiyyət kimi xarakterinin öyrənilməsində Parisdəki Azərbaycan nümayəndə heyətinin baş katibi Abbas Atamalıbəyovun 1940-cı ilin 23 yanvarında polyaklara yazdığı təqdimatın ciddi əhəmiyyəti vardır. Həmin təqdimatdan: "İstanbulda mühacirətdə olan Azərbaycan siyasi xadimləri arasında mən iki şəxsi təqdim edə bilərəm - Mustafa bəy və Xosrov bəy. Mustafa bəy Vəkilli keçmiş vəkil, Azərbaycan Parlamentinin üzvü və sonuncu Azərbaycan milli hökumətində daxili işlər naziri olub. O, Azərbaycanın qərb rayonlarından tanınmış bir ailəyə mənsubdur və lokal formada, eyni zamanda, bütün ölkədə geniş təsirə malikdirlər. Bu nəsildən milli hərəkatın birinci dərəcəli liderləri olan insanlar çıxmışdır. Hazırda Mustafa bəy parlaq və alovlu bir patriot kimi milli hərəkatın liderlərindən biridir. O, çox yavaş hərəkət edən ehtiyatlı siyasi xadimdir. Onun Türkiyə siyasi dairələrində çox geniş və faydalı əlaqələri var" .
Qeyd edək ki, A.Atamalıbəyovun bu təqdimatı diqqətə alındı və Qafqaz Konfederasiya Şurasının digər bölmələri ilə məsləhətləşdikdən sonra, 1940-cı ilin mayında bu qurumun İstanbul filialı formalaşdı. Azərbaycanlıları bu qurumda X.Sultanov və M.Vəkilov təmsil etdilər. Mustafa bəy Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Amasiyada vəfat edib.
Nəsiman YAQUBLU tarix elmləri doktoru
Baxış sayı: 2 757