FACT-INFO.AZ » XƏBƏR » Milli mədəni irsimizlə bağlı sanballı nəşr
5-10-2017, 08:40 | XƏBƏR
Milli mədəni irsimizlə bağlı sanballı nəşr

Təqdimatda AMEA-nın əməkdaşları, tanınmış ziyalılar və media nümayəndələri iştirak ediblər. Tədbirdə kitabın layihə rəhbəri və elmi redaktoru akademik Zemfira Səfərovanın musiqi tarixinin araşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən söz açılıb, tədqiqatları yüksək qiymətləndirilib. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çoxcildli "Azərbaycan musiqi tarixi" kitabını çağdaş ümumtürk mədəniyyətində ən önəmli hadisələrdən biri kimi səciyyələndirib: "Bu gün biz müstəqillik dövrümüzün ən önəmli tarixi faktlarından birinin təqdimat mərasimini keçiririk. Bu kitab həm böyük kollektivin birgə əməyi, həm də çoxillik axtarışların nəticəsində araya-ərsəyə gəlib. Zemfira xanım uzun illərdir ki, Azərbaycanın musiqi tarixini ciddi və sistemli şəkildə araşdırır, öyrənir. O, təkcə Azərbaycanda deyil, eləcə də bütün dünyada musiqişünaslığın öncül nümayəndəsi, görkəmli tədqiqatçı hesab olunur. Onun bu sahəyə həsr olunmuş məqalələri, araşdırmaları tez-tez dövri mətbuatda çap edilir. Bu çoxcildlikdə milli musiqimizin, qopuzdan başlamış müasir əsərlərə və ifalara qədər, uzun və zəngin inkişaf yolu öz əksini tapıb. Bu kitab ümumtürk musiqi tarixinin üstün nüsxəsi, musiqi tariximizin mühüm hadisəsidir". Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti Firəngiz Əlizadə görkəmli alim Z.Səfərovanın klassik Azərbaycan musiqisini Şərq musiqi kontekstində tədqiq etməsini yüksək qiymətləndirib, ona və nəşrin yaradıcı kollektivinə uğurlar arzulayıb: "Zemfira xanım keçirdiyi bütün tədbirlərdə bizi yeni tapıntıları, araşdırmaları ilə heyrətə salır. Heç təsadüfi deyil ki, o, uzun illərdir böyük bir kollektivə rəhbərlik edir və o həmin kollektivin sayəsində yeni-yeni kitablar yazılır, araşdırmalar aparılır və böyük musiqişünaslar ordusu yaranır. Bu kitab Azərbaycan musiqi tarixinin böyük bir salnaməsidir. Burada musiqi tariximizlə bağlı bilinməyən, ya da dəqiqliyi şübhəli olan faktlara aydınlıq gətirilib. Və bu faktlar bizim musiqimizlə bağlı bilgilərimizi artırır, dolğunlaşdırır". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova bildirib ki, kitab Azərbaycan mədəniyyət tarixinə dəyərli töhfə olmaqla bərabər, çox mühüm praktiki əhəmiyyətə malikdir: "Musiqimizə, musiqi tariximizə göstərilən bu diqqət, qayğı çox sevindirici haldır. Bu əsər təkcə bu tarixi əks etdirən dəyərli material deyil, həmçinin gənclər, mədəniyyət və incəsənət tədqiqatçıları üçün dəyərli mənbədir. Kitab Zemfira xanımın çoxillik gərgin fəaliyyətinin, davamlı zəhmətinin bəhrəsidir. Onun 30 kitabı, 200-dən artıq məqalələri məhz musiqişünaslıqla bağlı olsa da, ümumilikdə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına bilavasitə təsir göstərir". Kitabın rəyçisi, professor Tariyel Məmmədov nəşrin məhdud tirajla çapından söz açıb, daha geniş oxucu auditoriyasına təqdim olunması üçün elektron formada hazırlanmasının vacibliyinə diqqət çəkib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə "Azərbaycan musiqi tarixi" kitabının üçüncü cildinin də nəşrə hazırlandığını deyib. ABİ-nin katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov Z.Səfərovanın elmi yaradıcılığının əhəmiyyətindən, təqdim olunan əsərlərin məziyyətindən, Azərbaycan musiqi tarixinin öyrənilməsində bu kimi sanballı kitabların müstəsna rolundan söz açıb. Sonda bu nəşrlərin ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirən Z.Səfərova kitab haqqında da məlumat verib: "Çox təəssüf edirəm ki, musiqişünaslıq, adətən, digər sahələrlə müqayisədə bir qədər kölgədə qalır. Həmişə bəstəkarlar, ifaçılar önə çıxsa da, onlar haqqında yazan, araşdıran musiqişünaslar diqqətdən kənarda olur. Azərbaycan musiqi tarixini yazmaq mənim ən böyük arzum idi. Çünki tarixinə sahib çıxmayan xalqın yaratdıqları əsərlərə əl uzadanlar çox olur. Birinci cilddə ən qədim dövrdən XX əsrə qədərki musiqi tariximiz əhatə olunmuşdu. Bu cilddə isə musiqi tariximiz Üzeyir Hacıbəylidən başlayır. Burada XX əsrin əvvəllərindən fəaliyyətə başlamış bəstəkarlarımızın, xronoloji sıra ilə, yaradıcılıq portretləri, onların həyat və fəaliyyəti araşdırılıb". Layihənin rəhbəri onu da qeyd edib ki, musiqi tariximizin bəhs edilən dövrü böyük bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Asəf Zeynallı və o vaxt Bakıda yaşayıb fəaliyyət göstərən məşhur sovet bəstəkarı M.R.Qliyer, görkəmli bəstəkarlarımız Əfrasiyab Bədəlbəyli, Niyazi, Səid Rüstəmov və Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın adıyla bağlıdır. Tədqiqatın girişində və sonrakı hissələrində mədəniyyətimizdə, musiqimizdə baş verən hadisələrin aydın inikası, əsasən opera və operetta kimi janrlar haqqında mübahisələrin, diskusiyaların geniş müzakirəsi və təhlili təqdim edilir. Kitabda bu dövrün görkəmli ifaçıları H.Sarabski, Bülbül, Ş.Məmmədova, Q.Almaszadə, R.Behbudov və başqaları haqqında məlumat verilir, nadir fotolar, musiqi nümunələri təqdim olunur. Kitabı vərəqlədikcə dahi bəstəkarlarımızın, Azərbaycan musiqisinin ölməz nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən oçerklərlə tanış oluruq. Hər bir müəllif tədqiq etdiyi sənətkar haqqındakı araşdırmasında maraqlı məlumatlara yer verib. İlk oçerkin müəllifi Z.Səfərova dahi Üzeyir Hacıbəyli haqqında yazır: "XX əsrin xalqımıza bəxş etdiyi ən böyük şəxsiyyətlərdən, ən böyük simalardan biri Üzeyir Hacıbəylidir. Ona Şərq və Qərb musiqi mədəniyyətləri arasında keçilməz səddi aradan götürmək, Azərbaycan musiqisinin gələcək inkişaf yolunu və estetik prinsiplərini müəyyənləşdirmək nəsib olmuşdur. Yer kürəsində milyonlarla insan Ü.Hacıbəyli musiqisinə qulaq asaraq bütün kökləri ilə öz xalqının folkloruna bağlı olan və dünya musiqi mədəniyyətinin nailiyyətlərini mənimsəyən sənətkarın yaradıcılığına bələd olurlar. Bu yaradıcılıqla Şərqin və Qərbin musiqi ənənələrinin vəhdəti parlaq bədii obrazlarla əks olunmuş, yüksək humanizm idealları, xeyirxahlıq, xalqlar dostluğu tərənnüm edilmişdir". Kitabda Üzeyir Hacıbəylidən sonrakı oçerk dahi bəstəkar, maarifçi, ictimai xadim Müslüm Maqomayev haqqındadır. Ülkər Talıbzadənin qələmə aldığı oçerkdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, "Şah İsmayıl" və "Nərgiz" operaları haqqında geniş məlumatlar var. Burada xüsusi qeyd edilib ki, Azərbaycan xalq musiqi yaradıcılığının toplanmasında, Üzeyir Hacıbəyli ilə birgə, M.Maqomayev də əvəzsiz xidmətlər göstərib: "Bəstəkar ümumiyyətlə 300-dən artıq xalq mahnısı toplayıb nota salmış, bəzilərini isə səs və orkestr üçün işləmişdir. Onun şəxsi arxivində 100 mahnı və rəqs havasından ibarət, nəşrə hazırlanmış "Azərbaycan el musiqisi. Xalq mahnıları" toplusu (1927) saxlanılır. Burada toplanan mahnılar janr və mövzu baxımından müxtəlif olsa da, çox hissəsini məhəbbət lirikası təşkil edir: "Küçələrə su səpmişəm", "Gül bağçalar", "O xal nə xaldır", "Səndən mənə yar olmaz" və başqaları". R.Rzaquliyeva istedadlı musiqiçi-bəstəkar Asəf Zeynallı haqqında oçerkində deyir: "A.Zeynallının musiqisi xəlqidir... O, öz yaradıcılığında Avropa musiqi mədəniyyətində dərin həyatı ümumiləşdirilmələrinin ifadə vasitəsi kimi təsdiqini tapan klassik və milli-xalq anlamlarının qarşılıqlı əlaqəsi ideyasını həyata keçirirdi".




Baxış sayı: 1 608
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Dünən, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Dünən, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Dünən, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir 4-09-2026, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 4-09-2026, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib 4-09-2026, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək 4-09-2026, 18:00 Azerbaijan’s mine problem raised in Prague 4-09-2026, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı 4-09-2026, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb 4-09-2026, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova 4-09-2026, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib 4-09-2026, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930