Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə dövlət institutlarının yaradılması və möhkəmləndirilməsi, iqtisadi inkişaf strategiyasının formalaşdırılması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin müəyyənləşdirməsi üçün mühüm təməl yaradıldı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasət davam etdirilərək Azərbaycanın bütün istiqamətlərdə, habelə iqtisadi, enerji, nəqliyyat, diplomatik və hərbi imkanları genişləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günə ərazi bütövlüyümüzü, 23 saata dövlət suverenliyimizi tam bərpa etdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat qeyd edib ki, Azərbaycan bu gün orta güc dövləti kimi tanınır, hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır. Güclü dövlətin əsasını isə milli birlik təşkil edir. Birlik, güclü vətənpərvərlik və həmrəylik bizi dünya xalqları arasında fərqləndirir. Bu gün Azərbaycan regional proseslərdə öz maraqlarını müdafiə edən, enerji və nəqliyyat layihələrində mühüm rol oynayan, müxtəlif beynəlxalq platformalara ev sahibliyi edən və müstəqil xarici siyasət yürüdən ölkədir. Enerji təhlükəsizliyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantıları, regional əməkdaşlıq və diplomatik təşəbbüslər baxımından da ölkəmizin nüfuzu artıb.
P.Vəliyeva bildirib ki, əvvəllər xarici müdaxilə deyəndə daha çox siyasi və diplomatik təzyiq başa düşülürdüsə, bu gün informasiya texnologiyaları vəziyyəti dəyişib. İndi bir ölkəyə fiziki müdaxilə etmədən də onun informasiya məkanına və ictimai fikirinə təsir göstərmək mümkündür. Məqsəd bəzən konkret hadisə ilə bağlı ictimai rəyi dəyişmək, bəzən isə daha uzunmüddətli perspektivdə cəmiyyətin milli dəyərlərinə yönəlir. Qarabağ məsələsi ilə bağlı uzun illər aparılan təbliğat kampaniyalarını da bu kontekstdə qiymətləndirmək olar. Bu gün Azərbaycanın əsas üstünlüklərindən biri isə öz informasiya imkanlarını gücləndirməsidir.
Belə ki, 2027-ci ildə müsəlman dünyası və Avropa İttifaqının Azərbaycanda keçiriləcək mühüm tədbirləri təsadüfi deyil. Azərbaycan etibarlı beynəlxalq tərəfdaş və dialoq platforması kimi mövqeyini gücləndirib. Hazırda Azərbaycan müxtəlif coğrafiyaları və siyasi platformaları bir araya gətirən ölkə kimi çıxış edir. Bir tərəfdən ABŞ və Çin kimi böyük güclərlə strateji tərəfdaşıq, müsəlman dünyası ilə sıx əlaqələri var, digər tərəfdən Avropa ilə enerji, nəqliyyat və siyasi əməkdaşlıq istiqamətlərində mühüm münasibətlər qurulub. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu praktik şəkildə həyata keçirir. Beynəlxalq platformalar vasitəsilə isə Azərbaycan öz haqlı mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə edir.
“Beləliklə, ən mühüm üstünlük “gündəm formalaşdıran ölkə” olmağımız, aparılan uğurlu xarici siyasət nəticəsində qlobal gündəliyi diqtə etmək imkanı əldə etməyimizdir. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı mesajının əsas mahiyyətlərindən biri də budur ki, mədəniyyətlərarası dialoq yalnız mədəniyyət məsələsi deyil, həm də beynəlxalq münasibətlər və təhlükəsizlik məsələsidir. Dünyada müxtəlif cəmiyyətlər arasında inamsızlıq artdıqca, dialoqun əhəmiyyəti də artır. Həqiqi dialoq isə suverenliyə, qarşılıqlı hörmətə və bərabərliyə əsaslanmalıdır”, - deyə Pərvanə Vəliyeva əlavə edib.
Baxış sayı: 95
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
