Tarixi, milli, mədəni-mənəvi bağların nəticəsidir ki, istər Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet rejiminin təqibindən xilas olmaq istəyən soydaşlarımızın, istərsə də İkinci Dünya Müharibəsi bitdikdən sonra sərhədin o tayında qalan həmvətənlərimizin böyük əksəriyyəti Türkiyəni özlərinə ikinci Vətən seçmiş və qardaş ölkədə məskunlaşmışlar. Daim Azərbaycan həsrəti ilə yaşayan qəriblər onlara məhəbbətlə qucağını açan Türkiyəni doğma ocaq qədər sevmiş, sevincinə şərik, kədərinə ortaq olmuşlar. Azərbaycan ədəbiyyatının mühacirətdə yaranan örnəklərində biz Türkiyənin zəngin tarixindən, şanlı türk əsgərinin zəfərlərindən, "yavru Vatan" Kıbrısın Milli İstiqlal mücadiləsindən bəhs edən kifayət qədər nümunələrə rast gəlirik. Həssas bir dönəmdə Azərbaycandan mühacirət edən İstiqlal mücahidlərinin bu mövzulara müraciəti təbiidir. Qardaş Kıbrısın dillərdə dastan olan azadlıq duyğusu, bayraq, Vətən, millət sevgisi mühacirlərimizin iftixar və ilham mənbəyi olmuşdur. Dünya hərb tarixinin qızıl səhifələrindən sayılan Çanaqqala savaşına, Bakının erməni-bolşevik quldurlarından azad olunmasına, Cənubi Koreyadakı qəhrəmanlıq dastanlarına, Kıbrıs Milli Azadlıq hərəkatına həsr olunmuş bədii-publisistik nümunələr bir tərəfdən onlara məhəbbətin izharı, digər tərəfdən də bolşevizm və sovet rejimi əsarətində inildəyən Vətənimiz Azərbaycanın istiqlal uğrunda ideoloji mücadilə üsuludur.
Yunan-rum zülmünə, qətliamına məruz qalan, öz milli varlığını qorumağa çalışan, istiqlalı uğrunda çarpışan Kıbrıs türklərinin taleyi Azərbaycanlı mühacirləri daim düşündürmüş, narahat etmişdir. 1950-ci illərin sonu, 60-cı illərin əvvəllərində Kıbrıs özünü müstəqil dövlət elan etdikdən sonra adada yaşayan türklər xüsusilə zorakılığa məruz qalırdı. Hələ o zaman imzasına ara-sıra Azərbaycan Kültür Dərnəyinin orqanı (Ankara) «Azərbaycan» jurnalında rast gəldiyimiz Abdulla Aslantürk uzaqgörənliklə "Kıbrıs Türkün gözüdür!" hayqırırdı:
Ey Kıbrıslı arkadaş! Gəlir, yaxındır o gün,
Sənə mütləq doğacaq Anadoludan bir gün.
Bayrağımın altında Kıbrıs yapacaq bir gün
Tarix qanımla yazsın: Kıbrıs Türkün gözüdür.
Göydə uçan durnadan yalnız sənsən sorağım,
İlk hərəkət əmrində Lefkoşedir durağım.
«Ölsəm, gözüm qapanmaz, sənə qovuşmasam»- deyən şair şeirin digər bəndində həsrətini, ayrılıq dərdini dilə gətirir:
Azərbaycan, Türkistan Haqqdan əmanət türkə,
Tanrım fürsət verirsə Abdullah Aslantürkə
Anladacaq dünyaya: Kıbrıs Türkün gözüdür.
Azərbaycan Kültür Dərnəyinin orqanı (Ankara) «Azərbaycan» jurnalının da daim müraciət etdiyi mövzulardan birinin Kıbrıs olayları olduğunu qeyd etsək, yanılmarıq. Dərgi illər boyu bu problemlə bağlı məqalələr dərc etmiş, Kıbrıs türklərinin haqq səsini, ədalətli mövqeyini müdafiə etmişdir. Milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, ədəbiyyatşünas, publisist Əbdüvahab Yurdsevərin “Şanlı Kıbrıs zəfərimiz” (1974), “Kıbrıs Türk Cümhuriyyəti” (1975), Əhməd Qaracanın “Azərbaycandan Hataya və Kıbrısa”, Əhməd C. Qazıoğlunun “Kıbrıs türk toplumunun uzlaşma, barış və özgürlük anlayışı” (1995), Hikmət Bilanın “Kıbrıs, Kərkük” (2005), Rauf Öznuh, Onur Çətinərin “Kərkük, Qarabağ, Kıbrıs” adlı məqalələri, eləcə də Kıbrıs olaylarının ildönümlərinə həsr olunan tədbirlər barədə çoxsaylı reportaj və xəbərlər dərginin Kıbrıs mövzusuna diqqət və həssaslıqla yanaşdığına dəlalət edir.
Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır. Ermənilərin Dağlıq Qarabağda törətdikləri cinayətlərdən sonra mühacirlər Kıbrıs faciəsindən bəhs edərkən mütləq şəkildə ermənilərin Qarabağda, ümumiyyətlə, Azərbaycanda törətdikləri vəhşiliklərdən də bəhs edir, bu fəlakətin mahiyyət etibarı ilə Kıbrıs qətliamı ilə eyni olduğunu vurğulayır və cinayətkarları lənətliyirlər.
Dərgi Hollandiyanın Lahey şəhərində fəaliyyət göstərən “Türklərə qarşı soyqırım araşdırma vəqfi”nin düzənlədiyi forumda vəqf başkanı Səfa Yürükəlin çıxışını dərc etmişdir. Məruzəçi Kıbrısda və Qarabağda törədilən cinayətlərin məkrli, çirkin mahiyyətini, eyni zamanda Qərbin ikiüzlü siyasətini ifşa edir: “Kıbrısta Yunanıstan ve Rumların işbirliğiyle Enosisi gerçekleştirmek için (adanın Yunanistan'la birleştirilmesi-Büyük Yunanistan için) hazırladıkları Akritas planı gereği (Türkleri yok etme planı), 1962-1963 ve 1974 yıllarında Kıbrıs Türklerini adadan yok etmek için soykırım suçu, insanlık suçu, savaş suçu ve barışa karşı saldırı suçu işlemişlerdir.
Gördüğümüz gibi Karabağdaki gibi Kıbrıs'ta da suçlar ve suçlular belli iken, insan hakları telalığı yapan, Uluslararası güçler ve kurumlar bu konuda da Karabağ'da olduğu gibi Güney Kıbrıstaki suçlu sorumluları korumakta ve onların yanında yer almaktadır.
Kıbrıslı Rumlar, 20 yüzyıldaki tavırlarıyla, katliamlar yaparak barbarlığı temsil ettiler. Bunlar sadece kana susamış bir biçimde Türkleri katletmediler. Aynı zamanda, onları yarı canlı olarak mezarlara da gömdüler. Bu toplu mezarlara gömülenler, Rum vahşetinin, insanlığa bir göstergesidir. Toplu mezarlardan çıkarılan iskelet delilleri ise, yıllarca bize, Rumların vahşice tatbik ettiği, feodal kuralların, sonuçlarını gösterecektir' demektedir. (“Ankara” dergisi, yanvar, fevral, mart sayı 2007).
Jurnalın həmin nömrəsində Rauf Öznuh, Onur Çətinərin “Kərkük, Qarabağ, Kıbrıs” adlı məqaləsində oxuyuruq: “Kerkük'te zulüm ve işkence sürüp gitmekte. Karabağ işgal altında. Kuzey Kıbrıs Türk Cumhuriyeti tecrit ve izole edilmiş. Bugün Kerkük, Karabağ ve Kıbrıs... Sözünü duyan her Türkün kalbi kıpır kıpır çarpıyor. Çeşitli tarihlerde sözkonusu bölgelerde yapılan katliamlar gündeme geldiğinde içimiz hüzünle doluyor. Yanık Karabağ ve Kerkük Türküleri yüreklerimizi dağlıyor. Ciğerlerimizden adeta parçalar koparıyor”. Məqalədə türk xalqları, onların dərnəkləri arasında əlaqə və əməkdaşlığın vacibliyi xüsusilə vurğulanır.
1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və şanlı türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat mühacir qələm sahiblərini daha da ruhlandırmış, Azərbaycanın da istiqlala qovuşacağına ümidi artırmışdır.
Bir müddət Türkiyədə yaşayan, orada ali təhsilə yiyələnən mühacir şair Alazan Baycanın Kıbrıs zəfəri münasibəti ilə qələmə aldığı “Yürü” şerini təhlil edərkən şairin və onun timsalında mühacirlərin duyğu və düşüncələrini müşahidə edirik. Quzey Kıbrıs olayları Alazan Baycanda doğma vətəni Azərbaycanın qurtuluşuna olan inamı daha da qüvvətləndirmişdi. O, Türkiyə Cümhuriyyətindən «Azərbaycan davası»na mənəvi dəstək istəyir. Bu ərkyana istək isə, şübhəsiz ki, bütün vətənpərvər azərbaycanlıların qardaş ölkəyə bəslədikləri sonsuz məhəbbətdən qaynaqlanırdı.
Alazan Baycan öz həssas şair qəlbində yalnız vətəni Azərbaycanın deyil, bütün əsir türk ellərinin dərdini, möhnətini gəzdirir, onların da istiqlal mücadiləsini dəstəkləyir, qurtuluşlarına ümid bəsləyirdi. Türkiyə ordusunun 1974-cü ilin iyulunda Quzey Kıbrısdakı uğurlu hərbi əməliyyatı və bu əməliyyat nəticəsində minlərlə Kıbrıs türkünün soyqırım təhlükəsindən xilas olması şairi xüsusilə ruhlandırmışdır. O, həmin günlərdə qələmə aldığı «Yürü» şeirində bu zəfərdən duyduğu sevinci ifadə edir, türk əsgərlərinin igidliyinə heyranlığını bildirirdi:
Yürü! Göz bəbəyim, türkün əsgəri,
Qaldır haqsızlığı, xoş düzən yarat.
Yürü! Alp Arslanın igid ərləri,
Xaini, zalımı o yerlərdən at.
Millət arxandadır, yürü aslanım,
Qüdrət də, ağıl da, haqq da səndədir.
Könlüm coşa gəldi, ağrını alım,
Azadlıq ümidi indi məndədir.
Unutma! Doğuda dağlar ardında
Orda da əzilən qardaşların var.
Ürək ver, ümid ver, acı onlara,
Sözün keçər sənin, adın-sanın var .
Mühacir dramaturq Abay Dağlının 1975-ci ildə İstanbulda işıq üzü görən, 3 pərdə 7 şəkildən ibarət «Albay» pyesində də (əsərin tam adı «Ana və Yavru yurdlarımızın öz oğlu- yenilməzoğlu- Albay»dır) Kıbrıs olaylarından, bu hərəkatın qəhrəmanlarından Albay İbrahim Qaraoğlanoğlunun şücaətindən bəhs edilir. Müəllif pyesin əvvəlində əsəri Kıbrısda şəhid olan Albay İbrahim Qaraoğlanoğlunun və bütün şəhidlərimizin əziz ruhuna ithaf etdiyini yazır...
Kitabın annotasiyasında pyesin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı (Genelkurmay Başkanlığı) tərəfindən gənclərin hərbi vətənpərvərlik tərbiyəsi üçün əhəmiyyətli bir əsər kimi bəyənildikdən sonra çap edildiyi və son Kıbrıs olaylarından sonra da göründüyü kimi, milli həyəcan günlərində, tarixlə, ordu ilə ilgili səhnə əsərlərinə məktəb və təşkilatlarda böyük maraq göstərildiyi qeyd olunur... Abay Dağlı əsərə yazdığı «Özət»də əsərin məzmunu və onu yazmaqda məqsədi haqda qısa məlumat verir. O, pyesin 2-ci pərdəsinin 3-cü səhnəsində yüzbaşının əsir düşmüş yunana müraciətlə dediyi «Darbe dedinizsə,.. Darbələr də var, Məsəla, bir Kıbrıs, bir Dumlupinar» beytini xülasəyə proloq kimi təsadüfən əlavə etməmişdir. Dramaturq bununla Türkiyə hərb tarixində parlaq iz qoymuş, tarixə «Başkomutanlık Meydan Müharibəsi», ya da «Dumlupinar Meydan Müharibəsi» kimi düşən (Qurtuluş savaşının son mərhələsi-26 avqust 1922-ci il) və məhmətciyin şanlı süngüsü ilə yunanlar üzərində qazanılmış Dumlupinar zəfərini oxucusuna bilərəkdən xatırladır... Onun qəhrəmanı albay İbrahim Qaraoğlanoğlu da əsgərlər arasında tarixdən gələn Vətən sevgisini, Atatürk ideyalarını, İstiqlal savaşı ruhunu daim yaşatmağa çalışır, hər cür qara zehniyyətə, zərərli adət-ənənələrə qarşı çıxır. Bu cür təlim-tərbiyənin nəticəsidir ki, bir-birinə nifrət edən qan davalı iki əsgər Kıbrısa qoşun çıxartma hərəkatı xəbərini eşidib sevinir, kin-küdurəti unudur və qardaş kimi qucaqlaşırlar...
Yuxarıda qeyd etdiyimiz kimi, pyesin məzmunu Kıbrıs olaylarından götürülmüşdür və burada albay İbrahim Qaraoğlanoğlunun və onun əsgərlərinin şücaətindən bəhs olunur. Yunanlar tərəfindən zülmə, qətliama məruz qalan Kıbrıslı türklərin xilasına can atan, tələsən əsgərlər yüksək döyüş əhval- ruhiyəsindədir, onlar «Anam məni yetişdirdi…» marşını oxuya-oxuya hər an adaya doğru «şahlanıb coşmağa, şarkı söyləyərək koşmağa» hazırdırlar. Albay İbrahim Qaraoğlanoğlu əsgər və çavuşlara «Ruhən bəslənirsə, əroğlu ərlər, Daima sağlanır böyük zəfərlər»- deyə xitab edərək onları cəhalətin, çürük adətlərin təsirindən qurtarmağa, xüsusilə qan davası kimi bəladan xilas etməyə çalışır və istəyinə nail olur. Əsgərlərin hər birinin ürəyi Kıbrıslı türklərin qatillərinə qarşı nifrətlə doludur, onlar: «Vətənə qurbanam», «Silah başındayam, əmr bəklərəm», «Əldə silahımla önə koşaram, Dağların başından keçib aşaram, Həp zəfər qazanıb belə yaşaram» - deyərək döyüşə atılırlar. Albay İbrahim Qaraoğlanoğlu isə öndə gedərək əsgərlərə nümunə göstərir, yaralılara yardım edir, düşmən gülləsinə tuş gələn şəhidin başını dizi üstə alaraq, alnından öpərək həyəcanla ona xitab edir:
Vurulub tərtəmiz alnından, uzanmış yatıyor,
Bir hilal uğruna, ya Rəbb, nə günəşlər batıyor!
Ey, bu topraklar için toprağa düşmüş, əsgər!
Göydən əcdad enərək öpsə o pak alnı dəyər.
Sana dar gəlməyəcək məqbəri kimlər qazsın?
«Göməlim gəl səni tarixə» desəm, sığmazsın.
Tüllənən məğribi, axşamları sarsam yarana...
Yenə bir şey yapabildim deyəməm xatırına .
Abay Dağlı albay İbrahim Qaraoğlanoğlunun dili ilə istiqlal şairi Məhmət Akif Ərsoyun «Çanaqqala şəhidləri» şeirindən gətirdiyi misralarla səhnəni daha təsirli edir, mətndə emosionallıq və ekspressivlik yaradır. Daha sonra dramaturq öz ifadələri ilə albay İbrahim Qaraoğlanoğlunu danışdırır:
«Ey əziz şəhid!...
Şanlı yurdum yaşadır ruhunu dünyada sənin.
Kəndi hayranın olur yurdum da, dünya da sənin».
Əsərin finalında albay İbrahim Qaraoğlanoğlu da şəhidlik zirvəsinə ucalır. Bu ağır itki, acı müəllifi, oxucunu, tamaşaçını sarsıtsa da, qələbəyə inamı zərrə qədər azaltmır. Albay ölüm anında da nikbindir, o, ölümü ilə də düşmənə meydan oxuyur və bu hiss, duyğu hər kəsə sirayət edir. Albay irəliyə, adaya doğru axına boylanaraq deyir:
Kıyıdan kıyıya durmaz bu axın,
Nə qədər yaxın, nə qədər yaxın .
Pyesin məzmunu, xarakterlər, cərəyan edən hadisələr müəllif ideyasını kifayət qədər əks etdirir. Türkiyə türklərinin sevə-sevə «Yavru Vətən» adlandırdıqları Kıbrısın yunanlardan xilası tarixinə, Kıbrıs türklərinin taleyinə həsr olunmuş pyesin başlıca ideyası vətənpərvərliyin və qəhrəmanlığın təlqin və təbliğidir. Müəllif və qəhrəmanları qaniçən düşmənə- körpə, qadın və yaşlıların qatillərinə nifrət etsə də, onlar barış, əmin-amanlıq, dinc birgəyaşayış tərəfdarıdırlar, müəllifin təbirincə desək, əsərdə «barış qayələri də ifadə edilmişdir». Albay İbrahim Qaraoğlanoğlu yüzbaşı ilə söhbət edərkən sülh tərəfdarı olduğunu, düşmənə də sülh təklif etməyin mümkünlüyünü dilə gətirir:
Əlbəttə, bu sözü dinlətəcəyiz,
Hətta barış şeiri söylətəcəyiz.
Savaşın səbəbi barış və kindir,
Bəzi savaşlar da barış içindir.
Pyesin ən maraqlı və təsirli məqamlarından biri daş, qaya parçaları arasındakı
meydanda qısa fasilə zamanı türk əsgər və zabitlərinin ana vətən Türkiyədən gələn məktub və qəzetləri oxuması səhnəsidir. Əsgər atasının, anasının, babasının, əmisinin, sevgilisinin yazdığı məktublar məhmətciyə və Vətənə məhəbbətin ən yüksək təcəssümü, dəyəridir. Əsgər və zabitlər növbə ilə məktubları oxuyur.
Ata öz sevimli oğlunu pətəkdəki bala bənzədərək onu oxşayır, əzizləyir və ona Kıbrısı xilas etməyi tapşırır:
Kovanımda bal, oğlum.
Telli sazı çal, oğlum.
Yavru vatanım, deyə,
Kıbrısımı al, oğlum.
Ana, qəlbində Kıbrısdan başqa bir dərdin, kədərin olmadığını oğluna məktubunda yazır və bildirir ki, Yavru Vətən üçün Qurban getməyə dəyər:
Şərbəti qoydum tasa,
Qəlbimdə yox bir tasa.
Hər kəsin qurbanı var,
Oğlum qurban Kıbrısa.
Əmi Kıbrıs hərəkatını bayram hesab edir, buna görə də görə çox sevinir və Kıbrısa salamlar söyləyir:
Kutlu olur bayramlar,
Suyum durulub, damlar.
Ana yurdumdan sana,
Kıbrısıma salamlar.
Məhmətciyin yolunu həsrətlə gözləyən sevgilisi əmindir ki, əsgər onun və Kıbrısın eşqi ilə yaşayır:
Konuşursun, coşarsın,
İrmaq olub, daşarsın.
Sən mənimlə və bir də,
Kıbrısımla yaşarsın.
Pyesdə mücahid obrazları da diqqəti çəkir və sevgi ilə işlənmişdir. Abay Dağlı kimi mücahidlər də doğma yurd-yuva acısı yaşayır, Vətənin azadlığı uğrunda mücadilə aparırlar. Onların düşüncəsi, davranışı, danışığı müəllifə tanış və doğmadır. Heç kimə-qadına, qocaya, uşağa aman verməyən yunan qatillər heç nə ilə nə bolşeviklərdən, nə də faşistlərdən fərqlənir. Onlar əliyalın, silahsız insanları hədəf alır, yeni-yeni qətliamlar törədirlər. Mücahidlər, minlərlə kıbrıslı türk kimi ana-atalarını itirmiş, evsiz-eşiksiz, yurdsuz- yuvasız qalmış, yetimxanalarda böyümüşlər. Bütün bunlar onları sarsıtsa da, bir gün Türkiyənin onlarını xilas edəcəklərinə inanır və ümidlərini üzmürdülər:
Dildə Ana sözümüz, Vatan sözümüz,
Hər gün üfüqlərdə qaldı gözümüz.
Coşan dalğalarla bir səs gəlirdi,
Bizlərə hər zaman ümid verirdi.
Pyesdə haqqı əlindən alınanı, öldürülən, öz isti ocağından didərgin salınanı xilas etməyə qalxan, bu yolda hər an qurban getməyə hazır olan albay, onun silahdaşları, bütün məhmətciklər, mücahidlər hansı məhəbbətlə təsvir və təqdim olunursa, insan qanına susamış, türk düşməni yunanlar eyni dərəcədə kin və nifrət hissi ilə qələmə alınmışlar. Onlar hiyləgər olduqları qədər də qorxaq, unutqan olduqları qədər də zalımdırlar. Yunan albay etiraf edir ki, ona ibtidai sinifdən türkün düşmən olduğunu, türkə aman verməməyi öyrətmişlər. Odur ki, onun gözünü qan, ağlını intiqam hissi tutmuşdur:
Hər şeyi əzəcək və keçəcəyiz,
Daima qan töküb, qan içəcəyiz .
Əsərin müsbət məziyyətləri ilə yanaşı, onun sənətkarlıq baxımından kamil olduğunu,
pyesi uğurlu hesab etmək üçün etibarlı ədəbi-bədii əsasların mövcudluğunu, xüsusən estetik, dramaturji cəhətdən yüksək tələblərə cavab verdiyini iddia etmək mümkün deyil. Lakin əsərin realist üslubu, zaman- tarix-məkan müəyyənliyi, konkret adlar və xarakterik obrazları onun oxunaqlı olmasını şərtləndirir və pyesin dəyərini artırır. «Albay» pyesi gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində əhəmiyyəti, milli-mənəvi dəyərlərə-ata-anaya, hörməti, sevgiyə sədaqəti təlqin, eyni zamanda cəhaləti, köhnə, zərərli adət- ənənələri tənqid etmək baxımından bu gün də aktualdır.
Mustafa Kamal Atatürkün gözəl bir deyimi var: Ədəbiyyatlar arasında olan bağımlılıq və ədəbi mücadilələr millətlərin taleyində əsgəri (hərbi) mücadilələr qədər əhəmiyyət daşıyır. Və ədəbi əsərlərin qazandığı zəfərin ömrü istiqlal zəfərinin ömrü qədər parlaq olur. Bu mənada, təhlilə cəlb etdiyimiz ədəbi örnəklərdən də görə bilirik ki, qardaş xalqlarımız arasında mənəvi bağımlılıq mədəni müstəviyə də təkan vermiş, ədəbiyyatlarımız arasında ta o zamandan pöhrələyən ilişkilər günümüzdə mütərəqqi şəkil alaraq daha da dərinləşmiş və Uca Türk millətinin milli məfkurə qaynağına çevrilmişdir.
Qaynaqlar:
1. Abdullah Aslantürk. Kıbrıs Türkün Gözüdür (Şiir) . 1957,s.18.
2. Abdulvahap Yurtsever. Şanlı Kıbrıs Zaferimiz . 1974, s.14
3. Kıbrıs Zaferi Münasebetiyle Ecevit, Sancar ve Erbakan’ı Kutladık. 1974, s.4.
4. Ahmet Karaca. Azerbaycan’dan Hatay ve Kıbrıs’a. 1974, s.21.
5. Abdulahap Yurtsever. Kıbrıs Türk Federe Cumhuriyeti. 1975, s.3.
6. Kıbrıs Federe Türk Devletinin Kurulması Türklük aleminde Sevinç Yarattı. 1975, s.213. və s.25.
7. Sovyetler Birliği ve Kıbrıs Davamız. 1975, s.63
8. Kuzey Kıbrıs Türk Cumhuriyeti’ni Kutluyoruz 1983,s.246 və s.4.
9.Kıbrıs Türklüğünün Zaferi (Haberler). 1985, s.7.
10.Kuzey Kıbrıs Türk Cumhuriyeti Cumhurbaşkanı Rauf Denktaşın Teşekkür Mesajı. 1990, s.272, s.11.
11. Ahmet C. Gazioğlu. Kıbrıs Türk Toplumunun Uzlaşma, Barış ve Özgürlük Anlayışı. 1995, s.15
13. Hikmet Bila. Kıbrıs, Kerkük. 2005, s.14.
14. Rauf Öznuh- Onur Çətinər.Kerkük, Karabağ, Kıbrıs. 2007, s.34.
Dr. Cavanşir Feyziyev
KKTC Parlamentlərarası Dostluq Qrupu Başqanı.
Tarixi, milli, mədəni-mənəvi Milli Məclisin deputatı,
Baxış sayı: 90