FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Heyrətamiz bir aləm - Hüseyn Cavid sənəti
25-10-2018, 08:30 | MƏDƏNİYYƏT
Heyrətamiz bir aləm - Hüseyn Cavid sənəti

Mütəfəkkir sənətkarın istər poeziyası, istərsə də dramaturgiyası heyrətamiz bir aləmdir. Bu ziddiyyətlərlə dolu, münaqişəli, mübarizəli və heyrətamiz aləmin şah əsəri gözəllik və sevgidir. Yaradıcılıq kredosunu "Bənim tanrım gözəllikdir, sevgidir" - şəklində ortaya qoyan sənətkar nə yazıbsa, gözəllik və sevgiyə tapınaraq yazıb. Onun gözəllik və sevgiyə tapınmağı həqiqət axtarışlarından başlayır. Bu səbəbdən Cavid əfəndi düşünən və düşündürən sənətkardır və onu anlamaq üçün yalnız "gözəlliyi axtara-axtara və gözəlliyə salınan işığın izi ilə axıra qədər başa düşmək olar. Gözələ "məna gözü ilə baxan" şairin yaradıcılığında da sevgi və gözəllik Tanrı səviyyəsindədir. Gözəlliyə aşiq, sevən insanın yolu özünüdərkdən keçir, kamilləşir, Allahlaşır. Əgər dünyanı bir sərgi salonuna bənzətsək, o sərginin şah əsəri gözəllikdir. Onu seyr etmək azdır, onu görmək, onu sevmək lazımdır.

Eşq gözəlliklə vəhdətdə daha kamildir, çünki gözəllik həqiqətdir və küllün (Allahın) bir zərrəsi kifayətdir ki, onu özündə daşıyan insan (cüz) sevilməyi haqq etsin. Füzuli "Rindü Zahid" əsərində Rindin dili ilə gözəlliyi belə xarakterizə edir: "Gözəllik Allah simasının aynasıdır, Allah axtaranların məqsədə çatmaları üçün yol göstərəndir. Camal Allah nurunun məzhəridir, əbədi feyzin mənşəyidir. O, hər yerdə həqiqi gözəllik mənşəyi olur. Zənn etmə ki, gözəllik su və palçıqdan ibarətdir. Bəlkə gözəllik bir həqiqətdir ki, gözəl üzdə də aşikara çıxıbdır. Camal sahibi bir oyuncaqdır ki, camal göstərir". Cavid əfəndidə filosofluqla, sufilik, sufiliklə şairlik vəhdətdədir.

"Şair zirvəni poetik vüsətin qüdrəti ilə fəth edir və təbii ki, özünü məhz sənətlə, musiqi və ya şeirlə ifadə edir (şairin filosofluğu). Filosof kəşflə qalxdığı məqamı təfəkkürün, məntiqi idrakın dili ilə, terminlərlə ifadə etməyə çalışır - bilik əldə edir - anlayır, dərk edir. Sufi harada isə şairlə filosofun arasında qərar tutur. Sufi-şair ruh aləminin yolçusudur. Və bu yolda rast gəldiklərini ifadə etmək üçün gah şeirin, sənətin, gah da fəlsəfənin xidmətindən istifadə edir. İlham, vəcd sənətkara Haqqı bilavasitə görmək, eşitmək, duymaq imkanı verir. Bu, sözü qanadlandıran və söz dünyasının böyük imkanlarını üzə çıxaran bir imkandır. Sufi ilham, vəcd, kəşf qanadlarında mərtəbə-mərtəbə yüksəlir, Haqla özü arasındakı pərdələri bir-bir qaldıraraq Haqqa qovuşmağa çalışır".

Mahiyyət müstəvisində Cavid əfəndi Cübranla, İbn Ərəbi ilə, Avropa şairlərindən Hölderlin və Kitslə çox yaxındır. Adları çəkilən şairlərin də səcdəgahı gözəllikdir: "Mənim Tanrım gözəllikdir, sevgidir" (Cavid), "Gözəlliyin hüdudlarından kənarda nə din var, nə elm" (Cübran), "Sevginin səbəbi gözəllikdir. ...Zira gözəllik təbiətcə sevilən şeydir" (İbn Ərəbi), "din - gözəlliyə sevgidir" (F.Hölderlin), "Gözəllik doğruluqdur, doğruluq isə gözəllik, hamısı bu" (Kits).

Cavid əfəndinin bütün yaradıcılığı boyu inadla təbliğ etdiyi Gözəllik və Sevgi ideyasının əsasında Gözəlliyin yaratdığı sevgi dayanırdı. Çünki sevgi insanı kamilləşdirir. Əslində, insanları kamil görmək istəyən ədibin inadla təbliğ etdiyi məhəbbət ideyası kamilliyin açarıdır. O, insanları sevgi və gözəllik işığında saflaşmağa, kamilləşməyə, özünüdərkə-həqiqətə çağırırdı. Məsələn, "Şeyx Sənan"da Şeyx Sənanın kamilləşməsi Xumara olan eşqindən keçir, Şeyx Xumarın eşqiylə həqiqətə çatır. Onların "mənəvi qələbə"si, "mütləq həqiqətin dərki" və "təntənəsi" idi. Bu yüksəliş həm Həqiqətə - Allaha çatmaq, Allahda var olmaq, həm də Allahda yox olmaqdı. Bu səbəbdən, "Mənim Tanrım gözəllikdir, sevgidir", - deyə yaradıcılıq kredosunu bəyan edən şair sevərək özünüdərkə - Haqqa-Həqiqətə yaxınlaşmağı, "sevərək Allahlaşmağı" seçdi. Bununla da "hüsni-xuda", "səma şairi" "yer həqiqətlərindən çox-çox yüksəkdə dayandı, çünki göylər şairində "hüsni-xuda"ya, "səma"ya bağlılıq yerə bağlılıqdan daha güclü idi". Cavid əfəndi, "xuda"nın ona bəxş etdiklərindən xəbərdar idi. Xəbərdar idi ki, hələ 27 yaşında ikən (1909) özünə "Cavid" təxəllüsünü götürmüş, bununla da adının və sənətinin əbədi qalacağına inamını ifadə etmişdi. Özünün kimliyini, əbədiliyini hələ 27 yaşında ikən dərk etmiş şair, kiçik yaşlarından "Gülçün" təxəllüsü ilə şeirlər yazmış, 14 yaşlarında "yol"a qədəm qoyaraq "Salik", 27-yaşında isə "Cavidləşmişdi". Yəni Cavid əfəndi şəriətdən keçərək təriqətə, təriqətdən keçərək mərifətə, mərifətdən keçərək Həqiqətə yol almışdır.

Onun Şərqin böyük elmi, fəlsəfi, dini yaddaşı hopmuş yaradıcılığı bu aspektdən mükəmməldir. Cavid əfəndiyə başqa bir aspektdən yanaşan Sovet tənqidçiləri, məsələn, H.Zeynallı yazırdı: "Cavid bir "Şeyx Sənan" yazar, bir "Peyğəmbər" yaratmağa qeyrət edər, bəlkə də şimdi bir Çingiz, yarın bir İsgəndər, ertəsi gün də bir Lenin diriltməyə can atacaqdır". Tənqidçilər belə düşünürdülər, lakin böyük bir fəhmlə özünün ədəbiyyatda əbədiliyini idrak edən Cavid əfəndi nədən yazdığını və necə yazdığını bilirdi: "Nədən yazmağın məsuliyyətini həmişə yadda saxlamaq lazımdır ki, beşgünlük olmasın. Yazının tərzi vaxtı ötəndən sonra köhnə görünə bilər. Bu, qorxulu deyil. Qorxulusu odur ki, mövzuların günün hay-küyü ilə bağlı olsun və hay-küy yatan kimi də unudulsun. Məsələn, baxın, indi Çan-Kay Şidən yazırlar, şer də həsr eləyirlər ona. Ancaq görərsiniz, çox keçməyək ki, o yazıların çap olduğu qəzet-jurnalın vərəqləri yalnız əl silməyə yarayacaqdır".

Üzərindən uzun bir müddət keçsə də, ədibin böyük bir uzaqgörənliklə söylədiyi sözlər bu gün öz təsdiqini tapır. Cavid əfəndinin "müasirliyi qədimilik" "qədimiliyi müasirlik" yaradan əsərləri oxucuları sehrləyir. Çünki Cavid əfəndi dönəm üçün yazmır, yaratdıqları ilə sənətə - böyük ədəbiyyata xidmət edirdi. Təbii ki, şair yazdıqları ilə sovetləri razı sala bilməzdi. Cavid əfəndi üçün sovet ideologiyası, sovetlər üçün Cavid əfəndi yad idi. Məddahlıq etməyi bacarmayan Cavid əfəndinin yaradıcılığında nə kommunist partiyasına, nə Leninə, nə Stalinə, tarlaya, pambığa, İliç lampalarına həsr edilmiş bir misraya rast gəlinir, yəni tənqidçilərinin dediyi kimi, şairin yaradıcılığı yaşadığı dövrü - "əks etdirmir", çünki "yaşadığı dövrü əks etdirmək" ideologiyanı qəbul etməkdən, məddahlıqdan, təbliğdən keçirdi. Yenidən qurulanlar, ideologiyaya qulluq göstərənlər Cavid əfəndinin ayaq dirəməsini həzm edə bilməyənlər, şairin "qələmdaşları" yerlərini daha da möhkəmlətmək, özlərini qorumaq üçün "hər əlinə bir daş almışdı.

Özümüzdən özümüzə sərt, kəskin hücum başlamışdı. Hücumçular da: M.Quliyev, M.Hüseyn, Ə.Nazim, S.Şamilov, M.K.Ələkbərli, H.Nəzərli, Ə.Sadıq və b., hücuma məruz qalanlar da özümüzünkülər, sevdiklərimiz - Ə.Cavadımız, M.Müşfiqimiz, Y.V.Çəmənzəminlimiz, H.Cavidimiz və b. idi. Bu hücum mətbuat səhifələrində yer alan tənqiddə, ədəbi məhkəmələrdə, Azərbaycan Sovet Yazıçıları İttifaqının Plenumunda (1937 martın 28) daha da kəskinləşmiş, Cavid əfəndi 1937-ci il 4 iyun gecəsi həbs edilmiş, iki il Bayıl həbsxanasında saxlandıqdan sonra Sibirə sürgün edilmişdi. "Vətən xaini" çıxarılan Cavidin adını 20 illlik zaman kəsimində çəkməyə kimsə cəsarət etməmişdi. Türkçü, turançı şairin heç zaman vətən hesab etmədiyi "Qırmızı imperiya"ya xain çıxması özünə vətən saydığı Turana sədaqət idi. Təəssüf ki, "Vətən, vətən deyərək hər diyarə səs salan", "dilindən məqali-vətən"i düşürməyən şairi vətənində nə yaşamağa, nə ölməyə qoydular. O, vətəndən uzaqlarda, Sibirdə gözlərini əbədiyyətə yumdu. "Ədalət istərəm, yalnız ədalət" - deyən şairə nə dövran, nə rejm, nə də qələmdaşları ədalətli olmuşdu. Ədəbiyyatımızın "sal" daşına daş atanların əlinə daş verənlər də, daş atanlar özümüzünkülər idi. Daş atmaq, daşlamaq xəstəliyi dinindən, irqindən asılı olmayaraq insan oğlunun şakəridir. Peyğəmbərə (s.) daş atan da insan deyilmi? Bəşəriyyəti hürr, səadət və rifah, sülh içində görmək istəyən Cavid əfəndi də rejm və insanlar tərəfindən daşlanırdı. Şairin daşlanması gözəlliyin, sevginin, insanlığın, mənəviyyatın, tarixin, sənətin daşlanması idi.

Şükürlər olsun ki, Cavid əfəndi özünə "bənzərsiz" yaradıcılığı ilə elə möhtəşəm bir saray - qala ucaldıb ki, atılan daşlar bu qalanı dağıda bilməyib. 1937-ci il repressiyasında pantürkist-millətçi kimi Uzaq Sibirə sürgün edilən Cavid əfəndiyə ikinci saray - Hüseyn Cavid məqbərəsi isə, şairin cənazəsini vətənə gətirən Ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılıb. Hər zaman ədalətin var olduğuna və qələbəsinə inanan şairin Vətənə möhtəşəm qayıdışı ədalətin var olması idi.

Aydındır ki, sənətkarların ömür yolu yaratdığı əsərlərin ömrü ilə ölçülür. Bu meyardan yanaşdıqda görürük ki, Cavid əfəndi yaratdıqları ilə əbədiyyən yaşamaq haqqı qazanıb. Bu, sənətkar xoşbəxtliyidir. Onun haqqında çox deyilib, çox yazılıb. Şair tərifi də sağlığında eşidib, xoş və boz tənqidi də. Keçən əsrin əvvəllərində mətbuatda onun yaradıcılığı haqqında ötkəm, keçərli fikirlər də deyilib, qəlb bulandıran sözlər də yer alıb. Türkçü, turançı olduğu üçün Sibirə sürgün edilən Cavid əfəndiyə sonralar "sovet mundiri" geydirənlər olsa da, amma "sovet mundiri" Cavid əfəndinin əyninə gəlməyib. Ədəbiyyatda "bambaşqa bir cihan" yaradan mütəfəkkir şair, Azərbaycanın "bənzərsiz" sənətkarı olmaqla yanaşı, həm də örnək ola biləcək ərdəmli, əqidəli şəxsiyyətlərindəndir.

Özünəməxsus sənət yolu olan ədibin yaradıcılığı gələcək nəsillərə nümunə, tərbiyə məktəbi oldu. Cavid əfəndinin yaradıcılığı uzun illərdir, müqəddəs kitabımızda bizlərə buyrulduğu kimi, "həm yol, həm yolçu olan insana özünü tanımaqda", "məziyyətlərini, üstünlüklərini, alışqanlıqlarını, məsuliyyətlərini, hüquqlarını..." öyrətməkdə, bir sözlə, "yolu tanımaq istəyən yolçuya" özünüdərkdə bələdçilik etməkdədir. Şairin böyük idealları və yüksək sənət keyfiyyətləri ilə əbədilik qazanmış yaradıcılığı dünən olduğu kimi, bu gün də aktual və təravətlidir, sabah da aktual və təravətli olacaq, çünki filosof şairin sənəti məkana sığmadığı kimi, zamana da sığmır.

Lütviyyə ƏSGƏRZADƏ

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent




Baxış sayı: 1 820
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031