FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
19-01-2018, 09:30 | MƏDƏNİYYƏT
“Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində “İrs” seriyasının yeni nəşri olan “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub. Azərbaycanın dilbər guşəsi Qarabağın faciəli taleyinə həsr edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr edilib.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Vətən torpaqları uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın əhəmiyyətindən danışıb. Nazir deyib ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində belə bir nəşrin təqdimatının keçirilməsi xüsusi önəm kəsb edir. Çünki burada Qarabağın tarixindən, qarabağlıların mərdliyindən, keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığından, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur.

Nazir bildirib ki, nəşrdə toplanan tarixi faktlar və arxeoloqların tapıntıları təsdiq edir ki, Qarabağ, həqiqətən, bəşəriyyətin ilk yurdlarından biri hesab edilə bilər. Ulu öndər Heydər Əliyevin “Şuşa təkcə şuşalılar üçün yox, vətənimizi sevən hər bir azərbaycanlı üçün əziz torpaqdır”, Prezident İlham Əliyevin “milli mənəvi dəyərlərimiz bizim üçün üstündür” sözlərini xatırladan nazir deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər də təqdirəlayiqdir.

Diqqətə çatdırılıb ki, bu gün işğal edilən torpaqlarımızda ermənilər mədəni, dini abidələrimizi məhv edərək, mənəvi oğurluqla məşğuldurlar: “Ermənistanın təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal edilib. İşğal nəticəsində 23 muzeyimizə məxsus 86 min 307 eksponat, 4 rəsm qalereyasına məxsus 371 rəsm əsəri, 13 arxivə məxsus 260 min sənəd, 4 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 85 uşaq musiqi məktəbi, 4 teatr, 2 konsert müəssisəsi talan edilərək dağıdılıb. İşğal olunmuş ərazilərdə Azərbaycanın çoxəsrlik tarixinin bütün mərhələlərini əks etdirən dövlət qeydiyyatına alınmış 698 tarix-mədəniyyət abidəsi ilə yanaşı, minlərlə qeydiyyata düşməyən tarix-mədəniyyət abidəsi düşmən tapdağı altındadır. Bütün bunlar isə bəşəriyyətə qarşı cinayətdir”.

Kitabın məziyyətlərindən danışan nazir söyləyib ki, yeni nəşr “Azıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “Nə unutmaq, nə də bağışlamaq” fəsillərindən, proloq və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla mükəmməl əhatə olunub. Məsələn, “Azıx mağarası” fəsli oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır: “Məmmədəli Hüseynovun topladığı zəngin material onun bu regionda insanın əmək fəaliyyətinə 2 milyon il öncə başlaması ilə bağlı cəsarətli fərziyyə irəli sürməsinə imkan verdi. Gürcü arxeoloqların daha sonrakı tapıntıları azərbaycanlı alimin ehtimalını doğrultdu.

Oxucular bu nəşrdə, həmçinin XV-XVIII əsrlərdə Azərbaycanda müxtəlif müharibələr zamanı Qarabağın mövqeyi (“Müharibələrarası dövr” fəsli), Qarabağ xanlığının əsasının qoyulması, burada dövlətçilik istiqamətində görülən işlər (“Pənahəli xan Qarabağlı”), Ağa Məhəmməd şah Qacarın hücumu və Şuşanın müdafiəsi (“Yenilməz Şuşa”), XIX əsrin mürəkkəb siyasi prosesləri, Rusiya imperiyasının tərkibinə ilhaq olunduqdan sonra Qarabağın vəziyyəti, ermənilərin buraya köçürülməsi, Rusiya imperiyasının “Parçala və hökm sür!” siyasəti (“Çətin seçim”) haqqında tarixi materiallarla da tanış ola bilərlər. “Əcdadların torpağı uğrunda” fəslində isə XX əsrdə Qarabağın ictimai-siyasi, mədəni mühiti və sosial həyatı əks olunub. XX əsrin 80-ci illərinin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində yaşanan dəhşətli faciələr, işğal altında qalan ərazilərimizdəki abidələrin məhv edilməsi (“Nə unutmaq, nə də bağışlamaq” fəsli) haqqında məlumatlar verilib. Layihənin rəhbəri, baş redaktor Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri namizədi Səbuhi Əhmədovdur. Xüsusi dizayn və zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan rus və ingilis dillərində təqdim edilir. Nazir deyib ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası” kitabları nəşr olunub.

Layihənin rəhbəri, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı Qarabağı xaricdə təbliğ etmək üçün fərqli yanaşmaya üz tutduqlarını bildirib. Qeyd edib ki, əsas məqsəd Qarabağın bizim üçün niyə bu qədər əziz olduğunu, onun uğrunda niyə qan töküldüyünü dünya ictimaiyyətinə çatdırmaqdır. Musa Mərcanlı deyib ki, dörd il müddətində hazırlanan kitabda Qarabağın tarixi keçmişini əks etdirən fotoşəkillərlə yanaşı, müasir görünüşünü əks etdirən fotolara da yer ayrılıb. Yüksək poliqrafiya mədəniyyətinə, nəfis tərtibata malik nəşrdəki mətnlər çoxsaylı fotolar və şəkillərlə müşayiət olunur. 2015-2016-cı illərə aid fotoşəkillər “CAVIAR-PRESS” agentliyi tərəfindən təqdim edilib. Tarixi fotoşəkillər “İRS” jurnalının arxivindəndir. Bütün bunlar yeni nəslə Qarabağ haqqında əsl həqiqətləri çatdırmağa imkan verir. “Kitabda Qarabağın yeni görünüşlərinin yer almasında xarici fotomüxbirlərin də əməyi var. Deyərdim ki, bu kitab bütövlükdə Azərbaycan mediasının qələbəsidir. Biz müəyyən mənada istəyimizə çatmışıq. Azərbaycan, rus və ingilis dilində hazırlanan nəşr bütün dünyaya bir daha Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olacağını sübut edəcək. Kitab sonda çox böyük nikbinliklə - xalqımızın qələbə əzmi ilə yekunlaşır. Bu yöndə işlərimizi məmnuniyyətlə davam etdirəcəyik”, - deyə M.Mərcanlı söyləyib.

“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Qarabağ həqiqətlərinin dünyaya təqdim edilməsinin hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb. Bildirib ki, kitabda tarixi faktlar düzgün ardıcıllıqla yer alıb, keyfiyyətli fotolar təqdim edilib. Onun sözlərinə görə, bu layihə ermənilərlə informasiya müharibəsində əldə etdiyimiz bir qələbədir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Qarabağ haqqında hər bir əsərin yüksək səviyyədə olmasının vacibliyini söyləyib. Deyib ki, təqdimatı keçirilən kitab nəfis şəkildə çap edilib. Münaqişənin başladığı ilk illərdə Şuşaya səfərini və ermənilərin torpaqlarımıza iddiası ilə bağlı qarabağlıların fikirlərini xatırlayan Fərhad Bədəlbəyli heç bir erməninin muğamı, “Qarabağ” şikəstəsini azərbaycanlı kimi oxuya bilməyəcəyini də vurğulayıb. Bildirib ki, bu, Qarabağın kimə məxsusluğunu təsdiq edən faktlardan biridir. Tədbir konsert proqramı ilə davam edib. Sonda tanınmış və gənc muğam ifaçıları “Qarabağ” şikəstəsini səsləndiriblər.




Baxış sayı: 1 772
Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb Bu gün, 09:30 Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb Bu gün, 08:00 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb 26-09-2026, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır 26-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930