Nigar Bayramova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant
29 oktyabr Türkiyə Cümhuriyyətinin tarixində müstəsna əhəmiyyətə malik olan, milli dövlətçilik, müstəqillik və müasir inkişaf ideyalarını özündə birləşdirən əlamətdar gündür. 1923-cü il oktyabrın 29-da Türkiyə Respublikasının elan edilməsi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə həyata keçirilən tarixi dəyişikliklərin mühüm mərhələsi olmuşdur. Həmin gündən etibarən 29 oktyabr Türkiyədə Cümhuriyyət Bayramı kimi qeyd edilir. Bu bayram yalnız siyasi tarix baxımından deyil, həm də milli kimliyin, mədəni dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılması nöqteyi-nəzərindən böyük məna daşıyır.
Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi, dil, musiqi və mənəvi yaxınlıq ortaq mədəni dəyərlərin qorunmasını iki ölkə arasında münasibətlərin mühüm istiqamətlərindən birinə çevirir. Hər iki xalqın folklorunda, xalq musiqisində, rəqs ənənələrində, mərasimlərində və ailə-məişət mədəniyyətində müşahidə olunan oxşarlıqlar ortaq türk mədəni irsinin zənginliyini nümayiş etdirir. Bununla yanaşı, hər bir bölgənin özünəməxsus tarixi inkişafı onun mədəniyyətində fərqli xüsusiyyətlərin formalaşmasına səbəb olmuşdur.
Bu baxımdan Türkiyənin Trakya bölgəsində apardığım mədəni görüşlər, yerli folklor nümayəndələri ilə söhbətlərim və tarixi-mədəni məkanlarla tanışlığım Azərbaycan–Türkiyə mədəni əlaqələrinin öyrənilməsi baxımından əhəmiyyətli təcrübə olmuşdur. İstanbulun Silivri rayonunda və Tekirdağ şəhərində keçirdiyim görüşlər zamanı xalq oyunları, ənənəvi musiqi, toy mərasimləri, milli mətbəx və tarixi irsin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Silivridə Trakya folkloru və ənənəvi mədəniyyətə dair görüşlər
Silivri İstanbulun tarixi və mədəni xüsusiyyətləri ilə seçilən yaşayış məkanlarından biridir. Burada şəhər həyatının müasir xüsusiyyətləri ilə yanaşı, Trakya bölgəsinə məxsus ənənələrin, folklor nümunələrinin və xalq sənətinin yaşadılması da diqqət çəkir.
Bölgənin mədəni həyatını yaxından tanımaq məqsədilə Silivri Sanat Platformunun başqanı Abdullah Mutlu və Silivri Halk Dansları Topluluğunun başqanı Özcan Sütlüoğlu ilə görüşlər keçirdim. Görüşlər zamanı Trakya mədəniyyətinin tarixi inkişafı, xalq oyunlarının xüsusiyyətləri, folklorun gündəlik həyatla əlaqəsi və ənənələrin gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olundu. Xüsusilə xalq oyunlarının yalnız səhnə sənəti nümunəsi deyil, həm də kollektiv yaddaşı, həyat tərzini və mənəvi dəyərləri əks etdirən mədəni irs nümunəsi olduğu vurğulandı. Xalq rəqsləri hər bir xalqın həyat fəlsəfəsini, dünyagörüşünü, sevincini, birliyini və ictimai münasibətlərini ifadə edən mühüm sənət sahəsidir. Azərbaycan xalq rəqslərində olduğu kimi, Trakya rəqslərində də kollektiv ifa, ritmik hərəkətlər, musiqi ilə bədən plastikasının vəhdəti xüsusi yer tutur. Bununla belə, melodik quruluş, ritmik xüsusiyyətlər, rəqs hərəkətləri və ifa ənənələri hər iki xalqın regional mədəni fərqlərini də üzə çıxarır.
Görüşlərin yaddaqalan məqamlarından biri Özcan Sütlüoğlunun rəhbərlik etdiyi xalq oyunları kollektivinin çıxışı oldu. Kollektivin üzvləri Trakyaya məxsus xalq oyunlarını nümayiş etdirdilər. Təqdim olunan rəqslər arasında görüş zamanı adları çəkilən Kasavuna, Arzu ilə Kərəm, Fından İspan yolu, Kasabı və Peresayna kimi nümunələr də yer alırdı. Bu rəqslərin ifası Trakya bölgəsinin zəngin rəqs ənənələri, musiqi və hərəkətlərin qarşılıqlı əlaqəsi haqqında təsəvvürlərimi daha da genişləndirdi. Belə təqdimatlar folklorun canlı şəkildə öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki xalq oyunlarının yalnız yazılı mənbələr və arxiv materialları əsasında araşdırılması onların bütün xüsusiyyətlərini üzə çıxarmaq üçün kifayət etmir. İfaçıların hərəkətləri, musiqi müşayiəti, kollektivin ifa üslubu və ənənənin ötürülmə forması folklorun mahiyyətini daha dərindən anlamağa imkan verir. Musiqişünaslıq baxımından xalq rəqslərinin araşdırılması zamanı melodiyanın ritmik quruluşu, ölçü xüsusiyyətləri, ifa tempi, müşayiət alətləri və rəqs hərəkətləri arasındakı münasibətlərin öyrənilməsi vacibdir. Bu xüsusiyyətlərin Azərbaycan və Trakya folklor nümunələri əsasında müqayisəli təhlili gələcək tədqiqatlar üçün də geniş imkanlar yaradır.
Tarixi yaddaş və mədəni irsin qorunması
Silivridəki görüşlərim çərçivəsində Silivri Tarih Kültür ve Mirası Koruma Eğitim ve Araştırma Derneğinin başqanı Burak Mumcu ilə də görüşdüm. Söhbət zamanı Silivrinin tarixi inkişafı, Bizans və Osmanlı dövrlərindən müasir günümüzə qədər gəlib çatan mədəni irs nümunələri, tarixi tikililər və ənənələrin qorunmasının əhəmiyyəti haqqında ətraflı fikir mübadiləsi apardıq. Tarixi abidələr, memarlıq nümunələri, yerli adət-ənənələr və şifahi xalq yaradıcılığı hər bir cəmiyyətin kollektiv yaddaşını formalaşdıran əsas amillərdəndir. Tarixi irsin qorunması yalnız qədim tikililərin saxlanılması ilə məhdudlaşmır. Buraya xalqın həyat tərzinin, mərasimlərinin, musiqisinin, rəqslərinin, sənətkarlıq nümunələrinin və şifahi ənənələrinin gələcək nəsillərə çatdırılması da daxildir. Bu baxımdan Silivridəki mədəni görüşlər göstərdi ki, tarixi irsin qorunması sahəsində yerli təşkilatların, tədqiqatçıların, sənət adamlarının və ictimaiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Mədəni irsə münasibət keçmişin sadəcə xatırlanması deyil, onun elmi əsaslarla öyrənilməsi və müasir həyatla əlaqələndirilməsi deməkdir. Azərbaycanın da zəngin tarixi-mədəni irsi mövcuddur. Qədim yaşayış məskənləri, memarlıq abidələri, aşıq sənəti, muğam, xalq mahnıları, mərasim folkloru və ənənəvi sənətkarlıq nümunələri milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Türkiyə ilə bu sahədə təcrübə mübadiləsi aparılması, ortaq layihələrin həyata keçirilməsi və elmi tədqiqatların genişləndirilməsi hər iki xalqın mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına töhfə verə bilər.
Trakya mətbəxi və ailə-məişət ənənələri
Mədəniyyət yalnız musiqi, rəqs və tarixi abidələrdən ibarət deyil. Milli mətbəx də xalqın həyat tərzini, məişət münasibətlərini, qonaqpərvərlik ənənələrini və tarixi təcrübəsini əks etdirən mühüm mədəni göstəricidir. Silivridə Zerin Otman və Bekir Otmanın ev sahibliyi ilə tanış olduğum “Sarı Ev Zerin Mutfağı” ənənəvi Trakya mətbəxinin yaşadılması baxımından diqqətimi cəlb etdi. Burada bölgəyə məxsus yeməklərin ənənəvi üsullarla hazırlanmasına xüsusi əhəmiyyət verilir. Düyün şorbası başda olmaqla müxtəlif yerli yeməklərin hazırlanması Trakya mətbəxinin zənginliyini və ailə ənənələrinin davamlılığını nümayiş etdirir. Ənənəvi yeməklərin hazırlanması nəsildən-nəslə ötürülən bilik və təcrübənin qorunması deməkdir. Yeməklərin reseptləri, istifadə olunan ərzaqlar, hazırlanma qaydaları və süfrə mədəniyyəti xalqın gündəlik həyat tarixini əks etdirir. Toy mərasimləri, bayramlar və ailə toplantıları zamanı hazırlanan yeməklər isə ictimai münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan və Türkiyə mətbəxləri arasında da çoxsaylı oxşarlıqlar mövcuddur.
Şorba növləri, xəmir xörəkləri, ət yeməkləri, plov ənənələri, şirniyyatlar və qonaq süfrəsi ilə bağlı qaydalar ortaq mədəni yaxınlığın ifadəsidir. Bununla yanaşı, hər iki ölkənin ayrı-ayrı bölgələrində yerli məhsulların, iqlim şəraitinin və tarixi inkişafın təsiri ilə formalaşmış özünəməxsus yemək ənənələri mövcuddur. “Sarı Ev Zerin Mutfağı”nda müşahidə etdiyim ənənəvi yemək hazırlığı folklorun məişət mədəniyyəti ilə əlaqəsini bir daha göstərdi. Bu cür məkanlar yalnız qastronomik maraq doğurmur, həm də yerli mədəniyyətin yaşadıldığı, ənənələrin gündəlik həyat vasitəsilə qorunduğu mühitlər kimi əhəmiyyət daşıyır.
Tekirdağda Namık Kemal irsi və Cümhuriyyət düşüncəsi
Mədəni səfərimin növbəti istiqaməti Tekirdağ şəhəri oldu. Burada Namık Kemal Muzeyində Namık Kemal Muzeyinin və Namık Kemal Dərnəyinin başqanı Sezai bəylə görüşdüm. Görüş zamanı Tekirdağın tarixi və mədəni inkişafı, Namık Kemal irsi, milli düşüncə ənənələri və Türkiyə Cümhuriyyətinin ideya əsasları haqqında söhbət apardıq. Namık Kemal Osmanlı dövrünün tanınmış şairi, yazıçısı və fikir adamı kimi azadlıq, vətən, millət və ictimai məsuliyyət mövzularına həsr etdiyi əsərləri ilə türk ədəbi və ictimai fikir tarixində mühüm yer tutur. Onun yaradıcılığında vətən sevgisi və cəmiyyətin inkişafı ilə bağlı düşüncələr xüsusi əhəmiyyət daşıyır. Bu ideyalar Türkiyədə milli şüurun formalaşması tarixini öyrənmək baxımından da maraq doğurur.
Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyətinin yaradılması müasir türk dövlətçiliyinin formalaşmasında yeni mərhələ olmuşdur. Namık Kemalın fikir irsi ilə Cümhuriyyət dövrünün milli dövlətçilik düşüncəsi arasında vətən, azadlıq və ictimai tərəqqi kimi mövzular baxımından müəyyən ideya yaxınlıqları müşahidə edilir. Bununla belə, bu əlaqəni tarixi dövrlərin xüsusiyyətlərini nəzərə alaraq qiymətləndirmək lazımdır. Namık Kemal Muzeyində keçirilən görüş mənim üçün yalnız tarixi şəxsiyyətin irsi ilə tanışlıq deyil, həm də ədəbiyyat, tarix və milli mədəniyyət arasındakı qarşılıqlı əlaqələri düşünmək baxımından əhəmiyyətli oldu.
Tarixi şəxsiyyətlərin irsinin qorunması, muzeylərin fəaliyyəti və mədəniyyətin ictimaiyyətə çatdırılması milli yaddaşın yaşadılmasına xidmət edir. Tekirdağ və Silivri kimi şəhərlərin mədəni mühitini öyrənmək Azərbaycan tədqiqatçıları üçün də faydalıdır. Belə səfərlər yerli ənənələrin müqayisəli şəkildə araşdırılmasına, mədəniyyətin qorunması metodlarının öyrənilməsinə və iki ölkə arasında yeni elmi-mədəni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yaradır.
Azərbaycan və Türkiyə folklorunun ortaq xüsusiyyətləri
Azərbaycan və Türkiyə folklorunun müqayisəli araşdırılması ortaq türk mədəniyyətinin tarixi köklərini və regional xüsusiyyətlərini üzə çıxarmaq baxımından mühüm elmi istiqamətdir. Hər iki xalqın folklorunda toy mərasimləri, xınayaxdı, bayram adətləri, xalq mahnıları, rəqslər, laylalar, mərasim nəğmələri və şifahi xalq ədəbiyyatı geniş yer tutur.
Toy və xınayaxdı mərasimləri bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Həmin mərasimlərdə musiqi, rəqs, geyim, mərasim nitqləri və ənənəvi yeməklər vahid mədəni sistemin tərkib hissələri kimi çıxış edir. Azərbaycan və Türkiyə nümunələri arasında oxşarlıqlar olsa da, onların hər birində yerli tarixi təcrübədən qaynaqlanan fərqli xüsusiyyətlər mövcuddur. Musiqi folklorun ən mühüm ifadə vasitələrindən biridir. Azərbaycan musiqi mədəniyyətində muğam, aşıq sənəti, yallı və müxtəlif xalq rəqsləri xüsusi yer tutur. Türkiyədə isə bölgələr üzrə fərqlənən xalq musiqisi və rəqs ənənələri zəngin repertuarla seçilir. Trakya rəqsləri bu regional müxtəlifliyin maraqlı nümunələrindəndir. Müqayisəli musiqişünaslıq baxımından Azərbaycan və Trakya xalq rəqslərinin melodik quruluşu, ritmik xüsusiyyətləri, ifa tərzi və müşayiət alətləri əsasında araşdırılması əhəmiyyətlidir. Bu cür tədqiqatlar oxşarlıqları müəyyənləşdirməklə yanaşı, hər bir bölgənin fərdi musiqi dilini də aydınlaşdırmağa imkan verir. Folklor nümunələrinin qorunması üçün onların toplanması, səs və video yazılarının aparılması, ifaçıların xatirələrinin qeydə alınması, elmi təsnifatının hazırlanması və arxivlərdə saxlanılması vacibdir. Eyni zamanda, folklorun tədris proqramlarında, elmi konfranslarda, mədəni tədbirlərdə və rəqs kollektivlərinin fəaliyyətində yaşadılması ənənələrin davamlılığını təmin edir. Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə Azərbaycan–Türkiyə mədəni əlaqələrinə bir daha nəzər salmaq, ortaq dəyərlərimizi və hər iki xalqın zəngin mədəni irsini xatırlamaq xüsusi məna daşıyır.
Silivri və Tekirdağda keçirdiyim görüşlər
Trakya bölgəsinin folkloru, xalq oyunları, milli mətbəxi, tarixi abidələri və mədəni yaddaşı ilə yaxından tanış olmaq baxımından əhəmiyyətli təcrübə qazandırdı. Abdullah Mutlu, Özcan Sütlüoğlu, Burak Mumcu, Zerin Otman, Bekir Otman və Sezai bəylə görüşlər zamanı aparılan söhbətlər mədəniyyətin müxtəlif sahələrinin bir-biri ilə sıx bağlı olduğunu göstərdi. Xalq oyunları və musiqi ənənələri, tarixi irsin qorunması, ənənəvi yeməklərin hazırlanması və tarixi şəxsiyyətlərin irsinin yaşadılması milli mədəniyyətin bütöv mənzərəsini formalaşdıran mühüm amillərdir. Əminəm ki, Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin genişləndirilməsi, folklor nümunələrinin qarşılıqlı öyrənilməsi, musiqi və rəqs irsinin sənədləşdirilməsi, eləcə də yerli mədəniyyət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi gələcək nəsillərin millimənəvi dəyərlərə bağlılığını daha da möhkəmləndirəcək.
Cümhuriyyət Bayramı münasibətilə qardaş Türkiyə xalqını təbrik edir, iki ölkə arasında dostluğun, qardaşlığın və mədəni əməkdaşlığın daim inkişaf etməsini arzulayıram. Çünki xalqları bir-birinə yaxınlaşdıran yalnız ortaq tarix deyil, həm də qorunan yaddaş, yaşadılan ənənələr və gələcəyə ötürülən mədəni dəyərlərdir.
Baxış sayı: 460
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence



