FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi
18-09-2026, 11:00 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və  müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdəki çıxışı məzmun baxımından bir neçə əsas istiqaməti özündə birləşdirir: Türk və İslam dünyası arasında əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın regional vasitəçi və birləşdirici rolunun önə çəkilməsi, Qarabağ münaqişəsinin nəticələrinin təqdim edilməsi, postmünaqişə dövründə bərpa-quruculuq siyasəti və sülh gündəliyinin vurğulanması.

Çıxışın mühüm məqamlarından biri Türk dünyası ilə Qafqazın tarixi və coğrafi əlaqələrinin xüsusi şəkildə qabardılmasıdır. Bakıdakı tədbirdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderləri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan nümayəndələrin iştirak etməsi bu platformanın yalnız dini deyil, eyni zamanda, mədəni və regional əməkdaşlıq baxımından əhəmiyyətini artırır. Prezidentin Azərbaycanı həm Türk dünyasının, həm də Qafqazın bir hissəsi kimi təqdim etməsi ölkənin iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyinə diqqət yönəldir.

Seyid Yəhya Bakuvi ilə bağlı beynəlxalq konfransın dini liderlərin toplantısı ilə eyni vaxtda keçirilməsi də çıxışda təsadüfi hal kimi deyil, Azərbaycanın tarixi-mədəni irsinin İslam dünyası ilə əlaqələndirilməsi baxımından təqdim olunur. Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin xatırlanması Azərbaycanın öz mədəni irsini daha geniş İslam və Türk dünyasının tarixi kontekstində təqdim etmək niyyətini göstərir.

Çıxışın digər mühüm xətti İslam həmrəyliyidir. Burada həmrəylik yalnız siyasi bəyanat səviyyəsində deyil, müxtəlif ölkələrin dini liderlərinin bir araya gətirilməsi, beynəlxalq tədbirlərin keçirilməsi və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq kimi praktiki fəaliyyətlərlə əlaqələndirilir. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının xatırlanması da bu yanaşmanın nümunəsi kimi təqdim edilir. Bununla yanaşı, dini liderlərin sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmaya çağırışlarının cəmiyyətlərə təsir göstərə biləcəyi fikri irəli sürülür.

Çıxışın ən geniş hissəsi Qarabağ məsələsinə həsr olunub. Prezident burada 30 illik işğal dövrünün nəticələrini, məcburi köçkünlük problemini, dağıntıları və dini-mədəni irsə dəymiş zərəri diqqətə çatdırır. Bu mövzunun məhz müxtəlif ölkələrdən gəlmiş dini liderlərin qarşısında səsləndirilməsi Azərbaycanın Qarabağla bağlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından ayrıca əhəmiyyət daşıyır. Eyni zamanda, çıxış yalnız dağıntıların təsviri ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və məskunlaşdırma işləri də ön plana çəkilir. Ağdam məscidinin bərpa prosesində ilk obyektlərdən biri kimi təqdim edilməsi və digər məscidlərin yenidən qurulmasının qeyd olunması dini-mədəni irsin bərpasının ümumi quruculuq siyasətinin tərkib hissəsi olduğunu göstərir. “Böyük Qayıdış” proqramının qeyd edilməsi isə postmünaqişə siyasətinin əsas istiqamətlərindən birinin keçmiş məcburi köçkünlərin doğma yaşayış yerlərinə qayıdışının təmin edilməsi olduğunu göstərir.

Çıxışın diqqət çəkən tərəflərindən biri də müharibə ilə sülh arasında qurulan əlaqədir. Prezident 2020-ci il müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin seçildiyini vurğulayır. Burada əsas arqument ondan ibarətdir ki, hərbi nəticədən sonra siyasi gündəliyin sülh istiqamətinə yönəldilməsi regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından vacibdir. Eyni zamanda, çıxışda münaqişə nəticəsində yaranmış tarixi yaddaşın qorunmasının vacibliyi də xüsusi vurğulanır. Beləliklə, sülh çağırışı ilə tarixi hadisələrin yaddaşda saxlanılması arasında paralel xətt yaradılır.

Çıxışın regional ölçüdə əsas mesajlarından biri Türk dünyası, Qafqaz və İslam ölkələri arasında əməkdaşlığın təhlükəsizlik və sabitlik baxımından əhəmiyyətidir. Prezidentin fikrincə, müasir beynəlxalq münasibətlərdə ayrı-ayrı dövlətlərin üzləşdiyi çağırışlar onların daha geniş əməkdaşlıq formatlarına ehtiyacını artırır. Bu baxımdan dini liderlərin və dövlətlərin dialoqu yalnız dini məsələ kimi deyil, qarşılıqlı anlaşma və regional sabitliyə xidmət edən mexanizm kimi təqdim edilir.

İslamofobiya ilə bağlı hissə də çıxışın ideoloji-siyasi çərçivəsini genişləndirir. Prezident İslam dininin terrorla eyniləşdirilməsinə, Qurani-Kərimin təhqir olunmasına və müsəlmanlara qarşı ayrı-seçkiliyə etiraz edir və bunun qarşısında əsas vasitə kimi İslam dünyasının həmrəyliyini göstərir. Burada dini liderlərin rolu xüsusilə önə çıxarılır: onların cəmiyyətlərə təsir imkanlarının sülh, qarşılıqlı hörmət və dini tolerantlıq istiqamətində istifadə olunması təklif edilir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın həm İslam dünyası, həm də türk dövlətləri arasında əməkdaşlıq və dialoqun təşviqində fəal rol oynamaq niyyətinin ifadə olunmasıdır. Gələn il Bakıda keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü bu baxımdan mühüm beynəlxalq platforma kimi təqdim edilir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkənin İslam dünyası ilə münasibətlərinin inkişafı, üzv dövlətlər arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı dialoqun gücləndirilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Eyni zamanda, Bakının belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın müxtəlif regional və beynəlxalq platformalar arasında dialoqu təşviq edən tərəf kimi mövqeyini nümayiş etdirmək baxımından da əhəmiyyət daşıyır.

Dövlətimizin başçısının görüşdəki çıxışı ölkəmizə qarşı daim qərəzli mövqedə dayanan qüvvələrin açıq şəkildə ifşa olunması baxımından da əhəmiyyətlidir. Belə dairələrdən biri də Avropa Parlamentidir. Bu qurumun ayrı-ayrı nümayəndələri uzun müddətdir ki, müxtəlif korrupsiya və rüşvət iddiaları fonunda, antiazərbaycan qüvvələrinin təsiri və təklifləri müqabilində ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər.

Avropa Şurası çərçivəsində Ermənistana qarşı hər hansı sanksiyanın tətbiq edilməməsi, əvəzində isə Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ üzərində öz suverenliyini bərpa etdikdən və separatçı qüvvələrin fəaliyyətinə son qoyduqdan sonra ölkəmizə qarşı sanksiya xarakterli addımların gündəmə gətirilməsi onların yanaşmasının mahiyyəti ilə bağlı ciddi suallar doğurur. Bu addımlar göstərir ki, həmin qurumlarda qəbul edilən qərarlar heç də hər zaman yalnız hüquqi və obyektiv meyarlarla ölçülmür. Burada müəyyən siyasi və digər maraqların, eləcə də reallıqlardan uzaq, qərəzli yanaşmaların təsiri barədə fikirlər səsləndirilir.

Avropa Parlamentinin vitse-prezidentinin evindən külli miqdarda pul vəsaitinin aşkar edilməsi, bu məsələ ilə bağlı araşdırmaların aparılması və sonrakı proses ətrafında yaranan mübahisələr də Avropa Parlamentində korrupsiya ilə bağlı ciddi sualların mövcud olduğunu göstərən faktorlardan biri kimi qiymətləndirilir. Eyni zamanda, islamofob və antiazərbaycan dairələrinin mövqeyi də bu qurumun ayrı-ayrı qərar və yanaşmalarına münasibətdə ciddi tənqidlərə səbəb olan amillər sırasındadır.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor




Baxış sayı: 235
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib Dünən, 20:30 Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib Dünən, 20:30 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Dünən, 19:00 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb Dünən, 17:00 FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib Dünən, 12:30 Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir Dünən, 12:00 Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub Dünən, 11:30 Prezident Bakıda keçirilən İƏT ölkələri korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşünə müraciət ünvalayıb Dünən, 11:00 Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib Dünən, 10:00 Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” 27-10-2026, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 27-10-2026, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia 27-10-2026, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb 27-10-2026, 16:00 Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib 27-10-2026, 12:00 Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir 27-10-2026, 12:00 “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi 27-10-2026, 11:30 “Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş 27-10-2026, 11:30 Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil 27-10-2026, 11:00 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır 27-10-2026, 10:30 Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib 26-10-2026, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib 26-10-2026, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər 26-10-2026, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” 26-10-2026, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib 26-10-2026, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir 26-10-2026, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə 26-10-2026, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır 26-10-2026, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb 26-10-2026, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu 26-10-2026, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031