FACT-INFO.AZ » SİYASƏT » Metin Yıldırım: Qərbi Azərbaycan ruhumuzun əsir olduğu tarixi həqiqətdir
13-02-2025, 11:30 | SİYASƏT
Metin Yıldırım: Qərbi Azərbaycan ruhumuzun əsir olduğu tarixi həqiqətdir

Bu gün harada yaşamasından asılı olmayaraq əslən Qərbi Azərbaycandan olan hər kəsin şüurunda, qəlbində, xatirələrində öz doğma el-obası var. Uzun illər boyu ermənilərin tarixi ərazilərimizdə törətdiyi insanlıq cinayətləri, ermənilərin əli ilə Sovet İttifaqının torpaqlarımıza hərbi-siyasi təcavüzü və bunun nəticəsində verdiyimiz itkilərin ağrı-acısı xalqımızın qəlbində qanayan ən böyük yaradır. Vətən, yurd sevgisi tərifi olmayan bəşəri hissdir. Vətən anadır, ruhumuzun əsla ayrılmaz hissəsidir, əcdadlarımızın bizə qoyduğu mirasdır. Biz Qərbi azərbaycanlıların isə ruhu da, sevgisi də torpaqları kimi əsirdir. Biz əsirlikdə qalan ruhumuza, el-obamıza can atırıq.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a müsahibəsində əslən Qərbi Azərbaycandan olan Türk Mədəniyyət Platformasının rəhbəri, sosial elmlər üzrə mütəxəssis, tədqiqatçı-yazıçı Metin Yıldırım deyib.

Əsrlər keçsə də insanın öz tarixini yaddaşına həkk etdiyini, hər bir sevincini və kədərini ruhuna qazıdığını və bu bəşəri hisslərin nəsildən-nəslə ötürüldüyünü vurğulayan həmsöhbətimiz bildirib: “İnsanın yaddaşı heç nəyi unutmur. Qərbi Azərbaycan həqiqətləri də bizim yaddaşımıza həkk edilən, ruhumuzun əsir olduğu tarixi həqiqətdir. Bəziləri uzun illər bizə yaşadıqlarımızı unutdurmağa, yaddaşlardan silməyə, bununla da öz riyakar əməllərini ört-basdır etməyə çalışdılar. Lakin alınmadı. Çünki tarix saxtakarlığı sevmir, necə yaşanırsa elə də yaddaşda qalır”.

Nənə-babası və digər qohumlarının Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından min cür işgəncələrlə qovulduğunu və bunun ailəsi üçün əsla sağalmayan bir yara olduğunu deyən müsahibimiz sözlərinə belə davam edib: “Babam, nənəm və digər qohumlarım ermənilər tərəfindən çox böyük işgəncələrə məruz qalıblar. Bunu necə yaddan çıxarmaq olar? Hər dəfə xatırlayanda qəlbimdə əsla sağalmayan bir yaranın yenidən qanadığını bütün ruhumla hiss edirəm. Yada salmaq belə insana çox böyük ağrı verir. Nənəm Səkinə xanım, İrəvandakı məşhur Göy məscidin yaxınlığında yerləşən bir evdə dünyaya gələn üç uşaqdan biri olub. Beş yaşına gəldikdə isə onlar ailəliklə İrəvandan qovulublar. O günlərə aid xatirələri həm nənəm, həm də onun bacısı Şövkət xanımdan dinləmişəm. Nənəm, ermənilərin ailəsinin başına gətirdiyi müsibətləri hər danışdığında bunu unutmamağımızı, gələcək nəsillərə çatdırmağımızı çox istəyirdi. Səkinə xanım hər sözə başladığında el-obasının, oranın təbiətinin gözəlliyi, insanlarının xoşbəxt yaşamasından, mehribanlığından bəhs edirdi. Deyirdi ki, hamı biri-birinin üzünə təbəssümlə baxırdı, toyları da, yasları da birlikdə keçərdi. Lakin, bütün bunlar 1900-cü ilə qədər davam edib, sonrası isə çox ağır olub. Bir gün səhər tezdən nənəmin anası həyəcanla evə girib yoldaşına hindəki bütün toyuqlarının boğulduğunu deyib. Babası bunu yaxın erməni qonşularımızdan soruşanda isə ona tezliklə bütün ailəsini o toyuq kimi boğub öldürəcəklərini deyiblər. O, ermənilərin təhdidlərindən qorxaraq gecəylə ailəsini şəhərdən çıxarmağa məcbur qalıb. Piyada Araz çayını keçərək İqdıra gəlib və orada yaşamağa davam ediblər. Təsəvvür edin, evlərini-eşiklərini İrəvanda qoyub gəliblər, heç nələri olmayıb. Təbii ki, bu, onlar üçün çox çətin olub”.

“Nənəm hər gün saat 3-də radioda Azərbaycan muğamlarını dinləyir, ağı deyirdi. Yazıq, Vətənim deyə-deyə köçdü bu dünyadan. İnsana bundan daha böyük işgəncə ola bilərmi?”, - deyə yazıçı xatırlayır.

Metin Yıldırımın ailəsi təkcə İrəvanda deyil, İqdırda da erməni vəhşiliyinə məruz qalıb: “Babam İqdırın Yayıcı kəndində yaşayıb. 1919-cu ilin sentyabr ayında o azğınlaşan erməni quldurlarının amansız vəhşiliklərindən qaçaraq İrana sığınıb. Sonra yenidən İqdıra qayıdıb”.

Yazıçı babasının başına gələnləri Rusiya çarlığının dağılmasından sonra silahlı ermənilərin İqdır və ətraf bölgələrdə törətdiyi qırğından bəhs edən “Nora ile Şir Mehmet” kitabında qələmə alıb. Kitabın qəhrəmanı, yəni, müsahibimizin babası Şir Mehmet Nora adlı bir erməni qızına aşiq olur. Lakin, ermənilər buna qarşı çıxır və Şir Mehmet bir türk qızı ilə evlənir. Aradan bir müddət keçdikdən sonra isə ermənilər kəndə basqın edir və qırğınlar törədirlər. Bu qırğınlar zamanı ermənilər Şir Mehmetin həyat yoldaşı, anası və 15 qohumunu onun gözləri önündə öldürürlər. Şir Mehmet iki və altı yaşlı iki qızını kənddən çıxarmağa cəhd etsə də kiçik qızı qucağında öldürülür. Böyük qızı ilə birlikdə İrana sığınan Şir Mehmet bu övladını da malyariya xəstəliyindən itirir. Bütün bunlara baxmayaraq Şir Mehmet həyat mübarizəsindən əl çəkmir. O, gah Xoy şəhərinin müdafiəsində, gah da Ənvər Paşanın Buxara döyüşlərində iştirak edir. Türkiyə Respublika elan olunandan sonra isə o, İqdıra qayıdır.

“Babam sonradan yenidən ailə qurub və biz bu evlilikdən dünyaya gələn uşaqların övladlarıyıq. Babam Şir Mehmetin qələmə aldığım həyat hekayəsi Anadoludakı hər bir türkün yaşadığı faciəni əks etdirir. Mən babamın yaşadıqlarını bir kitab vasitəsilə insanlara çatdırmaq istədim. Dünya erməni vəhşiliyini görməli, bilməlidir. Onların qanlı əməlləri çox evlərdəki ocaqları söndürüb, o atəşi insanların qəlbinə salıb”, -deyə yazıçı bildirib.

Son iki əsr ərzində ermənilərin türklərə qarşı törətdikləri soyqırımı siyasətinin üstünün örtülməyə çalışıldığını deyən həmsöhbətimiz sözlərinə davam edib: “İnsanlığa qarşı, xüsusilə etnik zəmində, böyük bir vəhşiliklə törədilən bu cinayətləri necə unutdura bilərdilər? Bir də, həqiqət hər zaman üzə çıxmağın yolunu tapır. Tarix isə heç bir cinayəti bağışlamır. Biz öz tarixi yurdumuza - Qərbi Azərbaycana qayıdacağıq, buna heç şübhəm yoxdur. Çünki bu, bizim tarixi, mənəvi və bəşəri haqqımızdır. Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycanın bu gün öz gücü ilə Qarabağa və Şərqi Zəngəzura başlatdığı Böyük Qayıdışın biz, Qərbi azərbaycanlılar üçün də çox yaxın olduğunu bilirəm. Qərbi azərbaycanlıların hüquqları bərpa olunmalıdır, soydaşlarımız İrəvana, Goyçəyə, Dərələyəzə, Ağbabaya, Vedibasara, Nüvədiyə və digər el-obalarına qayıtmalıdırlar. İndi bizim qarşımızda Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Bu, bizim min cür işgəncələrlə el-obasından qovulan, misli görülməmiş işgəncələrə məruz qalan nənə-babalarımızın ruhları qarşısındakı ən böyük borcumuzdur”.

Qeyd edək ki, 1919-cu il sentyabr ayının 13-də ermənilər İqdırın Yaycı kəndində soyqırımı törədərək əhalisini öldürüblər. 15 nəfəri isə bir evə salaraq diri-diri yandırıblar. İqdırın Oba və Hakmehmet kəndində də amansız qətliamlar törədilib. Hakmehmet kəndində törədilən qırğınlarda insanlar diri-diri su quyularına atılıb, ata-anaların gözləri önündə övladlarının başı kəsilib, yandırılıb. 1919-cu il 13 sentyabr hadisələrində ermənilər tərəfindən öldürülən türklərə aid kütləvi məzarlar 1986-cı ildə Oba kəndində aparılan qazıntılar nəticəsində üzə çıxarılıb. Bu məzarlardan erməni daşnak dəstələri tərəfindən öldürülmüş 90 türkün qalıqları tapılıb.




Baxış sayı: 180
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30