FACT-INFO.AZ » AKTUAL » Günay Əfəndiyeva: Qərbi Azərbaycana qayıdışın mədəni əsaslarının da formalaşdırılmasına çalışmalıyıq
5-02-2025, 11:30 | AKTUAL
Günay Əfəndiyeva: Qərbi Azərbaycana qayıdışın mədəni əsaslarının da formalaşdırılmasına çalışmalıyıq

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Qərbi Azərbaycana qayıdışın müxtəlif sahələrdə olduğu kimi, mədəni əsaslarının da formalaşdırılması ilə bağlı AZƏRTAC-a müsahibə verib. Həmin mənbəyə istinad edərək müsahibəni təqdim edirik.

- Günay xanım, bu yaxınlarda Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımı faktlarını etiraf etdiyi videosu yayımlandı. Bu haqda nə deyə bilərsiniz?

- Qərbi Azərbaycanda yaşayan soydaşlarımız XX əsrdə etnik mənsubiyyətlərinə görə erməni vəhşilikləri nəticəsində mərhələli şəkildə deportasiyaya məruz qalaraq, öz dədə-baba yurdlarından dörd dəfə didərgin salınmışlar.

Bu torpaqlardakı mədəni irsimizin bir çox tarixi nümunələri də ermənilər tərəfindən qarət edilmiş, dağıdılmış və ya mənimsənilmiş, qədim toponimlərimiz çirkin erməni adları ilə əvəz olunmuşdur. Azərbaycanlıların bu torpaqların əzəli sakinləri olduqlarını sübut edən izləri, xalqımıza aid etnik nişanələri yox etmək üçün məqsədyönlü şəkildə kütləvi vandallıq aktları törədilmişdir. Torpaqlarımızın 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycandakı mədəni irsimizin məhv edilməsi son bir əsrdə Ermənistanda dövlət siyasəti səviyyəsində gerçəkləşdirilmişdir.

Tarixdən yaxşı məlumdur ki, İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri idi. Türkmənçay müqaviləsi nəticəsində İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə daxil edildi və ermənilərin oraya köçürülməsinə başlanıldı. Bununla da tarixi hadisələrin gedişatında yeni bir mərhələ açıldı.

XIX əsrin sonlarında milli ideologiyaya çevrilən qatı erməni irqçiliyi bütün ətraf coğrafiyada yaşayan xalqlara, o cümlədən erməni xalqının özünə ciddi problemlər gətirmişdir. Osmanlı imperiyasının ərazilərində yaradılmış "Qınçaq", "Daşnaksütyun" və bu kimi digər partiya və hərəkatlar böyük imperiyaların maddi-mənəvi dəstəyini alaraq, erməni əhalisinin beynini zəhərləmiş, bu da acınacaqlı mənfi nəticələr doğurmuşdur. O vaxta qədər yüksək həyat səviyyəsində yüz illərlə sülh və rifah içərisində yaşayan erməni əhalisi öz dövlətinə kütləvi şəkildə xəyanət etdi. Yüz ildən artıq zaman keçməsinə baxmayaraq, milli-mənəvi məhdudiyyətdən doğan bu irqçiliyin nə dərəcədə yayıldığının indi də canlı şahidiyik. Təsadüfi deyil ki, erməni irqçiliyini faşizmə gətirib çıxaran siyasi liderlər və yaxud xaricdəki erməni lobbisi bu ideologiyadan, ilk növbədə, öz şəxsi mənafeləri və siyasi maraqları üçün istifadə edirlər.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın son günlərdə bir çox mətbuat orqanlarında yayımlanmış müsahibəsi erməni irqçi faşizminin, erməni nasizminin əyani təzahür formalarından biridir.

Bilirsiniz, həyatda ədalət gec də olsa, həmişə öz yerini tapır. Yalan, böhtan üzə çıxır. Ermənistanın vaxtilə birinci şəxsi olmuş Ter-Petrosyanın Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini açıq şəkildə etiraf etməsi artıq Ermənistanın özü-özünü ifşa etməsi deməkdir. Bu açıqlama ilə Ermənistanın təcavüzkar siyasəti bir daha təsdiqlənir. Bu, yalnız Ermənistanın dövlət idarəetməsindəki keçmiş bir liderin deyil, ümumilikdə erməni siyasətinin, onun ideologiyasının təzahürüdür.

Ter-Petrosyanın həmin açıqlaması erməni millətçiliyinin, qeyri-insani münasibətinin nə qədər dərinləşdiyini göstərir və bu, həm regional, həm də qlobal miqyasda geniş nəticələrə səbəb ola bilər. Ona görə də düşünürəm ki, Ermənistan Azərbaycan ilə münasibətlərini normallaşdırmaq və bunun davamı olaraq hansısa qlobal layihələrdə iştirak etmək istəyirsə, onda onların rəsmiləri öz keçmişləri ilə bağlı səmimi olmalı, törətdikləri etnik təmizləmə və cinayətləri rəsmən tanımalıdırlar.

Digər tərəfdən, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında söylədiyi kimi, adətən qədim şəhərlərin tarixi abidələri, tarixi mərkəzləri olur. Necə ki, Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Qəbələdə və digər qədim şəhərlərdə var. Bəs niyə İrəvanda tarixi mərkəz yoxdur? Çünki o mərkəzlər Azərbaycan xalqının tarixi mirası idi və ermənilər bu mirası məhv ediblər. Şəhərsalma adı altında bütün tarixi abidələrimiz, o cümlədən İrəvan qalası və Sərdar xanın sarayı da dağıdılıb, məhv edilib.

İrəvanda salamat qalan və yeganə Azərbaycan abidəsi olan Göy Məscidi hazırda Ermənistan rəsmiləri xaricdən gələn qonaqlara “İran məscidi” kimi təqdim edirlər. Hətta Ermənistan bu məscidin İranın tarixi abidəsi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə çalışırdı. Maraqlıdır, necə olur ki, 1799-cu ildə İrəvan xanı Hüseynəli xan Qacar tərəfindən tikdirilən və Azərbaycan memarlığının incilərindən biri olan göy türklərin “Göy məscidi” başqasının abidəsi kimi təqdim edilir?

- Qərbi Azərbaycana mənəvi qayıdış siyasəti ilə bağlı nə deyə bilərsiniz?

- Bu, tarix faktlara əsaslanır. Coğrafi mövqe, tarixi miqrasiya reallıqları, toponimika və bir çox digər əlamətlər Azərbaycanın bu yerlərə, onun tarixi və mədəni irsinə haqqını aşkar şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Necə ki, Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. Canımızla, qanımızla öz torpaqlarımızı geri qaytardıq. Eləcə də Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün çalışmalıyıq və çalışırıq. Prezidentin bu sahədəki yorulmaz fəaliyyəti göz qabağındadır.

Əlimizdə əsasımız, tarixi sübutlarımız var ki, həqiqətən də Qərbi Azərbaycan bizim dədə-baba torpağımızdır və azərbaycanlılar oradan dəfələrlə deportasiya olunub, amansızcasına, qəddarcasına etnik təmizləmə siyasətinə məruz qalıblar. Biz bu materialları bir çox dünya dillərinə tərcümə etməli, onların əsasında kitablar hazırlayıb nəşr etməliyik. Nüfuzlu elmi institutlar, universitetlər, beyin mərkəzləri ilə birgə tədbirlər, konfranslar, simpoziumlar keçirməliyik. Siyasətçilərlə, siyasi ekspertlərlə, beynəlxalq səviyyəli hüquqşünaslarla bu məsələləri müzakirə etməliyik. İnsanların məruz qaldıqları zülmü, qaçqınlıq və didərginlik həyatını real şəraitdə təqdim etməliyik. Bu sahədə xeyli iş görülüb, ancaq problemin vacibliyi və mürəkkəbliyi müqabilində bu azdır.

Biz yalnız öz daxilimizdə deyil, dünya miqyasında haqqımızı daha artıq bir enerji və qətiyyətlə müdafiə etməliyik. Yəni, özümüz deyib, özümüz eşitməməliyik. Başımıza gətirilən faciələr və ədalətsizliklər beynəlxalq səviyyədə, müxtəlif dillərdə və ölkələrdə eşidilməlidir. Bu məqsədlə hər birimiz həmin məsələlərin geniş təbliği və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində, dediyim kimi, daha fəal və sistemli iş aparmalıyıq.

Xatırlayırsınız, 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalandı. Mən o zaman Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri idim. Həmin il Türk dünyasının görkəmli şəxsiyyətlərinin – Yunus Əmrənin, Jambul Jabayevin və Aşıq Ələsgərin yer aldığı “Üç ozan bir arada” poçt markasını çap etdirdik və o, dövriyyəyə buraxıldı, üzv ölkələrimizə göndərildi. Biz bir layihə çərçivəsində Türk dünyasının böyük el sənətkarlarını bir araya gətirdik. Digər tərəfdən də Qərbi Azərbaycanın irsinin tarixi Göyçə mahalının yetirməsi Aşıq Ələsgərin timsalında daha geniş coğrafiyada tanıdılmasına çalışdıq.

Artıq Qərbi Azərbaycan torpaqlarına mənəvi qayıdışın təməli qoyulub. Prezidentin imzaladığı Sərəncam əsasında Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılıb. Dövlətimizin başçısı ötən il sentyabrın 30-da abidənin açılışındakı çıxışında bildirdi ki, gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Biz 30 il Şuşa, bütün Qarabağ ilə bağlı bu cür arzumuzu bildirirdik. Sonu nə oldu? Arzumuz yerinə yetdi.

Mən ötən il dekabrın 5-də Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda iştirak etdim. Tədbirə 51 ölkədən 100-dən çox nümayəndə qatılmışdı. Dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislər, siyasət və elm adamları Qərbi Azərbaycanın tarixindən, maddi və mənəvi irsindən danışdılar. Konfransda babalarımızın yadigarları - İrəvan xanı Sərdar xanın nəslinin nümayəndələri də iştirak etdilər. O insanlar canlı tarixdirlər, canlı sübutdurlar. Bu cür tədbirlər tarixi həqiqətlərimizi beynəlxalq auditoriya ilə paylaşmaq baxımından, əlbəttə, çox vacib əhəmiyyət daşıyır.

- Qərbi Azərbaycanın maddi-mənəvi irsinin qorunması sahəsində nə kimi işlər aparıla bilər?

- Qərbi Azərbaycanın mədəni irsi bizim milli kimliyimizin, tarixi yaddaşımızın, adət-ənənələrimizin, gələcək nəsillərə miras qoyacağımız dəyərlərimizin ayrılmaz parçasıdır. Düşünürəm ki, Qərbi Azərbaycana qayıdışın müxtəlif sahələrdə olduğu kimi, mədəni əsaslarının da formalaşdırılmasına çalışmalıyıq.

İrəvanda Azərbaycanın tarixi-mədəni irs nümunələri, dini abidələri, o cümlədən Sərdar (Abbas Mirzə), Dəmirbulaq, Təpəbaşı, Rəcəb Paşa, Hacı Novruzəli bəy, Hacı Cəfər bəy, Xudabəndə və digər məscidlərimiz, İrəvan qalası, Sərdar Xan sarayı, Aşıq Ələsgərin Göyçə mahalının Ağkilsə kəndindəki qəbirüstü abidəsi və digərləri ermənilər tərəfindən tamamilə dağıdılıb. Düşünürəm ki, həmin abidələrlə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması bizim üçün prioritet məsələyə çevrilməlidir. Məsələn, müasir texnologiyaların imkanlarından faydalanaraq virtual muzeylər yarada bilərik.

Digər tərəfdən, biz bu sahədə çalışan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməliyik. Çünki burada söhbət maddi-mənəvi irsin dağıdılmasından, eləcə də kollektiv yaddaşın məhv edilməsindən gedir.

Yenə də bu sahədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda çalışdığım dövrdən təcrübəmi bölüşərək deyə bilərəm ki, 2022-2023-cü illərdə “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı genişmiqyaslı layihə gerçəkləşdirdik. Osmanlı dövlətinin Yıldız kolleksiyası dünyanın ən zəngin fotoarxivlərindən biridir. Layihə çərçivəsində Yıldız Sarayından Türk dünyasının qədim şəhərlərinə - Səmərqənd, Buxara, Kokand, Xivə, Türküstan, İstanbul, Konya, Aşqabad, Bakı və həmçinin İrəvana aid fotoşəkilləri bir kitabda toplayaraq beynəlxalq ictimaiyyətə təqdim etdik.

2023-cü ilin əvvəlində İstanbulda Milli Saraylar Dolmabağça İncəsənət Qalereyasında həmin kitabda yer alan fotoşəkillərdən ibarət möhtəşəm sərgi təşkil etdik. Daha sonra bu sərgini 2023-cü ilin noyabrında Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvəsi çərçivəsində Astanada Türk dövlətlərinin xarici işlər nazirlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin və digər rəsmilərin iştirakı ilə keçirdik. Bunları nə üçün deyirəm? Çünki bu cür tədbirlər irsimizin üzə çıxarılması və təbliği, eyni zamanda, tarixi faktların beynəlxalq aləmdə tanıdılması deməkdir. Bir deputat və ümumiyyətlə, bir azərbaycanlı kimi bundan sonra da maddi-mənəvi irsimizin qorunmasına, təbliğinə töhfə vermək naminə hər zaman əlimdən gələni etməyə hazıram.

-Bu il yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi, Ermənistan və Qərbi Azərbaycan məsələlərinə toxundu. Bəs siz bu məsələlərin gələcəyini necə görürsünüz?

- Gələcəyə çox böyük ümid və inamla baxıram. Prezident İlham Əliyev müsahibəsində də bildirdi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. İkinci variant yoxdur. Ermənistanın baş naziri yaxşı olardı ki, Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin, onların tələblərini dinləsin. Bu da sülh üçün çox vacib addım olardı. Ermənistan sübut etməlidir ki, həqiqətən də Azərbaycan ilə sülh şəraitində yaşamağa hazırdır. Yəni, gələcəkdə nə vaxtsa Azərbaycana qarşı heç bir ərazi iddiası olmayacaq. Ermənistan bunu həm konstitusiyasında, həm bəyannamələrində, həm də qonşularla dinc münasibətlərində göstərməlidir. Bu, Ermənistanın yeganə çıxış yoludur.




Baxış sayı: 185
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30 Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə olunub 30-01-2026, 10:00 Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Rəsmi 30-01-2026, 09:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib 30-01-2026, 07:30 Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər 29-01-2026, 21:30 Özbəkistan Prezidenti: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir 29-01-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728