FACT-INFO.AZ » İQTİSADİYYAT » Ekspert: Azərbaycan-Gürcüstan tərəfdaşlığı Orta Dəhlizin uğurlu fəaliyyətinin əsas elementidir –
21-01-2025, 20:00 | İQTİSADİYYAT
Ekspert: Azərbaycan-Gürcüstan tərəfdaşlığı Orta Dəhlizin uğurlu fəaliyyətinin əsas elementidir –

Azərbaycan və Gürcüstan uzun illərdir ki, əməkdaşlığı ardıcıl şəkildə gücləndirir, qarşılıqlı tərəfdaşlıqdan nəzərəçarpacaq fayda əldə edirlər. Bu ölkələrin birgə səyləri də regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. İkitərəfli qarşılıqlı fəaliyyət nümunəsi göstərir ki, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi əməkdaşlığın səmərəliliyinin artırılmasına kömək edir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən sonra Bakıya ötən həftəki səfəri Azərbaycanın Tbilisinin xarici siyasət prioritetlərində əsas rolunu vurğulayan mühüm hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmliyini və zənginliyini xüsusi qeyd etdi, onların strateji əhəmiyyətini vurğuladı.

Gürcüstanlı ekspert, Strateji Təhlillər Mərkəzinin həmtəsisçisi, Gürcüstanın Rusiyadakı keçmiş səfiri Valeri Çeçelaşvili ikitərəfli münasibətlərin hazırkı səviyyəsi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

-Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında iştirak etmək üçün ilk xarici səfərini Azərbaycana edib. Sizcə Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığın gələcəyini necə görür?

-Gürcüstanın istənilən hökuməti, tərkibindən asılı olmayaraq strateji tərəfdaşlıq və müsbət qarşılıqlı asılılıq prinsiplərinə əsaslanaraq Azərbaycanla münasibətlərini daim inkişaf etdirəcək. Bu iki dövlətin qarşılıqlı əlaqəsi onların geosiyasi əhəmiyyətini xeyli artırır. Bundan başqa, praqmatik nöqteyi-nəzərdən bu, Azərbaycan üçün əsas ixrac bazarlarına çıxış, Gürcüstan üçün isə enerji təhlükəsizliyinin təminatı deməkdir.

-Azərbaycan və Gürcüstan arasında tərəfdaşlıq regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə hansı töhfəni verir?

-Gürcüstan və Azərbaycan arasında tərəfdaşlıq, o cümlədən Gürcüstanın Türkiyə ilə əməkdaşlığı və onların Ankara-Tbilisi-Bakı formatında üçtərəfli münasibətləri beynəlxalq aləmdə regional subyektivliyin gücləndirilməsində əsas rol oynayır. Bu qarşılıqlı əlaqələr regionun sabitliyi və inkişafı üçün təməl rolunu oynayır, çünki bu çərçivədə mühüm infrastruktur layihələri həyata keçirilib.

-Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yaxın vaxtlarda Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyinə ümid etdiyini bildirib. Sizcə qarşıdan gələn görüşdə hansı məsələlər müzakirə oluna bilər?

-Xanım Maka Boçorişvili, eləcə də cənab İrakli Kobaxidze bu gün “Gürcü arzusu” partiyasını təmsil edirlər. Üçtərəfli formatda görüşün keçirilməsinə gəlincə, bu, özlüyündə müsbət addımdır. Bu əməkdaşlığın əhəmiyyəti bütün tərəflər üçün aydındır, lakin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən nəqliyyat-kommunikasiya potensialından daha səmərəli istifadəyə yönəlmiş konkret problemlərin həllinə diqqət yetirməyin vaxtı çatıb.

Bu marşrutu çox vaxt Orta Dəhliz adlandırırlar, baxmayaraq ki, mən “Mərkəzi Dəhliz” termininə üstünlük verirəm.

Tarif və gömrük siyasətinin əlaqələndirilməsi, o cümlədən logistik prosedurların sadələşdirilməsi dəhlizin yük sahibləri üçün cəlbediciliyini artıracaq və marşrutun tam dolu olmasını təmin edəcək ki, bu da bütün iştirakçılara - Azərbaycan, Gürcüstan və Türkiyəyə iqtisadi fayda gətirəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə Gürcüstan siyasətinin sabitliyində maraqlı olmalıdır ki, bu da nəqliyyat layihələrinin uğurla həyata keçirilməsində əlavə amilə çevriləcək.

-Sizcə Orta Dəhlizin inkişafına yönəlmiş layihələrin icrası zamanı hansı çətinliklər yarana bilər və onların öhdəsindən necə gəlmək olar? Orta Dəhlizin inkişafında Azərbaycanın və Gürcüstanın rolu nədən ibarətdir?

-Müvafiq inzibati orqanların gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi və sinxronlaşdırılması üzərində fəal işləməsi zəruridir. Yük sahiblərinin vahid koordinasiya orqanı ilə, istər müştərək müəssisə olsun, istərsə də ixtisaslaşmış strukturla qarşılıqlı əlaqədə ola biləcəyi mexanizm yaratmaq vacibdir. Bu, yüklərin bu dəhlizlə təhlükəsiz, sürətli və qənaətcil daşınmasını təmin edərdi. Bu gün Mərkəzi Nəqliyyat və Kommunikasiya Dəhlizinin potensialından tam istifadə olunmur. Azərbaycan-Gürcüstan tərəfdaşlığı onun uğurlu fəaliyyətinin əsas elementidir və bu əməkdaşlığın daha da inkişafı dəhlizin strateji potensialını tam üzə çıxarmağa imkan verəcək.

-Sizcə, bu dəhliz digər nəqliyyat marşrutları ilə müqayisədə hansı üstünlüklər təklif edir?

-İlk növbədə, əlverişli coğrafiyadır ki, bu da nəqliyyat məsafəsinin azaldılmasını təmin edir. Bundan əlavə, marşrutun sabit iqlim şəraiti var ki, bu da fasiləsiz nəqliyyat rabitəsini asanlaşdırır.

-2024-cü ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi əhəmiyyətli həcmə çatıb. Sizcə ölkələrimiz arasında ticarətin bu qədər artmasına səbəb olan əsas amillər hansılardır?

-İlk növbədə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığı xarakterizə edən strateji dostluq münasibətlərini qeyd etmək lazımdır. Hər iki ölkənin sahibkarları və işgüzar dairələri arasında qarşılıqlı əlaqə rahatdır ki, bu da iqtisadi əlaqələrin daha da inkişafı üçün mühüm amildir. Bununla belə, Gürcüstan tərəfinin dərc etdiyi statistik məlumatlar əsasında dövlətlər arasında ticarət dövriyyəsinin strukturunun təhlili onun nisbi mühafizəkarlığını göstərir. Son illərdə nə ixracda, nə də idxalda yeni məhsul xətləri meydana çıxmayıb. Bu, daha dərin iqtisadi inteqrasiyaya doğru irəliləmənin zəruriliyini nümayiş etdirir.

-Azərbaycan və Gürcüstan digər iri regional layihələrin həyata keçirilməsində təcrübələrini nəzərə alaraq, Yaşıl Enerji Dəhlizi layihəsinin inkişafına hansı töhfəni verə bilər? Belə böyük layihələr fonunda regionun geoiqtisadi və enerji xəritəsinin dəyişdirilməsində Azərbaycanın və Gürcüstanın rolunu necə qiymətləndirirsiniz? Yaşıl Enerji Dəhlizi layihəsi uğurla həyata keçirilərsə, region üçün hansı perspektivlər açılacaq?

-Bu layihə uğurlu icrası üçün bütün zəruri ilkin şərtlərə malik olan strateji təşəbbüsdür. O, enerji resurslarının mövcudluğuna, yaxşı qurulmuş əməkdaşlıq mexanizmlərinə və Avropa İttifaqı (Aİ) formasında hazır satış bazarına əsaslanır. Azərbaycan enerji mənbəyi kimi çıxış edir, tranzit isə Azərbaycan və Gürcüstan ərazisindən həyata keçirilir. Eyni zamanda, Gürcüstanın da bu enerji dəhlizinin həyata keçirilməsində iştirak etmək potensialı var. Nəzərə alsaq ki, son iki ildə ölkə elektrik enerjisinin əhəmiyyətli xalis ixracatçısına çevrilib. Maraqlıdır ki, onun elektrik enerjisinin 90 faizi su elektrik stansiyaları tərəfindən istehsal olunur və yaşıldır. Bu əməkdaşlığı tənzimləyən əsas sənədlər artıq imzalanıb. Xüsusilə 2022-ci il iyulun 17-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Bakıya səfər edib və burada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sektorunda strateji əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycan və onun Xəzər boyunca Mərkəzi Asiya tərəfdaşları arasında yaranan etimad genişmiqyaslı Trans-Xəzər təşəbbüslərinin, o cümlədən Yaşıl Enerji Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində həlledici rol oynayır. Artıq bütün maraqlı tərəflər bunu həyata keçirməyə hazır olduqlarını bildiriblər. Sazişin imzalanmasında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın hökumət başçıları iştirak ediblər.

Bu layihə təkcə aşkar iqtisadi faydalarına görə deyil, həm də Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətinə görə prioritet diqqət tələb edir. Təşəbbüsün həyata keçirilməsi əsas qlobal oyunçuların, o cümlədən Avropa İttifaqının geosiyasi maraqlarında Bakının və Tbilisinin rolunu artıracaq. Bu, öz növbəsində, gələcək əməkdaşlığın ən mühüm sahəsi olaraq qalan digər enerji və infrastruktur layihələrinin, ilk növbədə, Trans-Xəzər layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq.

-Azərbaycan və Gürcüstanın həyata keçirdiyi hansı qlobal layihələri ən uğurlu hesab edirsiniz?

-Ən uğurlu layihəni, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri hesab etmək olar. Bu, stabil fəaliyyət göstərən və neft axınını, o cümlədən Qazaxıstandan cəlb edən strateji əhəmiyyətli marşrutdur. Qazaxıstan neftinin həcmi hələ də cüzi olsa da, onun nəqli faktının özü layihəyə tələbatı təsdiqləyir. BTC 50 milyon ton tranzit potensialına malikdir və dünya neft istehlakının təxminən 2 faizini nəql edir. Əsas istiqamət İtaliya limanlarıdır. Ona görə də bu layihə geosiyasət və iqtisadi təsir baxımından ən əhəmiyyətli layihədir. Bununla yanaşı, Azərbaycan və Gürcüstanın ikitərəfli formatda həyata keçirdiyi Bakı-Tbilisi-Supsa layihəsinin sıçrayış xarakterini qeyd etməmək olmaz. Bu, kənar müdaxilə olmadan həyata keçirilən ilk layihədir. Onun həyata keçirilməsi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi sonrakı təşəbbüslərin təməli oldu.

Gürcüstan üçün ən mühüm layihə stabil və etibarlı qaz təchizatı hesabına ölkənin enerji təhlükəsizliyini təmin edən Bakı-Tbilisi-Ərzurum layihəsidir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı qlobal enerji qeyri-sabitliyi fonunda bir çox Avropa ölkələri qaz qiymətlərində kəskin dalğalanmalarla üzləşib. Lakin Gürcüstanda bu problem ölkə hökuməti ilə SOCAR arasında səmərəli əməkdaşlıq sxemi sayəsində praktiki olaraq hiss olunmur. Bunun nəticəsidir ki, SOCAR nəinki sərfəli şərtlərlə qaz tədarük edir, həm də Gürcüstanda şəbəkəsini inkişaf etdirir.

Bütün layihələr birlikdə Cənubi Qafqazın vahid nəqliyyat-kommunikasiya sistemini təşkil edir ki, bu da onun beynəlxalq əməkdaşlıqdakı rolunu kökündən dəyişir. İnfrastrukturun inkişafına kompleks yanaşma regiona qlobal nəqliyyat və enerji axınları üçün əsas mərkəzə çevrilməyə imkan verir.




Baxış sayı: 155
Ulu Öndərin İrsi: gələcək nəsillərə müqəddəs əmanətidir Bu gün, 15:00 "İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır" Bu gün, 12:30 Şair, publisist Ağatahir Cəbirli: Torpaq oğluyam! Bu gün, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva : "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" Bu gün, 11:00 TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq Dünən, 11:30 Həyatını xalqına həsr etmiş lider Dünən, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib Dünən, 09:30 QHT Agentliyinin kollektivi Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib 8-05-2026, 21:00 Ulu Öndərin işığında böyüyən nəsil 8-05-2026, 20:30 "Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" - İlham Əliyev 8-05-2026, 19:30 “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçiriləcək 8-05-2026, 15:30 Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunmasına XİN-dən reaksiya 8-05-2026, 15:30 Stalinə məktubu onu xilas edə bildimi? 8-05-2026, 10:30 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb 8-05-2026, 10:00 Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb 8-05-2026, 09:30 “Cənnət yuxusu” filmi Türkiyədə təqdim edilib 8-05-2026, 09:30 Rubio və Papa Vatikanda Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər 8-05-2026, 09:00 Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalanıb 8-05-2026, 07:30 WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 7-05-2026, 18:00 Organizing committee holds meeting regarding hosting of WUF13 7-05-2026, 17:00 Ukrayna HHM-i minlərlə Rusiya dronunu və raketini zərərsizləşdirib 7-05-2026, 16:00 Türk ekspert: İrəvan Zirvə görüşündə Azərbaycan-Ermənistan sülh prosesinə dəstək Cənubi Qafqazda yeni mərhələnin göstəricisidir 7-05-2026, 15:30 Strateji tərəfdaşlığa uyğun inkişaf 7-05-2026, 15:30 Tehran və Vaşinqton İranın blokadasını yumşaltmaq barədə razılığa gəlib 7-05-2026, 14:00 “EFES - 2026” çoxmillətli təlimi davam edir 7-05-2026, 13:00 Xabarovskdən Şuşaya uzanan ömür yolu 7-05-2026, 12:30 Türkiyədə Beynəlxalq Turan Film Festivalında “Azərbaycan Kino günləri” keçirilib 7-05-2026, 12:00 XİN: Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik 7-05-2026, 10:30 Parisdə Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edilib 7-05-2026, 10:00 Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub 6-05-2026, 21:00
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031