FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Leyla Əliyevanın kitabı nəşr olunub
4-07-2016, 08:40 | MƏDƏNİYYƏT
Leyla Əliyevanın kitabı nəşr olunub

 

Kitaba toplanan şeirlərin sətri tərcüməsinin müəllifi Zahid Məmmədov, bədii tərcüməsinin müəllifi Afaq Məsuddur. Nəşrin redaktoru Yaşar Əliyev, bədii tərtibatçısı Aqil Əmrahovdur.

 “Dünya yuxutək əriyir…” kitabı Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk şeirlər toplusudur. Kitab Afaq Məsudun şairin yaradıcılığı barədə fikirlərini bölüşdüyü “Buludlardan yuxarı” essesi ilə başlayır.

 “Buludlardan yuxarı”

 Oxuculara təqdim olunan bu şeirlər toplusu ədəbi mühitimizə “Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub” və digər bu kimi təsirli şeirləri ilə qədəm qoymuş gənc, istedadlı şair Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk kitabıdır. İlk qələm sınaqlarından başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən, ağrıları, sevgiləri, havanın hərarətini, yağışın, çiskinin, çiçəyin qoxusunu həmişəyaşıl bitkitək özündə saxlamağı bacaran bu şeirlər artıq neçə illərdən bəridir ki, geniş, intellektual oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb.

 Bu kitabı şairin bəzən parlaq günəşli yaşıl düzənliklərlə, bəzən isə ildırım və şimşək çaxıntıları dolu sıldırımlı, qasırğalı yollarla irəlilədiyi yaradıcılıq xəritəsi adlandırmaq olar. Bir qədər də yaxınlaşsaq, bu şeirlərin Yer üzünə sanki buludların yuxarısından qanadlarla enmiş məsum mələyin yadlıq və qəriblikdə keçən həyat mənzərələri – mənasını, məntiqini heç cür anlaya bilmədiyi “həqiqətlərdən” üzülüb nazilmiş ruhuyla bu dünyanın darısqallıqlarından, bəzən çıxış nöqtəsi, nəfəsliyi olmayan kip çərçivələrindən sivrilib gah üzüyuxarı – məchul ənginliklərə, gah da qəfil həyat yanğısıyla üzüaşağı – Yerə şığıyan mələk uçuşları olduğunu anlayarıq…

 Burada müəllifin ən böyük uğuru və qələbəsi, İlahi ərazilərdə baş verən bütün hadisələri – ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın havasında, həmin təsirdə saxlamaq və kağıza köçürmək qabiliyyətidir. Bu şeirlər anlaşılmaz, dərkedilməz, dirildici bir enerji daşıyıcılığına malikdir. Burada sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən İlahi gözəlliklərinə vurğunluq kimi, qüssə də, kədər də, tənhalıq və çıxılmazlıqlar da şəfqətverici və oyandırıcıdır. Ən başlıcası isə bütün bu yaşananların öz həqiqəti və sevgisi ilə dünyanın, onun insanlar tərəfindən quraşdırılmış dayaqsız, məntiqsiz Məntiqinin üzərində, fövqündə qələbə çalmasıdır.

Dünyanın ən gizli, ən mübhəm həqiqətlərini açmağa tələsən Mələyin burada, insanlarla dolu bu Yer üzündə qaranlıq, sakit gecələrdən, küləkdən, buluddan, Günəşdən və Aydan savayı heç kimi yoxdur. Köməyinə yetməyən Aylı gecələr, göz yaşı tökən yağışlar, dəli küləklər, fikir və duyğu ilğımında əriyib itən günlər, aylar, fəsillər… Dostlar, tanış üzlər… dayağı, əsası, mütləq həqiqəti olmayan görüntülər... Zaman-zaman biri o birini inkar edən amansız ilğım sayrışmaları…

Mələk bu qarmaqarışıq aləmdə təkdir. Amma o, təslim olmur – zülmət gecələrin qaranlıqlarında azan pərvanətək işıq işartısı sezdiyi pəncərə şüşələrinə çırpılmaqdan usanmır.

 Mələk belə yaşayır. Özünü və dünyanı ağrı-əzablardan xilas etmək eşqiylə mənası qaranlıq mətləblərə, izahı olmayan sirlərə çırpıla-çırpıla, qanadlarının zərif tozunu dörd bir yana səpib itirə-itirə, cavabsız suallar içində azıb üzülə-üzülə…

 Şüur və düşüncənin dərk etmək iqtidarında olmadığı, hansısa toxunulmaz, ali ərazilərdə yaşanan bu ağrı, nisgil, insan nisgili və ağrıları qəbilindən olmayan, nə iləsə yağışın, daşqının, zəlzələnin halını, bəzən tənha, lal gecələrin tanış, çıxılmaz sakitliyini andıran, tamamilə fərqli ağrı, fərqli nisgildir. İlahi Sevgidən və Mərhəmətdən bədirlənmiş bu aləmi islanmadan, üşümədən, titrətmədən tərk etmək, oralardan sakitcə uzaqlaşmaq olmur.

Yenə yara vuruldu,

Ruhum soluxdu gültək.

Qırıq misralarımın

İçindən düşdü ürək…

Ürəyim qaya kimi

Çırpıldı uçurumlara.

Sən ruhuma rəhm elə,

İlahi, qaçım hara?

Çırpınır yazıq ruhum

Qəfəsində quş kimi.

Çırpınır dənizlərdə

Batmış əzizim kimi.

Boğulur… yox iradəm

Ruhumu çıxarmağa.

İstəyirəm, amma, yox,

Güc yoxdu ağlamağa.

Nə dəyişdi qəfildən?

Qışmış demə, qar yağır…

Sən demə, şaxta imiş,

Nə biləydim mən-fağır?

Yarpaqlar da tökülür…

Toran basır gündüzü.

Niyə inanmıram bəs?

Niyə? Bilmirəm, özüm.

 Mələyi təslim olmağa qoymayan, ona, insana çevrilməyə imkan verməyən içində məşəltək daşıdığı qənirsiz, sərhədsiz Sevgidir… Qanadlarını, qəlbini daim buludlarla, Günəş işığı və yağışlarla dolduran, insanlığa şəfa gətirən İlahi Sevgi.

 Mələk Yer üzünə bu missiya ilə gəlib – Günəşdən, yağışdan, buludlardan aldığı bu Sevgini, mərhəmət və sevgi hissini, nə vaxtsa çoxdan yadırğamış İnsanlığa ötürməkdən, Onu, yuvarlandığı ruhsuzluq uçurumlarından xilas etməkdən ötrü.

 Mələk özü bunu bilmir.

Bütün dünyanı – insanları, ağacları, dənizi, Günəşi və Ayı, sərhədi, sonu olmayan Sevgisinin İşığında, ovcunda saxlamağa qadir Mələyin özününsə, Göydə də, Yerdə də yeganə sığınacağı, tək bir öz Qəlbidir.

 Zaman hara axdı sürətlə belə?

Qapının ağzını qış aldı yenə.

Yenə yay ruhumu soyuğa verdim,

Tutuldum darıxmaq xəstəliyinə.

Gün doğur, bağçada qızılgül açmır,

Xəzərin qumları parlamır gündə...

Yandırar köksünü həsrət yanğısı,

Kim ki, sonsuzacan yalqızdı yenə.

Nədən yenə dondun, mənim ürəyim?

Bu donuq buzunu kim əridəcək?

Heç cürə qızınmaq istəmirsən sən,

Sənin adətindi qışda qəm yemək.

Zaman hara axdı, görəsən, belə?

Mən – “Dayan!” – söylədim, o dayanmadı.

Yola toran çökdü saat altıda

Əlimsə, Günəşə uzana qaldı.

Yetişə bilsəydi əgər əllərim,

Ovcumun içində gizlərdim onu.

Elə sıxardım ki, salıb qəlbimə,

Bir daha gəlməzdi gündüzün sonu.

Ancaq göz yaşını görür gecələr…

Bağışla, ürəyim, məni bağışla.

Bir daha xətrinə dəymərəm sənin,

Qaça bilmərəm mən səndən heç yana.

Mələk buraya, Yer üzünə nədən ötrü gəldiyindən xəbərsizdir. O, bir şeyi dəqiq bilir – O, məğlubedilməzdir. Günəşin özü kimi. Küləklər, yağışlar, ildırım çaxıntıları kimi.

 Zaman ötdükcə, qəlbi sevgi və mərhəmət dolu Mələk hələ çox pəncərələrə çırpılacaq, yasaq qaranlıqlara daxil olub Xilas Yolunun gizli qapılarını açacaq, İnsana kim olduğunu anladacaq. Sonra… buludlara, küləklərə qarışıb gəldiyi Məkanına dönəcək.

 Pəncərə şüşələrində isə onun qanadlarının zərif tozu qalacaq. Günəş, Yağış, İldırım, Külək bu toz zərrəciklərinə toxunmayacaq. Bu zərif zərrələr uzun illər, əsrlərlə bərq vuracaq, işıqlı dənələrini ətrafa səpə-səpə insanlarla danışmağa davam edəcək.(Modern.az)




Baxış sayı: 2 093
Dövlət auditinin rəqəmsallaşdırılmasına dair tapşırıqlar verilib Bu gün, 14:30 Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib Bu gün, 14:00 Azərbaycan Ordusunda yeni tədris ili başlayıb Bu gün, 14:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 10:30 Bir ömür, minlərlə kadr Bu gün, 10:00 BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib Bu gün, 10:00 İran XİN ABŞ-ni Hörmüz boğazında vəziyyəti gərginləşdirməkdə ittiham edib Bu gün, 09:30 Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir 5-09-2026, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək 5-09-2026, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib 5-09-2026, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir 4-09-2026, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 4-09-2026, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib 4-09-2026, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək 4-09-2026, 18:00 Azerbaijan’s mine problem raised in Prague 4-09-2026, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı 4-09-2026, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb 4-09-2026, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova 4-09-2026, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib 4-09-2026, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930