İtaliyanın “European Affairs” onlayn jurnalında italyan jurnalist Culiano Bifolkinin “Paşinyanın rəhbərlik etdiyi Ermənistan daxili siyasi böhran, COVID-19 təhdidi və milli iqtisadiyyatın gələcəyinə şübhələr arasında” adlı məqaləsi dərc olunub.
Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə hazırda Ermənistanda dərin siyasi böhranın hökm sürdüyü, bu ölkədə COVID-19 pandemiyası səbəbindən ağır fövqəladə vəziyyətin hökm sürdüyü və bu göstəriciyə görə də Qafqazda ən acınacaqlı vəziyyətin məhz Ermənistanda olduğu, eləcə də ölkə iqtisadiyyatının hələ də digər dövlətlərin yardımlarından və diaspor ianələrindən asılı olduğu bildirilir.
Qeyd olunur ki, 2018-ci ildə “məxməri inqilab”dan sonra Ermənistanda davamlı və sabit demokratiyaya ümidlər yaradan rəhbərlik dəyişikliyi baş versə də, 2 ildən sonra baş nazir Nikol Paşinyanın getdikcə daha çox güc və rol əldə etməsi hazırkı hökumətin daxilində dərin ziddiyyətlərə və ölkədə demokratiya ümidlərinin puç olmasına gətirib çıxarır.
Müəllif bildirir ki, 2018-ci ildə hakimiyyətə gələn hazırkı rəhbərliklə keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryana bağlı Dağlıq Qarabağ regionundan olan ailə/klan əsasında qurulmuş köhnə erməni nomenklaturası arasında dərin ziddiyyətlər yaşanmaqdadır. Hətta Nikol Paşinyanın özünün belə öz çıxışlarında ölkədə siyasi iğtişaşların baş verməsinin mümkün olduğunu bildirdiyini vurğulayan jurnalist yazır ki, Ermənistan baş nazirinin fikrincə, mövcud hökuməti devirmək üçün S.Sarkisyanın və R.Köçəryanın ətrafının səy göstərdiyi siyasi iğtişaşlar ölkənin sabitliyinə hər an təhdid yarada bilər.
Jurnalist qeyd edir ki, Sovet İttifaqının dağılması nəticəsində müstəqillik əldə etmiş Ermənistanda ölkəni idarə etmək üçün mübarizə aparan "oliqarx" qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur və bununla Ermənistan himayədarlıq köklərinə əsaslanan sovet sisteminə qayıdaraq Brüssel ilə əməkdaşlıq etməkdə maraqlı olan bir sıra postsovet ölkələrinin səy göstərdiyi Avropa İttifaqı tərəfindən qurulan demokratik prinsiplərdən uzaqlaşır.
Ermənistanın “Hraparak” qəzetinə istinadən R.Köçəryanın həbsxanadan çıxdıqdan sonra S.Sarkisyanla görüşünün təfərrüatlarından danışan jurnalist hər iki şəxsin N.Paşinyanı Ermənistan dövlətinə təhlükə hesab etdiyini və bu səbəbdən onların məqsədinin Paşinyan rejiminə son qoymaq üçün müxalifətdaxili ziddiyyətləri aradan qaldırmaq və müxalifəti birləşdirmək olduğunu bildirir.
Müəllif qeyd edir ki, 2018-ci ildə hakimiyyətə gələn N.Paşinyan həm S.Sarkisyan, həm də R.Köçəryana qarşı kəskin hərəkətlər nümayiş etdirmiş, müxalifəti bölməyə və müxalifət liderlərinə qarşı məhkəmə proseslərinə başlamışdır. Bu xüsusda, R.Köçəryanın məhkəmə işinin böyük səs-küyə səbəb olduğunu deyən jurnalist Rusiya prezidenti V.Putinin şəxsən məsələyə müdaxilə etməyə çalışaraq Köçəryanın azad edilməsini təmin etdiyini və bu proseslərin İrəvan ilə Moskva arasındakı münasibətlərin soyumasına gətirib çıxardığını bildirir.
Jurnalist vurğulayır ki, Ermənistan əhalisi N.Paşinyana ölkədə ailə/klanlar üzərində qurulmuş əvvəlki Köçəryan və Sarkisyan hakimiyyətindən fərqli bir sistem yaratmaq ümidi bəsləyirdi. Lakin cəmi 2 il sonra xalqda N.Paşinyana münasibətdə konsensus kəskin azalmış və onunla hakimiyyətin digər təmsilçiləri və siyasi partiyaların liderləri arasında ciddi ziddiyyətlər ortaya çıxmışdır. Bu xüsusda, hazırda N.Paşinyanın ən təhlükəli rəqibi və düşməninə çevrilmiş “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyanı nümunə gətirən jurnalist qeyd edir ki, yerli iş adamı Q.Tsarukyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən təqdim edilmiş sübutlara əsasən 2017-ci il seçkiləri zamanı 17 mindən çox səsi pul müqabilində aldığı üçün korrupsiyada ittiham edilərək parlamentdə keçirilmiş səsvermədən sonra toxunulmazlıq hüququndan məhrum edilmiş, əslində hakimiyyətin bu addımlarına səbəb isə Q.Tsarukyanın bir müddət əvvəl Paşinyan hökumətinin istefasını tələb etməsi olmuşdur.
Məqalədə qeyd edilir ki, Paşinyan hökumətinin tənqidçiləri sırasına, eyni zamanda, iyunun 25-də ötən ilin dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin fövqəladə iclası zamanı “İşıqlı Ermənistan” partiyasının deputatı Mane Tandilyan da qoşulmuş və deputat öz çıxışında Ermənistan hökumətinin məhkəmə, sosial və iqtisadi islahatlar sahəsində heç bir uğur əldə etmədiyini bildirmişdir.
Jurnalist, habelə qeyd edir ki, N.Paşinyanın ölkə konstitusiyasını dəyişdirmək, habelə 2016-cı ilin aprel döyüşlərindəki uğursuzluqla bağlı S.Sarkisyanın dindirilməsi və həbs olunması işi kimi təşəbbüsləri ciddi müqavimətlə üzləşmişdir.
Məqalədə bildirilir ki, əgər indiki daxili siyasətdə Ermənistanın baş naziri bir tərəfdən öz hökumətinin daxilində güclü müqavimətlə qarşılaşırsa və digər tərəfdən isə R.Köçəryan və S.Sarkisyanı həbs etmək planının uğursuzluğunun şahidi olursa, xarici siyasətdə də Ermənistan ölkənin iqtisadi cəhətdən yaşaması üçün zəruri olan və Avrasiya İqtisadi Birliyi sayəsində Qafqaz bölgəsində yerləşdiyi təcrid vəziyyətindən çıxmasına imkan verən Rusiyanın dəstəyini yavaş-yavaş itirməkdədir.
Ermənistanın hazırda yaşadığı böhranın diplomatik çevrələrdə də ciddi müzakirə olunduğunu yazan jurnalist bu xüsusda diqqəti Ermənistanın Müqəddəs Taxtdakı keçmiş səfiri, S.Sarkisyanın kürəkəni Mikayel Minasyanın son açıqlamalarına yönəldir. Jurnalist bildirir ki, M.Minasyan N.Paşinyanı və onun həyat yoldaşı Anna Hakobyanı ölkənin gücünü, maliyyə və iqtisadi qaynaqlarını öz əlində cəmləşdirmək məqsədi daşıyan hakim bir elita yaratmaqda günahlandırır. Bu ittihamların Ermənistanın siyasi və diplomatik çevrələrində böyük səs-küyə səbəb olduğunu deyən jurnalist M.Minasyana istinadən N.Paşinyanın indi öz postunda əyləşərək artıq ölkədə demokratiyanın yoxluğunu inkar etmədiyini və bununla Ermənistanın bir növ “Paşinyanstan”a (Paşinyan ölkəsinə) çevrildiyini bildirir. Məqalədə M.Minasyanın Rusiyada iyunun 17-də Krasnodar və Voronej şəhərlərində cinayət işlərinin açılması ilə ortaya çıxan tütün qaçaqmalçılığında, qanunsuz metal, brilyant ixracı, Gümrüdəki gömrük binası kimi dövlət infrastruktur layihələrinin tikintisi ilə bağlı büdcənin şişirdilməsində N.Paşinyan və arvadını ittiham etdiyi deyilir. Habelə jurnalist qeyd edir ki, M.Minasyan N.Paşinyanın rəhbərliyi altında son 2 ildə Ermənistanda yaradılmış polis sistemindən bəhs edərək milli təhlükəsizlik orqanlarının, polisin, prokurorluğun və “Haykakan Jamanak” qəzetinin təbliğatı ilə ölkədəki bütün iş adamlarına qarşı qanuni bir “soyğunçuluq sistemi” yaradaraq N.Paşinyan və həyat yoldaşına “vergi” ödəmək üçün məcburi bir sistemin yaradıldığını da bildirir.
İyun ayının əvvəllərində bəzi KİV-lərin Ermənistan hökumətinin M.Minasyana bağlı olan bir neçə müəssisənin, o cümlədən PanArmenia şirkətinin, Lori bölgəsindəki su elektrik stansiyasının, ölkənin ən böyük gəmi şirkətinin, İrəvanda iki lüks otelin və məşhur “Jazzve” qəhvə şəbəkəsinin fəaliyyətinə həbs qoyması barədə xəbərlər yaydığını deyən jurnalist bütün bu hadisələrin İtaliyada gizlənildiyi ehtimal edilən M.Minasyanın pulların yuyulmasına dair ittihamlara cavab vermək üçün Ermənistana qayıtmaqdan imtina etdikdən sonra hökumətə qarşı mühacirətdə tənqidçi rolunu öz üzərinə götürməsi ilə eyni vaxtda baş verdiyini bildirir. Bu hərəkətlərə cavab olaraq, M.Minasyanın öz “Facebook” səhifəsində Ermənistanın baş nazirinə hücum edərək "Yalanın sonu" başlıqlı bir sıra videolar yaydığını vurğulayır.
Ölkə konstitusiyasına edilmiş dəyişikliklərin Avropa Şurası Venesiya Komissiyasının sədri Gianni Buquicchionun etirazına səbəb olduğunu yazan jurnalist əlavə edir ki, Ermənistan Konstitusiya Məhkəməsinin sabiq sədri, N.Paşinyanın özü tərəfindən vəzifədən azad edilmiş Hrayr Tovmasyanın kömək istəyinə dair məktublarına cavab olaraq G.Buquiççio Venesiya Komissiyasının Ermənistandakı son hadisələri yaxından izlədiyini, Ermənistan hökumətinin verilmiş tövsiyələrə riayət etməməsindən böyük narahatlıq hissi keçirdiyini qeyd edib. Jurnalist, habelə vurğulayır ki, Avropa Şurası Ermənistanın ədliyyə naziri Rüstəm Badasyana cavab olaraq 20 səhifəlik tövsiyə və izahat sənədini göndərərək konstitusiyanın qorunması məqsədilə məsələyə daha çox diqqət ayrılmasını və yenidən baxılmasını xahiş edib. Jurnalist qeyd edir ki, konstitusiyaya dəyişikliklərlə bağlı parlamentdə keçirilmiş səsvermədə N.Paşinyanın partiyası düzəlişlərin lehinə səs versə də, “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları bunu boykot etmişlər.
Məqalədə bildirilir ki, demokratiya və sabitlik baxımından narahatdoğurucu siyasi vəziyyətlə yanaşı, Ermənistanın səhiyyə və iqtisadi sistemi də həyəcan təbili çalır və COVID-19 ilə bağlı ikinci dalğa riskinin ən yüksək olduğu 11 dövlət arasında olan Ermənistan 25 mindən çox xəstə sayı ilə regionda pandemiyadan ən çox zərər çəkən ölkədir.
Məqalədə “CIA World Factbook”un məlumatlarına istinadən Ermənistanın coğrafi və siyasi təcrid şəraitində olması, ixracatın azalması və ölkə üçün həyati əhəmiyyət kəsb edən bəzi iqtisadi sektorlarda klanların/ailələrin inhisarının Ermənistan milli iqtisadiyyatını qlobal əmtəə bazarlarının dəyişkənliyinə qarşı həssas vəziyyətə qoyduğu, Ermənistanın iqtisadi və siyasi asılılığının olduğu, bu ölkədə strateji infrastrukturun əksər hissəsinin, xüsusən də enerji infrastrukturunun kənardan idarə edildiyi, digər tərəfdən, erməni diasporundan gələn ianələrinin ölkənin ümumi daxili məhsulunun 12-14 faizini təşkil etdiyi bildirilir. Dünya Bankı tərəfindən aparılmış təhlildə Ermənistanın iqtisadi göstəricilərinin COVID-19 böhranının güclü təsirinə məruz qaldığı bildirilir. Dünya Bankının fikrincə, iqtisadi yavaşlama işçi qüvvəsinə ehtiyac duyan sektorlara təsir göstərmişdir, bu da yoxsulluğun azaldılmasına mənfi təsir edəcək bir amildir. COVID-19 ilə bağlı qeyri-müəyyənliklər Ermənistana çox təsir edəcək və pandemiyanın uzun müddət davam edəcəyi ssenaridə Ermənistanın ümumi daxili məhsulunda ciddi azalmalara gətirib çıxaracaq.
Müəllif məqaləsini bu fikirlərlə tamamlayır: “Ermənistanın gələcəyi Paşinyana qarşı irəli sürülən ittihamların doğru olacağı və sübuta yetəcəyi təqdirdə ağır azadlıqdan məhrumetmə təhlükəsinə gətirib çıxara bilər ki, bu da daxili siyasi qarşıdurmanı və qeyri-müəyyənliyi daha da dərinləşdirə bilər. Lakin korrupsiya və ya çirkli pulların yuyulması hallarının kimlərə, o cümlədən Ermənistan hökumətinə və baş nazirinə qarşı çıxmış Tsarukyan və Minasyan kimi şəxslərə necə təsir etdiyini görmək maraqlıdır. Ermənistan Brüssel ilə 2017-ci ildə imzalanmış müqavilədən irəli gələrək Avropaya tərəf baxsa da, siyasi gərgin vəziyyət, ölkədəki və mühacirətdə olan bir sıra siyasətçilərin, çoxsaylı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının ittihamları ölkədə real demokratiya ilə bağlı ciddi narahatlıqların olduğunu göstərir. Ermənistan xarici investorların maraqlarına töhfə verən siyasi, sosial və iqtisadi sabitliyə və açıqlığa ehtiyac duyur. Gərgin vəziyyət, hökumətin iradəsi ilə başlanan məhkəmə prosesləri və COVID-19-un ikinci dalğası ehtimalı ölkənin təhlükəsizliyinə və bütövlüyünə ciddi şübhə yaradır”.
Məqalənin orijinalı ilə bu linkdən tanış olmaq mümkündür: https://www.europeanaffairs.it/blog/2020/07/01/larmenia-di-pashinyan-tra-crisi-politica-interna-minaccia-covid-19-e-dubbi-sul-futuro-delleconomia-nazionale/.
Baxış sayı: 1 703