Azərbaycan Milli QHT Forumunda Azərbaycan Kəlağayısı Gününə həsr olunan “İpək irsimiz – Kəlağayı” adlı tədbir keçirilib.
Fact-info.az xəbər verir ki, Mirzə Ələkbər Sabir Fondunun təşəbbüsü ilə təşkil olunan tədbirin əsas məqsədi Azərbaycan xalqının milli-mənəvi irsinin nadir nümunələrindən olan kəlağayı sənətinin təbliği, onun tarixi və mədəni əhəmiyyətinin geniş ictimaiyyətə, xüsusilə də gənc nəslə çatdırılması olub.
Fondun rəhbəri Sevda Tahirli çıxışında milli irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu proses, ilk növbədə, gənclərin milli-mənəvi dəyərlərə münasibətindən, onların həmin dəyərləri nə dərəcədə mənimsəməsindən asılıdır.
Sevda Tahirli diqqətə çatdırıb ki, çoxşaxəli, sürətlə dəyişən və qloballaşan müasir dünyada milli özünəməxsusluğun qorunması xüsusi əhəmiyyət daşıyır. Müxtəlif mədəniyyətlərin, düşüncə tərzinin və həyat modellərinin qarşılıqlı təsir göstərdiyi indiki dövrdə xalqların fərdi xüsusiyyətlərinin, adət-ənənələrinin və mədəni kimliyinin arxa plana keçməsi təhlükəsi mövcuddur. Belə bir şəraitdə milli irsin qorunması və təbliği hər bir cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Alıyeva isə çıxışında kəlağayı sənətinin özünəməxsus xüsusiyyətlərindən, hazırlanma texnologiyasından və estetik dəyərindən danışıb. O bildirib ki, kəlağayının əsas xüsusiyyətlərindən biri onun mütləq təbii ipəkdən hazırlanmasıdır. Bu sənətin fərqləndirici cəhətlərindən biri də hər bir nümunənin ustanın əl əməyinin məhsulu olmasıdır. Əl işi olan kəlağayıların hər biri özünəməxsus naxışları, rəng çalarları və ornamentləri ilə seçilir.
Tədbir çərçivəsində iştirakçılara ənənəvi kəlağayı sənətinin incəliklərini və qədim hazırlanma texnologiyasını əks etdirən film nümayiş etdirilib. Bununla yanaşı, qədim kəlağayı nümunələri, onların hazırlanmasında istifadə olunan tarixi taxta qəliblər – möhürlər, eləcə də təbii xam ipək saplardan ibarət əyani sərgi təşkil olunub.
Sərgi iştirakçılara əsrlər boyu formalaşmış basmanaxış texnikası ilə yaxından tanış olmaq, kəlağayının hazırlanma prosesində istifadə edilən alətləri və materialları görmək imkanı yaradıb.
Tədbirdə, həmçinin kəlağayının Azərbaycan xalqının mədəni yaddaşındakı yeri, onun daşıdığı fəlsəfi və mənəvi dəyərlər barədə fikir mübadiləsi aparılıb. Gənclər milli irsin müasir dövrdə qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi ilə bağlı düşüncələrini bölüşüblər.
Baxış sayı: 40
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
