İlk növbədə onu qeyd etmək lazımdır ki, hələ VII-X əsrlərdə qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşünün yanaşı inkişaf etməsi sonrakı əsrlərdə tədricən qarşılıqlı inteqrasiya proseslərinin genişlənməsinə səbəb olmuşdur.
Xüsusən, X əsrdən etibarən “Ərəb xilafəti imperiyası həm də coğrafi mənada daha çox Şərq hadisəsi kimi mövcud olmuşdur” (Adam Mets). İslam - dünyanın böyük bir hissəsində yeni bir epoxanı meydana çıxarmış, mühüm sivilizasiya faktına çevrilmişdir.
Azərbaycanda XI-XII əsrlərdə feodal dövlətlərinin yaranıb inkişaf etməsi cəmiyyətin hərtərəfli dirçəlişində mühüm hərəkətverici qüvvəyə çevrilmişdir. Tarixçilərin “inkişaf etmiş feodalizm dövrü” hesab etdikləri bu mərhələdə Azərbaycan ərazisində Səlcuqlar, Atabəylər və Şirvanşahlar dövlətlərinin regionda mühüm nüfuza malik olmaları ölkədə bütün sahələr, o cümlədən də elm, təhsil, ədəbiyyat və mədəniyyət istiqamətində də sürətli inkişafa təkan vermişdir. Azərbaycan torpaqlarında Təbriz, Ərdəbil, Naxçıvan, Gəncə, Marağa, Şamaxı, Qəbələ, Dərbənd, Beyləqan kimi şəhərlərdə ticarət, memarlıq və sənətkarlığın genişlənməsi iqtisadi-mədəni mühiti canlandırmışdır. Görkəmli memar Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində ucaltdığı məşhur Mömünəxatun məqbərəsi Şərq memarlıq sənətinin möhtəşəm əsəri kimi böyük şöhrət qazanmışdır. Xüsusən, qədim karvan yollarının Avropa ilə Asiyanı əlaqələndirən İpək yolu ilə birləşməsi regionda və ölkədə cəmiyyət həyatında bütün istiqamətlər üzrə böyük yeniləşmə və inkişafa səbəb olmuşdur. Bütün bunlar Şərq ölkələrinin ictimai-mədəni mühitində və iqtisadi inkişafında intibah hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Şərq intibahı və ya Müsəlman renessansı adlandırılan bu mühüm siyasi-iqtisadi və mədəni hadisə Çindən-Hindistana, Orta Asiyadan-İrana, Anadoludan-Qafqaza qədərki böyük coğrafiyada, o cümlədən, Azərbaycanda özünün inkişaf etmiş böyük ədəbiyyatı və incəsənətini, mükəmməl elmi məktəblərini meydana çıxarmışdır.
Elmin, maarifçiliyin inkişafı ölkədə ədəbiyyatın, incəsənətin və təhsilin inkişafına ciddi təsir göstərmişdir. Ərəb-fars dillərində yaranan zəngin elmi irslə dərindən tanış olmaları Azərbaycan alimlərinin Şərq miqyasında yaranan elmi ideyaları dərindən mənimsəmələri ilə birlikdə, həm də bu zəmində yeni ideyaların, fərqli fərziyyələrin və versiyaların irəli sürülməsi ilə müşayiət olunur. Məhz bu zəmində XI-XII əsrlərdə Azərbaycan elminin bütün Şərq miqyasında qəbul olunan görkəmli nümayəndələri yetişib formalaşmışdır. Məşhur filosoflar Əbülhəsən Bəhmənyar Azərbaycani (993-1066), Eynəlqüzat Miyanəçi (1089-1131), Şihabəddin Sührəverdi (1154-1192), tanınmış ədəbiyyatşünas Xətib Təbrizi (1030-1109), Əbülqasım əl-Qureyşi, Fəxrəddin Əbülfəzl-əl Musanna ət-Təbrizi və başqaları kimi görkəmli elm xadimləri geniş mənada türk-müsəlman dünyası elmi fikrini yüksək səviyyədə təmsil etmək miqyasında etiraf olunan alimlər idilər. Onların əsərlərindəki dünyanın, həyatın və cəmiyyətin dərindən dərk olunması, dərin dini və fəlsəfi təlimlər, ictimai-siyasi proseslərin idarə edilməsi haqqındakı fikirlər və ideyalar bədii ədəbiyyatın yaradıcılarının əsərlərində cəmiyyət hadisələrinə marağı qüvvətləndirmiş, tarixilik, fəlsəfi dərinlik və müasirlik baxışlarının aparıcı mövqe tutmasına şərait yaratmışdır.
Elm intibah dövrü Azərbaycan ədəbiyyatının əsas ilham mənbələrindən biri, hərəkətverici qüvvəsi idi. Qədim antik ideyalar da Azərbaycan ədəbiyyatına elm vasitəsilə gəlmişdir. Azərbaycan elmində böyük yunan filosofu Aristotel (e.ə. 384 - e.ə. 320) təliminə artan maraq bədii ədəbiyyatda da əks-səda tapmışdır. İntibah dövrü Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarının yaradıcılığında özünə geniş yer tapmış antik dövr elmi fikrinə müraciətin kökündə qədim yunan filosoflarının əsərlərinin ərəb dilinə tərcümə olunması dayanırdı. Azərbaycan ədəbiyyatı klassiklərinin ərəbdilli tərcümələr vasitəsilə elmi və ictimai fikrin zəngin xəzinəsi olan antik irsdən yaradıcı şəkildə istifadə etmələri yeni tipli bədii əsərlərin meydana çıxmasına ciddi təsir göstərmişdir. Antik ədəbiyyatın yenidən dirçəldilməsi ictimai fikirdə və ədəbiyyatda dövrün ictimai-fəlsəfi ideyalarının tərənnüm olunmasına geniş qapı açmışdır. Türk-islam sivilizasiyası və antik yunan mədəniyyətinin inteqrasiyası Şərq miqyasında böyük elmi məktəblərin və qüdrətli alimlərin meydana çıxması ilə nəticələnmişdir. Türk-islam elmi irsi geniş mənada intibah dövrü elmi və ictimai fikrinin ən aparıcı istiqaməti səviyyəsinə qalxmışdır. Bu da öz ardınca elmi irsin böyük ədəbiyyatın qüvvətli dayağına çevrilməsində həlledici amil olmuşdur.
İntibah dövrü Şərq aləmində, o cümlədən, türk xalqlarının həyatında da elm amilinin meydanını genişləndirmişdir. XI-XIII əsrlərdə türk dünyası elminin liderləri yetişib meydana çıxmışdır.
Məhz bu dövrdə türk-islam sivilizasiyası Mahmud Kaşğarlının (1005-1102) “Divani-lüğət-it türk”, Əhməd Yasəvinin (1103-1166) “Divani-hikmət”, Süleyman Bakırqaninin (...-1186) “Bakırğani kitabı”, Əhməd Yuqnəkinin “Hibatül-həqaiq” əsərləri kimi möhtəşəm ümumtürk abidələrini bəşəriyyətə bəxş etmişdir. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin (1201-1274) əsərlərində bir çox böyük elmi ideyalar Avropa alimlərindən çox qabaq irəli sürülmüş və nəzəri cəhətdən əsaslandırılmışdır. Anadolu türklərinin ədəbiyyatında Yunis Əmrə (1240-1320), Mövlana Cəlaləddin Rumi (1207-1273) miqyasında qüdrətli mütəfəkkir sənətkarlar dünyanın diqqətini cəlb etmişlər. Eyni zamanda, Əhməd Fakih (XIII əsr) və Xəlil oğlu Əlinin yaradıcılığı (XIII əsr), əski qıpçak ədəbiyyatındakı “Kodeks Kumanikus” mətnləri, habelə Misir qıpçak ədəbiyyatı da bütövlükdə bu tarixi epoxanın, müsəlman intibahının bəhrəsidir. Elmlə ədəbiyyatın qarşılıqlı əlaqəsi intibah dövrü Azərbaycan ədəbiyyatında mütəfəkkir tipli sənətkarların yetişib formalaşmasını şərtləndirmişdir. Dövrün şairləri həm də alim-mütəfəkkirlər səviyyəsində qəbul olunmuşlar. Ustad Nizami Gəncəvinin “Həkim Nizami”, Qətran Təbrizinin “alim-şair” kimi adlandırılmaları bu böyük təfəkkür sahiblərinin fəaliyyətlərində elm və ədəbiyyatın birlikdə iştirak etməsinin əlaməti idi. Fikrimizcə, dövrün tanınmış sənətkarlarından Mücirəddin Beyləqaninin Atabəylər, Əbül-Üla Gəncəvinin Şirvanşahlar saraylarında “məliküş-şüəra” rütbələri qazanmaları və həmin missiyanı həyata keçirmələri də onların bədii yaradıcılıqdan başqa, həm də sarayların ictimai həyatına, ədəbiyyatın tələblərinə dair geniş bilik sahibi olmalarının göstəricisi idi. Müasirlərinin Mücirəddin Beyləqaniyə “Məlikül-kəlam” kimi verdikləri qiymətdə ədəbiyyatla yanaşı, elmi dünyagörüşün də özünəməxsus payı olmuşdur.
Azərbaycanda XI əsrdən etibarən farsdilli ədəbiyyat epoxası başlanmışdır. Ərəbdilli ədəbiyyat mərhələsindən (VIII-XI əsrlər) sonra Azərbaycan ədəbiyyatının bütün Şərq miqyasında tanınmasına və şöhrət qazanmasına yol açmışdır. Ərəbdilli ədəbiyyatdan farsdilli poeziyaya keçid Azərbaycan ədəbiyyatının ümumşərq miqyasında daha böyük ədəbi rəqabət mühitinə daxil olmasına səbəb olmuşdur. Görkəmli Azərbaycan şairlərinin fars dilində yaratdıqları şedevrlər geniş mənada bütün Şərqdə tanınmış, oxunub müzakirə olunmuş və qəbul edilmişdir. İntibah dövrü Azərbaycan ədəbiyyatının görkəmli simalarının fars dilində yazdıqları əsərlərində Şərq mövzusunun geniş yer tutması, türk-müsəlman dünyasının tanınmış şəxsiyyətlərinin obrazlarının yaradılması, bir çox mühüm tarixi hadisələrin ədəbiyyata gətirilməsi ədəbiyyatın üfüqlərini genişləndirmiş, böyük coğrafiyada bu ədəbiyyata marağı qüvvətləndirmişdir. Bu yolla ümumşərq xarakterli Xosrov və Şirin, Leyli və Məcnun mövzuları Azərbaycan ədəbiyyatına həmişəlik daxil olmuşdur. Sonrakı əsərlərdə də, hətta XX əsrdə də Azərbaycan ədəbiyyatında bu mövzulara yenidən müraciət edilmişdir.
Bununla yanaşı, fars dilində yazılan Azərbaycan ədəbiyyatında ölkə həyatına aid mövzulara və obrazlara da yer ayrılmışdır. Nizami Gəncəvinin əsərlərində Bərdədən və Dərbənddən, Əfzələddin Xaqaninin Şamaxı, Təbriz və Şabrandan, Qətran Təbrizinin Ərdəbil, Gəncə, Naxçıvan, Sərab, Şadiabaddan söz açmaları bu ədəbiyyatda Azərbaycan mövzusunun, milli ruhun bədii ifadəsinin özünəməxsus yer tutduğunu əks etdirir. Nizami Gəncəvi yaradıcılığındakı böyük rəğbətlə təsvir etdiyi türk-azərbaycanlı obrazları: Nüşabə, Məhinbanu, Şirin, Fitnə, Sultan Səncərlə üz-üzə gələn Qarı surətləri, həmçinin, Xarəzm və Səqlab gözəlləri dövrünə görə dahi şairin milli mövqeyini nümayiş etdirir. Təzkirələrdə Nizami Gəncəvinin Azərbaycan dilində divanının olması barədə rəsmi məlumatların olması da intibah dövrü Azərbaycan ədəbiyyatında anadilli poeziyanın mövcudluğunu düşünməyə əsas verir. “Xəmsə”də türk dilinə aid sözlərin frazeoloji birləşmələrin və aforizmlərin işlədilməsi onun yaradıcısı olan görkəmli sənətkarın mənşə etibarilə Azərbaycan xalqına məxsus olduğunu göstərir. Son vaxtlarda Nizami Gəncəvinin “Xəmsə”ni fars dilinin Azərbaycan ləhcəsində yazmasına dair meydana çıxmış elmi cəhətdən əsaslandırılmış fikirlər XI-XII əsrlərdə ədəbi-ictimai fikirdə Azərbaycan dilinin özünəməxsus mövqeyə malik olduğunu nümayiş etdirir. XI əsrdə Xətib Təbrizinin Bağdadda “Nizamiyyə” mədrəsəsində dövrünün məşhur şairi və mütəfəkkiri Əbüləla əl-Müərrinin (973-1057) yanında tələbə ikən öz həmyerlisi olan müsafir azərbaycanlı ilə ana dilində olan söhbəti o dövrdə Azərbaycan dilinin işlək bir dil kimi geniş dairədə başa düşüldüyünü nəzərə çarpdırır. Xüsusi əhəmiyyətini nəzərə alaraq, həmin söhbətin qısa məzmununu verməklə XI-XII əsrlərdə Azərbaycan dilinin mövqeyini bir daha diqqət mərkəzinə çəkməyi əhəmiyyətli hesab edirik: “Mən iki il idi ki, onun (Əbüləla əl-Müərrinin - İ.H.) yanında idim və şəhərimin adamlarından bu müddətdə heç kimi görməmişdim. Birdən təbrizli qardaşlarımdan bir nəfər namaz qılmaq üçün məscidə girdi. Mən onu görən kimi tanıdım və sevincimdən çox həyəcanlandım. Əbüləla soruşdu: Sənə nə olmuşdur? Dedim: İki il idi ki, şəhərimin adamlarından heç kimi görməmişdim. İndi bir qonşuma rast gəlmişəm. Dedi: Dur, onunla söhbət et. Dedim: Dərsi qurtarandan sonra. Dedi: Dur, mən səni gözləyirəm. Ayağa qalxdım və azəri dilində onunla söhbət edib, məni maraqlandıran hər şeyi ondan soruşdum. Elə ki, qayıdıb Əbüləlanın yanında oturdum, məndən soruşdu: Bu, hansı dil idi? Dedim: Azərbaycan əhalisinin dilidir. Dedi: Mən bu dili bilmirəm və söhbətinizi də başa düşmədim. Ancaq danışıqlarınızın hamısını əzbərlədim. Sonra o, qonşumla etdiyimiz söhbətin hamısını artırıb-əksiltmədən olduğu kimi təkrar etdi. Mən onun başa düşmədiyi bir şeyi necə əzbərlədiyinə son dərəcə heyrətləndim”.
Bütün bunlar onu göstərir ki, renessans hadisəsi Şərq-müsəlman aləmi ilə yanaşı, ölkə üzrə milli-mənəvi dirçəlişin də oyanışına öz təsirini göstərmiş, qol-qanad vermişdir. Yazılı ədəbiyyat Azərbaycanda XII əsrdə özünün ən yüksək zirvəsinə çatmışdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) ölməz “Xəmsə”si geniş mənada türk-müsəlman dünyası ədəbiyyatının opogeyini təşkil edir. Nizami Gəncəvinin zəngin yaradıcılığını nəzərə almaqla heç tərəddüd etmədən demək olar ki, ümumşərq miqyasında farsdilli poeziya üzrə rəqabət mühitində Azərbaycan birincilik qazanmış və qalib gəlmişdir. XII əsrdə formalaşmış Nizami ədəbi məktəbi ənənələri uzun əsrlər Anadoludan-Qafqaza-Orta Asiyaya və Hindistana qədər türk-müsəlman dünyası ədəbiyyatının inkişafına qüvvətli təsir göstərmişdir.
Nizami Gəncəvi Şərq ədəbiyyatında ilk dəfə olaraq möhtəşəm epik dastanlar silsiləsi yaratmışdır. Böyük sənətkarın “Xəmsə”yə daxil olan əsərləri mükəmməl epik poemalardır. Şairin ilk əsəri olan “Sirlər xəzinəsi”ndəki hekayətlərdən hər biri dərin mənasına və ibrətamiz ictimai məzmununa görə müstəqil epik əsərlərdir. “Xosrov və Şirin” Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına gətirdiyi ilk geniş həcmli mükəmməl epik poemadır. Dahi şairin “Leyli və Məcnun” poeması böyük məhəbbət dastanıdır. “Yeddi gözəl” hökmdarlıqda, mənəviyyatda, həyat eşqində də qüdrətli olan Bəhram Gur şahın ibrətamiz hekayətidir.
“İskəndərnamə” - insan ağlının və zəkasının zəfəri və şərəfi haqqında ədəbiyyat əfsanəsidir. Nizami Gəncəvi epik poemalarında təsvir etdiyi epoxaları və şəxsiyyətləri bütün genişliyi, imkanları və əzəməti ilə birlikdə təqdim edir. “Xəmsə”yə daxil olan epik poemaları janr baxımdan, həm də mənzum romanlar adlandırılması heç də təsadüf deyildir. Doğrudur, epik poemalardakı poetik vüsət, lirik haşiyə onu romandan bir qədər fərqləndirir. Nizami Gəncəvinin əsərləri epik poemalar kimi möhtəşəmdir. Bununla belə, lirika deyil, epik poema, yaxud mənzum roman XI-XII əsrlər Azərbaycan ədəbiyyatının əsasında dayanır.
Xaqani Şirvaninin “Mədain xərabələri”, “Töhfətül-İraqeyn” poemalarında epik xüsusiyyətlər: süjet, əhvalat, təsvir-təhkiyə, obrazlar ana xətti təşkil edir. Hətta Nizami Gəncəvinin lirik şeirlərində, Məhsəti Gəncəvinin rübailərində, Xaqani Şirvaninin “Qəsideyi-Şiniyyə”sində və “Həbsiyyə”sində müəyyən süjet əlamətləri vardır. Qətran Təbrizinin tarixi mənzumə janrında yazdığı əsərlərdə dövrün ictimai-siyasi hadisələrinin nəzmə çəkilməsi, şərh edilməsi yalnız epik ədəbiyyatın geniş imkanları vasitəsilə mümkün olmuşdur. Əbül-üla Gəncəvi (XI-XII əsrlər), Fələki Şirvani (1108-1157) və Mücirəddin Beyləqaninin (1130-1194) “Qəsəmnamə” - “Andnamə” adlandırdıqları əsərlərdə tərcümeyi-hal tarixçələri və ictimai-siyasi hadisələrə münasibət əsas motiv idi. Dövrün ədəbiyyatının aparıcı istiqaməti epik ədəbiyyatın inkişafı ilə əlaqədardır. XI-XII əsrlər Azərbaycan ədəbiyyatını epik poemalar, yaxud mənzum romanlar dövrü kimi də səciyyələndirmək mümkündür. İntibahın doğurduğu dövrün vüsəti, şəxsiyyətin bütövlüyü və qüdrəti, humanizm ideyaları, ədalət motivi lirikada vəsf edilməklə həll oluna biləcək məsələlər deyildi. Geniş epik baxış və poetik vüsət intibah ədəbiyyatının ritmlərini müəyyən etmişdir. Bu dövrdə məsnəvi formasının əsas bədii ifadə vasitəsi olması epik ədəbiyyatın inkişafından irəli gəlmişdir.
Bu epoxanın divan ədəbiyyatında digər janrlarla müqayisədə müəyyən təhkiyəçilik əlamətləri olan qəsidə janrında yazılmış şeirlərin əsas yer tutması da ədəbi mühitdə epik ədəbiyyatın aparıcı olması ilə izah olunmalıdır. XI-XII əsrlərdə yaşayıb-yaratmış şairlərin yaradıcılığında məsnəvi forması, qəsidə, mədhiyyə, həcv, rübai janrları aparıcı mövqe tutmuşdur. Yuxarıda haqqında bəhs olunan sənətkarlardan başqa, İskani Zəncani, Qivami Mütərizi, Hüseyn Təbrizi, Xəttat Nizami Təbrizi, Əbülhəsən Əli Miyanəçi, Ömər Gənci, Sədəddin Məravani, İzzəddin Şirvani, Zəki Marağayi və başqalarının yaradıcılığında aşiqanə qəzəllərlə müqayisədə məsnəvi formasında yazılmış şeirlər daha çox olmuş, ictimai motivlər geniş yer tutmuşdur. Bu, intibah epoxası ədəbiyyatının özünəməxsus xüsusiyyəti idi.
Nizami Gəncəvi yaradıcılığındakı ədalət, humanizm, dövlətçilik, bərabərlik, mənəvi zənginlik və bütövlük, zəhmətə münasibət ideyaları Azərbaycan ədəbiyyatının yüksək bəşəri mövqeyini ifadə edir. Əfzələddin Xaqaninin (1126-1199) əsərlərində ədalət və humanizm ideyaları ilə birlikdə səslənən vətənpərvərlik və mübariz ruh dövrün ədəbiyyatına yeni məzmun gətirmişdir. Məhsəti Gəncəvinin (1098-1188) rübailəri dərin lirika ilə fəlsəfi baxışın vəhdətini ifadə etməklə poeziyada fərqli bir özünəməxsusluq əmələ gətirmişdir. Əbül-üla Gəncəvi, Mücirəddin Beyləqani, Fələki Şirvani, Əkmələddin Naxçıvani və başqaları saray şeiri çərçivəsində olsa da, ədəbiyyatın ictimai məzmunlu poeziyaya doğru inkişafında müəyyən rol oynamışdır. Ədəbiyyatşünaslıqda doğru olaraq qeyd edildiyi kimi, bu epoxada “humanizm - incəsənətin sinonimi mənasını ifadə etmişdir” (Arif Hacıyev).
Bütövlükdə, XII əsr Azərbaycan ədəbiyyatının tarixinə “qızıl əsr” - “altın dövr” kimi daxil olmuşdur. Bu dövr - humanizm ideyalarının daşıyıcısı olan insanın intibahı epoxasıdır. Şərq müsəlman intibahının ən böyük şedevrləri XI-XII əsrlərdə Azərbaycanda yaranmışdır. Şərq memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin ucaltdığı Möminəxatun məqbərəsi dövrün ədəbiyyatı ilə yanaşı, mədəniyyətinin də yüksək inkişafını nümayiş etdirir. Möminə xatun məqbərəsi Azərbaycan milli memarlıq sənətinin daş “Xəmsə”si kimi mühüm əhəmiyyətə malikdir. Əcəmi memarlıq məktəbi Şərqdə mədəniyyətin inkişafında özünün dərin izlərini buraxmışdır.
Azərbaycan elmində XI-XII əsrlərin intibahı məsələsinə həm hə, həm də yox cavabı verilmişdir. XII əsr Azərbaycan intibahını qəbul edənlər məhz bu əsrdə Azərbaycanda şəhərlərin (Naxçıvan, Gəncə, Təbriz və s.), dövlətçiliyin (Səlcuqlar, Atabəylər, Şirvanşahlar), ticarətin (İpək yolu) və mədəniyyətin (memarlıq, dulusçuluq, nəqqaşlıq, zərgərlik və s.) və ədəbiyyatın xüsusi bir inkişaf səviyyəsinə çatdığına əsaslanırlar.
Azərbaycanda XII əsrdə intibah hadisəsinin olduğunu qəbul etməyənlərin də arqumentləri vardır: İlk növbədə ana dili məsələsi. Çünki məlum olduğu kimi, XI-XII əsrlərdə Azərbaycan ədəbiyyatının möhtəşəm şedevrləri fars dilində yaradılmışdır. Bu dövrdə elmi əsərlər ərəb dilində qələmə alınaraq yayılmışdır. Əslində, intibah mədəniyyətinin yaranması üçün zəruri olan inteqrasiya proseslərinin genişlənməsi baxımından bədii əsərlərin və elmi traktatların ərəb-fars dillərində yazılması və yayılması da mühüm bir faktor idi. Azərbaycan şairlərinin fars dilində əsərlər yazması Şərq miqyasında mövcud olan ədəbi ənənədən gəlirdi. Əgər XI-XII əsrlər Azərbaycan ədəbiyyatı fars dilində yazılmasa idi, onda həmin epoxanın böyük şairləri Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi indi təsəvvür etdiyimiz səviyyədə Şərq və dünya miqyasında yüksək mövqe qazana bilməyəcəkdi.
Buna baxmayaraq, Renessansın Azərbaycanı da əhatə edən ümümşərq hadisəsi olmasından və ya Azərbaycan hadisəsi kimi meydana çıxmasından asılı olmayaraq, XI-XII əsrlərdə türk-müsəlman dünyasında real intibah proseslərinin yaşandığı beynəlxalq elmi fikirdə mübahisəsiz qəbul edilmiş gerçəklikdir. Hər iki halda XI-XII əsrlərdə Azərbaycan ədəbiyyatında konkret ədəbi mərhələ təşkil edən müstəsna bir inkişaf hadisəsinin baş verdiyini görməmək mümkün deyildir. Məqsədimiz XII əsrdə Azərbaycan intibahı ilə bağlı mübahisələri həll etmək olmadığı üçün bütün hallarda ölkəmizin ümumşərq, yaxud türk-müsəlman dünyası intibah proseslərinin içərisində olduğunu nəzərə almaqla həmin epoxada ədəbiyyatımızın intibah dövrü kimi müstəqil bir mərhələ səviyyəsində inkişaf etdiyini göstərməkdən ibarətdir. Dövrün görkəmli sənətkarlarının Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvinin və digər şairlərin özünəməxsus dərin ictimai məzmuna malik olan parlaq əsərləri və səsləndirdikləri bəşəri ideyalar XI-XII əsrlərin Azərbaycan ədəbiyyatında ayrıca bir dövr kimi qəbul edilməsinə əsas verir. Hətta biz o fikirdəyik ki, təkcə Nizami Gəncəvi kimi böyük dünya şöhrətinə malik qüdrətli sənətkarın həmin dövrdə yaşayıb-yaratması, “Xəmsə” səviyyəsində cahanşümul poemalar çələngini yaratması da bu mərhələdən Azərbaycan ədəbiyyatı tarixinin müstəqil bir dövrü kimi bəhs edilməsi üçün yetərlidir. XII əsri Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi epoxasıda adlandırmaq olar.
Bu dövr ümumşərq miqyasında da Nizami Gəncəvi epoxasıdır. Nizami Gəncəvi yaradıcılığının bütövlükdə türk-müsəlman dünyası ədəbiyyatının əlçatmaz zirvəsi olduğu dünyada qəbul olunan mütləq həqiqətdir. Bura onu da əlavə etmək lazımdır ki, XII əsrdə nəinki Şərq ədəbiyyatında, Qərbdə və ya dünyanın hər hansı bir başqa ölkəsində Nizami Gəncəvi miqyasında möhtəşəm sənətkar yetişməmişdir. Məşhur “İsgəndərnamə” poemasının müəllifi Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının Makedoniyalı İsgəndəridir. Həqiqətən Makedoniyalı İsgəndərin qılıncı ilə fəth etdiyi ölkələri Nizami Gəncəvi ölməz əsərləri, “Xəmsə”si ilə ram etmişdir. Böyük sənətkar “Azərbaycan ədəbiyyatına Makedoniyalı İsgəndər şöhrəti qazandırmışdır”. Nizami Gəncəvi nəinki öz epoxasının, özündən sonrakı dövrlərin də dünya ədəbiyyatındakı nəhəng ədəbi simalarından biridir. Nizami Gəncəvinin ölməz əsərləri sözün böyük mənasında dünya ədəbiyyatı hadisəsidir.
Beləliklə, XI-XII əsrlər Azərbaycan ədəbiyyatı türk-müsəlman dünyası intibahının mühüm və parlaq ədəbi-mədəni hadisəsidir. Bu, tarixi mərhələ Azərbaycan ədəbiyyatının “qızıl dövrü”dür. Epik poemalar, mənzum romanlar, süjetli lirika, məsnəvi formasının geniş yer tutması bu dövr Azərbaycan ədəbiyyatının simasını müəyyən edir. Bəşəri ideyalar humanizm, ədalət, bərabərlik, azadlıq, şəxsiyyətin bütövlüyü və mənəvi zənginliyi intibah dövrü Azərbaycan ədəbiyyatının özü ilə gətirib böyük ədəbiyyat səviyyəsinə qaldırdığı əsl intibahdır.
Bütün bunlara görə XI-XII əsrlər “İntibah dövrü Azərbaycan ədəbiyyatı” ədəbiyyatımızın xüsusi mərhələsidir. Bu, Azərbaycanda VII-X əsrlər ortaq ədəbiyyat dövrünün ölkə ədəbiyyatına çevrilməsi prosesinin möhtəşəm yekunu olan böyük ədəbiyyatdır. XI-XII əsrlər Azərbaycan ədəbiyyatı təkcə İntibah dövrü Şərq-müsəlman ədəbiyyatının üzvü tərkib hissəsi deyil, həm də ümumən dünya ədəbiyyatı faktıdır.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik
Baxış sayı: 2 384