Noyabrın 30-da Londonda, Britaniya Kitabxanasının “Pigott Theatre” zalında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Qlobal tarixdə Türk dünyası: kimlik və mədəni irs. Bakı 1926 – London 2026” adlı beynəlxalq simpozium keçiriləcək.
Fact-info.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu və Böyük Britaniyada akkreditə olunmuş türk dövlətlərinin səfirliklərinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, türkoloqları, beynəlxalq təşkilatların, elmi və mədəni müəssisələrin nümayəndələrini, eləcə də diplomatik korpusun təmsilçilərini bir araya gətirəcək.
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının dillərinin, tarixinin və mədəni irsinin elmi şəkildə öyrənilməsinin əsasını qoyan mühüm tarixi hadisə olub. Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi təşəbbüsü 2025-ci il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşündə türk dövlətlərinin başçıları tərəfindən yekdilliklə dəstəklənib.
Bu il noyabrın 20-21-də Özbəkistanın Səmərqənd şəhərində bir əsr əvvəl Bakıda başlanmış elmi dialoqu davam etdirən İkinci Türkoloji Qurultay keçirilib. Londonda təşkil olunacaq simpozium yubiley proqramının mühüm beynəlxalq tədbirlərindən biri olmaqla, hər iki qurultayın elmi irsinin dəyərləndirilməsinə və türkologiyanın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edəcək.
Simpoziumun proqramına açılış mərasimi, plenar iclas və iki tematik elmi sessiya daxildir. Açılış mərasimində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın Böyük Britaniyadakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT), Türk Mədəniyyəti və İrsi Fondunun və TDT Ağsaqqallar Şurasının rəhbərliyinin çıxışları nəzərdə tutulur. Elmi müzakirələr “Əsrlər boyu türkoloji araşdırmalar: tarix, mənbələr və elmi ənənələr” və “Türk dünyasının mədəni yaddaşı: irs, kimlik və müasir perspektivlər” adlı sessiyalar çərçivəsində aparılacaq. İştirakçılar türk xalqlarının mədəni irsin öyrənilməsində tarixi rolunu, kimlik məsələlərini, eləcə də müasir tədqiqatlarda rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi imkanlarını müzakirə edəcəklər. Simpozium çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun “Türk dünyasının mədəni kodu” adlı çoxdilli kataloqu və “Türk folklor irsi” adlı antologiyası da daxil olmaqla, elmi nəşrlərinin təqdimatı keçiriləcək. Bu nəşrlər türk xalqlarının ortaq mədəni irsinin qorunmasına, öyrənilməsinə və beynəlxalq səviyyədə təbliğinə xidmət edir.
Simpoziumun əsas təşəbbüslərindən biri də Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Ümumdünya Gənc Türkoloqlar Şəbəkəsinin (World Network of Young Turkologists) yaradılması olacaq. Yeni akademik platforma türk dövlətlərindən, Böyük Britaniyadan və digər ölkələrdən olan gənc tədqiqatçıları bir araya gətirərək beynəlxalq elmi əməkdaşlığın, akademik mobilliyin və birgə layihələrin inkişafına töhfə verməyi hədəfləyir.
Bununla yanaşı, universitetlər, elmi-tədqiqat mərkəzləri, kitabxanalar və muzeylər arasında əməkdaşlığın genişləndirilməsinə, xüsusilə Britaniya və digər beynəlxalq kolleksiyalarda qorunan türk tarixi-mədəni irsinin öyrənilməsi, kataloqlaşdırılması və rəqəmsallaşdırılması məsələlərinə xüsusi diqqət yetiriləcək.
Simpoziumun yekun sənədlərindən biri kimi London Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur. Bəyannamədə ötən əsr ərzində türkologiya elminin əldə etdiyi mühüm nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının təsbit edilməsi, türk xalqlarının tarixinin və mədəni irsinin öyrənilməsinə töhfə vermiş bir neçə nəsil alimin xidmətlərinin qeyd olunması, eləcə də gələcək beynəlxalq elmi əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. “Bakı 1926 – London 2026” beynəlxalq simpoziumunun elmi əlaqələrin möhkəmləndirilməsi, ortaq mədəni irsin qorunması və XXI əsrdə türkologiyanın inkişafı istiqamətində mühüm mərhələ olacağı gözlənilir.
Baxış sayı: 75
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
