FACT-INFO.AZ » CƏMİYYƏT » Mənim içimdəki oxunmamış kitab
Dünən, 18:30 | CƏMİYYƏT
Mənim içimdəki oxunmamış kitab

Uşaq vaxtı mənə verilən bir sual vardı. O sualın sadəliyində gizlənən dərinliyi o zaman anlamırdım. Elə bilirdim ki, bu sual yalnız gələcəklə bağlıdır, yalnız peşə seçimi haqqındadır. Amma illər keçdikcə başa düşdüm ki, bəzi suallar insanın qarşısına cavab almaq üçün deyil, onu ömrü boyu düşündürmək üçün çıxır.

"Böyüyəndə nə olmaq istəyirsən?" Bu sual uşaqlığımın ən uzaq guşələrindən bu günə qədər mənimlə gəlib. O zaman ətrafımdakı uşaqlar tərəddüd etmədən cavab verirdilər. Kimi həkim olmaq istəyirdi, kimi müəllim, kimi mühəndis, kimi də pilot. Hər kəs gələcəyini bir peşənin adı ilə ifadə edirdi. Mən isə susurdum. Çünki ürəyimin dərinliyində hiss etdiklərim heç bir ada sığmırdı. Mənim xəyal etdiyim gələcəyin nə peşəsi vardı, nə də müəyyən sərhədləri. Sadəcə, içimdə izah edə bilmədiyim bir axtarış yaşayırdı.

İllər keçdi. Vaxt öz görünməz qanadları ilə məni uşaqlıqdan uzaqlaşdırdı. Mən həyatın müxtəlif yollarından keçdim. Sevinc gördüm, kədər yaşadım, qazandım, itirdim, inandım, aldandım, sevdim və ayrıldım. Yaşadığım hər hadisə ruhumun dərinliyində görünməz izlər qoydu. Həyat mənə öyrətdi ki, insanın əsl yaşı doğum tarixində deyil, yaddaşında daşıdığı ağrıların və hikmətlərin sayındadır.

Bu uzun yolçuluq zamanı bir həqiqəti anladım: hər insanın daxilində heç kimin tam oxuya bilmədiyi bir kitab yaşayır. Mənim də içimdə belə bir kitab var. Onu heç bir nəşriyyat çap etməyib. Heç bir kitabxana onun adını daşımır. O kitabın müəllifi zamandır, redaktoru tale, mürəkkəbi isə xatirələrdir. Hər səhifəsində bir hiss, bir peşmançılıq, bir ümid, bir arzu yaşayır. İnsanlar mənim üzümü görüblər, sözlərimi dinləyiblər, yazılarımı oxuyublar. Amma heç kim həmin kitabın bütün səhifələrini görə bilməyib. Çünki insanın ən böyük sirri onun söylədiklərində deyil, susduqlarında gizlənir.

O kitabın ilk səhifələrində uşaqlığım yaşayır. Kiçik bir qəsəbə... Doğma stansiya... Qatar fitlərinin səhərləri oyatdığı, axşamların isə sakit bir yorğunluqla günə vida etdiyi o məsum zamanlar... O səhifələrdə anamın səsi var. Atamın baxışları var. Saf niyyətlər var. Hələ xəyal qırıqlığının nə olduğunu bilməyən bir ürəyin işığı var. O günlər çox uzaqda qalsa da, bəzən ruhumun dərinliyindən qalxan bir səs mənə xatırladır ki, insan haraya gedirsə getsin, uşaqlığını özündən ayıra bilmir.

Sonra gənclik gəlir. Həyatın bütün qapılarının açılacağını düşündüyümüz illər... Ümidlərin gerçəklikdən böyük olduğu çağlar... İlk məhəbbətlər, ilk ayrılıqlar, ilk məğlubiyyətlər... İnsan məhz həmin dövrdə anlayır ki, həyat arzular qədər sadə deyil. Bəzən ən çox gözlədiklərin gəlmir, ən çox sevdiklərin qalmır, ən çox inandıqların isə səni yarı yolda qoyur.

Zaman keçdikcə kitabın səhifələri dəyişir. İnsan itkilərlə böyüyür. Susqunluqlarla müdrikləşir. Ağrılarla dərinləşir. Bir vaxtlar bədbəxtlik hesab etdiyimiz hadisələrin sonradan bizi formalaşdırdığını anlayırıq. Çünki həyat insanı sındırmaq üçün deyil, onu öz həqiqətinə çatdırmaq üçün sınaqdan keçirir. Ağrılar ruhun cəzası deyil, onun oyanışıdır. Hər yara bir dərsdir. Hər itki bir tanınmadır. Hər ayrılıq isə insanı öz daxilinə bir addım da yaxınlaşdırır.

Uzun illər xoşbəxtliyi uzaqlarda axtarmışam. Düşünmüşəm ki, xoşbəxtlik hansısa zirvədə yaşayır. Elə bilmişəm ki, insan daha çox qazandıqca daha xoşbəxt olur. Sonra anladım ki, dünyanın bütün sərvətləri insanın daxilindəki boşluğu doldurmağa qadir deyil. Çünki qəlbin aclığının çörəyi yoxdur. Ruhun susuzluğunu heç bir sərvət söndürmür.

Mənasızlıq ən böyük yoxsulluqdur. Özünə yadlaşmaq ən böyük tənhalıqdır. Vicdanını itirmək isə ən böyük məğlubiyyətdir. Bu həqiqətlərə çatmaq üçün isə bəzən bir ömür lazım gəlir.

Bu gün geriyə baxanda görürəm ki, həyatın mənə bəxş etdiyi ən böyük mükafat insan olaraq qala bilməkdir. Çünki zaman hər şeyi aparır. Gəncliyi aparır. Gözəlliyi aparır. Gücü aparır. Şöhrəti aparır. Hətta xatirələrin rəngini də soldurur. Lakin qəlbdə qorunan işığı söndürməyə onun da gücü çatmır.

İnsan olmaq məhz o işığı qorumaqdır. İnsan olmaq hər gün yenidən seçim etməkdir. Nifrət qarşısında sevgini seçməkdir. Qaranlıq içində işığı seçməkdir. Ədalətsizlik qarşısında vicdanın səsini seçməkdir. Ən çətin anlarda belə mərhəməti itirməməkdir.

İndi isə uşaqlıqdan gələn o sual yenidən qarşıma çıxır. "Böyüyəndə nə olmaq istəyirsən?" Bu dəfə susmuram. Bu dəfə cavabım hazırdır. Mən böyüyəndə böyük adam olmaq istəmirdim. Mən böyüyəndə məşhur olmaq istəmirdim. Mən böyüyəndə başqalarından üstün olmaq istəmirdim. Mən sadəcə insan olmaq istəyirdim. Vicdanını satmayan insan. Qəlbinin işığını qoruyan insan. Sevməyi bacaran insan. Bağışlamağı bacaran insan. Öz ruhuna xəyanət etməyən insan.

İndi anlayıram ki, bütün ömrüm boyu əslində özümü axtarmışam. Gedilən yolların, yaşanan ayrılıqların, qazanılan və itirilən hər şeyin sonu məni yenə öz içimə gətirib çıxarıb. Çünki insanın ən uzaq məsafəsi başqa şəhərlərə deyil, öz ruhuna qədər olan məsafədir.

Mənim içimdə heç kimin oxuya bilmədiyi bir kitab var. Hələ də yazılır. Hələ də tamamlanmayıb. Amma onun son səhifəsində yazılacaq cümləni artıq bilirəm. Orada nə şöhrətdən danışılacaq, nə sərvətdən, nə də dünyanın verdiyi keçici adlardan. Orada yalnız bir həqiqət yazılacaq:

Mən bu dünyaya kimdənsə böyük olmaq üçün gəlmədim. Mən bu dünyaya içimdəki işığı qorumaq üçün gəldim. Mən bu dünyaya ruhuma layiq bir ömür yaşamaq üçün gəldim. Əgər bir gün zamanın son qapısından keçərkən vicdanımın işığı hələ də yanırsa, sevgim hələ də qəlbimdə yaşayırsa, mərhəmətim hələ də ruhumu tərk etməyibsə, deməli, həyatın bütün imtahanlarından keçmişəm. Çünki insanın ən böyük zəfəri dünyanı fəth etməsi deyil, öz qaranlığını işığa çevirməsidir.

Bəli, mən Salyan rayonunun kiçik bir qəsəbəsindən, doğma stansiyamdan çıxıb böyük şəhərlərə, uzaq ölkələrə getdim. Həyat məni çox uzaqlara apardı. Fərqli dillər eşitdim, fərqli insanlar tanıdım, yad küçələrdə addımladım. Lakin harada olsam da, ürəyimin ən sakit guşəsində həmişə o balaca qəsəbə yaşadı. Həmişə doğma stansiyanın səsi, uşaqlıq dostlarımın gülüşü, ilk arzularımın qanad açdığı o işıqlı günlər yaşadı.

İndi dönüb geriyə baxanda anlayıram ki, insanın ən böyük həsrəti gedə bilmədiyi yerlərə deyil, qayıda bilmədiyi zamanlara olur. Kaş yenidən uşaqlığıma dönə biləydim. Kaş doğma qəsəbəmin küçələrində bir daha addımlaya biləydim. Kaş sevginin hələ saf olduğu, dostluğun hələ sınmadığı, ümidlərin hələ yarımçıq qalmadığı günləri yenidən yaşaya biləydim.

Çünki insan böyüdükcə anlayır ki, dünyanın ən böyük şəhərləri belə uşaqlığın kiçik bir küçəsini əvəz etmir. Ən zəngin ölkələr belə doğma bir xatirənin istiliyini verə bilmir. Bəzən ömrü boyu uzaqlara gedən insanın ruhu elə uşaqlığının qaldığı yerdə dayanıb onu gözləyir.

Və bəlkə də həyatın ən böyük sirri budur: insan nə qədər uzağa getsə də, qəlbinin ən doğma ünvanı həmişə ilk dəfə sevdiyi, ilk dəfə xəyal qurduğu, ilk dəfə xoşbəxtliyi tanıdığı yer olaraq qalır.

Mənim içimdəki oxunmamış kitabın son səhifəsində isə ömrümün ən gecikmiş, ən səmimi etirafı yazılıb: Mən dünyanı görmək üçün uzaqlara getdim, amma xoşbəxtliyin ünvanı həmişə geridə qaldı. Mən böyük şəhərlərə çatdım, amma ürəyim yenə də o kiçik qəsəbənin yollarında dolaşdı. Ruhum isə həmişə uşaqlığımın stansiyasında qaldı. İndi anlayıram ki, insanın ən böyük sevgisi zamanın əlindən ala bilmədiyi xatirələrə, ən böyük həsrəti isə geri qaytara bilmədiyi günlərədir. Çünki ömrün sonunda insan qazandıqlarını deyil, darıxdıqlarını xatırlayır.

Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü,
yazıçı-publisist




Baxış sayı: 85
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30