Bəzi ömürlər illərlə, bəziləri isə gördüyü işlərlə, keçdiyi sınaqlarla ölçülür. Elə insanlar var ki, onların həyat yolu bir ailənin deyil, bütöv bir xalqın yaddaşına yazılır. Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Bəydəmir oğlu Mövlanovun 50 illik ömür yolu da məhz belə şərəfli salnamələrdəndir.
16 oktyabr 1976-cı ildə Quba rayonunun Utuq kəndində dünyaya göz açan Nizami Mövlanov hələ uşaqlıq illərindən hərb sənətinə böyük maraq göstərib. Valideynlərinin müəllim olması, ailədə hərbçi qardaşının nümunəsi onun gələcək həyat yolunun müəyyənləşməsində mühüm rol oynayıb. 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması ilə başlayan yol sonradan onu Azərbaycan Ordusunun peşəkar zabitlərindən birinə çevirdi.
1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alan gənc zabit 1998-ci ildən Azərbaycan Ordusunda xidmətə başlayıb. Xidməti dövründə müxtəlif məsul vəzifələrdə çalışıb, peşəkarlığı və iradəsi ilə seçilib. 2014-cü ildə Ağdam istiqamətində düşmən təxribatının qarşısı alınarkən yaralanması onun şərəfli xidmət yolunun sınaqlarından biri idi.
Lakin onun həyatındakı ən böyük sınaq və ən böyük Zəfər 2020-ci ilin 44 günlük Vətən müharibəsi oldu.
Vətən müharibəsi Azərbaycan zabiti və əsgərinin illərlə gözlədiyi tarixi anı gerçəyə çevirdi. Bu savaşda Nizami Mövlanov rəhbərlik etdiyi şəxsi heyətlə birlikdə döyüş tapşırıqlarının icrasında xüsusi igidlik və peşəkarlıq nümayiş etdirdi.
Onun döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərindən keçərək Şuşaya doğru uzandı. Döyüşlərin ən ağır məqamlarında zabit üçün şəxsi cəsarətlə yanaşı, əsgərinə dayaq olmaq, düzgün qərar vermək və qarşıya qoyulmuş tapşırığı sonadək yerinə yetirmək əsas idi.
Məhz bu xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. O, həmçinin "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Əsl qəhrəmanlığın böyüklüyü ondadır ki, o, bir döyüşlə bitmir. Qəhrəmanlıq həm də qazandığın təcrübəni gələcək nəsillərə ötürmək, özündən sonra gələn zabitləri yetişdirməkdir.
Nizami Mövlanovun sonrakı fəaliyyəti də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. O, hərbi təhsil və kadr hazırlığı sahəsində məsul vəzifələrdə çalışıb. 2024-cü ildə Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsinin icrası ona həvalə olunub. Hazırda isə Milli Müdafiə Universitetinin Təlim və Tədris Mərkəzinin rəisi kimi Azərbaycan Ordusunun gələcək zabit heyətinin hazırlanmasına rəhbərlik edir.
Nizami Mövlanovun həyatında diqqətçəkən məqamlardan biri də hərbçi ailəsində formalaşmasıdır. Qardaşı polkovnik Tərlan Mövlanov da Azərbaycan Ordusunda xidmət edir. Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib.
Bu ailənin timsalında Vətənə xidmətin sadəcə peşə deyil, nəsildən-nəslə ötürülən mənəvi dəyər olduğunu görmək mümkündür.
50 il... Bu rəqəmin arxasında bir uşaqlıq arzusu, hərbi lisey illəri, zabit kimi ilk addımlar, uzun illərin xidməti, yaralanma, ağır sınaqlar, silahdaşların məsuliyyəti, şəhidlərin əziz xatirəsi və nəhayət, Böyük Zəfər dayanır.
Nizami Mövlanovun 50 illik yubileyi həm də Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun bir insan taleyində əksidir. O, müstəqil Azərbaycan Ordusunda leytenant kimi xidmətə başlayıb, polkovnik rütbəsinə yüksəlib və Vətən Müharibəsi Qəhrəmanı kimi tarixə düşüb.
Bu gün onun adına verilən ən böyük qiymət sinəsindəki medallar deyil, döyüşçülərinin, silahdaşlarının və yetişdirdiyi gənc zabitlərin hörmətidir. Çünki rütbə insanı ucalda bilər, amma insan rütbəyə şərəf gətirəndə əsl zabit olur. Nizami Mövlanovun keçdiyi yol da məhz belə bir zabitlik məktəbidir.
Polkovnik Nizami Mövlanovu tanıyan hər kəs onun rütbəsindən əvvəl insanlığını xatırlayır - sərt zabit duruşunun arxasında son dərəcə təvazökar, mehriban və qayğıkeş bir ürək dayanır; əsgərinin dərdini öz dərdi kimi dinləyən, silahdaşının sevincinə ürəkdən sevinən, heç vaxt qürura qapılmayan, böyüyünə hörmət, kiçiyinə mərhəmət göstərən, Vətənə sevgisini insana sevgidən başlayan bir insan kimi hamının qəlbində dərin hörmət qazanıb.
50 illik yubileyiniz münasibətilə Sizi - Vətən Müharibəsi Qəhrəmanını, Azərbaycan Ordusunun şərəfli zabitini səmimi qəlbdən təbrik edirik.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, dövlətimizə və Ordumuza xidmət yolunda yeni uğurlar arzulayırıq. Qoy keçdiyiniz şərəfli yol gənc nəsil üçün daim Vətənə sədaqət və zabit şərəfi məktəbi olsun.
Nuralı İsmayılov
Baxış sayı: 95
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan

