FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib
7-10-2026, 19:00 | MƏDƏNİYYƏT
“İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

Azərbaycan Milli Kitabxanasında professor Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” kitabının təqdimat mərasimi keçirilib.

Kitabxanadan Fact-info.az-a bildirilib ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikası tarixinin görkəmli tədqiqatçısı, alim və pedaqoq kimi fəaliyyətindən bəhs edib, onun jurnalistikanın tanınmış simalarının irsinin araşdırılmasına, elmi kadrların yetişdirilməsinə və gənc jurnalistlərdə milli dəyərlər, vətəndaşlıq və obyektivlik prinsiplərinin formalaşdırılmasına verdiyi töhfələri vurğulayıb.

Professor Kərim Tahirov “İstiqlal söhbətləri” kitabının Şirməmməd Hüseynovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Əməkdar jurnalist Mirşahin Ağayevlə ANS TV və Real TV-də apardığı canlı söhbət və müsahibələr, eləcə də “YouTube”da yayımlanmış səs yazılarının mətnləri əsasında hazırlandığını, bu söhbətlərdə Azərbaycanın son iki əsrlik tarixində baş vermiş mühüm hadisələr, milli istiqlal ideyasının təşəkkülü, dövlətçilik ənənələrimiz və milli mətbuatın bu proseslərdəki rolu barədə alimin dəyərli fikirlərinin öz əksini tapdığını qeyd edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitabın bir sıra cəhətlərdən özünəməxsus əhəmiyyət daşıdığını vurğulayıb. O, nəşrin Azərbaycan elmi və publisistik fikir tarixində orijinallığı ilə seçildiyini, janr xüsusiyyətləri baxımından diqqətəlayiq nümunə olduğunu bildirib. Akademik qeyd edib ki, Mir Şahin Ağayevin “İstiqlal söhbətləri” adı ilə təqdim etdiyi bu nəşr ənənəvi müsahibə janrının mövcud çərçivələrini aşaraq, daha müasir və fərqli təqdimat formasını ortaya qoyur. Onun sözlərinə görə, kitab Azərbaycan jurnalistikasında formalaşmaqda olan yeni janr axtarışlarının və müasir publisistik düşüncə tərzinin maraqlı nümunəsi kimi dəyərləndirilə bilər.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov tədbirdə iştirakından məmnunluğunu ifadə edərək Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikası tarixinin görkəmli tədqiqatçısı olduğunu vurğulayıb. O, XIX əsrin sonu – XX əsrin əvvəllərində milli mətbuat və publisistikanın xalqın milli özünüdərkinin formalaşmasına, azadlıq və istiqlal ideyalarının yayılmasına mühüm təsir göstərdiyini qeyd edib. Nazir müavini Şirməmməd Hüseynovun klassik jurnalistikanın nümayəndələrinin irsini araşdırmaqla yanaşı, milli mətbuatın dövlətçilik və istiqlal düşüncəsinin formalaşmasındakı rolunu elmi əsaslarla ortaya qoyduğunu və bu zəngin irsin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verdiyini bildirib.

Nazir müavini kitabın fərqli formatda nəşr olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, alimin əziz xatirəsinin daim yaddaşlarda yaşayacağını, zəngin elmi irsinin və apardığı tədqiqatların gələcək nəsillərin yoluna hər zaman işıq saçan bir mayak rolunu oynayacağını qeyd edib.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bildirib ki, müsahibələrin bir qismini dinləyib və burada onun diqqətini cəlb edən əsas məqamlardan biri sual-cavabların yüksək peşəkarlıq səviyyəsidir. Onun sözlərinə görə, mahir telejurnalistin ustalıqla və düşünülmüş şəkildə formalaşdırdığı suallar qarşısında ondan da mahir bir jurnalistin – Şirməmməd Hüseynovun – dolğun və məzmunlu cavabları dayanır.

Rektor Şirməmməd Hüseynovun çoxcildlik “Mətbuat tarixi” tədqiqatlarının, onlarla elmi və publisistik məqaləsinin, haqqında nəşr olunmuş biblioqrafiyanın alimin zəngin elmi irsinin miqyasını aydın şəkildə göstərdiyini vurğulayıb. Bildirib ki, onun Azərbaycan jurnalistikasının inkişafında, peşəkar jurnalist kadrlarının hazırlanmasında və bütövlükdə jurnalistika elminin formalaşmasında xidmətləri danılmazdır.

Elçin Babayev qeyd edib ki, Şirməmməd Hüseynov ömrünün təxminən altmış ilini Bakı Dövlət Universiteti ilə bağlayıb. Lakin onun pedaqoji fəaliyyəti yalnız jurnalistikanın nəzəri əsaslarını tələbələrə öyrətməklə məhdudlaşmayıb. O, hər şeydən əvvəl, sözün məsuliyyətini dərk edən, peşə prinsiplərinə sadiq jurnalistlər yetişdirməyə çalışıb.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Şirməmməd Hüseynovun elmi-publisistik və ictimai fəaliyyətindən bəhs edərək, onun sovet dövründə müəyyən məhdudiyyətlərlə üzləşdiyini, müstəqillik illərində isə yaradıcılıq imkanlarının genişləndiyini bildirib. Akademik Şirməmməd Hüseynovu fəal, prinsipial və milli tarixə bağlı ziyalı kimi səciyyələndirib.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova kitabın əhəmiyyətindən danışaraq qeyd edib ki, əsərlə tanışlıqdan sonra bir daha dərk etmək mümkündür ki, milli istiqlal düşüncəsinin yaşadılmasında və nəsildən-nəslə ötürülməsində Şirməmməd Hüseynov kimi ziyalıların müstəsna xidmətləri olmuşdur.

Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov və AzTV-nin siyasi icmalçısı, Əməkdar jurnalist Tofiq Abbasov çıxış edərək professor Şirməmməd Hüseynovun yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Natiqlər, həmçinin Şirməmməd Hüseynovun əsərlərinin toplanaraq nəşrə hazırlanmasına və “İstiqlal söhbətləri” kitabının ərsəyə gəlməsinə göstərdiyi əzmkarlığa görə alimin ömür-gün yoldaşı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ülkər Hüseynovaya təşəkkürlərini bildiriblər.

Professor Şirməmməd Hüseynovun qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova dəyərli nəşrin hazırlanmasında əməyi olan hər kəsə, xüsusilə müsahibələrin hazırlanmasında və onların geniş oxucu auditoriyasına çatdırılmasında mühüm xidmətləri olan Mirşahin Ağayevə, eyni zamanda, əsərin nəşrə hazırlanması və elmi-publisistik baxımdan yüksək səviyyədə təqdim olunmasında zəhməti olan redaktorlara, tədbirin təşkilinə görə isə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirin sonunda Milli Kitabxana tərəfindən hazırlanmış “Professor Şirməmməd Hüseynov” adlı elektron məlumat bazasının təqdimatı və kitab sərgisinə baxış olub.




Baxış sayı: 160
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30