FACT-INFO.AZ » XƏBƏR » Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
26-09-2026, 17:00 | XƏBƏR
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub.

Fact-info.az xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısı moderator Adebayo Oqunlesinin suallarını cavablandırıb.

Moderator: Hər kəsin sabahı xeyir olsun. Mən “Global Infrastructure Partners” şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesiyəm. Zati-aliləri Prezidentlə bu səmimi söhbəti aparmaq mənim üçün böyük məmnuniyyətdir. İcazə verin, çıxışıma Prezidentin Azərbaycana rəhbərlik etdiyi son iyirmi ildən artıq müddət ərzində əldə etdiyi nailiyyətlər barədə sizə məlumat verməklə başlayım. Bu, həqiqətən də əsl və misilsiz bir transformasiya olub. Təbii ki, gözlənildiyi kimi, mən ChatGPT-yə müraciət etdim. OpenAI-ın İdarə Heyətinin üzvü olduğum üçün mən “Claude” deyil məhz ChatGPT-yə müraciət etməliydim. Bu isə nəticə - ÜDM on dəfə artaraq 7 milyarddan 76 milyarda yüksəlib. Adambaşına düşən ÜDM səkkiz dəfədən çox artaraq 900-dən 7500-ə yüksəlib. Təqdirəlayiq haldır ki, yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə enib. Dövlət Neft Fondunun aktivləri 90 dəfə artaraq 840 milyon dollardan 75 milyard dollara yüksəlib. Dünən keçirilən görüşdə Prezident dostumuz İsrafilə Dövlət Neft Fondunun aktivlərini 100 milyarda çatdırmaqla bağlı tapşırıq verdi. Əminəm ki, burada olan hər kəs - İsrafil haradadır? - bu hədəfə çatmağınızda sizə kömək etməyə hazırdır.

Qeyri-neft-qaz sektorunun həcmini dörd dəfə yarım artırmaqla iqtisadiyyat genişləndirilib. Nəticədə 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71 faizini təşkil edib. Eyni zamanda, neft hasilatı azaldığı halda, 2003-cü ildə 5 milyard kubmetr olan qaz hasilatı 2025-ci ildə 50 milyard kubmetrə qədər artıb. Sözsüz ki, Azərbaycan artıq Avropa və Türkiyə üçün təbii qazın mühüm təchizatçısına çevrilib. Bu, xüsusilə Ukraynadakı müharibə ilə əlaqədar son dərəcə böyük əhəmiyyət kəsb edir.

Əminəm ki, Prezident sizə qaz sektorundakı son yeniliklər, qaz hasilatını daha da artıracaq “Exxon”, “TotalEnergies”, bp və “ADNOC” şirkətləri ilə bağlı yeniliklər haqqında məlumat verəcək.

Azərbaycanda fiziki infrastruktur tamamilə yenilənib. Sosial proqramlara, müdafiə sahəsinə, yollara, elektrik və su təchizatına, dəmir yollarına, məktəb və xəstəxanalara külli miqdarda vəsait sərf edilib. Bütün bunlar dövlət borcunun ÜDM-ə nisbətinin 22 faizdən 20 faizə endirildiyi bir vaxtda həyata keçirilib. Mən dövlət borcunun ÜDM-ə nisbətinin 20 faizə bərabər olmasını istəyən bir çox ölkələrin adını çəkə bilərəm - ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya, Çin.

Siyasi müstəvidə o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarətini bərpa etdi. Bu proses, sözsüz ki, ötən ilin avqustunda Ağ Evdə sülh sazişinin imzalanması ilə nəticələndi. Azərbaycan özünün strateji müstəqilliyini, ABŞ, Avropa və Türkiyə ilə güclü əlaqələrini qoruyub saxladı, Rusiya və Çinlə münasibətlərini davam etdirdi və 2024-cü ildə Bakıda COP29-a ev sahibliyi etdi.

Beləliklə, təəccüblü deyil ki, Azərbaycan xalqı ona etimad göstərərək beş dəfə prezident seçib və hər dəfə də daha böyük səs çoxluğu ilə. Əgər azərbaycanlı olsaydım, mən də ona səs verərdim. Odur ki, gəlin, hamımız birlikdə onu alqışlayaq.

Lakin cənab Prezident, necə deyərlər, bunlar keçmişdə olanlardır. Buradakı auditoriya isə Sizin gələcəklə bağlı planlarınız barədə eşitmək arzusundadır. Beləliklə, gəlin, diqqətimizi gələcəyə yönəldək. Zalda təxminən 30 trilyon dollar dəyərində aktivləri idarə edən şəxslər əyləşib. Düşünürəm ki, Prezidentin istəyi daha çox artıma təkan vermək məqsədilə həmin vəsaitin cəmi kiçik bir hissəsinin Azərbaycana yönəldilməsidir. Ön sırada əyləşən dostum, “Neuberger Berman” şirkətinin baş icraçı direktoru Corc Uolkerlə söhbət edirdik. O bildirdi ki, SOCAR tərəfindən satışa çıxarılan 30 illik istiqrazlardan külli miqdarda alıb. Deyəsən, Corc məndən soruşmağımı xahiş etdi ki, onun daha 30 il vəzifəsində qalması mümkündürmü? Amma bunun mümkün olub-olmadığına əmin deyiləm.

Cənab Prezident, növbəti onillikdə iqtisadi artım baxımından Azərbaycanla bağlı baxışınız nədən ibarətdir? Bu artımı təmin edən əsas amillər hansılardır?

Prezident İlham Əliyev: İlk növbədə, bu cür təqdimata görə sizə çox təşəkkür edirəm. Düşünürəm ki, siz təkcə iqtisadi fəaliyyətimizin bütün parametrlərini deyil, həm də məsələnin regional aspektlərini əhatə etdiniz. Buna görə sizə çox minnətdaram. İndiyədək görülən işlər, şübhəsiz ki, gələcək inkişaf üçün ilkin şərt oldu. Çünki görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır.

Beləliklə, bütün bunlara əsaslanaraq, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.

İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, əlbəttə ki, logistika, nəqliyyat və bağlantılardır. Biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər.

Yerli və xarici investisiyalar üçün də bu əla fürsətdir. Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz sözsüz ki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər.

Ola bilsin ki, böyük potensiala malik sahələrdən biri də mədənçilikdir. Cəmi bir neçə gün bundan əvvəl mədənçiliklə əlaqədar dövlət proqramı qəbul edildi. Bu, çox sayda fəaliyyətə təkan verəcək dörd ili əhatə edən qısamüddətli bir proqramdır. Beləliklə, bunlar bizim inkişafımızın əsas istiqamətləridir və sözsüz ki, biz açıq-aşkar olan bir amili, - neft və qazı, - unutmamalıyıq, xüsusilə nəzərə alsaq ki, bu il çox sayda müqavilələr imzalanıb və bu gün də imzalanacaq. Yəni neft və qaz iqtisadiyyatımızda aparıcı rolunu qoruyacaq və əldə olunan gəlirlər yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcək.

Moderator: Bu, çox genişmiqyaslı bir baxış kimi səslənir. İnsanların Azərbaycana investisiya qoyması üçün geniş imkanlar mövcuddur. Siz, həmçinin hazırkı geosiyasi mühiti qeyd etdiniz. Məlumdur ki, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində, əhəmiyyəti getdikcə artan ticarət marşrutu üzərində yerləşir. Siz özünüz Mərkəzi Asiya birliyi və rifahının birgə artmasının böyük tərəfdarlarından biri olmusunuz. Qlobal ticarət və təchizat zəncirlərinin yenidən formalaşdırıldığı bir vaxtda Azərbaycanın strateji rolunun necə dəyişəcəyini düşünürsünüz?

Prezident İlham Əliyev: İlk növbədə, biz ev tapşırığımızı yerinə yetirməli idik. Yəni fiziki infrastruktur qurulmalı idi. Ona görə də biz dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırdıq. Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bizim bütün qonşularla, həmçinin ölkə daxilində dəmir yolu əlaqəmiz mövcuddur. Beləliklə, bu, mühüm bir mərhələ idi. Tranzit ölkəyə çevrilmək üçün bizim, sözsüz ki, qonşularımız və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərə ehtiyacımız var idi. Əks halda, dənizə çıxışı olmayan bir ölkə olaraq, nə qədər çox çalışsanız da, uğur qazana bilməzsiniz. Bu da həyata keçirildi. Bu gün bütün qonşularla münasibətlər çox aydın, ən əsası isə proqnozlaşdırılabiləndir.

Bundan əlavə, biz elə bir mühit və təşviq mexanizmi yaratmalı idik ki, təchizatçılar Azərbaycanı seçsinlər. Biz bunu hətta həmin geosiyasi dəyişiklikdən əvvəl etdik. Çünki beş il bundan əvvəl ənənəvi təchizat zəncirlərinin pozulacağını təsəvvür belə etmək çətin idi. Beləliklə, biz elə bir fiziki və inzibati mühit yaratmaq istədik ki, təchizatçılar Azərbaycan ərazisindən keçən multimodal daşımalardan istifadəni seçsinlər. Çünki Azərbaycan ərazisindən keçərkən həm də bərələrdən istifadə edilir.

Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında, - daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik. Siz Mərkəzi Asiyanı qeyd etdiniz. Ötən ilin noyabrından etibarən Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür. Əslində bu, misli görünməmiş bir hadisədir. Çünki coğrafi baxımdan Qafqazda yerləşsək də, siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən biz artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik. Bundan əlavə, nəqliyyat sahəsində idarəetmə və rəqəmsallaşma, gömrük idarəçiliyi - bütün bunlar investorlar üçün aydın və başa düşüləndir. Azərbaycandakı qaydalar və tənzimləmələr, bütün bunlar bizim potensialımızı daha da gücləndirəcək. Regionumuzdakı geosiyasi vəziyyət dəyişib, beş il əvvəlki vəziyyətə qayıtsa belə, biz hələ də təchizatçılar üçün cəlbedici olmalıyıq.





Baxış sayı: 110
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30