FACT-INFO.AZ » XƏBƏR » Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir
Bu gün, 11:30 | XƏBƏR
Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir

Fact-info.az xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı professor, Corc Vaşinqton Universitetində beynəlxalq əlaqələr üzrə prorektor və təhsil siyasəti üzrə professor Sevinc Məmmədova AZƏRTAC-a müsahibəsində Amerikaya gedən təhsil yolundan, elmi və peşəkar fəaliyyətindən, Azərbaycanla bağlı iştirak etdiyi beynəlxalq təhsil layihələrindən danışıb.

- Sevinc xanım, Amerikaya gəlişiniz necə başladı?

- Amerikaya ilk dəfə 2004-cü ildə gəlmişəm. Uşaqlıqdan ingilis dilinə və Amerikaya böyük marağım olub. Dörd yaşımda anamın aldığı Azərbaycan-ingilis dili lüğəti bu marağın formalaşmasında xüsusi rol oynayıb. Uşaq vaxtı televizorda gördüyüm Konqres binasına baxaraq atama orada oxumaq istədiyimi deyirdim.

Sonradan Gəncə Dövlət Universitetinin İngilis dili fakültəsinə daxil oldum. Universitetdə bir neçə nəfərin ingiliscə danışdığını gördüm və onlarla maraqlandım. Mənə bir ərizə forması verdilər. Formanı evə aparıb doldurdum, xüsusilə esse hissəsini dəfələrlə yazıb pozdum. Sənədlərimi son gün Bakıya göndərdim.

Bir neçə ay sonra növbəti mərhələyə keçdiyim barədə xəbər aldım. Qarşıda isə ailəmi razı salmaq kimi çətin məsələ vardı. Atam əvvəlcə Amerikaya getməyimə etiraz edirdi. Lakin müsahibədən sonra fikri dəyişdi və mənə dəstək oldu. Daha sonra TOEFL imtahanı verdim və proqrama seçildim.

Həmin il yüzlərlə namizəd arasından cəmi 16 nəfər seçilmişdi. İlk dəfə təyyarəyə minərək Vaşinqtona gəldim. Amerikaya uyğunlaşmağımda proqram vasitəsilə tanış olduğum azərbaycanlı tələbələrin böyük rolu oldu. Bir il təhsil aldıqdan sonra Azərbaycana qayıtdım. Lakin yenidən Amerikaya dönərək magistratura üzrə təhsil almaq istəyirdim. Müxtəlif proqramlara müraciət etdim və nəhayət, təhsil idarəçiliyi üzrə magistratura təhsilinə başladım.

Təhsilimi başa vurduqdan sonra proqram öhdəliyimə uyğun olaraq Azərbaycana qayıdıb iki il işlədim. Bakıda, o cümlədən Azərbaycan Mərkəzi Bankında çalışdım və ölkənin təhsil strategiyasının hazırlanması prosesində iştirak etdim. 2013-cü ildə yenidən Amerikaya qayıtdım və doktorantura təhsili almağa başladım. Bu, həyatımın ən çətin mərhələlərindən biri idi. Təhsil aldığım illərdə valideynlərimi itirdim. Buna baxmayaraq, onların mənə verdiyi dəstəyi xatırlayaraq təhsilimi başa vurdum.

- Hazırda fəaliyyətiniz nədən ibarətdir?

- Hazırda Corc Vaşinqton Universitetində beynəlxalq əlaqələr prorektoru və təhsil siyasəti üzrə professor kimi çalışır, eyni zamanda, Dünya Bankının təhsil üzrə qlobal ekspert qrupları ilə müxtəlif layihələrdə iştirak edirəm. İşim səbəbindən tez-tez səfərlərdə oluram və vaxtımın böyük hissəsi müxtəlif ölkələr arasında keçsə də, gördüyüm işin insanlara və təhsilin inkişafına töhfə verməsi mənim üçün ən böyük motivasiyadır.

İşim çətindir, amma çox zövq alıram. Çünki oxuduğum təhsili bir alət kimi istifadə edirəm. Mən həmişə düşünmüşəm ki, təhsil sadəcə diplom almaq deyil. Oxuduqlarını həyatda və işində tətbiq edə bilmirsənsə, onun mənası azalır. Mən isə illərlə öyrəndiyim hər şeyi bu gün işimdə istifadə edirəm. Dünya Bankında gördüyüm işlərin bir hissəsi təhsil iqtisadiyyatı üzrə oxuduqlarımın, universitetdə beynəlxalq təhsil və əməkdaşlıq sahəsində öyrəndiklərimin davamıdır. Ona görə də işimi çox sevirəm.

Uşaqlıqdan diplomat olmaq istəmişəm. Sonradan başa düşdüm ki, təhsil də bir növ diplomatiyadır. Müxtəlif ölkələrlə işləyir, fərqli mədəniyyətləri və yanaşmaları bir araya gətirməyə çalışırıq. Bu, bəzən çətin olsa da, mənə böyük zövq verir.

Hazırda beynəlxalq təhsil layihələri üzərində çalışıram. Xüsusilə Corc Vaşinqton Universiteti ilə Azərbaycanın ikili diplom proqramlarının idarə olunmasında həmçinin mənim portfolioma daxildir. Son beş ildə bu proqramlar vasitəsilə 130-dan çox təhsil idarəçisi hazırlanıb və onlar artıq ölkənin təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışırlar.

İş yüküm çox olsa da, gördüyüm işin nəticəsini görmək mənə enerji verir. Adətən az yatıram, tez oyanıram və günümün böyük hissəsi müxtəlif ölkələrdən olan tərəfdaşlarla işləməklə keçir. Boş vaxtlarımda isə kitab oxumağı çox sevirəm. Müxtəlif janrlarda kitablar oxuyuram və bu, həm dincəlməyimə, həm də fikirlərimi toparlamağıma kömək edir.

- Azərbaycanla bağlı hansı layihələrdə iştirak edirsiniz?

- Hazırda Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın da daxil olduğu ortamüddətli xərclərin idarə edilməsi layihəsində iştirak edirəm. Əsas fəaliyyət sahəm təhsil komponentidir. Məqsəd təhsil müəssisələri və aidiyyəti qurumların büdcələrinin daha səmərəli planlaşdırılması və nəticələrin ölçülməsi üçün mexanizmlərin hazırlanmasına dəstək verməkdir. Bundan əlavə, Corc Vaşinqton Universiteti ilə Azərbaycanın əməkdaşlığı çərçivəsində ikili diplom proqramlarının idarə olunmasında iştirak edirəm. Son illərdə bu proqramlar vasitəsilə 130-dan çox təhsil idarəçisi hazırlanıb. Onların bir qismi hazırda ölkənin təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışır.

İkili diplom proqramlarının əsas üstünlüklərindən biri odur ki, tələbələr xaricə getmədən beynəlxalq səviyyəli təhsil almaq imkanı əldə edirlər. Eyni zamanda, bu əməkdaşlıq yerli universitetlərin potensialının gücləndirilməsinə, müəllimlər arasında təcrübə mübadiləsinə və beynəlxalq təcrübənin Azərbaycana ötürülməsinə xidmət edir. 2019-cu ildən Corc Vaşinqton Universiteti ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənib. Mənim üçün xüsusilə sevindirici məqam odur ki, bu əməkdaşlıq modelinə başqa ölkələr də maraq göstərirlər.


- Sizin dəstəyinizlə ABŞ-də təhsil alan çox sayda tələbələr var. Universitetdə onlara necə dəstək verirsiniz?

- Mənim üçün ən vacib məsələlərdən biri azərbaycanlı tələbələrə dəstək olmaqdır. Özüm tələbə olanda necə çətinliklərdən keçdiyimi yaxşı xatırlayıram. Ona görə də çalışıram ki, ABŞ-yə gələn tələbələr üçün təkcə inzibati rəhbər yox, həm də dəstək ola bilim. Tələbələr hər hansı problemlə üzləşəndə mənə yazırlar, görüşürük, söhbət edirik və birlikdə həll yolu axtarırıq.

Mən istəyirəm ki, vaxtilə mənə kömək edən insanlar necə yanımda olublarsa, mən də yeni gələn azərbaycanlı tələbələrin yanında olum. Buna görə də tələbələrlə münasibətim daha çox rəsmi rəhbər münasibətindən çox dost münasibətidir.

Mən çalışıram tələbələrə yaxın olum. Elə tələbələr var ki, burada ailələri yoxdur. Bayramlarda bizə gəlirlər, bir yerdə vaxt keçiririk. Kim məni tapırsa, yazırsa, mütləq görüşürəm. İstəyirəm bilsinlər ki, burada onların yanında bir azərbaycanlı var.

Hazırda universitetdə çalışan yeganə azərbaycanlı mənəm. Ona görə də tələbələrə qarşı xüsusi məsuliyyət hiss edirəm. Özüm vaxtilə Amerikaya gələndə necə çətinliklər yaşadığımı xatırlayıram və çalışıram ki, onlar eyni hissləri keçirməsinlər. Mən həmişə hesab etmişəm ki, layihələrin uğurunda insan amili çox vacibdir. Bəzən bir yumor, bir xoş söz və ya qarşı tərəfi dinləmək istəyi ən gərgin müzakirələri belə müsbət istiqamətə yönəldə bilir.

Günün sonunda məqsədimiz sadəcə layihə həyata keçirmək deyil. Məqsədimiz təsir yaratmaqdır. Əgər bu proqramlar vasitəsilə hazırladığımız tələbələr sabah öyrəndiklərini tətbiq edib ölkələrinə və cəmiyyətə fayda verirlərsə, deməli gördüyümüz iş həqiqətən nəticə verir.

Mən həmişə tələbələrə deyirəm ki, diplom məqsəd deyil. Diplom sadəcə kağızdır. Əsas məsələ odur ki, əldə etdiyiniz biliyi alətə çevirə biləsiniz. Əgər təhsilinizdən alət kimi istifadə etmirsinizsə, onda həm vaxt, həm də vəsait boşa gedir.

Bu proqramlarda oxuyan insanlar çox böyük fədakarlıq göstərirlər. Onların əksəriyyəti işləyir, ailə sahibidir, gün ərzində işdə olur, axşam saatlarla dərsə qatılır. Bəziləri proqram müddətində ailə qurur, övlad sahibi olur, hətta uşaqlarını da özü ilə dərsə gətirir. Buna görə də biz seçim zamanı yalnız diplom almaq istəyənləri deyil, öyrəndiklərini tətbiq edib dəyişiklik yaratmaq potensialı olan insanları seçməyə çalışırıq.

Bəlkə də, 2004-cü ildə Amerikaya gələndə gələcəkdə Azərbaycanla bağlı bu qədər layihələrin bir hissəsi olacağımı təsəvvür etmirdim. Heç ağlıma gəlməzdi ki, bir gün Vaşinqtonda yaşayacağam, Corc Vaşinqton Universitetində çalışacağam və portfolioma Azərbaycanın inkişafına xidmət edən layihələr daxil olacaq. Bu, mənim üçün böyük qürur mənbəyidir.

- Siz həm də ABŞ Azərbaycan Alimlər Assosiasiyasının qurucularındansınız? Onun fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Assosiasiyanın əsas məqsədi ABŞ-də çalışan azərbaycanlı alimləri bir araya gətirmək, onların əməkdaşlığını gücləndirmək və Azərbaycanla elmi əlaqələri inkişaf etdirməkdir. Biz ABŞ-də çalışan alimlərlə Azərbaycandakı tədqiqatçılar arasında əlaqələr yaradır, doktorantura təhsili almaq istəyən gənclərə mentorluq dəstəyi verir, Azərbaycan universitetlərində onlayn dərslər və seminarlar təşkil edirik. Bu fəaliyyətlər könüllü əsaslarla həyata keçirilir.

Mənim üçün vacib olan odur ki, harada çalışmağımdan asılı olmayaraq, Azərbaycanla əlaqəm qorunsun və əldə etdiyim bilik və təcrübəni ölkəmə fayda verəcək şəkildə paylaşa bilim. Düşünürəm ki, Azərbaycanı təmsil etməyin ən yaxşı yolu gördüyün işi peşəkar və vicdanla yerinə yetirməkdir.

Bu gün geriyə baxanda həyatımın müxtəlif mərhələlərində tələbə, müəllim, tədqiqatçı, idarəçi, ana və mentor kimi fərqli rollarım olub. Lakin bütün bu rolları birləşdirən əsas məqam dəyişməyib: öyrənmək, öyrətmək və əldə etdiyim bilik və təcrübəni insanlara və Azərbaycana fayda verəcək şəkildə paylaşmaq.




Baxış sayı: 80
Bəzi sözlərin mənşəyi haqqında Bu gün, 12:30 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Bu gün, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Bu gün, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Bu gün, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Bu gün, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb 18-09-2026, 10:30 Azərbaycan Britaniya ilə yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığı müzakirə edib 17-09-2026, 20:00 Üzeyir Hacıbəyli Festivalının proqramı açıqlanıb 17-09-2026, 18:30 Azərbaycanın QHT Agentliyi Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunur 17-09-2026, 17:00 Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməlidir 17-09-2026, 16:00 Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib 17-09-2026, 15:30 Xankəndində yeni məktəb fəaliyyətə başlayacaq 17-09-2026, 10:30 Prezidentin köməkçisi: Orta Dəhliz Azərbaycanla Aİ-ni daha da yaxınlaşdıra bilər 17-09-2026, 10:30 Səttar Bəhlulzadə yaradıcılığında Füzuli obrazı 17-09-2026, 10:00 Telefon yaddaşı zəiflədir 17-09-2026, 09:30 ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır 17-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930