Bir neçə il əvvəl evdə kitabları sahmana salarkən köhnə bir qəzet tapdım. Adından mənə məlum idi artıq müəllifinin kim olduğu. Əvvəllər müəyyən qəzet səhifələrində məqalələri oxuyarkən adına baxardım. Adi bir başlıq olmadığını anladığım andan məni sehrinə alırdı. Həmin dəqiqə anlayırdım kimdir yazan. Oxuyub qurtarandan sonra heyranlıqla ürəyimi böyüdüb, gözlərimi işıldadan müəllifin adına baxırdım. Akademik, Rafael Hüseynov. Hər məqaləni oxuduqca iri həcmli bir kitab oxumuş kimi hiss edirdim.
Bu barədə mənə vaxtilə peşəkar yardımı toxunan, hazırda əməkli olan bir xanım da demişdi. Eynən belə söyləmişdi : "Onun hər məqaləsi bir kitabdır". Elə söhbətin əsnasında "Müstəsnalıq" başlıqlı məqaləni təzəcə oxuyub qurtarmışdım. Təkcə bir cümləsi yazının həsr olunduğu şəxsiyyəti tanımaq, onun haqqında bilməli olduğumuz üstünlükləri dərk etmək üçün bəs edir. "Dahilərə yaraşan qiyməti verə bilmək dahilərin alnına yazılmış bir keyfiyyətdir." Sonradan kitaba çevrilən bu yazıların mənə də hədiyyə olunmasına necə sevinmişdim!
Məndə ən çox təəssürat oyadan yazılardan birisi bu, ikincisi də evdə kitabların arasından tapdığım həmin məqalə idi. Onunla və onsuz.. Məqalənin təfərrüatını yazmayacam. Sadəcə onu deyə bilərəm ki, içərisində dayıya ünvanlanan sevgi var, hörmət var, sədaqət var. Bizim ailədə hər şey açıq aşkar danışılmaz. Hətta sevgi və qayğımızı göstərməkdə belə bir ədəbimiz, mərifətimiz var. Zənnimcə, bu da Allahın bizə lütf etdiyi bir xüsusiyyətdir. Xüsusilə də, indiki açıq aşkarlığın məhrəmdən üstün olduğu bir zamanda. Sevgini göstərməyin müxtəlif yolları var. Söyləməklə, xidmət etməklə, nəvazişlə, qayğı ilə, diqqət göstərməklə və bəzən də hisslərini qələmə almaqla.
İnsan bəzən bilmir diqqət və qayğıdan uzaq görünən lakin, həmişə orda olan sevgisini, rəğbətini, nigarançılığını necə göstərsin. Əminəm ki, onun belə uzaqdan çox sevəni var, haqqında yazanlar da var. Mən öz dayım haqqında bu cürə gözəl məqalə yaza bilmərəm. Ancaq ona deyə bilərəm ki, çox yaşasın. Çox uzun yaşasın. Sağlam yaşasın. Ömrü uzun, bərəkətli olsun. Və bizlərdən kimsə onun otağının qapısına yaxınlaşanda "yazım var, heç kim gəlməsin" sözünü çox desin. Yazdıqları və adındakı işığı onun əziz çöhrəsini və çevrəmizi daim işıqlandırsın.
Ləman Muxtarova
12.08.2026
Baxış sayı: 335
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
