FACT-INFO.AZ » XƏBƏR » Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu
9-08-2026, 10:30 | XƏBƏR
Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-də ABŞ-a səfəri və Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu səfər yalnız Azərbaycan-ABŞ münasibətlərinin yeni məzmun qazanması baxımından deyil, həm də Azərbaycanla Ermənistan arasında sülh prosesinin prinsipial dönüş nöqtəsinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Vaşinqton görüşünün nəticələri göstərdi ki, Azərbaycan artıq regional proseslərin kənarında dayanan və böyük dövlətlərin qərarlarını gözləyən ölkə deyil. Azərbaycan öz milli maraqlarını müdafiə edən, hərbi-siyasi gücü, iqtisadi potensialı, enerji və nəqliyyat imkanları, diplomatik fəallığı ilə regionun geosiyasi gündəliyinə təsir göstərən əsas aktorlardan biridir.

Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib. O bildirib ki, 8 avqust 2025-ci ildə Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirildi. Görüşün nəticələrinə dair Birgə Bəyannamə imzalandı, eyni zamanda, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin razılaşdırılmış mətnini ilkinləşdirdilər. Sənəddə tərəflərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, revanş cəhdlərinin rədd edilməsi və sülhün möhkəmləndirilməsi istiqamətində iradə ifadə edildi.

Onun fikrincə, bu hadisə təsadüfi diplomatik nəticə deyildi. Əksinə, onun arxasında illərlə davam edən ardıcıl və məqsədyönlü dövlət siyasəti dayanırdı.

Azərbaycanın milli maraqlara əsaslanan siyasəti

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri onun praqmatikliyi və milli maraqlara söykənməsidir: “Azərbaycan heç bir mərhələdə öz dövlət maraqlarını başqa dövlətlərin siyasi gündəliyinə tabe etməyib.

2020-ci il Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi reallıqları dəyişdirməsi ilə nəticələndi. Lakin Azərbaycan bununla kifayətlənmədi. Hərbi qələbədən dərhal sonra sülh gündəliyini də irəli sürdü. Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün beş fundamental prinsip irəli sürdü. Prezident İlham Əliyev bu prinsiplərin sülhün əsasını təşkil etməli olduğunu dəfələrlə bəyan edib. Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan hərbi üstünlüyünü siyasi intiqam alətinə çevirmədi. Əksinə, öz gücünü sülhün təminatına çevirməyə çalışdı”.

Bayden dövründən Tramp mərhələsinə

O qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərində son illərin ən mühüm dəyişikliklərindən biri Vaşinqtonun Cənubi Qafqaza yanaşmasının transformasiyasıdır: “Bayden administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərində ciddi fikir ayrılıqları və qarşılıqlı etimad problemləri yarandı. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Vaşinqtonun bəzi addımları Bakıda Azərbaycanın legitim təhlükəsizlik və ərazi bütövlüyü maraqlarının lazımi səviyyədə nəzərə alınmadığı qənaətini gücləndirdi.

Donald Trampın ikinci prezidentlik dövründə isə ABŞ-ın xarici siyasətində daha praqmatik və nəticəyönümlü yanaşmanın gücləndiyi müşahidə edildi. Cənubi Qafqaz da bu yeni yanaşmanın mühüm istiqamətlərindən birinə çevrildi”.

Müsahibimiz vurğulayıb ki, Tramp administrasiyasının Azərbaycanla münasibətlərə yenidən baxması Vaşinqton görüşündə özünün ən yüksək siyasi ifadəsini tapdı. Ağ Evdə keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə yanaşı, ABŞ-Azərbaycan münasibətlərinin iqtisadi, enerji, nəqliyyat, texnologiya və təhlükəsizlik sahələrində genişləndirilməsi üçün də yeni imkanlar açıldı. Ağ Ev də bu görüşü Cənubi Qafqazda iqtisadi və diplomatik əməkdaşlıq üçün yeni imkanlar yaradan tarixi hadisə kimi təqdim etdi.

J.Əliyeva bildirib ki, Vaşinqton səfərinin mühüm nəticələrindən biri ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tətbiqinə qoyulan qadağaların (məhdudiyyətlər) müvəqqəti dayandırılması oldu: “Prezident Donald Tramp 8 avqust 2025-ci ildə onun tətbiqindən imtinanı uzadan prezidentlik qərarı imzaladı. Sənəddə bu addımın terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi və Ermənistan-Azərbaycan arasında sülh danışıqlarına dəstək baxımından əhəmiyyətli olduğu göstərildi. Qərarın siyasi və simvolik əhəmiyyəti isə daha böyükdür. Azərbaycan uzun illər ərzində ədalətsiz hesab etdiyi bu məhdudiyyətin aradan qaldırılmasını tələb edib. Trampın qərarı ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılması baxımından mühüm siqnal oldu”.

Strateji tərəfdaşlıq sadəcə siyasi bəyanat deyil

Onun sözlərinə görə, Vaşinqtonda əldə edilmiş razılaşmaların ən mühüm nəticələrindən biri ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün strateji işçi qrupunun yaradılması barədə memorandumun imzalanması idi. 8 avqust 2025-ci ildə imzalanan memorandum tərəflərin enerji, nəqliyyat, ticarət, investisiya, süni intellekt və rəqəmsal infrastruktur kimi sahələrdə əməkdaşlığını nəzərdə tuturdu. Bu proses cəmi altı ay sonra konkret nəticəyə çevrildi. 10 fevral 2026-cı ildə Bakıda Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzaladılar. Xartiyada suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı qarşılıqlı münasibətlərin təməli kimi təsbit edildi. Sənəddə regional bağlantı, enerji, ticarət, tranzit, investisiya, texnologiya və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutuldu. Beləliklə, Vaşinqtonda başlanmış proses Bakıda strateji sənədlə rəsmiləşdirildi. Bu, sadəcə diplomatik protokol deyil. Bu, Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinin göstəricisidir.

TRIPP və Zəngəzur istiqamətində yeni geosiyasi reallıq

“Vaşinqton görüşünün digər mühüm nəticəsi regional nəqliyyat bağlantıları ilə bağlı razılaşmalardır. Birgə Bəyannamədə Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən maneəsiz bağlantının yaradılması istiqamətində səylərin davam etdirilməsi və “Trump Route for International Peace and Prosperity” - TRIPP layihəsinin çərçivəsinin hazırlanması nəzərdə tutuldu. Bu layihə Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişdirmək potensialına malikdir”, - deyə o qeyd edib.

Onun fikrincə, Azərbaycan üçün Naxçıvanla maneəsiz bağlantı milli və regional əhəmiyyət daşıyır. Eyni zamanda, bu marşrut Şərq-Qərb nəqliyyat xəttinin, Orta Dəhlizin və daha geniş Avrasiya bağlantılarının inkişafına əlavə imkanlar yarada bilər. Ən mühüm məsələ isə odur ki, nəqliyyat bağlantısının yaradılması artıq yalnız Azərbaycanın tələbi kimi deyil, ABŞ-nin da iştirak etdiyi regional iqtisadi layihə kimi gündəmə gəlib.

Sülhün müəllifliyi: hərbi qələbədən siyasi nəticəyə

Deputat bildirib ki, Azərbaycanın Ermənistanla sülh prosesindəki mövqeyini qiymətləndirərkən bir mühüm məqamı nəzərdən qaçırmaq olmaz: sülh gündəliyinin əsas prinsipləri Azərbaycan tərəfindən irəli sürülüb. 2022-ci ildə Azərbaycan beş əsas prinsip təqdim edərək Ermənistanla dövlətlərarası münasibətlərin məhz bu prinsiplər əsasında qurulmasını təklif etmişdi. Prezident İlham Əliyev sonrakı çıxışlarında bu prinsiplərin beynəlxalq hüququn fundamental müddəalarına söykəndiyini vurğulayıb. Azərbaycan müharibədən sonra sülhün siyasi çərçivəsini də təklif edən tərəf olub. Azərbaycanın bu mərhələyə hansı siyasi və hərbi reallıqdan gəldiyini də unutmaq olmaz. Azərbaycan əvvəlcə öz ərazi bütövlüyünü bərpa etdi, sonra yeni reallıq yaratdı, daha sonra isə həmin reallığın üzərində sülh gündəliyini qurdu. Bu, hərbi qələbənin diplomatik nəticəyə çevrilməsinin klassik nümunəsidir.

“Müharibədə qalib, sülhdə də qalib”

J.Əliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən mühüm nəticələrindən biri məhz budur: Azərbaycan müharibəni dayandırmaq üçün zəiflikdən deyil, gücdən istifadə etdi. 2020-ci il müharibəsi Azərbaycanın hərbi gücünü nümayiş etdirdi. 2023-cü ildə Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası isə postmüharibə reallığını daha da möhkəmləndirdi. Bundan sonra Ermənistan-Azərbaycan münasibətlərinin yeni siyasi-hüquqi çərçivədə qurulması məsələsi daha aydın gündəmə gəldi.

“2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətninin ilkinləşdirilməsi bu uzun prosesin mühüm siyasi nəticəsi oldu. Rəsmi sənəddə tərəflərin sülh sazişinin imzalanması və ratifikasiyası üçün əlavə addımların zəruri olduğu da açıq şəkildə qeyd edildi. Azərbaycan 2020-ci ildən sonra irəli sürdüyü sülh gündəliyinin əsas prinsiplərinin beynəlxalq səviyyədə qəbul edildiyi bir mərhələyə gəlib çatdı”, - deyə o qeyd edib.

Azərbaycanın gücü sülhün əsas təminatlarından biridir

Onun sözlərinə görə, tarix göstərir ki, davamlı sülh yalnız siyasi bəyanatlarla qurulmur: “Sülhün arxasında iqtisadi güc, hərbi potensial, diplomatik imkanlar və dövlət iradəsi dayanmalıdır. Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət məhz bu komponentlərin hamısını bir araya gətirib. Enerji layihələri Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevirib. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Trans-Anadolu və digər layihələr Azərbaycanın regional və qlobal əhəmiyyətini artırıb. Orta Dəhliz və nəqliyyat-logistika imkanları ölkənin geoiqtisadi əhəmiyyətini daha da yüksəldib. Bu səbəbdən Azərbaycanla əməkdaşlıq artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilmir. Azərbaycan daha geniş regional və qlobal layihələrin mühüm iştirakçısıdır. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının məhz enerji, tranzit, iqtisadiyyat, texnologiya və təhlükəsizlik kimi sahələri əhatə etməsi də bunun göstəricisidir”.

Reallığı görmək istəməyənlər

Təəssüf doğuran məqamlardan biri isə Azərbaycanın qazandığı tarixi uğurların ölkə daxilində bəzi siyasi çevrələr tərəfindən qərəzli şəkildə təqdim edilməsinin təəssüf doğurduğunu deyən J.Əliyeva bildirib: “Pozucu və müxalifyönümlü qüvvələrin bir hissəsi bəzən elə təəssürat yaratmağa çalışır ki, Azərbaycanın diplomatik uğurları, hərbi qələbəsi, ərazi bütövlüyünün bərpası, ABŞ ilə münasibətlərin yeni səviyyəyə yüksəlməsi, strateji tərəfdaşlıq sənədinin imzalanması və regionda yeni nəqliyyat reallıqlarının formalaşması guya heç bir əhəmiyyət daşımır. Onların sosial şəbəkə paylaşımlarında və siyasi şərhlərində bəzən faktların yerini ittihamlar, arqumentlərin yerini böhtan, təhlilin yerini isə siyasi qərəz tutur.

Təbii ki, istənilən hakimiyyətin siyasətini tənqid etmək demokratik cəmiyyətin normal elementidir. Lakin tənqid faktlara, arqumentlərə və milli maraqların məsuliyyətli dərk edilməsinə əsaslanmalıdır”.

Yeni mərhələ: Qələbədən quruculuğa

Deputat əlavə edib ki, Azərbaycanın qarşısında indi yeni və daha böyük vəzifələr dayanır: “Müharibə dövrü başa çatıb. İndi əsas məsələ postmünaqişə reallıqlarının uzunmüddətli sülhə, iqtisadi əməkdaşlığa, regional inteqrasiyaya və təhlükəsizliyə çevrilməsidir. Vaşinqton prosesi bu baxımdan mühüm imkan yaradıb. ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, Ermənistanla sülh prosesinin irəliləməsi, regional kommunikasiyaların açılması və Azərbaycanın Orta Dəhlizdə rolunun güclənməsi bir-birini tamamlayan proseslərdir. Prezident Donald Trampın 2026-cı ilin mayında Prezident İlham Əliyevə göndərdiyi məktubda da Vaşinqton sammitindən sonra Azərbaycan-ABŞ münasibətlərinin regional bağlantı, iqtisadi əlaqələr və təhlükəsizlik əməkdaşlığı istiqamətində dərinləşdiyi, həmçinin Azərbaycanın Ermənistanla sülh sazişinin irəlilədilməsi istiqamətində səylərinin davam etdiyi vurğulanıb. Bu mənada 8 avqust 2025-ci il yalnız bir günün hadisəsi deyil. Bu tarix Azərbaycanın xarici siyasətində yeni mərhələnin simvoluna çevrilib.

Azərbaycan artıq keçmiş münaqişənin tərəfi kimi deyil, Cənubi Qafqazın gələcəyinin formalaşmasında əsas söz sahiblərindən biri kimi çıxış edir. Güclü Azərbaycan yalnız bugünün deyil, regionun gələcəyinin də mühüm siyasi, iqtisadi və təhlükəsizlik faktorudur”.




Baxış sayı: 195
ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib Bu gün, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib Bu gün, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb Bu gün, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar Dünən, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib Dünən, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib Dünən, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan Dünən, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat Dünən, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi Dünən, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib Dünən, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir Dünən, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb Dünən, 10:30 Azərbaycan Britaniya ilə yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığı müzakirə edib 17-09-2026, 20:00 Üzeyir Hacıbəyli Festivalının proqramı açıqlanıb 17-09-2026, 18:30 Azərbaycanın QHT Agentliyi Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunur 17-09-2026, 17:00 Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməlidir 17-09-2026, 16:00 Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib 17-09-2026, 15:30 Xankəndində yeni məktəb fəaliyyətə başlayacaq 17-09-2026, 10:30 Prezidentin köməkçisi: Orta Dəhliz Azərbaycanla Aİ-ni daha da yaxınlaşdıra bilər 17-09-2026, 10:30 Səttar Bəhlulzadə yaradıcılığında Füzuli obrazı 17-09-2026, 10:00 Telefon yaddaşı zəiflədir 17-09-2026, 09:30 ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır 17-09-2026, 09:30 Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub 16-09-2026, 21:00 Konfrans iştirakçıları Şuşa şəhəri ilə tanış olublar 16-09-2026, 20:30 Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib 16-09-2026, 19:00 İslam həmrəyliyi və Türk birliyi Azərbaycan üçün prioritetdir 16-09-2026, 18:30 Qarabağın Dirçəlişi və Dövlətin Gücü 16-09-2026, 17:00 Participants of international conference visit Khojaly Genocide Memorial 16-09-2026, 17:00 Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı keçirilir 16-09-2026, 10:30 Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə regionda baş verən son hadisələri müzakirə edib 16-09-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930