Bu gün Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində xüsusi yer tutan Tovuz döyüşlərinin başlanmasından altı il ötür. 2020-ci il iyulun 12-17-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər təkcə düşmənin növbəti hərbi təxribatının qarşısını almaqla yadda qalmayıb. Həmin günlər Azərbaycan Ordusunun peşəkarlığını, döyüş ruhunu və xalqın sarsılmaz birliyini nümayiş etdirib və daha sonra 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə aparan yolun ən mühüm mərhələlərindən birinə çevrilib.
Təxribat və qəti cavab
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutub, daha sonra hücuma keçməyə cəhd göstəriblər. Azərbaycan Ordusunun həyata keçirdiyi operativ cavab tədbirləri nəticəsində düşmənin planı iflasa uğrayıb. Qarşı tərəf ciddi itkilər verərək geri çəkilməyə məcbur olub, mövqelərimizi ələ keçirmək cəhdləri qətiyyətlə puça çıxarılıb. Döyüşlər zamanı Silahlı Qüvvələrimizin üç hərbi qulluqçusu şəhid olub, beş nəfər yaralanıb. Ermənistan ordusu isə canlı qüvvə baxımından çoxsaylı itkilərlə üzləşib.
İyulun 13-nə keçən gecə Ermənistan tərəfi gərginliyi daha da artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya vasitələrindən istifadə edərək ordumuzun mövqelərini, eləcə də Tovuz rayonunun Ağdam kəndini yenidən atəşə tutub. Düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun bölmələri daha sərt tədbirlər həyata keçiriblər. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi nəticəsində qarşı tərəfin dayaq məntəqələri, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Sarsıdıcı zərbələr düşmənə növbəti ağır itkilər yaşadıb.
Həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Azərbaycan Ordusunun bölmələri düşmənin döyüş fəallığını məhdudlaşdırmaq və yeni təxribatların qarşısını almaq məqsədilə cəza tədbirlərini davam etdiriblər. Mövqelərimizə növbəti dəfə hücum etməyə çalışan Ermənistan silahlı birləşmələrinin cəhdləri yenə də uğursuzluqla nəticələnib. Qarşı tərəf verdiyi itkiləri gizlətməyə çalışsa da, Azərbaycan Ordusu mövqelərini tam qoruyub və heç bir ərazi itkisinə yol verməyib.
Həmin gün döyüşlər zamanı daha dörd hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucalıb. Ordumuz isə şəhidlərimizin qanını yerdə qoymayaraq düşmənə sarsıdıcı cavab verib. Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatan və artilleriya atəşinə məruz qoyduqdan sonra Azərbaycan Ordusu daha genişmiqyaslı cavab tədbirləri həyata keçirib. Düşmənin bir neçə hərbi obyekti və texnikası, atəş mövqeləri, radiolokasiya stansiyası, tabor qərargahı, şəxsi heyəti və digər hərbi infrastrukturu bölmələrimizin dəqiq zərbələri ilə darmadağın edilib.
Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında da Tovuz istiqamətində səngiməyib. Ermənistan silahlı qüvvələrinin döyüş fəallığını tamamilə zəiflətmək məqsədilə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliyində yerləşən ehtiyat qüvvələr və canlı qüvvə məhv edilib. İki sutka ərzində endirilən dəqiq və sarsıdıcı zərbələr qarşı tərəfi geri çəkilməyə məcbur edib. Tovuz istiqamətində ciddi itkilərlə üzləşən Ermənistan ordusu təşəbbüsü tamamilə itirib.
İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlar və artilleriya qurğularından intensiv atəşə tutub. Həmin gün döyüş meydanında Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha beş hərbi qulluqçu qəhrəmancasına şəhid olublar. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyevin ön xətdə, şəxsi heyətlə çiyin-çiyinə döyüşməsi Azərbaycan zabitinin peşəkarlığını, fədakarlığını və Vətənə sədaqətini bir daha nümayiş etdirib.
Həmin gün Tovuz istiqamətində ağır döyüşlər davam edərkən Ermənistan yaşayış məntəqələrini və mülki əhalini də hədəfə alıb. Baş verən hadisələrdən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verib. Elə həmin gün düşmənə qarşı cavab tədbirləri daha da genişləndirilib. Azərbaycan Ordusu şəhidlərimizin qisasını qısa müddətdə alıb. Qarşı tərəf döyüş meydanında üstünlüyü itirdikcə yenə də yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin bir sakini həlak olub.
Düşmənə məxsus pilotsuz uçuş aparatı vurulduqdan sonra onun atəş mövqeyində yerləşən artilleriya qurğusu bölmələrimizin sərrast zərbəsi ilə məhv edilib. Bununla yanaşı, düşmənin döyüş fəaliyyətini iflic etmək məqsədilə artilleriya divizionunun idarəetmə məntəqəsi də Azərbaycan Ordusunun dəqiq atəşi nəticəsində sıradan çıxarılıb.
İyulun 15-də həyata keçirilən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası və daha bir bölüyün dayaq məntəqəsi məhv edilib. Qarşı tərəf cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, snayper tüfəngləri, minaatanlar və digər artilleriya vasitələri ilə mövqelərimizi atəşə tutsa da, ordumuzun cavab atəşi nəticəsində bütün atəş nöqtələri susdurulub. Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi hədəfə alan düşmənin uzunmüddətli atəş nöqtələri və dayaq məntəqəsi də darmadağın edilib.
Tovuz döyüşlərinin ən mühüm nəticələrindən biri xalqla ordunun sarsılmaz həmrəyliyinin bütün dünyaya nümayiş etdirilməsi oldu. İyulun 14-dən 15-nə keçən gecə on minlərlə insan Bakıda yürüş keçirərək Azərbaycan Ordusuna dəstəyini ifadə etdi. Növbəti günlərdə isə minlərlə gənc könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edərək ordu sıralarında xidmət etmək istədiklərini bildirdilər.
Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışı cəmiyyətdə böyük əks-səda doğurdu. Bu çağırışa səs verən minlərlə vətəndaş könüllü olaraq orduda xidmətə yazılmaq üçün müvafiq qurumlara üz tutdu və qeydiyyata alındı.
İyulun 16-da səhər saatlarında Ermənistan silahlı qüvvələri mövqelərimizə növbəti dəfə hücum etməyə cəhd göstərərək Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Azərbaycan Ordusunun qətiyyətli cavabı nəticəsində düşmənin bütün cəhdləri puça çıxarılıb və onun atəş nöqtələri susdurulub.
İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik müşahidə olunsa da, sərhəd boyunca gərgin vəziyyət davam edib.
Beləliklə, bir neçə gün davam edən Tovuz döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, peşəkarlığını və qətiyyətini bir daha nümayiş etdirdi. Döyüşlər zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı, bir mülki şəxs həyatını itirdi. Qarşı tərəf isə 100-dən çox hərbçisini, eləcə də çoxlu sayda döyüş texnikasını itirdi. Azərbaycan xalqı Vətən uğrunda canından keçən igid oğullarını böyük izdiham və ehtiramla son mənzilə yola saldı.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Böyük Zəfərə aparan yol
Tovuz döyüşlərində qazanılan üstünlük, nümayiş etdirilən qətiyyət və xalqla ordunun yaratdığı sarsılmaz birlik cəmi iki ay yarım sonra Azərbaycanın taleyini dəyişən tarixi hadisələrin əsasını təşkil etdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz işğal altında olan torpaqları azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi Qələbə Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsindən sonra da Silahlı Qüvvələrin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qaldı. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və texnika ilə təchizatı, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində ardıcıl addımlar atıldı. Müharibə zamanı qazanılan təcrübə yeni hazırlıq konsepsiyalarında öz əksini tapdı və Azərbaycan Ordusunun döyüş imkanları daha da yüksəldi.
Bununla belə, Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan müxtəlif vaxtlarda ölkəmizə qarşı hərbi təxribatlarını davam etdirdi. Azərbaycan isə təhlükəsizliyinə və suverenliyinə yönələn bütün təhdidlərin qarşısını qətiyyətlə aldı.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri də bu qətiyyətin növbəti nümunəsinə çevrildi. Azərbaycan Ordusu yüksək peşəkarlıq və dəqiq planlaşdırılmış əməliyyatlarla 24 saatdan da az müddətdə Qarabağ bölgəsində mövcud olan qanunsuz silahlı birləşmələrin, terrorçu qrupların və separatçı rejimin fəaliyyətinə son qoydu. Bununla da ölkəmizin bütün ərazisində konstitusiya quruluşu və dövlət suverenliyi tam təmin edildi.
Bu hadisələrin ardıcıllığı bir daha göstərdi ki, 2020-ci ilin iyulunda Tovuz istiqamətində qazanılan uğurlar təsadüfi deyildi. Həmin döyüşlər Azərbaycan Ordusunun döyüş ruhunun, peşəkarlığının və qələbə əzminin parlaq təzahürü olmaqla yanaşı, sonrakı tarixi zəfərlərin də mənəvi və hərbi təməlini formalaşdırdı.
Tarixdə xüsusi yer
Bu gün Tovuz döyüşləri Azərbaycanın müasir hərb tarixinin dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Həmin günlərdə ordumuz düşmənin təxribatlarının qarşısını qətiyyətlə almaqla yanaşı, döyüş meydanında üstünlüyünü nümayiş etdirdi, xalq isə misilsiz birlik və həmrəylik göstərərək Silahlı Qüvvələrin yanında olduğunu bütün dünyaya nümayiş etdirdi.
Tovuz döyüşləri bir daha sübut etdi ki, güclü ordu ilə xalqın sarsılmaz birliyi Azərbaycanın ən böyük dayağıdır. Məhz bu birlik sonradan 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasına mühüm töhfə verdi.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Onların göstərdiyi igidlik, Vətənə sədaqət və fədakarlıq gələcək nəsillər üçün örnək olaraq qalacaq. Tovuz döyüşləri isə təkcə qəhrəmanlıq salnaməsi deyil, həm də Böyük Zəfərə aparan yolun ən mühüm mərhələlərindən biri kimi tarixdə öz layiqli yerini qoruyacaq.
AZƏRTAC
Baxış sayı: 60
Minister Bayramov: Documents related to the Zangezur Corridor are being prepared
Azerbaijani delegation attends OSCE PA 33rd Annual Session
Azerbaijan welcomes 30 more Ukrainian children for rehabilitation
Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala
Dutch portal highlights Azerbaijan-Armenia peace process
