FACT-INFO.AZ » SİYASƏT » Prezident Beynəlxalq Konfrans İştirakçılarına müraciət ünvanlayıb
24-06-2026, 11:00 | SİYASƏT
Prezident Beynəlxalq Konfrans İştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.

Fact-info.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları!

Sizi İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, İslam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.

Bu il Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurmuşdur.

Biz də, öz növbəmizdə, İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk.

Təəssüf ki, işğal dövründə Ermənistan tərəfindən urbisid və kultursidə məruz qalmış şəhər və kəndlərimizdə bəşəri əhəmiyyətə malik məscidlər və çoxəsrlik İslam memarlığı abidələri qəsdən dağıdılmış və talan olunmuşdur. 67 məsciddən 65-i məhv edilmiş, qalan məscidlərə isə ciddi zərər vurulmuşdur. Bu müqəddəs yerlərin tövlə kimi istifadə olunması və orada dinimizdə haram sayılan heyvanların saxlanılması təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinə təhqirdir. ICESCO və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası bu vandalizm aktlarının işğaldan azad edilmiş ərazilərimizə təşkil etdiyi missiyaları zamanı əyani şahidi olmuşdur.

Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış dini ocaqlarımız tarixi görkəmi nəzərə alınmaqla bərpa edilir, yeni məscidlər inşa edilir, minarələrdən uzun illərdən sonra yenidən azan sədaları ucalır.

Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir.

İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil edilir. İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir.

Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüşdür. 2017-ci ildə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir.

Bir neçə gün öncə Bakıda müsəlman ölkələrinin dayanıqlı rifahı naminə regional inteqrasiya mövzusuna həsr olunmuş İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları uğurla təşkil edilmişdir.

2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Hörmətli tədbir iştirakçıları,

Hazırkı sessiyanın “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusuna həsr olunması Parlament İttifaqının üzv ölkələrinin tərəqqisi üçün ortaq çağırışlara birgə həll yolları tapmaq əzmini nümayiş etdirir.

Əminəm ki, sessiya çərçivəsində irəli sürülən faydalı təşəbbüslər qardaş xalqlarımızın rifahına töhfə verəcək, ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək.

Sizə ən xoş arzularımı yetirir, sessiyanın işinə uğurlar diləyirəm”.





Baxış sayı: 120
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Dünən, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Dünən, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Dünən, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir 4-09-2026, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 4-09-2026, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib 4-09-2026, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək 4-09-2026, 18:00 Azerbaijan’s mine problem raised in Prague 4-09-2026, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı 4-09-2026, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb 4-09-2026, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova 4-09-2026, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib 4-09-2026, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930