FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22-06-2026, 16:30 | SİYASƏT
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

Fact-info.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Sərdar Qurbanquluyeviç, hörmətli qonaqlar, əziz dostlar. Əziz qonağımızı - dövlət səfərində olan Türkmənistan Prezidentini salamlamaqdan bir daha şadam.

Dəvətimi qəbul etdiyinə və Azərbaycana səfərə gəldiyinə görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi.

Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.

Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik.

Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.

Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.

Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.

Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.

Əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.

Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam. Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.

Hörmətli cənab Prezident, Sizi bir daha salamlayıram və əziz qardaşım Arkadağa və Türkmənistanın bütün xalqına ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm.

x x x

Sonra bəyanatla çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov səmimi qəbula, qonaqpərvərliyə və birgə iş üçün yaradılan gözəl şəraitə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirdi, təkbətək və geniş tərkibdə görüşlər zamanı ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətinin və perspektivlərinin müzakirə olunduğunu dedi.

İkitərəfli əməkdaşlığın hazırkı səviyyəsinin yüksək qiymətləndirildiyini qeyd edən ali qonaq ölkələrimiz arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dinamik və ardıcıl şəkildə inkişaf etdiyini məmnunluqla vurğuladı.

“İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğu təsdiqləndi. Həmçinin Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək”, - deyən Sərdar Berdiməhəmmədov iqtisadi-ticari əməkdaşlığın da ətraflı müzakirə olunduğunu bildirdi. Energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini qeyd edən Türkmənistan Prezidenti ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğuladı.

Mədəni və humanitar əlaqələrin inkişafına ayrıca diqqətin yetirildiyini bildirən ali qonaq dedi ki, görüşlər çərçivəsində mədəniyyət xadimlərimiz arasında təmasların davam etdirilməsinə və genişləndirilməsinə, həmçinin hər il Mədəniyyət Günlərinin keçirilməsinə hər iki ölkənin hazır olduğu təsdiqlənib.

“Nümayəndə heyətimiz bugünkü görüşün nəticələrini yüksək qiymətləndirir. Görüşün yekunlarına dair ikitərəfli mühüm sənədlər zərfi imzalandı. Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir”, - deyə Sərdar Berdiməhəmmədov vurğuladı.

İkitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə Azərbaycan Prezidentinin böyük şəxsi töhfəsini xüsusi qeyd edən Türkmənistanın dövlət başçısı buna görə minnətdarlığını bildirdi.

“Dostlug” neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrimizin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.

Ali qonaq Türkmənistanın Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələrimizi və xalqlarımızı əsrlər boyu mehriban qonşuluq ənənələri, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini vurğuladı.

“Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikası tərəqqi və çiçəklənmə yolu ilə inamla irəliləyir”, - deyən ali qonaq qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və davamlı tərəqqi arzuladı.




Baxış sayı: 105
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Bu gün, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Bu gün, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Bu gün, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır Dünən, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində Dünən, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub Dünən, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib 13-08-2026, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi 13-08-2026, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” 13-08-2026, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib 13-08-2026, 10:00 Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir 13-08-2026, 09:30 Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb 12-08-2026, 21:00 "Onun adındakı işıq"  12-08-2026, 20:00 Müdafiə Nazirliyinin rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub 12-08-2026, 17:00 Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir 12-08-2026, 16:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31