Mayın 4-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli dilçi alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Fact-info.az xəbər verir ki, əvvəlcə Tofiq Hacıyevin zəngin elmi irsini əks etdirən kitablarından ibarət sərgi nümayiş olunub. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və tədbir iştirakçıları sərgiyə baxıblar.
Sonra Tofiq Hacıyevin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademik Tofiq Hacıyevin Türk dünyası miqyasında tanınan görkəmli alim, eyni zamanda milli təfəkkürə sahib parlaq bir şəxsiyyət olduğunu deyib. AMEA rəhbəri akademik Tofiq Hacıyevin sovet dönəmində yetişən alimlərdən olsa da, hər zaman azərbaycançılıq məfkurəsini bütün dəyərlərdən üstün tutduğunu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq bir ziyalı kimi milli birliyin qoruyucularından olduğunu qeyd edib.
Qeyd edib ki, alimin fundamental xarakter daşıyan ikicildlik “Azərbaycan ədəbi dili tarixi” əsəri özünə qədərki dövrdə bu istiqamətdə yazılmış bütün tədqiqatların zirvəsində dayanmaqla yanaşı, dilimizin inkişaf mərhələlərini tam dolğunluğu ilə ümumiləşdirir: “Tofiq Hacıyev milli-mənəvi varlığımız olan dilimizin tarixini ədəbiyyat tariximizdən ayırmamış, bu vəhdəti öz yaradıcılığının ana xəttinə çevirmişdir. Məhz bu səbəbdən onun əsərləri təkcə dilçilik baxımından deyil, həm də ədəbiyyat tariximizin möhtəşəm salnaməsi kimi qəbul olunur”.
AMEA-nın Nəsimi adına Dilçilik İnstituunun direktoru professor Nadir Məmmədli akademik Tofiq Hacıyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, alim zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminin inkişafında müstəsna rol oynayıb və bütün ömrünü bu sahəyə həsr edib.
Tədbirdə akademik Nizami Cəfərov “Akademik Tofiq Hacıyev: azərbaycanşünaslıqdan türkşünaslığa”, professor Qəzənfər Paşayev “Çağdaş türkologiyamızın patriarxı”, professor Elbrus Əzizov “Görkəmli alim, böyük müəllim”, professor İsmayıl Kazımov “Akademik Tofiq Hacıyev Azərbaycan dilinin keçid şivələri haqqında”, filologiya elmləri doktoru Qızılgül Abdullayeva “Akademik Tofiq Hacıyevin yaradıcılığında Azərbaycan ədəbi dilinin tarixi”, filologiya elmləri doktoru Qətibə Quliyeva “Söz, yaddaş, tarix vəhdətində: akademik Tofiq Hacıyev və Kitabi Dədə-Qorqud”, filologiya üzrə fəlsəfə doktoru Sevda Sadıqova “Türkün qədim izləri ədəbi abidələrdə” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda ailə üzvləri adından çıxış edən mərhumun oğlu Azər Hacıyev akademik Tofiq Hacıyevin 90 illik yubileyinə həsr olunmuş tədbirin təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.
Baxış sayı: 225
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
