FACT-INFO.AZ » AKTUAL » Qələbəni baxışlarında yaşadan Şahgündüzün həyat hekayəti
16-03-2026, 11:00 | AKTUAL
Qələbəni baxışlarında yaşadan Şahgündüzün həyat hekayəti
Məşhur filosof Fridrix Nitşe deyib: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır”. Gerçəkdən 44 günlük Vətən müharibəsində şəhidlərimiz, qazilərimiz sözün əsl mənasında tarix yaratdılar. Biz bu kitabı yazarkən həmin şəxsiyyətlərin yazdıqları tarixi bir daha nəzərdən keçirməyə çalışdıq.
Şahgündüz Cabbarov 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsini bitirib. Neft sahəsində çalışıb və İkinci Qarabağ müharibəsi başlayanda Vətən torpaqlarının düşməndən azad olunmasını əsas hədəf hesab edərək savaşa qatılıb.
Şahgündüzün daha çox baxışları yadımda qalıb. Onun qeyri-adi baxışları var idi.
Şəhidimizin atası Habil müəllim Şahgündüzlə bağlı xatirələrini bölüşür:
– Şahgündüz xüsusi istedad sahibi idi. Həm texniki elmləri gözəl bilirdi, həm ədəbiyyatımızı, folklorumuzu öyrənmişdi. O, bir dəfə mənə dedi: “Ata, saz ifa etməyi öyrənmək istəyirəm”. Mən onu aşıq dostumun yanına apardım. Qısa müddətdə xeyli aşıq havaları çalmağı öyrəndi. Şahgündüz yaradıcı insan olaraq, şeirlər, məqalələr yazırdı. Onun müharibə ilə bağlı xeyli yazıları var. Şahgündüzün peşəsi neft mühəndisi idi. O, bizə neft istehsalında, emalında böyük kəşflər edəcəyini deyirdi. Əgər ömür vəfa etsəydi o, bu, arzusuna çatacaqdı. Mən şəhid valideynləri ilə söhbət etdikcə, bu qənaətə gəlirəm ki, şəhidlərimiz arasında ruhani bağlılıq var. Onların hər biri millət sevdalısı, fədakar oğul olub. Şəhid valideynləri öz övladları haqqında danışan zaman elə bilirəm söhbət mənim övladımdan gedir. Jurnalistlər bəzən məndən soruşurlar ki, Şahgündüzlə bağlı hansı xatirələr yadınızda qalıb. Deyirəm ki, onun daha çox baxışları yadımda qalıb. Şahgündüzün qeyri-adi baxışları var idi. Döyüş yoldaşının Şahgündüzlə bağlı çıxışını televiziya vasitəsilə izlədim. O, da qeyd edirdi ki, hər dəfə yeni əraziləri işğaldan azad edərkən Şahgündüzün baxışlarından, simasından alov, sevinc yağırdı. O, ümumiyyətlə, uşaqlıqdan vətənpərvərliyi ilə seçilirdi. Tək o, yox, uşaqlarımın hamısını o ruhda böyütmüşəm. Amma Şahgündüz dördüncü, beşinci sinifdə oxuyanda artıq mənə “Biz Xocalının qisasını nə vaxt alacağıq”, – kimi suallar verirdi. Məndən tez-tez soruşurdu ki, ata, biz niyə uduzduq, necə oldu ki, oradan çıxdıq, Qarabağı itirdik. Yəni o, bütün fikrini Qarabağa cəlb etmişdi. Sonradan o, adi bir telefonla Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında qısa film də çəkdi. Orta məktəbdə oxuyan uşağın Mübariz haqqında çəkdiyi film artıq onun vətənpərvərliyinin təzahürü idi. Çox vaxt fikir verirdim ki, Şahgündüz işlərini tələsik edir, hər şeyə tələsirdi.
Gözləyin dağlar, gəlirəm…
Ölümündən sonra Şahgündüzün haqqında “Gözləyin dağlar, gəlirəm” adlı kitab dərc olunur. Kitabda onun müharibəyə getməzdən çox-çox əvvəl, müharibənin başlanğıc ərəfəsində Qarabağ haqqında yazdığı statuslar toplanıb.
Kitabın ilk vərəqi bu sözlərlə, Şahgündüzün sözləri ilə başlayır:
“Nə farağatı, nə vətən sevgisini əsgərlikdə komandirlərdən öyrəndim mən. Mən bu dünyada əsgər doğuldum. İnşallah, Allahın köməkliyi ilə Vətən qarşısında öz vəzifə borcumu layiqincə yerinə yetirdikdən sonra əsgər kimi də gedəcəyəm!”
Şəhidimizin atası Şahgündüzün hərbi xidmət dövrünə nəzər salır:
“Şahgündüz təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətdə olub. Xidməti zamanı göstərdiyi nizam-intizama görə, korpus komandiri tərəfindən fəxri fərmanla təltif edilib. Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində mühəndis kimi çalışıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı könüllü döyüşlərə yollandı. Əslində Şahgündüz neftçi olduğuna görə, hərbi xidmətdən azad idi. Amma o, çox israrla işdən çıxaraq müharibəyə getməyə qərar verdi. Oktyabrın 1-dən pulemyotçu kimi döyüşə qatıldı. Bir həftədən sonra öz xahişi ilə Xüsusi Təyinatlıların həmlə taboruna qoşularaq bir sıra ərazilərdə döyüşdü. 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid oldu”.
Anası Simuzər xanımın Şahgündüzlə bağlı pıçıltıları...
“Gündüz, sən uşaqlıqdan çox fərqliydin. Hələ orta məktəbdə oxuyanda gün ərzində vaxtını bölürdün, xatirələrini yazırdın. Sənə demişdim ki, köhnə kağızları at getsin. Sən deyirdin ki, mənim üçün heç nə köhnəlmir. Bu gün sənin köhnə xatirələrin mənim üçün həmişə təzədir. Sağalmaz yaralarla döndü səninlə keçirdiyim günlərim, unudulmaz anlara döndü.
Gündüz, müharibəyə gedəndə Bərdədən mənə zəng edib dedin ki, ana, sənə yaxşı xəbərim var. Məni müharibəyə çağırıblar. Mənim üçün bu ağır xəbəri necə də fəxrlə dedin.
Gündüz, mən bilirdim ki, sən müharibəyə gedəndə lap önə keçəcəksən. Bərdədən gəldin mənimlə görüşəndə ağladım, dedim axı, məni bu yerdə qoyma. Dedin ki, ay ana, qardaşlarım var, niyə belə edirsən.
Gecə səhərə qədər yatmadım, sakit-sakit ağladım. Səhər durub qəbimdəki kədəri gizlətdim”.
Şəhidimizin döyüş yoldaşı Taleh Əliyev də müharibə xatirələrini bizimlə bölüşür:
“Biz bir yerdə, ilk gündən son nəfəsədək çiyin-çiyinə vuruşduq. O, yaralandığı və şəhid olduğu günə qədər daim yanımda oldu. Bu gün sizə Şahgündüzün və digər igid döyüş yoldaşlarımızın göstərdiyi qəhrəmanlıqdan söz açmaq istəyirəm. Niyə qısa danışıram? Çünki bu igidlik, bu vətən sevgisi, bu əsl qəhrəmanlıq sözlərə, kitablara, dastanlara sığmayacaq qədər böyükdür.
Son döyüşümüzdən öncə, 2020-ci il, 24 oktyabr, bir payız günüdür. Bizə komanda gəldi: düşmənin mühüm postunu və strateji mövqelərini ələ keçirməli idik. Bu postlar Şuşa və Laçın dəhlizi üçün həyati əhəmiyyət daşıyırdı. Laçın adını eşidəndə, hər birimizin damarlarında qaynayan qan daha da coşurdu. Amma Şahgündüzdə bu sevgi min qat güclü idi. Doğulduğu, həsrətində olduğu torpaqlara qovuşmaq arzusu onu döyüş meydanında daha da mübariz, daha da cəsarətli edirdi. Axşam saat 18:00–19:00 radələrində tam hazır vəziyyətdə idik. Silahlarımızı, rabitə vasitələrimizi yoxlayıb, döyüş planı ilə tanış olduq. Hər kəs vəzifəsinə sadiq idi. Şahgündüzün gözlərində isə başqa bir alov, başqa bir parıltı vardı. O, evdən cibində gətirdiyi Azərbaycan bayrağını Laçına sancmaq üçün can atırdı. Onun bu arzusu bizə əlavə güc, əlavə inam verirdi. Xüsusi Təyinatlı Həmlə Əməliyyat Taborunun komandiri son təlimatları verdi. 3 nəfərlik qruplara bölündük və “Meşə” adlanan əraziyə hücuma başladıq. Mənim olduğum qrupda Şahgündüz də var idi. Şahgündüzlə eyni sırada döyüşmək mənə xüsusi güvən, ruh və cəsarət verirdi. Onu hər kəs tanıyırdı: o, həm də bir neftçi idi. Müharibə qaydalarına görə, neftçilər adətən ən sonda cəbhəyə göndərilirdi. Ancaq Şahgündüz vətənə olan sevgisi ilə bu ənənəni pozdu. Sözlə deyil, əməllə vətəninə olan sədaqətini sübut etdi. Laçına, Qarabağa qovuşmaq arzusu onun üçün hər şeydən üstün idi. Şahgündüz hər zaman deyirdi: “Mən Laçını, Şuşanı azad görməsəm, gözüm açıq gedə bilmərəm". Onun iradəsi təkcə özünə deyil, hamımıza güc verirdi. Döyüşün ən çətin anında Şahgündüzü görmək bizi ruhlandırırdı”.
Qazi Taleh Əliyev unudulmaz döyüş xatirələrini davam etdirir:
“Döyüş başladı. Düşmənin mövqeləri görünməyə başlayanda hava artıq qaralmışdı. Ay işığı meşəni işıqlandırır, bizə düşməni daha aydın görmək imkanı verirdi. Düşmən bizim yaxınlaşdığımızı hiss edib atəş açmağa başladı. Sanki yağış yerə yox, başımıza yağırdı. Güllələrin qığılcımları meşənin içində parlayırdı. Hər tərəfdən gələn atəşə baxmayaraq, mövqelərimizi dəyişib irəliləyirdik. Gecə boyu döyüşdük. Aramızda rabitə qırılmadı, ruhumuz sınmadı. Bir-birimizin canını öz canımız qədər qoruyurduq. 25 oktyabr səhəri, saat 8 radələri idi. Yeni hücum planı cızıldığı anda düşmən minaatanlar və raketlər vasitəsilə kütləvi yaylım atəşi açdı. Məhz bu an Həmlə Əməliyyat Taborunun ən ağrılı, ən qəmli anı yaşandı. Döyüş meydanı qan gölünə çevrildi. İgid döyüş yoldaşlarımız—Şahgündüz, Gülverdi, Toğrul və başqaları şəhadətə ucaldı. Şahgündüzün cansız bədəni gözlərimin önündə idi. Qan içində uzanan dostlarımı xilas etmək üçün çırpınsam da, özüm də yaralanaraq huşumu itirdim. Xilasetmə qüvvələri bizi döyüş meydanından çıxartdı. Hər dəfə Şahgündüzün atası, Habil əmini görəndə o ağrılı anlar gözümün önündə canlanır. Bilirik, biz onun yerini heç vaxt doldura bilmərik. Amma Şahgündüzün adını yaşatmaq, onun ideallarına sadiq qalmaq bizim boynumuzun borcudur. Biz, onun qardaşlarına—Ülvi və digər ailə üzvlərinə qardaş olmağa çalışırıq. Şahgündüzü bir dəfə tanıyan heç vaxt unutmaz. Bu gün Şahgündüzün adı, qəhrəmanlığı, igidliyi hər birimizin yaddaşında yaşayır. Onun getdiyi yol, bizə həmişə xatırladır ki, Vətən uğrunda can verənlər, əslində, ölmürlər. Onlar torpağın ruhunda, bayrağın rəngində, xalqın qürurunda yaşayırlar. Şahgündüz Cabbarov bizim üçün bir igid döyüşçü, bir dost, bir qardaş və bir ölməz xatirədir. O, Azərbaycanın azadlıq səhifəsində əbədi yaşayacaq bir ad oldu. Onun qəhrəmanlığı, vətənə bağlılığı, səmimiyyəti hər zaman ürəklərdə yaşayacaq. Mən qürur duyuram ki, Şahgündüz kimi bir igidlə birlikdə döyüşdüm. Şahgündüz Cabbarov, sən bizim qəlbimizdə əbədi yaşayırsan!”
Qeyd edək ki, Şahgündüz Cabbarov Xəzər rayonu, Binə qəsəbəsində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Mənbə:
Əkrəm Bəydəmirlinin "Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir" kitabı
Baxış sayı: 410
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub
Bu gün, 16:30
Şəfa verən əllər – Kamil Bəkirov
Bu gün, 13:30
Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar?
Bu gün, 13:30
Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir
Bu gün, 10:30
Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır
Bu gün, 10:30
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Bu gün, 09:00
“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub
Bu gün, 09:00
Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq
Bu gün, 08:30
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb
Dünən, 21:00
Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub
Dünən, 18:30
Anar Bayramov səhiyyə naziri təyin edilib
Dünən, 18:30
Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir
Dünən, 17:00
“Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans
Dünən, 15:30
Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Dünən, 09:30
ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib
Dünən, 08:30
Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib
Dünən, 08:30
"Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür"
Dünən, 08:00
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib
18-10-2026, 09:00
“44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir
18-10-2026, 08:30
Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq
18-10-2026, 08:00
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar
17-10-2026, 15:00
Füzuli Şəhəri Günündə həsr olunan tədbir
17-10-2026, 14:00
Azərbaycan beynəlxalq forumda təmsil olunub
17-10-2026, 13:30
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub
16-10-2026, 18:30
Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib
16-10-2026, 17:30
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
16-10-2026, 17:30
Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib
16-10-2026, 12:00
Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır
16-10-2026, 10:30
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
16-10-2026, 10:00
Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib
16-10-2026, 10:00
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

