FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev Xocavənddə sakinlərlə görüşüb
25-02-2026, 21:00 | SİYASƏT
Prezident İlham Əliyev Xocavənddə sakinlərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verdi.Bildirildi ki, Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq.

Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə - 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə - 533 nəfərin qayıtması planlaşdırılır.

Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub.

Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş sakin Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış oldular və söhbət etdilər.

Prezident İlham Əliyev: Salamaleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.

Digər qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük, salam, gözəl.

Prezident İlham Əliyev: Necə yerləşmisiniz?

Kişi sakin: Çox əla, hər şey əladır. Allah sizdən razı olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Keçin içəri.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Kişi sakin: Çox əladır, hər şey əladır.

Prezident İlham Əliyev: Yaxşı, razısınızmı?

Kişi sakin: Allah sizdən razı olsun. Allah sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə.

Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Siz özünüz buralısınız?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız?

Kişi sakin: Bəli. O vaxt rəhmətlik Ulu Öndər də gəlmişdi buraya.

Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi?

Kişi sakin: Bəli. Səhv etmirəmsə, 1979-cu ildə.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Kişi sakin: Bakıda.

Prezident İlham Əliyev: Şərait necə idi?

Kişi sakin: Belə də, şükür. Amma burada olsaydıq, daha yaxşı olardı.

Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?

Kişi sakin: Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.

Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?

Kişi sakin: Bəli, Qarakənddə idi.

Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir?

Kişi sakin: 17 kilometrdir.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə.

Qadın sakin: Çox sağ olun, minnətdarıq.

Kişi sakin: Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.

Qadın sakin: Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.

Kişi sakin: Siz bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz.

Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə minnətdarıq, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı.

Kişi sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin.

Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

Prezident İlham Əliyev: Bəli, gedək.

Burada maldarlıq üçün yaxşı şərait var. Su necə?

Kişi sakin: Var, buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Həyətyanı sahə də var?

Kişi sakin: Var, 15 sot torpaq var.

Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq.

Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur.

Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox?

Kişi sakin: İnşallah, olacaq.

Prezident İlham Əliyev: Əlbəttə, olmalıdır.

Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var.

Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib.

Kişi sakin: Əlbəttə, Allah dövlətimizi qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30