FACT-INFO.AZ » AKTUAL » Malıbəyli və Quşçular faciəsindən 34 il ötür
11-02-2026, 18:30 | AKTUAL
Malıbəyli və Quşçular faciəsindən 34 il ötür

Erməni hərbçilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri Malıbəyli və Quşçular faciəsidir. 1992-ci il fevralın 11-də Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, çoxlu sayda dinc azərbaycanlı qətlə yetirilib.

Fevralın soyuq və şaxtalı günlərində həyata keçirilən bu qırğın Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış ən dəhşətli hadisələrdən biri kimi yadda qalıb. Düşmən silahlılarının dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər təkcə kəndlərin işğalı deyil, bütöv bir nəslin yaddaşında silinməz izlər qoyan mənəvi soyqırımı idi. Erməni hərbçiləri 366-cı alayın ağır texnikası ilə mühasirəyə aldıqları kəndləri amansız atəşə tutaraq, dinc insanları, qocaları və uşaqları qarlı dağ yollarında ölümün ağuşuna itələmişdilər. Həmin qanlı gecədə öz doğma ocaqlarını tərk edə bilməyən köməksiz insanlar girov götürülərək işgəncələrə məruz qalmış, onların bir çoxunun taleyi isə onilliklər keçməsinə baxmayaraq, hələ də qaranlıq qalmışdır. Bu faciə Azərbaycan xalqının tarixinə ən ağır itkilərdən biri, insanlığa qarşı törədilmiş unudulmaz cinayət kimi həkk olunub.

Malıbəyli və Quşçular kəndlərinin bir qrup sakini doğma kəndlərinə gedərək, 34 il əvvəl qətlə yetirilmiş həmkəndlilərinin xatirələrini yad edib, ruhlarına dualar oxuyublar.

Kənd sakinləri əvvəlcə Malıbəyli kəndində şəhidlərin xatirə lövhəsini ziyarət ediblər. Malıbəyli kənd sakini Şahlar Mehdiyev 34 il əvvəl baş verən hadisələrdən danışaraq deyib: “Kəndimiz düşmənə qarşı dörd il mübarizə apardı. 1992-ci ildə vəziyyət daha da çətinləşdi. Fevralın 9-da ermənilər Xankəndi istiqamətindən hücuma başladılar. Qadınları, uşaqları, qocaları Quşçular kəndinə apardıq. Ayın 10-da Rafiq, Nazim, Haqverdi şəhid oldular. Axşam daha 3 şəhidimiz oldu. Xocalıya məlumat verdik ki, bizə kömək gəlsin. Əvvəlcə camaatı Xocalıya çıxartmaq istəyirdik. Lakin gördük ki, erməni hərbçilərin texnikaları Xocalı istiqamətində yığılıb. Başa düşdük ki, kəndin əhalisini qırmaq istəyirlər. Belə olduqda biz Kətik meşəsi istiqaməti ilə Ağdamın Gülablı kəndinə yola düşdük. Qarlı, şaxtalı gündə çox çətinliklə camaatı Ağdama apara bildik”.

Şahlar Mehdiyevin xatirələri o müdhiş günlərin dəhşətini, insanların qarşılaşdığı amansız sınaqları bir daha göz önündə canlandırır. Sakinlər xatirə lövhəsi önündə qəhrəman həmkəndlilərinin adlarını ehtiramla anaraq, bu qanlı tarixin heç vaxt unudulmayacağını vurğulayıblar.


“Şəhidlərimizi güllə altında dəfn etdik”

Daha sonra sakinlər Quşçular kəndindəki şəhidlik ərazisini ziyarət ediblər. Quşçular kənd sakini Sahib Musayev bu gün kəndə gəlməyin onlar üçün həm ağrılı, həm də qürurverici olduğunu bildirib: “Bu gün biz 34 il əvvəlki şəhidlərimizi anmaq üçün kəndimizə ziyarətə gəlmişik. 1992-ci il fevralın 11-i kəndimiz üçün çox çətin gün idi. Fevralın 10-dan 11-nə keçən gecə Aşağı Quşçular kəndi Malıbəyli kənd sakinlərini qəbul etmişdi. Erməni silahlı birləşmələri 366-cı alayın hərbi texnikasından istifadə etməklə kəndi intensiv atəşə tuturdu. Gülləmiz bitir, düşmən isə hər tərəfdən hücumu davam etdirirdi. Şəhidlərimizi güllə altında dəfn edib, fevralın 11-də səhər saat 11 radələrində kəndi tərk etməli olduq. Yeganə çıxış yolu çətin olsa da, Ağdamın Abdal-Gülablı kəndi istiqaməti idi. Atəş altında dağ-dərə ilə, qarlı yollarla hərəkət etdik. Yolda bir neçə nəfər həlak oldu. Axşam Abdal-Gülablıya çatdıq. Çıxarılması mümkün olmayan qocalar kənddə qaldılar və girov götürüldülər. Bu günə qədər onlardan heç bir xəbər yoxdur. Həmin gün Gündüzün, Əli dayının cənazələri Kətik dağında qaldı. Bu gün kəndimizi və şəhidlərimizi ziyarət edə bildiyimiz üçün şükür edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bu ərazilər separatçılardan təmizlənib. 2023-cü il dekabrın 5-də Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib. (Azərtac)




Baxış sayı: 150
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031