FACT-INFO.AZ » QHT » “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib
9-12-2025, 10:00 | QHT
“İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransının açılışı olub.

Fact-info.az xəbər verir ki, Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.

Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunur.

Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, süni intellekt (AI) artıq gündəlik həyatın mühüm bir hissəsinə çevrilib. Onun sözlərinə görə, bu sahə böyük imkanlar yaratmaqla yanaşı, yeni suallar və məsuliyyətlər də ortaya çıxarır. Cəmiyyətin süni intellektin təsirini düzgün qiymətləndirməsinin, gənclərin risklərdən qorunaraq bu texnologiyanın imkanlarına yönləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti diqqətə çatdırıb ki, Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır. 2025–2028-ci illər üçün Milli Süni İntellekt Strategiyası çərçivəsində milli süni intellekt ekosisteminin qurulması, dövlət xidmətləri üçün Azərbaycan dilində AI modelinin hazırlanması, dövlət qurumları üçün standartların müəyyənləşdirilməsi və Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulur.

L.Əliyeva Heydər Əliyev Fondunun artıq 20 ildir təhsili fəaliyyətinin əsas istiqaməti kimi müəyyən etdiyini xatırladıb. Deyib ki, Fond bu müddət ərzində Azərbaycanda 500-dən çox məktəb binası inşa edib və yenidən qurub, uşaq bağçalarını və internat müəssisələrini modernləşdirib, minlərlə uşağı müasir tədris vasitələri ilə təmin edib.

O diqqətə çatdırıb ki, süni intellekt dövrünə keçid bu missiyanın əhəmiyyətini daha da artırır. Onun fikrincə, süni intellekt, sadəcə, texnologiya deyil, hər bir uşaq üçün yeni imkan deməkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin vurğulayıb ki, süni intellekt ətraf mühitin qorunmasında da mühüm rol oynaya bilər. Nadir heyvan növlərinin izlənməsi, iqlim dəyişikliklərinə nəzarət, meşələrin mühafizəsi, su ehtiyatlarının qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı bu imkanlar sırasındadır.

Leyla Əliyeva çıxışında ICESCO ilə əməkdaşlığa da toxunub. Bu tərəfdaşlıq çərçivəsində Burkina-Fasoda məcburi köçkün qızlar üçün məktəblərin inşası, eləcə də Mali, Çad və Komor adalarında layihələrin davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, BMT-nin İnkişaf Proqramı ilə birgə gənclər və əlilliyi olan şəxslər üçün regional informasiya və kommunikasiya texnologiyaları mərkəzlərinin yaradılması bu istiqamətdə həyata keçirilən mühüm işlərdəndir.

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik çıxışında qeyd edib ki, bəşəriyyət yeni bir mərhələnin – süni intellekt dövrünün astanasındadır. Bu, bacarıqları və təsiri formalaşdıran qüvvədir. O bildirib ki, süni intellekt artıq strateji hədəfə çevrilib: onu qəbul edənlər inkişafı sürətləndirir, ona qarşı çıxanlar isə tərəqqinin başqa istiqamətlərdə getdiyini görür və geridə qalacaqlar.

O əlavə edib ki, süni intellekt yalnız texnologiya deyil, həm də imkan yaradan bir vasitədir. Onun tətbiqi təhsil, səhiyyə, idarəetmə və digər sahələrdə innovativ həllər təqdim edir.

ICESCO-nun Baş direktoru ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Sonra konfrans çərçivəsində ICESCO və Həmdan Bin Rəşid Əl Maktum Fondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatının təltif edilmə mərasimi keçirilib.

Qeyd edək ki, bu mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir. Heydər Əliyev Fondu İslam dünyası və digər ölkələrdə məktəblərin tikinti-bərpasına yönələn təhsil və sosial dəstək üzrə layihələrinə görə bu mükafatla təltif olunur.

Mükafat, eyni zamanda, Yəmənin Hadramaut Təhsil İnkişaf Fondu və Mərakeşin Birinci Səviyyə Təhsil Fonduna təqdim edilib.

Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum çıxışında “Həmdan-ICESCO” mükafatı qaliblərini təbrik edərək deyib: “Siz bu gün təhsil mühitinə və təhsil alanlara qayğı göstərən xeyriyyə təşkilatları, donorlar və ianəçilər üçün fəxr və ilham mənbəyi olmusunuz. Təhsilə dəstək üçün könüllülük səylərinin mədəniyyətini və təsirini yaymaq məsuliyyətimizdən geri çəkilməyəcəyik”.

Konfrans daha sonra “Təhsildə innovasiya: süni intellektin İslam dünyasında təsiri və imkanları” mövzusunda panel müzakirələrlə davam edib.

Müzakirələrdən əvvəl çıxış edənlər vurğulayıblar ki, süni intellekt artıq həyatımızın müxtəlif sahələrinə təsir göstərir və gələcək nəsillərin inkişafında mühüm rol oynayacaq.

Qeyd edilib ki, təhsil sistemi və elm sahəsində süni intellektin tətbiqi tədris prosesini daha səmərəli, innovativ və interaktiv hala gətirir.

Bildirilib ki, süni intellekt tədqiqat sahələrində yeni imkanlar yaradır, iqtisadiyyatın müxtəlif istiqamətlərində səmərəliliyi artırır və gələcək iş bazarının tələblərinə uyğun peşələrin inkişafına təkan verir.

Daha sonra ICESCO-nun Perspektiv Araşdırmaları və Süni İntellekt Mərkəzinin nümayəndəsi Viam Şafikin moderatorluğu ilə keçirilən paneldə çıxış edənlər ölkələr arasında təcrübə mübadiləsinin, əməkdaşlığın və süni intellekt sahəsində regional təşəbbüslərin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Digər paneldə çıxış edən qonaqlar süni intellekt sahəsində ölkələrarası əlaqələndirmənin gücləndirilməsinin, etik və sosial-iqtisadi aspektlərin araşdırılmasının, dayanıqlı və inklüziv texnoloji inkişafın təmin olunmasının önəmini vurğulayıblar. Qeyd edilib ki, bu təşəbbüslər yalnız texnoloji tərəqqiyə deyil, həm də insan kapitalının inkişafına, təhsil keyfiyyətinin yüksəlməsinə və regional əməkdaşlığın dərinləşməsinə töhfə verir.

Konfransın sonunda İslam dünyasında süni intellekt indeksi üzrə Bakı Bəyannaməsi qəbul edilib.

Sənəddə bildirilir ki, İslam dünyası süni intellektin cəmiyyətlərə və iqtisadiyyatlara dərin təsirini qəbul edir, süni intellekt indeksini rəqəmsal dövrdə ICESCO-nun təhsil, elm və mədəniyyətin inkişafı missiyasını yerinə yetirmək üçün həyati əhəmiyyətli yeni bir vasitə kimi alqışlayır, süni intellektin təhsil, səhiyyə, mədəni mühafizə, iqtisadi inkişaf və ətraf mühitin idarə olunmasını inkişaf etdirmək potensialını nəzərə alaraq, eyni zamanda, sui-istifadə, bərabərsizlik və təhlükəsizlik tədbirlərinin olmaması kimi riskləri də qəbul edir.

ICESCO-ya üzv dövlətlər və beynəlxalq tərəfdaşlar əməkdaşlığı gücləndirmək əzmini, İslam dünyasının dəyərlərinin və istəklərinin beynəlxalq süni intellekt müzakirələrində təmsil olunmasını təmin etmək öhdəliyini bir daha təsdiqləyirlər. Üzv dövlətlər bəyan edirlər ki, Bakıda süni intellekt indeksinin təqdimatı İslam dünyası üçün əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur.

Sənəd beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığı, birgə layihələrin reallaşdırılmasını təşviq edir, sülhə, inkişafa və gələcək nəsillərin rifahını təmin etmək öhdəliyini təsdiqləyir. Üzv dövlətlər Bəyannamə əsasında milli süni intellekt strategiyaları hazırlayıb etik təhlükəsizlik tədbirlərini, sektor prioritetlərini və inklüziv inkişafı təmin edə biləcəklər.





Baxış sayı: 105
Paytaxtda və 8 rayonda avtomobil yolunda təmir aparılır Dünən, 19:30 Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib Dünən, 18:00 Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb Dünən, 13:30 Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib Dünən, 08:00 Mayor İlqar Verdiyevin xatirəsinə həsr edilən abidənin açılış mərasimi keçirilib Dünən, 07:30 Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb 14-06-2026, 14:30 Keçmiş Qarabağ döyüşçüsü Fərman Xəlilov: “Dövlət quruculuğu, inkişaf  Milli Qurtuluş günündən başladı" 14-06-2026, 12:00 Ceyhun Bayramov Ben Blakla ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib 14-06-2026, 09:30 Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb 13-06-2026, 12:00 Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb 13-06-2026, 12:00 Şuşada Türk Dövlətləri Rəqabət Forumu 13-06-2026, 11:30 Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiya keçirilib 12-06-2026, 19:30 İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq 12-06-2026, 19:00 HDİM İB növbəti tədbirini Ağsuda keçirdi 12-06-2026, 18:30 Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib 12-06-2026, 18:00 AIR Center Chairman: Azerbaijan's principled position towards Armenia remains unchanged 12-06-2026, 16:30 “Təbii Zəka - Natural Intelligence” sərgisi açılıb 12-06-2026, 10:00 “Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib 12-06-2026, 09:30 İşğaldan azad edilmiş ərazilərdə builki məzunların sayı açıqlanıb 12-06-2026, 09:30 Tramp: Bu gün İranla müharibəyə son qoyduq 12-06-2026, 09:30 “Maqadan: Sonuncu dayanacaq” kitabı 11-06-2026, 20:00 Aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq 11-06-2026, 19:00 Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır 11-06-2026, 18:30 Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir 11-06-2026, 18:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq 11-06-2026, 13:00 Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır 11-06-2026, 12:30 Tanınmış Xalq rəssamının irsinə həsr olunan təqdimat hazırlanıb 11-06-2026, 12:30 “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabı 11-06-2026, 11:00 Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb 11-06-2026, 10:00 Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək 11-06-2026, 08:30
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930