FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Əbədiyaşar Ümummilli Lider Azərbaycan durduqca qəlblərdə yaşayacaq
6-05-2024, 12:00 | TƏDQİQATLAR-ANALITIKA
Əbədiyaşar Ümummilli Lider Azərbaycan durduqca qəlblərdə yaşayacaq

Qismətinə vətəninin və xalqının taleyüklü məsələlərini həll etmək kimi ağır missiya yazılmış insanlar tarixdə çox nadir hallarda olur. Belə görkəmli şəxslər öz dövlətinin, mənsub olduğu millətin parlaq gələcəyi naminə hətta zamanla belə cəngə çıxaraq məqsədlərinə nail olmuşlar. Zamansa onları öz fövqünə qaldıraraq həmin şəxsiyyətlərə əbədiyaşarlıq, ölməzlik statusu vermişdir. Məhz Azərbaycan xalqı da belə bir şəxsiyyətlərdən birinin Azərbaycanlı olmasını taleyinə və bəxtinə minnətdarlıq kimi qəbul edir. Bu böyük insan ümummilli liderimiz Heydər Əliyevdir! Xalqın öz taleyinin, azadlığının, iradəsinin sahibi olma hüququnu özünə qaytarmış ULU ÖNDƏR!

Xalqımızın ulu öndərinə tükənməz sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müasir dövlətimizin memarı, dünya şöhrətli siyasətçi-Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir.10 may 1923-cü il tarixdə dünyaya gələn dahi insan Heydər Əliyev hələ uşaq vaxtlarından fitri istedadı, bacarığı, təhsilə olan marağı, davranışı, yeniyetmə dövründən isə nəzəri bilikləri, aydın nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilməklə bərabər, həyata baxışı, milli-mənəvi dəyərlərə bağlılığı, vətənpərvərliyi və digər qeyri-adi müsbət cəhətləri ilə diqqət cəlb edirdi. Onun istər birinci istərsə də ikinci hakimiyyəti dövründə tək amalı xalqına xidmət olmuşdur.

Belə ki, XX əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində-həm sənayedə,həmdə kənd təsərrüfatında inkişaf getdikcə ləngiyirdi və bu da əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyə başlamışdı. Azərbaycan milli gəlirinin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə ittifaq səviyyəsindən geri qalırdı. Məhz ümummilli lider Heydər Əliyevin XX əsrin 70-80-ci illərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Azərbaycan keçmiş postsovet məkanında qabaqcıl sənaye və kənd təsərrüfatı respublikasına çevrilmişdir.

Müasir Azərbaycan tarixinin çox önəmli və əhəmiyyətli bir mərhələsi – XX əsrin 60-cı illərindən ta XXI əsrin əvvəllərinədək olan zəngin bir dövrü, heç şübhəsiz ki, Azərbaycan xalqının görkəmli sərkərdəsi Heydər Əliyevin adı ilə bağlıdır. O, ölkəmizə rəhbərlik etdiyi 34 illik bir vaxt ərzində Azərbaycanın hərtərəfli inkişafı, qüdrətlənməsi, əzəmətli yüksəliş yolu keçməsinə nail olmuş, xalqımızın və dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində fədakarlıq göstərmiş, gələcək onilliklər, yüzilliklər üçün böyük əhəmiyyət kəsb edən strateji xəttin işlənib hazırlanmasına nail olmuşdur.

Tarix zaman-zaman görkəmli şəxsiyyətlər yetişdirir. Lakin onların bəziləri müəyyən dövrlərdən sonra unudulur, yaddan çıxır. Məhz Heydər Əliyev kimi fenomenlər tarixin nadir şəxsiyyətlərindəndir. ULU ÖNDƏR Heydər Əliyev öz siyasi fəaliyyəti və çox cəhətli zəngin həyat yolu ilə xalqımızın yaddaşında əbədi ömür qazanmışdır. O, nəinki mənsub olduğu xalqın, eləcədə bütün dünyanın şəxsiyyətinə böyük hörmət bəsləndiyi bir lider kimi tanındı. Tarixdə belə mövqe qazanmaq çox az şəxsiyyətlərə müyəssər olur. Tanrı hər xalqa belə xoşbəxtlik nəsib etmir. Bu mənada Heydər Əliyev həm xalqı və vətəni, həm də tarix qarşısında öz missiyasını böyük uğurla yerinə yetirə bilmişdir.

Onun həyat devizini, məqsəd və amalını xalqa müraciətlə söylədiyi aşağıdakı bir fikir tam aydınlığı ilə ifadə edir. İstər bir Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam.

Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur. Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin davam etdirilməsi və yeni dövrün tələblərinə uyğun zənginləşdirilməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası onun yaratdığı uzunmüddətli strateji kursun ilk bəhrələridir.

Heydər Əliyevin bizim üçün qoyduğu zəngin və əvəzsiz irs xalqımızın gələcək inkişaf prespektivlərini müəyyən edən fundamental fəaliyyət proqramıdır. Xoşbəxt gələcəyimizə təminat verən bu çoxcəhətli, zəngin fəaliyyət proqramının ən mühüm qollarından birini ordu quruculuğu təşkil edir. Bu istiqamətdə ulu öndərin fəalliyyətinin qlobal miqyasını və əhəmiyyətini dərk etmək üçün bu günkü Azərbaycan reallıqlarına baxmaq lazımdır.

Hələ totalitar- bürokratik idarəetmə sisteminin hakim olduğu illərdə Azərbaycanın nə vaxtsa imperiya əsarətindən qurtulub azad olacağını uzaqgörənliklə duyan Heydər Əliyev azərbaycanlı gənclərin keçmiş Sovet Silahlı Qüvvələrində daha geniş təmsil olunmaları istiqamətində cəsarətli addımlar atır, gələcək müstəqil Azərbaycanın Silahlı Qüvvələri üçün kadr hazırlığının təməlini qoyurdu. Bu mənada hələ ötən əsrin 70–80–ci illərində C.Naxçıvanskinin adını daşıyan ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərdə hərb sənətinə marağın oyadılması, minlərlə gəncin ölkənin qabaqcıl ali hərbi məktəblərinə təhsil almağa göndərilməsi, xalqımızın qəhrəmanlıq ənənələrinin təbliği və s. tədbirlər bu gün öz tarixi zəruriliyini bir daha təsdiq edir və yüksək qiymətləndirilir.Bütün bunları xalqın milli müqəddəratı ilə birbaşa bağlı olan tarixi nailiyyət kimi qiymətləndirmək lazımdır.

Təəssüflər olsun ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hakimiyyət kürsüsünü ələ keçirmiş naşı siyasətçilərin günahı üzündən digər sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də özbaşınalıq davam etməkdə idi. Çünki həmin dövrdə Azərbaycanda nizami ordu yaratmaq üçün peşəkarların biliyinə, təcrübəsinə deyil, siyasi qrupların, partiyaların təsiri altında olan, onların iradəsi ilə fəaliyyət göstərən təxribatçı ünsürlərə, qara düşüncəli qüvvələrə daha çox istinad edilirdi. Əgər belə demək mümkündürsə, gənc respublikanın ordusunun strukturu hələ yaranmamışdan əvvəl mənəvi cəhətdən iflasa uğramışdır. Hərbi dəstələrdə özbaşınalıq, intizamsızlıq höküm sürürdü. Və onlar təbii ki, öz konstitusiya borclarını yerinə yetirməyə – torpaqlarımızı qorumağa qadir deyildilər.

Məlumdur ki, Azərbaycanı bu dəhşətlərdən, daha böyük faciələrdən qurtaran məhz Heydər Əliyev zəkasının böyük rolu olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra Azərbaycanın dövlət və ordu quruculuğunda yeni bir mərhələnin təməli qoyuldu. Fitri sərkərdəlik istedadı, hərbi işin incəliklərinə peşəkar yanaşma müdrik Ali Baş Komandana qısa vaxt ərzində ordu quruculuğu kimi mürəkkəb bir problemi uğurla həll etməyə, Azərbaycan Ordusunu yenidən elmi - nəzəri əsaslar üzərində qurmağa əsas verdi. Bu başqa cür ola da bilməzdi. Çünki Heydər Əliyevin hərbi quruculuq siyasəti tarixi təcrübəyə əsaslanan real və əməli siyasət idi.

Heydər Əliyev təxminən 80 illik zaman məsafəsi ilə ayrılan hadisələr arasında mənəvi-siyasi bağları bərpa etməklə, əslində ötən əsrin əvvəllərində suverenlik və müstəqillik prinsipinin tələblərinə uyğun aparılmış hərb quruculuğunun tarixi təcrübəsini yeni şəraitdə prioritet istiqamət kimi ön plana çəkdi.

Heydər Əliyevin ordu quruculuğu siyasətinin təməl prinsiplərindən biri və bəlkə də ən başlıcası xalqla ordunun vəhdəti, yekdilliyi prinsipidir.

Ordunun döyüş qabiliyyəti ilə mənəvi ruhunun vəhdəti, insan amili, onun mənəvi-psixoloji durumu bütün zamanlarda hərbi quruculuğun uğurlu gedişinə zəmanət verən amillərdən hesab olunur. Heydər Əliyevin elə bir çıxışı, nitqi yoxdur ki, orada gənclərin hərbi vətənpərvərlik tərbiyəsi məsələsinə toxunulmasın, onun ayrı-ayrı aspektləri geniş şərh edilməsin.

Ümumilli liderimizin bu məsələyə belə ciddi əhəmiyyət verməsi təsadüfi deyildi. Müasir elmin, texnikanın yüksək inkişafı nəticəsində bu gün silahların sərrastlığı, dəqiqliyi yüksək həddə çatmışdır. Lakin bunu ordu quruculuğunda insan amilinin, onun mənəvi-psixoloji durumunun arxa plana keçməsi kmi başa düşmək səhv olardı. Əksinə, hərbi texnikanın imkanları və gücü yalnız yüksək mənəviyyat daşıyıcısı olan insan amili ilə vəhdətdə reallaşa bilər. Elə buna görə də Heydər Əliyev, dahi sərkərdə və hərb nəzəriyyəçisi kimi bu mühüm məsələyə həmişə prinsipial əhəmiyyət verirdi. Hazırda Azərbaycanda gənc nəslin mənəvi, hərbi vətənpərvərlik tərbiyəsi üçün məhz Heydər Əliyev tərəfindən hazırlanmış mükəmməl elmi-nəzəri konsepsiya mövcuddur. Ölkə əhalisinin əhval-ruhiyyəsinin yüksəldilməsi, insanlarda özünə, öz daxili potensialına inamın artırılması, onların ümumdövlət mənafeli məsələlər ətrafında səfərbər edilməsi bu konsepsiyanın strateji istiqamətlərindəndir.

Azərbaycan ordusunun mənəvi durumunun keyfiyyətcə yeni mərhələyə qaldırılması əslində ulu öndərin nəsillərə örnək olan ömür yolunun məzmunundan doğan tarixi bir zərurət, onun fəaliyyətinin məntiqi nəticəsi idi. Heydər Əliyevin ordu quruculuğundakı fəaliyyəti canlı həyat məktəbidir və hər bir kəs bu məktəbin təcrübəsindən daim öyrənməli, öz gündəlik işində bundan istifadə etməyi bacarmalıdır.

Ümummilli lider Heydər Əliyevin əməli fəaliyyəti sayəsində ordumuz gücləndi, inkişaf etdi və bu gün demək olar ki, bizim ordumuzun döyüş hazırlığı çox yüksək səviyyədədir. Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.

Bəli, ordumuz günbəgün möhkəmlənir, daha da mətinləşir. Amma ölkə rəhbərliyi bununla kifayətlənmir, bu prosesi sürətləndirmək üçün daha təsirli yollar axtarır. Hərbi quruculuq sahəsində islahatların daha geniş vüsət alması istiqamətində son vaxtlar həyata keçirilən tədbirlər yaxın vaxtlarda daha böyük uğurlar qazanılacağına təminat verir.

Biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək və ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır söyləyən ümummilli lider Heydər Əliyevə məxsus olan bu fikirlər ordumuza verilən ən düzgün və layiqli qiymətdir.

Bildiyimiz kimi Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın təxribatlarına cavab olaraq əks-hücuma keçməsi və 44 gün ərzində düşmən üzərində qələbə əldə etməsi Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Məlum olduğu kimi 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-da Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin arasında bütün hərbi əməliyyatların tam dayandırılması haqqında üçtərəfli bəyanat imzalandı.

10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 2023-cü ilin sentyabr ayının 19-u günün birinci yarısında Qarabağda dördü polis əməkdaşı, ikisi mülki şəxs olmaqla altı nəfər Xocavənddə eyni istiqamətdə mina partlaması nəticəsində həlak olduqdan sonra Azərbaycan dövləti bunu "terror aktı" adlandıraraq elə həmin gün hərbi əməliyyatlara başladı. 24 saat (23 saat 43 dəqiqə) çəkən antiterror əməliyyatları Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırıldı. Qarabağdakı tanınmayan hakimiyyət silahı yerə qoyaraq təslim olmağa və Azərbaycanın şərtləri altında Yevlax şəhərində görüşməyə hazır olduğunu bildirdi. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri, qeyri-qanuni erməni seperatçı silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunaraq ərazimizi tərk etdilər. Hal- hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi üçün delimitasiya və demarkasiya danışıqları aparılır. İşğal altında olan Qazax rayonunun 7 və Sədərək rayonunun Kərki kəndinin azad olunması aparılan danışıqların əsas mövzularındandı.

Beləliklə, nəticə etibarilə zaman keçdikcə ümummilli lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, həyata keçirdiyi siyasi-hərbi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Xalqımız Heydər Əliyev xatirəsinin əbədiləşdirilməsi, onun gələcəyə istiqamətləndirilmiş tövsiyələrinin həyata keçirilməsi üçün bütün zəruri işləri görür və ümummilli liderinə dərin hörmətini nümayiş etdirir və Heydər Əliyev ideyalarına sonsuz sədaqət göstərir.


Ayaz Əlifov

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatının sədr müavini
















Baxış sayı: 105
Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib 22-11-2024, 08:00 Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil 21-11-2024, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930