FACT-INFO.AZ » AKTUAL » Yazıçılıq, alimlik və xanımlıqda Əzizə Cəfərzadə nümunəsi
4-01-2017, 21:00 | AKTUAL
Yazıçılıq, alimlik və xanımlıqda Əzizə Cəfərzadə nümunəsi

Məşhur Amerika yazıçısı İrvinq Stounun dahi Van Qoqa həsr etdiyi “Yaşamaq yanğısı” povestini xatırlayın. Ömrünü faciə ilə başa vurmuş, səfil bir həyat sürmüş Van Qoq sağlığında müasirləri tərəfindən dərk olunmamış, yalnız ölümündən sonra böyük şöhrət qazanmışdı. Hətta şəxsi səadətini belə itirən Van Qoq bir gün də olsun sevdiyi peşəsindən-rənglər dünyasından ayrılmamışdı. 
Bəli, yaradıcılıq ehtirası dünyada hər şeydən güclüdür. Görkəmli yazıçı və alim Əzizə xanım Cəfərzadənin ömür yolu da məhz bu yaradıcılıq sevincləri və əzabları ilə gəngin bir ömür idi. 
Öncə onun həyatından, ömür yolundan bəzi anları xatırladaq. Deyirdi ki: “1921-ci ilin dekabr ayında dünyaya göz açmışam. Əslimiz Şirvan elindən-Şamaxıdandır. Mənim bir ziyalı kimi yetişməyimdə üç övlad yetirən anamın böyük rolu olub. Onun sinəsi folklor xəzinəsi idi. Anam zəngin bir ailədən çıxmışdı. Atası Şamaxının adlı-sanlı seyidlərindən olub, özü də pay yığan yox, pay verən seyid nəslindən. Anası isə Şirvan hökmdarı Mustafa xanın nəvəsi idi. Anam Tağıyevin qızlar məktəbində təhsil almışdı. Ona dövrünün ziyalı qadınlarından Hənifə xanım Məlikova, Şəfiqə xanım Əfəndizadə dərs demişlər. Rusca gözəl danışır, Quranı yaxşı bilirdi. Anam hər bir əsərimin ilk oxucusu idi. Mənim haqqımda yazırlar ki, Əzizə Cəfərzadə folkloru, adət-ənənələrimizi yaxşı bilir. Bu tərifi mən özümə yox, anama aid edərdim. Çünki bütün bunları mən anamdan öyrənmişəm. O, mənim ilk oxucum olmaqdan savayı, həm də ilk tənqidçim idi. Yaxşı yadımdadır, “Aləmdə səsim var” romanımın əlyazmasını anama verdim ki, oxusun. Axşam evə qayıdanda dedi ki, ay qız sən neyləmisən? Soruşdum ay ana. Nə olub? Dedi ki, əsərdə yazmısan sarı gilabi ilə mələfə yuyurlar. Səhv yazmısan, gilabi üç cür olur, göyüylə baş yuyurlar, mələfələri isə ağnan. Əgər sarısıyla mələfə yusalar, o daha da saraldar ki..Bu nə biabırçılıqdır? Yaxşı ki, kitabı çapa verəndə bu səhvi düzəltdim.
Atam isə səyyah ruhlu bir insan idi. Gözəl at sürməyi vardı. Peşəsi də elə at saxlamaq, onları bəsləyib satmaq idi. Şeir yazmağı da vardı. Hansı şəhərdə olurdusa, oradan qiymətli əlyazmalar gətirirdi. Doğrudur, 39-cu ildə daha anamla yaşamadı, amma bu, əbədi ayrılığa çevrilmədi. Hər yay atam bizi özü ilə dincəlməyə aparardı”.
Əzizə xanım deyirdi ki, elə ağlım kəsəndən əlimə keçən kitabları oxuyur, ərəb, fars dillərini mənimsəməyə çalışırdım. O, dini kitabların qadağan edildiyi bir dövrdə bu cavan qız böyük ehtirasla onları oxumaqdan çəkinmir, hətta tanınmış bir din xadimindən təlim alırdı. Belə bir ziyalı mühiti təbii ki, onu bədii yaradıcılığa gətirib çıxarmalıydı. Əzizə xanım “Əzrayıl” adlı ilk hekayəsini 1947-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap etdirdi. Və tez bir zamanda ədəbi mühitdə görünməyə başladı. Qırxıncı illərin sonlarında -əllinci illərin əvvəllərində ilk kitabı çapdan çıxmalıydı, lakin elə mətbəədəcə kitabın nəşrini saxladılar. O illərdə məşhur rus şairi Anna Axmatovanı möhkəm tənqid edirdilər. Guya bu şair gənclərə burjua ruhu aşılayır. Əzizə Cəfərzadəni də “Anna Axmatovanın ardıcıllarından biri” kimi təqsirləndirib kitabını çap eləmədilər. ADU-nun Filologiya fakültəsini qiyabi bitirən Əzizə xanım elə təhsil ala-ala müəllim, kinostudiyada ssenari şöbəsinin rəisi işlədi. 
Sonra isə uzun müddət elmi fəaliyyətlə məşğul oldu, filologiya elmləri doktoru, professorluğa qədər bir yol keçdi. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani-Sünbülüstan”, “Hər budaqdan bir yarpaq” adlı elmi-tərtibi kitablar onun zəhmətinin bəhrəsiydi. Bu kitablardan biri - “Azərbaycanın aşıq və şair qadınları” toplusunda səksənə qədər tanınmış və tanınmamış qadın sənətkarlarımız haqqında məlumat verilir, onların əsərlərindən nümunələr təqdim olunur. Ağabəyim Ağa, Heyran xanım, Tahirə Qürrətüleyn, Mahtab xanım, Qəmərbəyim Şeyda, Gülümsoltan... nə qədər şairə Əzizə xanımın təqdimi ilə öz xalqına tanıdıldı. İllər keçəcək, Əzizə xanım qadın şairlərdən biri - Tahirə Qürrətüleyn haqqında roman da yazacaqdı.
Əzizə Cəfərzadə ədəbiyyatımızda tarixi romanlar müəllifi kimi daha çox tanınır. Unudulmaz şairimiz Rəsul Rza onun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmişdi. Rəsul müəllim “Aləmdə səsim var” romanı haqqında yazmışdı: “Biz bu əsərdən xalqın keçmişinə aid, yalnız, baş vermiş hadisələr, yeniliklə köhnəliyin mübarizəsindən inandırıcı səhifələr deyil, həm də bir sıra etnoqrafik detalla, adətlərin necəliyi, neçinliyi, dəblər, mühitin havası haqqında maraqlı məlumat alırıq”. Bu roman XIX əsrin böyük şairi Seyid Əzim Şirvaninin həyatından, sənət yolundan söz açır. Əzizə xanım təkcə real faktlarla kifayətlənmirdi, təsvir etdiyi dövrü daha qabarıq canlandırmaq üçün milli adət-ənənələrimizi, müxtəlif zümrələrin həyatını bədii təfəkkürün işığına çıxarırdı. “Vətənə qayıt” romanı isə XVIII əsr şairi Nişat Şirvanimnin taleyindən söz açırdı. Daha sonra o, böyük şairimiz Abbas Səhhətin həyat və sənət ömrünü işıqlandıran “Yad et məni” romanını nəşr etdirir. Bu iki romanda da tarixin koloriti çox güclüdür. O, Şah İsmayıl Xətaiyə həsr etdiyi “Bakı-1501” romanında da təsvir etdiyi dövrün ruhunu, psixologiyasını tuta bildi. Ümumiyyətlə, o, ömrünün sonunacan 16 tarixi romanın müəllifi oldu. Əzizə xanım ictimai fəaliyyətlə məşğul idi. Uzun müddət o, Azərbaycan Qadınlar Şurasının sədri vəzifəsində işlədi.
 Sağlığında mən onunla geniş bir müsahibə apardım. İndi o müsahibədən bir hissəni xatırlatmaq istəyirəm:
 “- Əzizə xanım, siz Allah adamısınız, dinə inanırsınız. Kommunist təbliğatının ən qatı dövründə necə, bu inam sizi tərk etməmişdi ki?
- Qətiyyən! Allahın surəti o illərdə də ürəyimdə əbədi yaşayıb. Həmişə hiss eləmişəm ki, içimdə məni kimsə danışdırır. Cisim dörd ünsürdən əmələ gəlib: su, torpaq, od, hava. Bəs içərimdə danışan kimdir? Amma mən xurafatı heç vaxt qəbul etməmişəm. Allahın özü Quranda deyir ki, mən o düyün vuranlardan (xurafatçı və cadugərlərdən) imtina edirəm. Keçən il İranda oldum. Mənə belə bir sual verdilər: Sən sünnüsən, yoxsa şiə? Mən Mirzə Ələkbər Sabirin bu misralarını söylədim:

Əşhədü billah əliyyül əzim, 
Sahibi-imanəm, a şirvanlılar! 
Yox yeni bir dinə yəqinim mənim, 
Köhnə müsəlmanam, a şirvanlılar!

 - Bir halda ki, söhbət Sabirdən düşdü, yəqin bilirsiniz, son illərdə Sabiri və Mirzə Cəlili inkar eləyənlər tapılır.
- Bu, ən azı cinayət və əxlaqsızlıqdır. Sabir və Mirzə Cəlil də əsrin o başında işıq saçan dahilərdir. Milləti sevmək və ayağa qaldırmaq üçün tənqid və islah yolunu seçmişdilər onlar.
- Əzizə xanım, siz böyük sənətkarlarla həmkar və dost olmusunuz. Səməd Vurğunu necə xatırlayırsınız?
- Səməd Vurğun haqqında söz düşəndə mən heç vaxt “mərhum” kəlməsini işlətmirəm. Böyük şəxsiyyətlərin ölümü nisbidir, torpağa tapşırılan bədəndir, ruhu isə bizimlədir. Səməd Vurğun şəxsən mənim həyatımda böyük rol oynayıb. Mən onun təklifilə Yazıçılar İttifaqına üzv qəbul olunmuşam... Ağır xəstə idim. Ürəyimə dammışdı ki, öləcəyəm. Rəhmətlik Ənvər Əlibəyli bizimlə qonşu idi, arvadıyla gəlmişdi mənə baş çəkməyə. 
Mənim xəstəliyim haqqında gedib Səməd Vurğuna danışmışdı. O illərdə yazıçıların xəstəliyi, məişəti ilə “Litfond”un sədri Kabakov deyilən bir şəxs məşğul olurdu. Səməd Vurğun mənim xəstəliyimdən xəbər tutub demişdi: “Kabakov Moskvada pürrəng çay içir, Əzizə isə burda ölür”. Təcili mənə 5000 manat pul göndərdi, öz maşınında doktor Veysovu yanıma yolladı. Yaxşıca müalicə olundum.
- Heç Səməd Vurğunla yol yoldaşı olmusunuzmu?
- Səməd Vurğun, səhv etmirəmsə, Bratislav konqresindən qayıdırdı. Mən də Moskvada doktorluq dissertasiyamın mövzusunu təsdiq etdirib Bakıya gəlirdim. Bir təyyarədəydik,  Səməd Vurğunun yeri qabaqda idi. Yanımdakı oğlanla danışdı, keçdi mənim yerimə. Çox yorğun görünürdü. Mənə müraciət etdi ki, qız, bir bayatı de. Bilirdi ki, mən çoxlu bayatı bilirəm. Bir neçəsini dedim.

Süsənbər suda səni,
Saxlasın suda səni.
Əlacım ona qalıb
Görüm yuxuda səni.

Sonra keçdim Nəbatiyə, bir təcnisini söylədim.

Könlüm güzarında, qış mövsimində,
Açılıb təzə gül, di dər, ay Pəri!
Həsrət öldüm, heyif görmədim üzün,
Qaldı qiyamətə didar, ay Pəri!

Çəkin getsin, mən minmərəm yad ata,
Sevə bilməz özgə oğlun yad ata.
Bu yorğun maralı qoyma yad ata,
Özün xədənginə didar, ay Pəri!

Həsrət toxmun mən də əkdim deminə,
Səni Allah, atdan düşmə, de minə.
Bir düşəsən Nəbatinin dəminə,
Səni tərlan kimi didər, ay Pəri!

Dedi ki, cinas kəlmələri şeirdə işlətmək böyük məharət tələb edir. Mən də üç söz tapmışam, onları cinas kimi şeirdə işlədəcəyəm.
Bir sözlə, Səməd Vurğun dahi şəxsiyyət idi. İndi də onun yeri görünür.
- Bəs Mehdi Hüseyn xatirinizdə necə qalıb?
- Mehdi Hüseyni çoxları sərt, zabitəli bir adam kimi tanıyırdılar. Amma o, son dərəcə səmimi və mehriban idi...”
Əzizə xanım beləcə, tanıdığı, ünsiyyətdə olduğu görkəmli sənətkarlardan danışdı.
Bir neçə dəfə onun qonağı olmuşam. Yadımdadır ki, Əzizə xanım Qanlı Yanvar hadisələrindən az sonra daima şəhidlərin məzarı başında onları yad edir, ağılar, bayatılar söyləyirdi... 
Əzizə Cəfərzadə artıq neçə ildir ki, aramızda yoxdur. Amma hər il dekabrın son günlərində onu xatırlayıram. 
Azərbaycan xanımlarının parlaq nümunəsi kimi. Tarixi romanlar müəllifi kimi. Klassik poeziyanın və aşıq şeirinin tədqiqatçısı kimi...

Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru 




Baxış sayı: 3 014
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930