FACT-INFO.AZ » XƏBƏR » "Parisdəki “Azərbaycan şəhərciyi” ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir"
20-09-2016, 09:15 | XƏBƏR
"Parisdəki “Azərbaycan şəhərciyi” ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir"

Paytaxt Parisdə, Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasiminə, həmçinin Fransanın tanınmış ictimai-siyasi xadimləri qatılıblar.

Tədbirin aparıcısı “Azərbaycan şəhərciyi”nin böyük maraqla qarşılandığını bildirdi.

“Azərbaycan şəhərciyi”nin açıldığı Parisin 7-ci rayonunun meri Raşida Dati mərasimdə çıxış etdi. Mer bu şəhərciyin məhz onun rəhbərlik etdiyi rayonda açılmasından məmnunluğunu bildirdi.

Bu şəhərcik vasitəsi ilə fransızların ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə ümidvar olduğunu deyən Raşida Dati Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, ölkələrimiz arasındakı münasibətlərin inkişafına Heydər Əliyev Fondunun töhfəsindən, Azərbaycanın qədim tarixə malik müasir ölkə olmasından danışdı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə cıxış edib:

"Parisin rəmzinə çevrilmiş Eyfel qülləsinin yanında yerləşən Jofr meydanında “Azərbaycan şəhərciyi”nin açılışında sizin hər birinizi səmimi qəlbdən salamlayıram. Bu axşam bizimlə bərabər olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm. Artıq üç ildir ki, Parisdə bu layihə uğurla həyata keçirilir və ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə və xalqlarımızın bir-birini daha dolğun tanımasına xidmət edir. Parisin 6-cı və 1-ci rayonlarından sonra “Azərbaycan Şəhərçiyi” Fransa paytaxtının ən gözəl rayonlarından biri olan 7-ci rayonda qonaqlara öz qapısını açır.

Mən şəhərciyin hazırlanmasında və həyata keçirilməsində əməyi olan hər bir insana, xüsusilə də Parisin 7-ci rayonunun meri, bizim əziz dostumuz Raşida xanım Datiyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd etmək istərdim ki, 5 il bundan əvvəl, hələ 2011-ci ildə Heydər Əliyev Fondu Fransada öz fəaliyyətinə başlayanda və Azərbaycana dair tədbirlər keçirəndə məhz Raşida xanımın təşəbbüsü ilə bizim ilk tədbirlərimizdən biri - həm sərgi, həm konsert məhz Parisin 7-ci rayonunun meriyasında keçirilmişdi. Bu əməkdaşlığa görə xanım Dati sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, bu gün açılan “Azərbaycan şəhərciyi” yenə də bura gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanacaq və ölkəmiz haqqında məlumat almaq üçün gözəl bir fürsətə çevriləcək.

Əziz dostlar, Azərbaycan müstəqilliyini bərpa etməsinin 25 illiyini bu il qeyd edir. Bu illər ərzində Azərbaycan bir çox nailiyyətlərə imza atıb. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Cənubi Qafqazda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Bu gün Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. Biz təbii sərvətlərimizə, imkanlarımıza və ən əsası isə xalqımıza arxalanaraq bu nailiyyətləri əldə edirik və irəli gedirik.

Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri sülh şəraitində bir ailə kimi yaşayıb. Bu gün də bu ənənələr qorunub saxlanır. Bu gün Azərbaycan dözümlülük və tolerantlıq məkanı kimi dünyada tanınıb. Biz tariximizə, dinimizə, mədəniyyətimizə böyük hörmət bəsləyərək dünya mədəniyyəti müxtəlifliyinə və dünyanın digər dinlərinə və mədəniyyətlərinə böyük hörmətlə yanaşırıq. Məhz qarşılıqlı hörmət, dözümlülük, tolerantlıq prinsiplərinə əsaslanaraq bəşəriyyət bu gün üzləşdiyi ksenofobiya, ayrı-seçkilik, radikalizm və terrorizm kimi dəhşətli bəlalara qarşı mübarizə apara bilər.

Mən bu fürsətdən istifadə edərək bu səhər Fransa Prezidentinin iştirakı ilə keçirilən və terror qurbanlarının xatirəsinə həsr olunmuş mərasimə ehtiramımı bildirirəm və bir daha öz adımdan və hər bir azərbaycanlının adından Fransa xalqına və terror qurbanlarının yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Terrorizmin nə dini, nə milləti var və bu bəlanı həyatımızdan qaldırmaq üçün biz gərək birlik nümayiş edək.

Əziz dostlar, sürətlə inkişaf edən ölkəmiz bu gün Fransa –Azərbaycan əməkdaşlığına böyük əhəmiyyət verir. Mən çox şadam ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr dinamik şəkildə inkişaf edir. Həm dövlət, həm qeyri-dövlət qurumları, ictimai qurumlar arasında əlaqələr qurulur və ikitərəfli münasibətlər möhkəmlənir. Təkcə son 5 il ərzində Fransanın və Azərbaycanın müxtəlif şəhərləri, regionları arasında 13 qardaşlaşma sazişi imzalanıb. Bu proses nəticəsində regionlar arasında həm mədəni, həm iqtisadi əlaqələr qurulur. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı kimi qalır. Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Fransa fəal iştirak edir. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Ümidvaram ki, gələcəkdə də Fransa münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh və ədalət yolu ilə həllində öz səylərini göstərəcək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, suverenliyini dəstəkləməkdə davam edəcək.

Əziz dostlar, mən çox sevinirəm ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq tamamilə yeni bir səviyyəyə qaldırılıb. Yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Fransanın Dövlət Şərq Dilləri və Mədəniyyətləri Universitetində Azərbaycan dili fakültəsi fəaliyyət göstərir. Müluz şəhərinin Yuxarı Alzas Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq kafedrası açılıb.

Təməli Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland tərəfindən qoyulmuş Fransız liseyi bu gün artıq Bakıda ən qabaqcıl təhsil ocaqlarından birinə çevrilib. Çox şadam ki, bu ilin sentyabrında Bakıda Azərbaycan-Fransız Universiteti fəaliyyətə başlayıb.

Mən əminəm ki, humanitar sahədə, mədəniyyət sahəsində əlaqələr bizim xalqlarımızı bir-birinə daha yaxın edir, daha yaxşı tanıdır və Fransa–Azərbaycan əməkdaşlığının, Fransa-Azərbaycan münasibətlərinin güclənməsinə xidmət edir. Məhz ona görə biz belə layihələri Fransada həyata keçirməyə çalışırıq ki, ölkəmizi tanıdaq. Mən bir daha bu işdə bizə dəstək olan hər bir insana dərin minnətdarlığımı bildirirəm.

Sonda ümidvar olduğumu bildirirəm ki, bizim burda çalışıb yaratdığımız Azərbaycan mühiti sizin qəlbinizdə xoş duyğular oyadacaq və ölkələrimiz arasında növbəti körpüyə çevriləcək.

Əziz dostlar, mən sizə və sizin ailə üzvlərinə cansağlığı, xoşbəxtlik arzulayıram, Fransa dövlətinə sülh və əmin-amanlıq diləyirəm.

Diqqətinizə görə çox sağ olun".

Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua MANSEL çıxış edərək vurğuladı ki, bu tədbir bütün Paris sakinlərinin diqqətini cəlb edib. Jan Fransua Mansel Azərbaycanın bütün dünya üçün tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırdı. Bildirdi ki, birgəyaşayışın Azərbaycan modeli Fransada da geniş yayılmalıdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini də vacib saydığını qeyd etdi.

Azərbaycan həqiqətlərini Fransada təbliğ etdiyinə görə Jan Fransua Manselə minnətdarlığını bildirən birinci xanım Mehriban Əliyeva dedi:

"Hörmətli cənab Mansel, mən sizi və Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvlərini səmimi qəlbdən salamlayıram. Sizi görməyə çox şadam.

Biz Azərbaycanda bu Assosiasiyanın fəaliyyətini çox yüksək qiymətləndiririk. Siz Azərbaycanın reallıqlarını burda - Fransada olduğu kimi təqdim edirsiniz.

Mən çox şadam ki, Assosiasiyanın üzvləri ildən-ilə artır və bu, o deməkdir ki, Fransada Azərbaycanın dostlarının sayı artır.

Bir daha sizə dərin minnətdarlığımı bildirirəm".

“Azərbaycan mətbəx mədəniyyəti” kitabının müəllifi Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmann çıxış edərək nəşrin ərsəyə gəlməsindən danışdı.

Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq oldu. Şəhərçikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olmaq mümkündür.

Şəhərcikdə daha bir yenilik isə “Uşaq zonası”dır. Kukla teatrı, emalatxana və istirahət zonasından ibarət hissədə xalq nağılları əsasında kuklalarla qurulmuş səhnəciklər göstərilir.

Muzey bölməsində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənir.

“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” bölməsində Mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər-batika, keramika, zərgərlik və taxta üzərində oyma nümayiş olunur.

Şəhərçiyin kitabxana zonasında Heydər Əliyev Fondunun ölkəmiz, o cümlədən xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, tarixi, Azərbaycan həqiqətləri barədə geniş və dolğun məlumatların əks olunduğu müxtəlif nəşrləri nümayiş etdirilir və qonaqlara hədiyyə olunur.

Şəhərçiyin sərgi bölməsində “Partizanın izi ilə” sərgisi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovla görüşdü. Cavanşir Cəbrayılov atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

“Bir günəş altında” layihəsi çərçivəsində açılan sərgidə isə Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan fotolar, eləcə də eyniadlı film nümayiş olunur. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib və burada 20 azsaylı xalqın tarixi, mədəniyyəti və adət-ənənələri təqdim edilir.

“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozyenin hər iki şəhərin mənzərələrini, abidələrini, gündəlik həyatını əks etdirən fotoları təqdim olunur. Fransız fotoqraflar Gəncə və Qəbələdə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənələrini fotokameralarının yaddaşına həkk ediblər.

Şəhərçikdə ilk dəfə olaraq həm də “Turizm Mərkəzi” layihəsi təqdim olunur. Burada Azərbaycanın turizm bölgələri və marşrutları barədə ətraflı məlumat verilir.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun daha bir yeni nəşri - “Azərbaycan mətbəx mədəniyyəti” adlı kitabının təqdimatı da oldu. Nəşrdə xalqımızın zəngin mətbəx mədəniyyəti barədə ətraflı məlumat verilir.

Bu dəfə “Azərbaycan şəhərciyi”ndə ilk dəfə olaraq “Qız qalası” beynəlxalq incəsənət festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir. Bu dəfə 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənir.

Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” stendi də təqdim edilir.

Burada, həmçinin Fransada Azərbaycanın Dostları Assosiasiyası da təqdim olunur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Assosiasiyasının xatirə kitabına ürək sözlərini yazdı.

Azərbaycan mətbəxinin təbliğ olunduğu hissə də böyük maraqla qarşılanır. Burada milli mətbəximizin təamlarının hazırlanması nümayiş olunur.

Azərbaycan Dövlət rəqs ansamblının çıxışı böyük maraqla qarşılandı.

Şəhərcikdə fəaliyyət göstərən restoranda isə Azərbaycan milli mətbəxinin bir-birindən dadlı təamları təqdim edilir.

Şəhərcikdəki qida məhsulları yarmarkası böyük maraqla qarşılanır. Burada Azərbaycanda müxtəlif qida məhsulları istehsalçılarının məhsulları təqdim olunur.

Şəhərcikdə İçərişəhərin maketi də qoyulub. Bu maket sərgi iştirakçılarına İçərişəhərlə vizual tanış olmağa şərait yaradır.

Qeyd edək ki, 2014-cü ildən etibarən artıq üçüncü ildir reallaşdırılan bu layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib. Sentyabrın 17-dən fəaliyyətə başlayan “Azərbaycan şəhərciyi” sentyabrın 25-dək davam edəcək.

 

 




Baxış sayı: 2 031
Ankara Qazi Universitetində Xocalı soyqırımına həsr olunmuş müzakirələr təşkil edilib Dünən, 18:30 Türkiyə Orta Dəhlizin əsasını təşkil edən BTQ dəmir yolunun tam gücü ilə işləməsinə əhəmiyyət verir - Hakan Fidan Dünən, 18:30 Deputat: Azərbaycan neomüstəmləkəçiliyin heç bir halı ilə barışmır Dünən, 17:00 Xocalı: Xalqımızın qan yaddaşı Dünən, 12:00 “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub Dünən, 12:00 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər Dünən, 11:00 Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib Dünən, 10:00 "Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik" - Pakistan səfiri Dünən, 10:00 Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb Dünən, 09:00 Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib Dünən, 07:30 Türkiyə Avropada həlledici rol oynayacaq 25-02-2025, 20:30 İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir 25-02-2025, 19:00 Pezeşkian Lavrovu qəbul etdi 25-02-2025, 18:30 Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Xocalı heç vaxt yaddaşımızdan silinməyəcək faciədir” 25-02-2025, 16:00 “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirilib 25-02-2025, 13:00 Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib 25-02-2025, 12:30 "Dünya dövlətləri Xocalı soyqırımı canilərinin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdır" 25-02-2025, 11:00 Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə çağırış edib 25-02-2025, 11:00 Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb 25-02-2025, 10:30 Azərbaycanla Pakistan birgə istehsal müəssisələri yaradır 25-02-2025, 08:00 Şahbaz Şərif: Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olub 24-02-2025, 20:30 Elnur Məmmədov Cenevrədə Ermənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavab verib 24-02-2025, 20:00 Shehbaz Sharif: Our friendship, political understanding, union of thought and action with Azerbaijan at international levels have been legendary 24-02-2025, 19:30 Prezident İlham Əliyev: Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmalıdırlar 24-02-2025, 15:00 Rusiya-Ukrayna müharibəsi ədalətlə bitəcəkmi? 24-02-2025, 15:00 Deputat: Heydər Əliyev ana dilinin qorunması istiqamətində müstəsna xidmətlər göstərib 24-02-2025, 14:00 Niderland Krallığında Xocalı soyqırımının 33-cü ildönümü qeyd edilib, qurbanların xatirəsi anılıb 24-02-2025, 10:30 Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün kənar vasitəçiyə ehtiyac yoxdur 24-02-2025, 10:30 Əcnəbi media COP29-un ciddi nəticələrlə yadda qalması haqqında yazıb 24-02-2025, 10:00 Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsini müzakirə edib 24-02-2025, 08:00
Köşə yazarları
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728