FACT-INFO.AZ » AKTUAL » "Rumıniya Dağlıq Qarabağın işğalını qəbul etmir"
16-09-2016, 09:45 | AKTUAL
"Rumıniya Dağlıq Qarabağın işğalını qəbul etmir"

1998-2003-cü illərdə Rumıniyanın Azərbaycandakı ilk səfiri olmuş, Kluj-Napoka şəhərində yerləşən Babeş-Bolyai Universitetinin professoru Tahsin Cəmilin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi

- Rumıniya Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il dekabrın 11-də onu tanıyan ilk ölkələrdən biri olub. 1998-ci ildə isə Rumıniya Azərbaycanda səfirliyini açdı və siz də bu dövlətin ölkəmizdə ilk səfiri kimi fəaliyyətə başladınız. Aradan 18 il keçsə də, həmin günləri necə xatırlayırsınız?

- Azərbaycanda səfirliyin açılması ideyası Rumıniyanın həmin dövrdə prezidenti olmuş Emil Konstantinesku tərəfindən irəli sürüldü. Onun köməkçiləri mənə zəng etdilər və Rumıniya prezidentinin Azərbaycana rəsmi səfərə gedəcəyini bildirdilər. Onlar mənim də Rumıniya nümayəndə heyətinin tərkibində iştirakımı xahiş etdilər. Hətta Emil Konstantineskunun məni Azərbaycana Rumıniyanın ilk səfiri qismində aparmaq istədiyini bildirdilər. Həmin ərəfələrdə Konstansa şəhərindəki Ovidius Universitetinin professoru idim. Halbuki 1998-ci ilin sentyabrında Türkiyənin Ankara Universitetindən dəvət almışdım və artıq müqavilə də imzalanmışdı. Mən ailəmlə məsləhətləşdikdən sonra Rumıniya prezidentinin təklifini qəbul etdim. Emil Konstantinesku Azərbaycana rəsmi səfər zamanı məni Prezidentə təqdim etdi.

Məsələ burasındadır ki, Emil Konstantinesku hakimiyyətə gələndən sonra Rumıniya Cənubi Qafqaz, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinə maraq göstərməyə başladı. Hər üç Cənubi Qafqaz dövlətinə eyni vaxtda səfir təyin etdi, lakin Rumıniya səfirliyi ilk olaraq Azərbaycanda açıldı. Bu da Rumıniyanın regiona göstərdiyi marağın nəticəsi idi.

Düzdür, ilk illər çətinliklər oldu. Çünki səfirlikdə işləyən diplomatlar nə Azərbaycan, nə də rus dilində danışa bilirdilər. Heç xidməti avtomobilim belə yox idi. O zamankı “Azərbaycan” mehmanxanasında səfirliyimizi açdıq, iqamətgahımız da həmin mehmanxanada yerləşirdi. Azərbaycanda çox dostlarım var idi. Həmin illərdə üzləşdiyimiz çətinliklərə baxmayaraq, işimizi müvəffəqiyyətlə bitirdik.

- 1998-2003-cü illərdə Rumıniyanın Azərbaycandakı səfiri olaraq fəaliyyət göstərdiniz. Azərbaycandan sonra Türkmənistana səfir göndərildiniz. Bəs hazırda Tahsin Cəmil nə işlə məşğuldur?

- 2003-cü ilin dekabrında Azərbaycanda diplomatik missiyam başa çatdı. 2004-cü ilin sentyabrında isə Türkmənistana səfir göndərildim və orada da 3 il işlədim. Diplomatik missiyam başa çatdıqdan sonra əvvəllər çalışdığım universitetə qayıtdım. Hazırda Rumıniyanın tanınmış və ən qədim universitetlərindən biri olan Babeş-Bolyai Universitetinin professoruyam. 1581-ci ildə Kluj-Napoka şəhərində yaradılan universitetin 21 fakültəsi, 2 mindən çox professor-müəllim heyəti, 50 mindən çox tələbəsi var. 2009-cu ildə Babeş-Bolyai Universitetində Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunu yaratmışam. Hazırda institut uğurla fəaliyyət göstərir. Burada Azərbaycanla bağlı kitablar çap etmişik, həmçinin Azərbaycan dili də tədris olunur. Eyni zamanda, üç il ərzində ali təhsil müəssisəsinin tələbələrinə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı dərs demişəm. İnstitutumuz Türkiyə ilə yanaşı, Azərbaycanı da Rumıniyada təbliğ edir. Fəaliyyətimiz haqqında jurnal çap edirik və hazırda dərginin üçüncü sayının buraxılması üzərində iş gedir. AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə birgə həm Klujda, həm də Bakıda konfranslar təşkil etmişik.

- Tələbələr Azərbaycan dilini öyrənməyə maraq göstərirlərmi?

- Əlbəttə, Klujda Azərbaycan dilini, mədəniyyətini, tarixini öyrənməyə maraq göstərən tələbələr var. Onları dəstəkləmək, Azərbaycan üzrə mütəxəssis kimi hazırlamaq lazımdır. Çünki onlar gələcəkdə hər iki ölkənin münasibətlərinin daha da yaxınlaşmasına kömək edəcəklər. Fikrimcə, həmin tələbələri Azərbaycanşünas kimi yetişdirmək məqsədilə Azərbaycana göndərmək lazımdır. Qarşılıqlı səfərlər təşkil edilməlidir. Bu məqsədlə Azərbaycan dövləti və hökuməti ilə əməkdaşlıq etməliyik. Təəssüf ki, qarşılıqlı əməkdaşlığımız hələlik yoxdur. Mən burada üzərimə düşən bütün işləri yerinə yetirirəm, təşəbbüs göstərirəm. Hər il Klujda bir həftəlik “Kluj günləri” festivalı keçirilir. Universitetimizdə 16 dövlətin mədəniyyət mərkəzi fəaliyyət göstərir və həmin ölkələrdən də nümayəndə heyəti gəlir. Onlar “Kluj günləri” çərçivəsində öz ölkələrinin filmlərini göstərir, tamaşalarını nümayiş etdirir, mədəniyyət və folklorlarını təbliğ edirlər. Təəssüflər olsun ki, bizdə yürüşlərdə nümayiş etdirməyimiz üçün Azərbaycan milli geyimləri belə yoxdur. Biz bu işləri görürük, amma Azərbaycan dövləti də gərək bizə lazımi dəstəyi göstərsin.

- Son illər Rumıniyanın xarici siyasətində Şərq ölkələri ilə münasibətlərin ikinci plana keçdiyinin şahidi oluruq. Bir növ indiki hakimiyyət Qərbə meyillidir. Hətta Azərbaycanla münasibətdə bir soyuqluq hiss olunur. Sizcə, bu nə ilə əlaqədardır?

- Bəli, soyuqluq hiss olunur. İndiki hakimiyyət Emil Konstantineskudan daha çox Avropayönümlüdür? Xeyr. Məhz Avropayönümlü prezidentin zamanında Azərbaycana səfir təyin edilmişəm. Sən Avropaya üz tut, amma digər dövlətlərlə də münasibətlərini yaxşı qur. Bu soyuqluq ilk olaraq Trayan Baseskunun zamanında Rusiyaya qarşı başladı və hələ də davam edir. Eyni zamanda, Rusiya ilə yanaşı postsovet ölkələrini də həmin sıraya daxil etdilər. Məncə, bu məntiqli deyil. Prezidentlər Emil Konstantinesku və İon İlieskunun zamanında Azərbaycan - Azərbaycan Respublikası, Rusiya isə Rusiya Federasiyası idi. Bunlar ayrı, müstəqil dövlətlər idi. Bunlara bir baxmaq olmaz. Həmçinin, Mərkəzi Asiya ölkələrinə də. Fikrimcə, indiki hakimiyyət də bunların hamısına eyni baxır. Onların diqqəti yalnız və yalnız Qərbə yönəlib. Əgər sən müstəqil dövlətsənsə, bütün dövlətlərlə yaxşı münasibətlər qurmalısan.

- Azərbaycanda fəaliyyət göstərmiş bir diplomat olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlısınız. NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi olan Rumıniya bu münaqişənin həllinə necə töhfə verə bilər? Ümumiyyətlə, Rumıniya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlıdırmı?

- Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı məlumatım var. Bu, sizin də, mənim də bir acımdır və mən də bu acını paylaşıram. O zaman da yaxın dostlarıma bu problemin Rusiyanın istəyi olmadan həll edilə bilməyəcəyini söyləyirdim. Rusiya nə zaman istəsə, onda Dağlıq Qarabağ münaqişə həll olunacaq. Əks təqdirdə münaqişə öz həllini tapmayacaq. Rumıniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Yəni rəsmi Buxarest Dağlıq Qarabağın işğalını qəbul etmir. Rumıniya rəsmi olaraq Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edir. Rumıniya bundan artıq heç bir şey edə bilməz. Rumıniyanın siyasətində yalnız Dağlıq Qarabağ yox, digər dondurulmuş münaqişələr də var. Bura Gürcüstan, Moldova, Krım da daxildir. Dondurulmuş münaqişələr nə deməkdir? Hazırlanmış bombalardır, nə zaman istəsən bomba partlaya bilər. Bombanı isə kim idarə edir – Moskva. Bu mənim şəxsi fikrimdir. Dağlıq Qarabağ münaqişəsi barədə rumın ictimaiyyətinin məlumatlı olub-olmamasına gəlincə, belə bir problemin olduğunu bilirlər. Amma bu münaqişə ilə bağlı çox maraqlanmazlar, onları ən çox Dnesteryanı münaqişə maraqlandırır. Həmin dondurulmuş münaqişədən danışanda Dağlıq Qarabağı da xatırlayırlar.

 

 




Baxış sayı: 1 969
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031