FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər
31-08-2021, 09:25 | SİYASƏT
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı -Hörmətli mərasim iştirakçıları.

Xahiş edirəm ki, ilk növbədə, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur.

Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.

Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti, əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.

Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan vermişdi. Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun işğalçılardan azad edəcəyik.

Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq.

Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik.

İlk səfərim çərçivəsində Şuşanın bərpası ilə bağlı bütün lazımi göstərişlər verildi və yanvar ayından bu günə qədər - 7 ay ərzində artıq çox böyük işlər görülüb. Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görürlər. Bəli, şəhər hələ ki, dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb.

Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra “Xarıbülbül” oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı.

Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mənim tərəfimdən mərkəzi meydanda qoyuldu. Dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi. Qeyd etdiyim kimi, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik. Polad atasının evini bərpa etdi, indi çox gözəl muzey yaradılmışdır. Dünən “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. İşğal dövründə “Qarabağ” hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var. O da bərpa edildi və hesab edirəm ki, bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır.

Yeni otel beşulduzlu olacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Beşulduzlu otelin yeri də mənim tərəfimdən seçildi. Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi.

Beşulduzlu otel gözəl yerdə inşa ediləcək. Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi Şuşanın baş planı əsasında inşa ediləcək. Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.

Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik.

Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.

İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.

Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

X X X

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev çıxış edərək dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli Mehriban xanım.

Hörmətli tədbir iştirakçıları.

Unudulmaz Ulu Öndərin ucaltdığı və vandalların uçurduğu bu Vaqif məqbərəsi bu gün əvvəlki əzəməti ilə dirçəlib. Buna, Vaqif Poeziya Günlərinin bərpasına, cənab Prezident və Mehriban xanım, şəxsən bu tədbirdə iştirak etdiyinizə görə mən bütün Azərbaycan yazıçıları adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Mən ilk dəfə Şuşaya 1952-ci ildə gəlmişəm. O zaman mənim 14 yaşım var idi. Şəhərdə bircə abidə var idi - Sovet İttifaqı Qəhrəmanı Nelson Stepanyanın abidəsi. İndi bədnam adı tarixdə qalmış bu vilayətin erməni başçıları bu qədim Azərbaycan şəhərini erməni şəhərinə çevirmək istəyirdilər. Burada Azərbaycan abidələri yox idi. Qədimdən var idi, amma yenilər yox idi. Ulu Öndərin vaxtında burada muzeylər açıldı - Üzeyir Hacıbəylinin, Bülbülün muzeyləri, Natəvanın, Üzeyir bəyin, Bülbülün heykəlləri qoyuldu. Nəhayət, bu əzəmətli məqbərənin əsası qoyuldu və bu məqbərə açıldı. 1982-ci il yanvarın 14-də həmin o tədbirdə mən də iştirak edirdim.

Vaqif Azərbaycan poeziyasında nadir yeri olan şairdir. O, bizim xalq şerini, qoşmaları, gəraylıları, heca vəznində yazılan şeirləri əruz vəznində yazılan dram ədəbiyyatı ilə birləşdirən, vəhdətdə təqdim edən, Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan şair idi. Onun dostu Vidadi bədbin şeirlər yazırdısa, bədbinliyi təbliğ edirdisə, Vaqif “Toy-bayramdır bu dünyanın əzabı” deyirdi. Amma keşməkeşli həyatının axırıncı illərində, faciəvi illərində o da “Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, hər nə gördüm əyri gördüm, özgə babət görmədim” deyirdi.

Bu gün mənim ürəyim doludur, çox şey deyə bilərəm, amma dedilər ki, qısa danışmaq lazımdır, ona görə də mən qısa danışacağam. Mən 2010-cu ildə bir mərasimdə çıxış edəndə, - cənab Prezident də iştirak edirdi orada, - dedim ki, mənim 72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik və bu, baş verdi. Mən Allaha təşəkkür edirəm, taleyimə minnətdaram və Sizə minnətdaram. Sizə minnətdaram ki, o sözü desəm də, bir də Şuşanı görəcəyimə inanmırdım, amma bu gün mən burdayamsa, Sizə minnətdaram, bizim müzəffər Ordumuza minnətdaram. Siz bu Qələbəni Ordu ilə bir yerdə qazandınız. Amma diplomatik qələbəni, təbliğat qələbəsini Siz təkbaşına qazandınız. Çünki Sizin 4 dildə onlarla çıxışlarınız yeni Azərbaycanı tanıtdı, Azərbaycan həqiqətlərini çatdırdı. Bu da çox böyük bir hadisə idi. Siz bizə, Azərbaycan xalqına onun milli qürurunu qaytardınız. Bizim hamının qarşısında alnımız açıq, başımız dikdir ki, öz torpaqlarımızı qaytardıq. Bu torpaqlar bizə əzizdir. Amma indi şəhidlərin, qazilərin qanı, şəhid ailələrinin göz yaşları, Mehriban xanımın şəhid ailələri ilə görüşlərində axıtdığı göz yaşları ilə suvarılmış bu torpaqlar bizə ikiqat əzizdir, ikiqat doğmadır.

Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Azərbaycan əbədidir! Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın hərbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının Zəfər yoludur!

Təşəkkür edirəm.




Baxış sayı: 652
US Foreign Policy Association highlights environmental consequences of colonial exploitation of France and other European countries Dünən, 21:00 “YAŞAT” Fondu şəhid övladları üçün “Bir uşaq - bir gələcək” layihəsinə başlayıb Dünən, 20:00 Türkiyədə “Şirvanşahların minilliyi” kitabının təqdimatı keçirilib Dünən, 17:30 Azərbaycan COP29 konfransını qlobal ortaq yanaşma platformasına çevirə bildi Dünən, 15:00 3300-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək Dünən, 11:30 Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub Dünən, 11:00 Azərbaycanın dahi şair və mütəfəkkirinin yubileyi Vyanada qeyd edilib Dünən, 11:00 Böyük Qayıdış: tarixi yaddaşın bərpasında maddi-mədəni irsin rolu və əhəmiyyəti Dünən, 10:00 Zelenski: Ukrayna NATO-dan yeni tip raketləri vura bilən hava hücumundan müdafiə sistemlərini alacağına ümid edir Dünən, 10:00 Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşüb 27-11-2024, 20:00 COP29-da əldə olunan razılaşma Britaniyanın maraqlarına tam cavab verir 27-11-2024, 19:00 TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri bir araya gəliblər 27-11-2024, 13:30 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib 27-11-2024, 11:00 Azərbaycan kəlağayısının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub 27-11-2024, 10:30 ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb 27-11-2024, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var 27-11-2024, 09:30 “Azərbaycan kəlağayısı günü” 27-11-2024, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib 26-11-2024, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər 26-11-2024, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib 26-11-2024, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub 26-11-2024, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq 26-11-2024, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir 26-11-2024, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib 26-11-2024, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib 26-11-2024, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930