FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şuşada yaranan zərb-məsəllər və deyimlər
24-08-2021, 09:10 | MƏDƏNİYYƏT
Şuşada yaranan zərb-məsəllər və deyimlər

Tədqiqatçı-jurnalist Vasif Quliyev onların bir neçəsinin yaranması ilə əlaqədar AZƏRTAC-ın müxbirinə deyib: “Məşhur “Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz” zərb-məsəli XVIII əsrin axırlarında Şuşada yaranıb. Bu məsəl Molla Pənah Vaqifin saraya cəlb olunması Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin baş məsləhətçisi Mirzə Vəli Baharlının adı ilə bağlıdır. Vaqif Şuşaya gələndən sonra Mirzə Vəli ilə yaxından tanış olmuş və dostlaşmışdı. Baş məsləhətçi şairin ağıl və zəka sahibi olduğunu görüb onu saraya cəlb etmək fikrinə düşür və bu barədə xana məlumat verir. Mirzə Vəli onları tanış etmək üçün əlverişli məqam gözləyir və nəhayət, həmin məqam yetişir.

Bir gün Novruz bayramından əvvəl ilin son çərşənbə günü Molla Pənah Vaqif mədrəsədə uşaqlara dərs keçirdi. Birdən o, küçədə səs-küy eşidib eşiyə çıxanda böyük bir izdihamla qarşılaşdı. İbrahimxəlil xan öz əyan-əşrəfi ilə camaatın əhatəsində Çanaqqalaya sarı gedirdi. Mirzə Vəli də xanın yanında idi. Fürsəti fövtə verməyən şair “Bayram oldu” qoşmasını xana çatdırmaq üçün dostu Mirzə Vəliyə ötürdü... Vaqifin yazdığı şeir İbrahimxəlil xanın çox xoşuna gəlmişdi.

Ertəsi gün İbrahimxəlil xan Molla Pənahı hüzuruna çağırtdırdı, Vaqifin ağıllı, şirin söhbəti, bəlağətli danışığı, zehni, düşüncəsi İbrahimxəlil xanı çox məmnun və xoşhal elədi. Xan əvvəl onu eşikağası, sonralar isə baş vəzir təyin etdi. Elə Vaqifin öz ağlı, kamalı ilə bu mənsəbə çatması da “hər oxuyan Molla Pənah olmaz” zərb-məsəlinin birinci hissəsinin yaranmasına səbəb olub.

Deyirlər ki, İbrahimxəlil xanın Murad adlı qatır saxlayanı varmış və o, öz çalışqanlığı, peşəsinə vurğunluğu, ağasına sadiqliyi ilə xalqın böyük hörmət və ehtiramını qazanıbmış. Murad artıq yaşa dolanda İbrahimxəlil xan onun xidmətlərinin əvəzini layiqincə çıxmaq üçün qatırçıya ömürlük təqaüd kəsir, bəylik rütbəsi verir. Eyni zamanda, Aşağı Qarabağın ən səfalı və məhsuldar bir yerində geniş torpaq sahəsi ayıraraq nökər-naib və rəncbərlər bağışlayır. Murad bəy özü Şuşa qalasında yaşasa da, ona məxsus kəndlilər burda əkin-biçin işləri ilə məşğul olur, bəyə yaxşı gəlir gətirirlər. Artıq bir neçə ildən sonra Murad Qarabağın ən varlı, sanballı bəylərindən birinə çevrilir. O, torpaq sahəsinin bir hissəsini özlərinə yurd-yuva qurmaq üçün rəncbərlərinə paylayır, kəndlilər alın təri ilə qazandıqları pulla və öz təzə ağalarının səxavəti və xeyir-duası ilə burada böyük bir kənd salır və ev-eşik sahibi olurlar. Yeni yaşayış məskəni onlara çörək verən bəyin adı ilə Muradbəyli adlanır.

Olduqca zəngin və dəbdəbəli həyat sürən Murad bəyə çoxları həsəd aparır və gələcəkdə onun kimi varlı olmaq üçün şirniklənərək İbrahimxəlil xana qatırçılıq etmək fikrinə düşür. Ancaq çox əlləşib-vuruşsalar da, Murad kimi qatırçı və böyük var-dövlət sahibi olmaq heç kəsə müyəssər olmur. Daha doğrusu, hər oxuyan Molla Pənah olmadığı kimi, hər qatırçı da Murad ola bilmir.

Şuşada yaranan “Ey mıxı mismara döndərən Allah” məsəlinin tarixçəsi isə belədir: İran hökmdarı Ağa Məhəmməd şah Qacar Şuşanı alandan sonra bir çox adamları həbs etmişdi. Şahın əmri ilə dustaqların başı kəsilib onlardan minarə ucaldılmalı imiş. Dəmirçilər səfərbərliyə alınaraq mıx düzəltməklə məşğul idilər. Səhərə qədər lazımi miqdarda mıx hazır olmasaymış, onların da başı kəsiləcəkmiş. Lakin elə həmin gecə Ağa Məhəmməd şah Qacar qətlə yetirilir. Dəmirçilərə xəbər çatır ki, daha mıx lazım olmadı, şahın tabutu üçün yalnız bir neçə mismar lazımdır. Təhlükədən canını qurtaran dəmirçilərdən biri “Ey mıxı mismara döndərən Allah”- deyib sevincini belə ifadə edir. Bu sözlər məsəl kimi xalq arasında yayılır və bu günə qədər də işlənir.

Şair Molla Pənah bu barədə “Ey Vidadi, gərdişi-dövrani kəcrəftara bax!” misrası ilə başlayan bir qəzəl yazıb dostu Molla Vəli Vidadiyə göndərmişdi.

“Şuşada körpələr də muğam üstündə ağlayır” zərb-məsəli XIX əsrin ikinci yarısında yaranıb. Şəhərin qonaqları bir evin qarşısından keçərkən körpə uşaq səsi eşidir. Bir neçə gün dalbadal bu hadisənin şahidi olan müsafirlərdən biri heyrətini gizlədə bilməyib, “Pah atonnan, uşağa bax, elə bil ağlamır, muğamat oxuyur”,- deyə təəccübünü gizlədə bilmir. Musiqiyə, muğama dərindən bələd olan həmin adamın qeyri-ixtiyari dediyi bu sözlər sonralar xalq arasında hikmətli bir kəlama çevrilib.

“Əgər oxumursansa, deməli, Şuşalı deyilsən” zərb-məsəli ötən əsrin iyirminci illərində yaranıb. Görkəmli rus şairi Sergey Yesenin 1924-1925-ci illərdə Bakının Mərdəkan kəndində yaşadığı dövrdə Azərbaycanın bir çox tarixi şəxsiyyətləri ilə dostluq əlaqəsi saxlamış, dəfələrlə şuşalı xanəndələrin, o cümlədən Cabbar Qaryağdıoğlunun məclislərində iştirak etmişdir. Bir dəfə Mərkəzi Komitə katibi Əliheydər Qarayevin evində olarkən şair bir neçə müğənnini dinləmiş, Cabbar Qaryağdıoğlunu “Şərq musiqisinin peyğəmbəri” adlandıraraq onun şərəfinə şeir qoşmuş və belə bir kəlam işlətmişdir: “Əgər oxumursansa, deməli, şuşalı deyilsən”.

Həmin vaxtdan da deyim dillərə düşüb, indiyə qədər də məqamı gələndə işlənilir.

Daha bir məsələnin yaranma tarixçəsi isə belədir: Bəy nəslindən olan Sadıq bəy Vəzirov xan nəslindən olan Qəmər xanım Əbrəxanova (Şeyda) ilə ailə həyatı qurmaq qərarına gələrkən qızın qardaşı Məhəmməd ağa əvvəlcə bu işə razı olur və xeyir dua verir. Lakin xan nəslindən olanlardan biri istehza ilə Məhəmməd ağaya: “Özün xan nəslindən ola-ola bacının niyə bəyə ərə getməsinə razılıq verirsən?”, - deyə onun başını dolduraraq fikrindən daşındırır. Ona görə də Məhəmməd ağa Qəmər bəyimlə söhbət zamanı bildirir ki, Sadıq bəylə onunku tutmaz. Nə qədər ki, gec deyil, bu fikri başından çıxarsın. ”Mən bəylərlə plov yemirəm ki, bığlarım yağa batar”, - deyə əsəblərini sakitləşdirə bilmir. Lakin çox çəkmədən Məhəmməd ağa yumşalır və bu izdivaca razılıq verir. Onun bu sözləri isə sonralar məşhur zərb-məsələ çevrilərək el arasında yayılır.

Dahi Üzeyir bəy Hacıbəyov bu deyimi “Arşın mal alan” operettasında Soltan bəyin dilindən işlədib və həmin deyim daha çox populyarlaşıb.

XX əsrin əvvəllərində Şuşada yaranan el deyimlərindən bir də “Molla Vəli, bez Qulama” məsəlidir. Məşhur muğam ustası və din xadimi Molla Vəli Axundov Qarabağda xeyir-dua məclislərinin yaraşığı idi, həm də el arasında duzlu, məzəli, yumorlu bir şəxs kimi tanınırdı. Bütün mollalar kimi o da iştahadan möhkəm idi. Molla Vəlinin belə bir şakəri vardı, xeyir-şər məclislərinə həmişə azyaşlı oğlu Qulamı da özü ilə aparardı. Yemək yeyiləndən sonra xidmətçiyə “Qulama bir boşqab da aş, ya da bir stəkan çay ver”,- deyərdi. Qulam uşaq olduğu üçün atasının sifarişi dərhal yerinə yetirilərdi. Məclis boyu bu hal bir neçə dəfə təkrar olunurdu. Molla Vəli isə oğlunun hesabına “bəsdi” deyincə yeyər və məclis sahibinə kifayət qədər ziyan vurardı. Ona görə də çoxlarının onun bu hərəkətindən xoşu gəlməzdi. Molla Vəlinin qarınqulu olması haqqında söz-söhbət də hər yerə yayılmışdı.

Bir gün Yevlaxda yaşayan və Molla Vəlini yaxşı tanıyan köhnə qalalılardan birinin atası rəhmətə gedir. Mərhumun vəsiyyətinə görə, onun oğlu yas məclisini aparmaq üçün Şuşaya teleqram vurub Molla Vəlini Yevlaxa dəvət edir. Mərasim sahibi bilir ki, Molla Vəli oğlu Qulamı da mütləq özü ilə gətirəcək. Ona görə də rusca yazılmış teleqramın sonuna bu sözləri də əlavə edir: “Molla Vəli, priezjay, tolko bez Qulama”. Həmin vaxtdan da bu sözlər dildən-dilə, ağızdan-ağıza keçərək zərb-məsələ çevrilib”.




Baxış sayı: 826
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Bu gün, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Bu gün, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Bu gün, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930